Osman Nuri Topbaş-HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Şeyx Sədi -4-

      Share

      Şeyx Sədi həzrətləri buyurur:

      “Kiçik yaşlarında tərbiyə görməyənin böyüdüyü zaman tərbiyə olunması heç mümkün deyil. Yaş çubuğu istədiyin kimi əyə bilərsən. Lakin quru çubuğu düzəltmək üçün alova tutmaq lazımdır”.

      İnsan oğlunun təxminən 70-80 illik ömrü əsasən uşaqlıq və gənclik illərində atılan təməllər üzərində formalaşır. Beləliklə də həyatın bu ilk mərhələsi sanki bir ömrə bərabərdir.

      Həqiqətən, uşaqlıq və gənclik çağı həyat çayının axacağı məcranın təyinində başlanğıc sayıldığı üçün hədsiz dərəcə əhəmiyyət kəsb edir. Çünki əsas vəsfləri etibarı ilə şəxsiyyətin formalaşdığı bir mövsümdür. Bu mövsümdə haqq və xeyir istiqamətindən azacıq uzaqlaşma belə gələcək illərdə geri dönüş yolunun çətin olduğu yanlışlara sürüklənməyə səbəb olar. Ona görə də atalar sözündə “Ağac yaş ikən əyilər”, “Dəmiri isti-isti döyərlər” deyilmişdir. 

      Yəni hər bir qiymətli elementin üzərində işləmək üçün ən uyğun zamanı bilmək və tərkibini düzgün dəyərləndirmək şərtdir. Xüsusilə insan tərbiyəsində bu xüsus son dərəcə əhəmiyyətlidir. Şəxsiyyət və xarakterin ciddi mənada formalaşdığı uşaqlıq dövrünün qiymətini bilmək lazımdır.

      Rəsulullah r buyurur:

      “Dünyaya gələn hər uşaq (İslam) fitrəti üzrə saf və tərtəmiz doğular. Sonra ata-anası onu yəhudi, xristian və ya məcusi edər…” (Buxari, Cənaiz, 80; Müslim, Qədər, 22, 23; Əhməd, II, 253)

      Demək, hər bir uşaq onu batil yollara sürükləyən hər hansı bir səbəb olmadığı müddətdə hidayəti qəbul edə biləcək qabiliyyət və təmayüllərlə dünyaya gəlir. Lakin ata-anası və ətrafındakı yaxınları imandan məhrumdurlarsa, onu hidayətdən uzaqlaşdırıb küfrə sövq edər. Əgər fasiq insanlardırsa, günaha alışdırarlar. Uşaq böyüyüb həddi-büluğ çağına gəldikdə də həyata alışdığı kimi davam edər.

      İmam Qəzali həzrətləri deyir:

      “İnsan bal mumu kimidir. Tərbiyə ilə ona -müsbət və ya mənfi- istənilən formanı vermək mümkündür”.

      Təbii ki, bu tərbiyənin ən münbit dövrü uşağın ilk yaşlarıdır. Bu səbəblə uşağın tərbiyəsi əvvəlcə ana qucağında və ata ocağında başlayır. Ata-ananın ağzından çıxan hər söz, sərgilədikləri hər hal və hərəkət uşağın şəxsiyyət inşasına qoyulan kərpic kimidir. Ata-ana ürəyi uşağın tərbiyə aldığı ilk məktəbdir. Övladının əməlisaleh bir mömin kimi yetişməsi üçün səy göstərən hər bir valideyn ömürlük təşəkkürə layiqdir.

      Bu səbəblə nəcib xarakterli insanlar -daha çox- əməlisaleh valideynin tərbiyəsində yetişənlərdir. Bu cür valideynin tərbiyəsi ilə böyüyən uşaqların öyrəndikləri gözəl davranışlar təkrarlana-təkrarlana əxlaqa çevrilər. Fəqət bunun əksinə, pis bir ailə və ya cəmiyyətdə böyüyən uşaqlarda da pis vərdişlər kök atar.

      Nəticədə bu müsbət və ya mənfi vərdişlər insanı müəyyən şəxsiyyət və xarakterə bürüyər. Artıq insan, ümumiyyətlə, qazandığı bu vərdişlər istiqamətində bir həyat sürər.

      Şəxsiyyət və xarakterin formalaşmasında vərasətdən gələn xüsusiyyətlərin müəyyən payı var. Atadan, anadan, babadan, nənədən və s. gələn bu xüsusiyyətlərə görə qardaşlar arasında belə müəyyən fərqliliklər meydana gəlir. Fiziki fərqliliklər, ruhi fərqliliklər, qabiliyyət və istedad fərqi hasil olur. Lakin bütün bu xüsusiyyətlər xam və işlənməyə möhtac mədənlər kimidir. Həmin istedadların təlim-tərbiyə nəticəsində haqqa və xeyrə yönləndirilməsi vacibdir.

      İki cür miras var. Biri maddi mirasdır ki, varislərin ondan necə istifadə edəcəyi, xeyrə, yoxsa şərə sərmayə edəcəyi məchuldur. Digəri isə mənəvi mirasdır. Övladımıza qoyub gedəcəyimiz ən mühüm miras onları “İslam şəxsiyyəti və xarakteri” ilə təchiz edə bilməkdir.

      Bu qissə arif könüllərin miras anlayışını necə də gözəl ifadə edir:

      Dörd böyük xəlifədən sonra İslam tarixinin beşinci böyük xəlifəsi sayılan Ömər bin Əbdüləzizin vəziri bir gün:

      - Beytulmaldan aldığınız maaşınızın kifayət etmədiyini görürəm. Bəlkə, bir az artırılmasına əmr verəsiniz. Beləcə, bir hissəsini ehtiyat üçün yığıb, vəfatınızdan sonra övlad və nəvələrinizin zəruri ehtiyacları üçün saxlayarsınız, - dedi.

      Ömər bin Əbdüləzizin bu təklifə cavabı çox möhtəşəmdir:

      - “Əgər məndən sonraya qalan övladlarım saleh insanlardan olsalar, onların çətinlik çəkəcəyindən qorxmuram. Çünki Allah-Təala:

      “...O, əməlisalehlərə himayədarlıq edər” (əl-Əraf, 196) buyurmuşdur. Allah-Təala onların vəlisi və vasisi olduqdan sonra gələcəkdə qarşılaşacaqları haldan əsla qorxmuram.

      Yox, saleh deyil, səfeh olacaqlarsa, belələri haqda da yenə Qurani-Kərimdə:

      “Mallarınızı  səfehlərə  verməyin” (ən-Nisa, 5) buyurulmuşdur. Bu ilahi qadağaya baxmayaraq, səfeh olacaq uşaqlarım üçün sərvət yığacağam?!”[1]

      Hikmət əhlindən olan bir nəfər də belə deyir:

      “İnsan öldüyü zaman malı xüsusunda iki müsibətlə qarşılaşır. Hansı ki, daha əvvəl buna bənzərini heç görməmişdir:

      Birincisi, bütün malının əlindən alınmasıdır. Digəri isə, bütün malının əlindən getməsinə rəğmən bütün bunlardan tək-tək hesaba çəkilməsidir”.

      Bir sözlə, ata-ananın övladına qoyacağı ən böyük miras onun əbədi həyatını abad edəcək mənəvi dəyərlərdir.

      Bu mənəvi mirasa sahib çıxan nəsillər maddi mirası da zay etməzlər. Əksinə, ondan Haqqın rizası istiqamətində istifadə edərlər. Əlindən, dilindən, halından, sözündən, nümunəvi şəxsiyyət və xarakterindən, gözəl əxlaqından və fəzilətlərindən ümməti-Muhammədin istifadə etdiyi saleh möminlərdən olarlar. Beləliklə də, dünyadan köçənlər üçün də sədəqeyi-cariyə və rəhmət vəsiləsi olarlar.

      Ona görə də biz də övladlarımızla vaxtında və lazımınca maraqlanmalı, onların tərtəmiz ürəklərinə Allah və Peyğəmbər sevgisini, Quran və Sünnə prinsiplərini aşılamalıyıq. Mərifətin iltifata tabe olduğunu unutmayıb övladlarımızda mənəvi gözəlliklərin baş qaldırması üçün onları hədiyyə və iltifatlarla xeyrə təşviq etməliyik.

      İmam Malik həzrətləri deyir:

      “Hər dəfə hədis əzbərləyəndə atam mənə bir hədiyyə verirdi. Elə bir zaman gəldi ki, atam hədiyyə verməsə də hədis əzbərləmək məndə tərifi mümkünsüz həzzə çevrildi”.

      Belə bir tərbiyə ilə böyüyən İmam Malik həzrətləri həm bir məzhəb imamı oldu, həm də Muvatta adlı, səhih rəvayətlərdən ibarət mötəbər bir hədis kitabı yazaraq ümmətə böyük xidməti oldu.

      Unutmamaq lazımdır ki, ata-analar nə qədər istiqamət üzrə olsalar da, əgər övladlarına bunu aşılaya bilməsələr, yəni övladlarının da onlarla qəlbi bərabərliyini təmin edə bilməsələr, həmin ata-ana ilə övladın bioloji yaxınlığı heç bir qiymət ifadə etməz. “Təbiətdə boşluq yoxdur” qaydasına görə könül dünyası iman və Quran nuru ilə doldurulmayan övladları batil fikirlər, nəfsani arzular, şeytani həvəslər işğal edər. Övladlar təsirinə düşdükləri yad ünsürlərin uşağına çevrilərlər.

      Bu dünyada mənəvi keyfiyyətləri nə olursa-olsun ata-ana, övlad, dost-tanış, qohum-əqrəba, hər kəs birlikdə ömür sürər. Lakin axirətdə “yovmul-fasl”, yəni “ayrılıq günü” yaşanacaq. Allah-Təala Qurani-Kərimdə o böyük yol ayrılışından xəbər verir. Cənnət əhlinə:

      سَلَامٌ قَوْلًا مِنْ رَبٍّ رَح۪يمٍ

      “Onlara mərhəmətli Rəbbin söylədiyi salam vardır” (Yasin, 58) buyurur. Razı qaldığı qullarını böyük bir ikram və iltifatla cənnətinə dəvət edir. Lakin imanlı bir ailəyə, yaxud sülaləyə mənsub olsalar da, onlarla eyni könül dünyasını paylaşmayan mücrimlərə isə:

      وَامْتَازُوا الْيَوْمَ اَيُّهَا الْمُجْرِمُونَ

      “Ey günahkarlar, bu gün (möminlərdən) ayrılın!” (Yasin, 59) buyurulacaq. Onlara cəhənnəm göstəriləcək.

      Orada neçə-neçə ər-arvad bir-birindən ayrı düşəcək. Neçə-neçə övlad ata-anası ilə ayrı yollara gedəcək. Dünyada birlikdə yaşayan, lakin könül kompasının əqrəbi fərqli istiqamətə baxan qohum-əqrəbanın, qonum-qonşunun bir hissəsi bir tərəfə gedəcək, bir hissəsi digər tərəfə sovrulacaq. Dəhşətli bir ayrılıq günü yaşanacaq…

      Məhz həmin gün hüznə qərq olmamaq üçün, bu gün həm öz istiqamətimizə çox diqqət etməli, həm də ciyərimizin parası olan övladlarımızı Allahın əmanəti bilməliyik. Kiçik yaşlarından etibarən onların mənəvi tərbiyəsi ilə yaxından maraqlanmalıyıq. İlk işimiz və məsuliyyətimizin bu olduğunu yaddan çıxarmamalıyıq.

      Bu bir həqiqətdir ki, ata-ana haqqı ödənməz. Lakin ata-ana öz övladını istiqamət üzrə yetişdirməzsə, o övlad sabah qiyamət günü valideynindən şikayətçi olacaq. Övladlarımızı daha kiçik yaşlarından etibarən Quranın feyz və ruhaniyyəti ilə tanış etməsək, sabah qəbrimizdə böyük peşmançılıq çəkəcəyimizi unutmamalıyıq.

      Bir sözlə, ən mərhəmətli valideyn övladını Quran tərbiyəsi ilə əsil gələcək olan axirətə hazırlayan ata-anadır. Övlada göstərilən həqiqi məhəbbət və mərhəmət onun əbədiyyətini qurtarmaq üçün çalışmaqdır.

      Bu şüurdan uzaq olan bəzi ata-analar övladlarına qarşı məhəbbət, şəfqət və mərhəməti yanlış başa düşürlər. Guya, uşaqlarına qarşı hiss etdikləri güclü sevgi səbəbi ilə, məsələn, ətrafda görüb həvəs etdikləri zəmanə modalarının yanlış qiyafətlərini geydirməkdə heç bir qəbahət görmürlər. Uşaqların qeyri-müsəlmanların nəfsani həyat tərzinə, qeyri-etik musiqilərinə, mənəviyyata zəhər saçan filmlərinə, ədəb və həyadan məhrum geyimlərinə həvəs etmələrinə əhəmiyyət vermirlər. “Hələ uşaqdı, nə qədər kiçikdi həvəsini öldürsün, böyüyəndə düzələr…” deyə bilirlər.

      Halbuki bu cür rəftar uşağa mərhəmət yox, pislikdir.

      Məsələn, bir uşağa “nə də olsa, gələcəkdə tərgidər” deyərək siqaret çəkməsinə göz yumularsa, o uşaq həqiqətən tərgidə bilərmi, yoxsa siqaretə daha çox aludə olar? Bütün mənfiliklər də eynilə belədir. Mənfi hal davam etdikcə uşaqda aludəçiliyə çevrilər və beləliklə, geri dönüşü olmayan bir yola sürükləyər.

      Təəssüf ki, bu gün uşaqların şəxsiyyətini əsasən televizor, internet, media və modalar formalaşdırır. Onların qəlb dünyasını darmadağın edərək dininə, mədəniyyətinə, tarixinə, hətta ailəsinə yadlaşdırır. Belə ki, övladlarımız bizə yad dünyaların uşağına çevrilirlər.

      İmam Qəzali həzrətlərinin buyurduğu kimi, kafir, fasiq və qafil insanlarla zahiri bərabərlik zamanla zehni bərabərliyə, zehni bərabərlik də bir müddət sonra qəlbi bərabərliyə çevrilir. Bu isə insanın mənəvi nöqteyi-nəzərdən addım-addım həlaka sürüklənməsi deməkdir. 

      Bu gün tez-tez rastımıza çıxan, özlərini dindar kimi qələmə verən bəzi ailələrin dini şüurdan məhrum övladları, təsəttürlü anaların açıq-saçıq geyinən qızları övlada məhəbbət və mərhəmətin yanlış tətbiqinin həzin nəticələridir.

      Əlbəttə ki, hər valideyn üşüyən balasının üstünü örtər. Onu ən gözəl libaslarda görmək istəyər. Lakin axirətə iman etmiş bir valideynin könlünü məşğul edən əsas məsələ övladını o biri dünyada cənnət ipəyindən libasların, yoxsa cəhənnəm alovunun bürüyəcəyi təlaşıdır. Heç bir imanlı valideyn “Övladım bu dünyada səfa içində üzsün, gününü istədiyi kimi keçirsin, istər qiyamətdə cəfa yaşasın”, - deyə bilməz. “Bu dünyada övladımın qarnı doysun, istər axirətdə zəhər-zəqqum yesin”, - deyə bilməz. “Bu gün dünyəvi istiqbalı parlaq olsun, axirətdə üzü qara olsa bir şey olmaz”, - deyə bilməz.

      Bəzən bizə məktublar gəlir: “Hocam, oğlum-qızım bu vəziyyətə düşdü, başına bu hallar gəldi…”

      Əvvəla özümüzdən soruşmalıyıq:

      Biz vaxtında övladımıza nə verdik ki, indi nə gözləyirik? Uşaqların məsum ürəkləri münbit bir torpaq kimi tərtəmiz və əlverişli olduğu zamanda onlara qarşı səhlənkarlıq etsək, əlbəttə, gün gələr o torpağı yabanı otlar və zəhərli tikanlar basar.

      Mövlana həzrətlərinin buyurduğu kimi:

      “Heç buğda əkdiyin halda arpa bitdiyini gördünmü?”

      Elə isə vaxt var ikən övladlarımızın məsum qəlblərinə gözəl öyüdlərlə, mənəvi təlqinlərlə fəzilət toxumları əkməliyik ki, günü gəldiyi zaman onların könül bağçaları iman və təqva gülüstanına çevrilsin. Ömür boyu mərifətullah gülləri, məhəbbətullah sünbülləri ilə bəzənmiş əbədi bahar iqlimində yaşasınlar.

      Onu da unutmayaq ki, övladlarımızı islami şüur və ədəb ilə böyütmək onları sadəcə yay tətilində məscidə göndərməklə həll olacaq qədər bəsit iş deyil. Bu qədər qısa bir təlimlə kifayətlənərək vəzifəmizi yerinə yetirdiyimizi zənn edərsək, dini təhsili xəfifə almış olarıq. Yeri gəlmişkən, dini təhsili bu qədər bəsit görmək qəlbdəki iman zəifliyinin də bir göstəricisidir.

      Bu səbəblə, övladlarımızı xüsusilə Quran Kursu və İmam Xətib təhsilindən keçirməyi, istifadə edə biləcəkləri mənəvi məclislərə aparmağı gözardı etməyək. Övladımızın dünyəvi istiqbalı üçün verdiyimiz əməyin qat-qat artığını onun əbədi səadəti üçün də verməli olduğumuzu unutmayaq.

      Şeyx Sədi həzrətləri buyurur:

      “Ağıl sahibləri üçün hər yarpaq bir mərifətullah divanıdır. Qafillər üçünsə bütün ağaclar bir yarpaq belə deyil”.

      Yaradılmış hər varlıq Yaradandan bir nişanə daşıyır. Görən gözlərə, hiss edən qəlblərə ilahi möhürü sərgiləyir.

      Qurani-Kərimin ilk nazil olan ayəsində:

      اِقْرَاْ بِاسْمِ رَبِّكَ الَّذ۪ى خَلَقَ

      “Yaradan Rəbbinin adı ilə oxu” (əl-Aləq, 1) buyurulur.

      Haqq-Təalanı qəlbən tanıyan arif qullar nəyə baxsalar, ilahi qüdrət və əzəmət naxışlarını seyr edər, əsərdən müəssirə, feldən failə, sənətdən sənətkara qəlbən yol taparlar. İlahi qüdrətin təfəkküründə dərinləşərək hər an Allahı zikr və Ona dua halında yaşayarlar. O arif qulların bu halı ayeyi-kərimədə belə zikr edilir:

      “O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali-İmran, 191)

      Rəsulullah r də:

      “Bu ayələri oxuyub təfəkkür etməyənlərin vay halına!” buyurmuşdur. (İbn Hibban, II, 386)

      Gerçək ağıl sahiblərinin nəzərində bütün kainat oxumağa hazır bir kitab kimidir, hər zərrəsi ilə bir mərifətullah divanıdır. Qurani-Kərim ilahi hikmət və həqiqətlərin kəlamdakı təzahürü olduğu kimi, kainat və onda baş verənlər də feldəki bir təzahürüdür.

      Ziya Paşa bu həqiqəti necə də gözəl ifadə edir:

      Min dərsi-məarif oxunur hər vərəqində,

      Ya Rəbb, nə gözəl məktəb olur məktəbi-aləm!

      “Bu kainatın hər bir yarpağında mərifət elminin sirr və hikmət təcəllilərindən minlərlə həqiqət dərsi oxunur. Ya Rəbb, bu cahan təfəkkür dəryasına dalanlar və ilahi vitrinləri seyr edərək ibrət alanlar üçün nə gözəl bir məktəbdir”.

      Başqa bir şair də bu həqiqəti belə ifadə edir:

      Bir kitabı-əzəmdir sərasər kainat,

      Hansı hərfi yoxlasan, mənası həp Allah çıxar…

      “Kainat başdan-ayağa Allahın ən böyük kitabıdır. Bu kitabın hansı hərfini oxusan, mənasının Allah olduğunu görərsən. Kainatın hansı zərrəsi üzərində təfəkkür etsən, səni Allaha qovuşdurar”.

      Kainat kitabında sərgilənən sonsuz ilahi təcəlliləri narazı sifət ilə, donuq qəlblə seyr etmək və onların yaradılış qayəsini idrak edə bilməmək isə mənəvi həyatın xərçəngi sayılan axmaqlıqdır; bir insanın iki gözünü iki barmağı ilə yumub öz-özünü ilahi həqiqətlərdən qafil etməsidir.

      Ayeyi-kərimədə qəflət əhlinin halı belə təsvir edilir:

      “Məgər onlar (peyğəmbərləri yalançı hesab edən kafirlər) yer üzündə gəzib dolaşmırlarmı ki, düşünən qəlbləri (bəsirət gözləri), eşidən qulaqları olsun? Həqiqətən, gözlər kor olmaz, lakin sinələrindəki ürəklər (qəlb gözü) kor olar”. (əl-Həcc, 46)

      Məhz qəlb gözü kor olan axmaqlar kainatda sərgilənən ilahi qüdrət və əzəmət təcəllilərinə baxsalar da, heç nə görməzlər. Saysız-hesabsız cənazə mənzərələrinə şahid olsalar da, ibrət almazlar. Qəbiristanlıqda özlərindən yaşca daha kiçiklərin yatdığını görsələr də, öz faniliklərini, bir gün öləcəklərini, qəbrə girəcəklərini, əbədi bir axirət səfərinə çıxacaqlarını yada salmazlar. Axirətsiz dünya həyatı yaşamaq istəyərlər. Nə üçün dünyaya gəldiklərini, kimin mülkündə yaşadıqlarını, səfərlərinin haraya olduğunu, son nəfəsdən sonra nə olacaqlarını düşünməzlər.

      Çünki onların qəlb gözləri pərdəli və ya möhürlüdür. Bu halları ilə sanki yeyib-içmək və nəfsani arzularını təmin etməkdən başqa bir dərdi olmayan heyvanlar kimi, hətta onlardan daha betər bir çaşqınlıq içində ömür sürərlər.

      Mövlana həzrətləri bu hala düçar olan qafillərin çaşqınlığını təşbehlə belə izah edir:

      “Bir öküz Bağdada gələr və şəhərin bir başından o biri başına qədər gəzər. (Bir çox mədəniyyətə ev sahibi olan, mərkəzindən axan Dəclə çayı ilə ilahi sənətin müstəsna sərgisi olan) Bağdad şəhərində xoşagəlimli nemətlər olaraq yalnız qovun və qarpız qabıqlarını görər… Zatən öküzlə eşşəyin seyrinə layiq olan ya yola tökülən samandır, yaxud da yol kənarında bitən ot-alaqdır”.

      Xülasə, ariflərdən birinin buyurduğu kimi:

      “Bu aləm aqillər üçün seyri-bədayi, axmaqlar üçünsə yeməklə şəhvətdir”. Yəni bu kainat həqiqi ağıl sahibləri üçün ilahi həqiqətlərin müşahidə və təfəkküründə dərinləşmək, axmaq və qafillər üçünsə ağılsız varlıqlar kimi yeyib-içmək və şəhvani ehtirasları təmin etmək ardınca qaçmaqdan ibarət bir imtahan aləmidir.

      Haqq-Təala hər birimizi qəflətdən mühafizə etsin. Quran, insan və kainatda sərgilənən ilahi qüdrət və əzəmət təcəllilərini könül gözü ilə oxuya bilməyi, təfəkkürdə dərinləşə bilməyi, hikmət və ibrətlərdən nəticə çıxara bilməyi, lütf və kərəmi ilə ehsan etsin.

      Amin.

       


      [1] Əbul-Ula Mardin, Huzur Dersleri, İstanbul 1966, II-III, 769-770.

       

      • Hits: 457 clicks

      Tecox component by www.teglo.info