Adem Şahin -VAY HALINA!

      Share

      “Dünyanın ən böyük Qurani-Kərimi” xəbəri diqqətimi çəkir. 

      Xəbər belədir: “Dünyanın ən böyük Qurani-Kərimi Əfqanıstanda beş illik bir müddətdə hazırlandı. Uzunluğu 2 metr 30 sm olan Qurani-Kərimin eni isə 1 metr 50 sm-dir. 80 kq ağırlığı olan Qurani-Kərimin bir səhifəsini iki nəfər çevirə bilir. İkinci böyük Qurani-Kərim isə Tatarıstandadır və 2x1,5 ölçülərinə malikdir”.

      Güləsən, yoxsa ağlayasan? Bu düşüncə səviyyəsi ilə necə imperializmə, pozitivizmə, kapitalizmə və modernizmə qarşı meydan oxumaq olar? Rəsulullah (s.ə.s) həyatda ikən Qurani-Kərimi kitab halında belə görmədi. Onlarla hafizin könlündə yer alan Quran parça-parça yazılmış, dağınıq halda mövcud idi. Rəsulullah (s.ə.s) bütün ömrü boyunca Quranın mesajı üzərində işlədi. Qozun, fındığın içi boş olduqdan sonra qabığının aqibəti çöpə atılmaq deyilmi? İslam alimləri müsəlmanın Qurani-Kərimin məna və mesajına səhlənkar yanaşaraq bütün gücünü Quranın yazılmasına, bərbəzək (təzhib) vurulmasına və təcvidlə oxunmasına sərf etməsinə belə xoş yanaşmamışdır.

      Qurani-Kərim müşriklərə meydan oxuyarkən bunu surə və ayələrdəki mesajlar yoluyla ifadə etmişdir. İlk meydan oxuma: “Haydı, siz də edə bilirsinizsə, Qurandakı kimi bir surə meydana gətirin” (əl-Bəqərə, 23) şəklində olmuşdur. Meydan oxumağın nəticəsinin qiyamətə qədər davam edəcəyi elan edilərək bunun mümkün olmayacağı ifadə edilmişdir: “İndi də edə bilməyəcəksiniz, gələcək zamanda da buna gücünüz çatmayacaq” (əl-Bəqərə, 23).

      Müsəlmanların dünyadakı fitnə-fəsad çarxına meydan oxumaları ancaq və ancaq Qurani-Kərimin mesajı ilə olacaqdır. Quranın qəlibi ilə meydan oxumaq və qürurlanmaq ağıllı insana yaraşarmı? Texnoloji yöndən bizdən çox-çox irəlidə olanlar bu Quranın ölçülərindən daha böyük bir kitab düzəltmək imkanına onsuz da sahibdirlər. Tövrat, İncil, Avesta və ya başqa bir kitab dünyadakı ən böyük Qurandan 1000 qat daha böyük bir ölçüdə hazırlansa Quran məğlub edilmiş olarmı? Müsəlmanlar Quranın qəlibinə iman edirlər, yoxsa qəlbinə? Quranın qəlibini meydana gətirən hərflərlə - tənvin, şəddə və hərəkələrlə satanizmi və xristianlığı anladan kitablar da yazıla bilər. Mühüm olan Quranın ruhudur. Ruhuna əhəmiyyət veririk deyə qəlibini kiçik düşürmək də olmaz, əlbəttə. Sevgilidən gələn məktubun möhtəvasına baxmadan zərfinə ilişib qalmaq aldadıcı olardı, eyni şəkildə, sevgilidən gələn məktubun möhtəvası oxunar, olun əli dəydiyi üçün o zərf də öpülər, bağrına basılar; yəni bu münasibət təktərəfli olmaz.

       Qurani-Kərimin mənasını başa düşməyə, mesajını mənimsəməyə mane olan hər hərəkət, hər nə qədər xoş görünsə də, Quranla araya pərdə qoymaq, araya sədd çəkmək deməkdir. Dünyadakı ən kasıb İslam ölkəsi olan Əfqanıstanın dünyadakı ən böyük Qurana sahib olma arzusu Quranı başa düşmək yönündə bir maneə olarmı?! Dünya birinciliyini əldə etmək üçün hazırlanan Qurani-Kərimə xərclənən beş il Quranı oxumaq və oxutmaq, anlamaq və anlatmaq, eşitmək və eşitdirmək üçün xərclənsəydi daha yaxşı olmazdımı?! Ey Əfqan qardaşlarım! Sabah Qurani-Kərim sizdən şikayətçi olarsa nə cavab verərsiniz? Qurani-Kərim özünü şəfa və rəhmət, yəni dərman olaraq ifadə edir (əl-İsra, 82).  Ölkəniz onlarla problemlə mübarizə aparır. İşğallara məruz qalmaq, aclıq, kasıbçılıq, savadsızlıq, uşaq ölümlərinin çoxluğu, xəstəliklər belinizi büküb. Dünyanın istifadə etdiyi narkotikin 80 %-i sizin ölkənizdən çıxır. Şəhərləriniz natəmiz vəziyyətdədir. Bilbordlara asılan böyük şokolad reklamı necə ki, insanın ağzını şirinləşdirmirsə, dünyanın ən böyük Quranına sahib olmaq da ölkənizə şəfa, rəhmət və hüzur gətirməz. Xəstəlikdən qurtulmaq üçün dərmandan istifadə etmək lazımdır. Quran cahiliyyə insanlarına şəfa və rəhmət olmuşdusa, əlbəttə, sizə də şəfa, rəhmət, salamatçılıq və inkişaf səbəbi olacaqdır.                  

      Hamımız “Yaradan Rəbbinin adıyla oxu!” (əl-Aləq, 1) ayəsinə qulaq verməliyik. Bir an düşünək: hazırlamış olduğumuz dünyanın ən böyük Qurani-Kərimini Rəsulullaha (s.ə.s) təqdim edə bilərdikmi? Gecə yarısı yata bilməyən, xalqını təftiş edən xəlifə Hz. Ömər (r.a) daş qaynadaraq uşaqlarının başını qatıb onları yatdırmağa çalışan bir ailəni təsbit edən kimi, belinə un kisəsini alıb oraya çatdırmışdı. Əfqanıstandakı işsizlik, uşaq və anaların ölüm nisbətləri, aclıq, narkotik alveri, terror, yetim-yesir və dulların nisbətini (faizini) Hz. Ömərə təqdim etsəydiniz və “dünyadakı ən böyük Quran bizdədir” deyə məlumat versəydiniz, xəlifənin verəcəyi reaksiyanı təxmin edə bilərsinizmi?

      Atalarımız “Öküz böyük olsun, cütü çəkməsə də olar” kimi atalar sözləri ilə iriyə, böyüyə olan ehtirasını ifadə etmişlər. Dünyanın ən böyük heykəlinə, məscidinə, kilsəsinə, minarəsinə sahib olmaq həvəsi hər yerdə nəzərə çarpır. Qərb dünyası ən böyük heykəl və kilsələrlə məşğul olmaqdansa, elm və texnologiyada irəli getməyə çalışır...

      Öküzünün, maşınının, evinin daha böyük olmasını, maddi dünyasının daha zəngin olmasını istəyən kimsə işləməkdə, Allaha qulluqda, comərdlikdə, gözəl əxlaqda, elm və sənət öyrənməkdə az ilə qane olursa, vay onun halına!..

      • Hits: 419 clicks

      Tecox component by www.teglo.info