Anar Qurbanov - Sual Cavab

      Share

       

      Kişi, evləndikləri halda, söz verdiyi mehri yerinə yetirə bilmirsə, həyat yoldaşı ona itaət etmə borcundan azad sayıla bilərmi?

      Cavab: Əvvəla qeyd etmək lazımdır ki, mehr nikahın nə rüknü, nə də şərtidir. Mehr nikahın hüquqi bir nəticəsidir. Yəni, nikah kəsildikdən sonra mehr vermək vacib olur. Ona görə də, mehrin verilməməsi ər-arvad münasibətlərinə təsir etməməlidir. Sırf mehr ucbatından ailədaxili mübahisələrə yol vermək qəbuledilməzdir. Bundan əlavə, qadının ərinə itaəti məsələsinə gəlincə, burada itaətdən məqsəd qarşılıqlı bir-birinə qarşı hüquq və öhdəliklərinin yerinə yetirilməsidir və bu, təkcə qadına məxsus deyil, eyni zamanda ərin də vəzifəsidir. Odur ki, merh kimi kiçik məsələlər ucbatından ər-arvad arasındakı münasibətlərə xələl gəlməməli və buna yol verilməməlidir.

      Bayramın ikinci-üçüncü günü bayram namazı qılına bilərmi?

      Cavab: Mühüm bir üzr və zərurət ucbatından bir yerdə bayram namazı bayramın birinci günü qılına bilməmişsə, Ramazan bayramı namazı bayramın ikinci günü, Qurban bayramı namazı isə ikinci, yenə də qılına bilməmişsə, bayramın üçüncü günü qılına bilər. Ancaq bayram namazı üzrsüz və hər hansı zərurət olmadan tərk edilmişsə, artıq qılınmaz; Qurban bayramı isə məkruh olmaqla yanaşı, ikinci və ya üçüncü gün qılına bilər.

      Vitr namazında “qunut”dan əvvəl təkbir alarkən əlləri qaldırmağın hökmü və sünnədəki dəlili (yeri) nədir?

      Cavab: Hənəfi məzhəbinə görə, qunut duası vitr namazının üçüncü rükətində rükudan əvvəl, əllər qaldırılaraq təkbir aldıqdan sonra oxunur. Çünki Hz. Əlidən (r.a) nəql edildiyinə görə, Hz. Peyğəmbər (s.ə.s) qunut oxuyanda əvvəlcə təkbir gətirər, sonra qunut oxuyardı. Bundan əlavə, Hz. Ömər (r.a), İbn Məsud (r.a) və İbn Abbas (r.a) qunutun rükudan əvvəl olduğunu bildirmişlər (Zeyləi, “Nəsbür-rayə”, II, 123) Həmçinin, vitr namazında qunutdan əvvəl təkbir əsnasında əllərin qaldırılması Hz. Peyğəmbərdən (s.ə.s) nəql edilən bəzi rəvayətlərə əsaslanır (Zeyləi, “Nəsbür-rayə”, III, 389-391). Malikilərdə də əsas olan görüş rükudan əvvəl edilməsidir və əllərin qaldırılması da mübah hesab olunmuşdur. Hənbəlilərə görə, qunut duası rükudan sonra edilir. Şafeilərə görə isə, qunut duası sübh namazında, bir də Ramazan ayının ikinci yarısından sonra vitr namazında və rükudan sonra oxunur.  

      Namazda dodaqlar tərpənmədən edilən qiraət ilə fərz namazı qılınmış sayılırmı?

      Cavab: Danışma qabiliyyətinə malik olan insanın namazda “Fatihə” və digər surələri ağzını tərpətmədən və heç bir səs çıxartmadan zehnindən keçirməsi qiraət sayılmır. Bununla namazın rüknü olan qiraət yerinə yetirilmiş olmur. Özünün eşidə biləcəyi bir səslə, fısıltılı səs ilə, eləcə də hərfləri öz məxrəcindən (düzgün) çıxararaq və yanında başqaları varsa, onları da narahat etmədən oxumalıdır.

      Təməl ehtiyaclar üçün yığılan pula zəkat düşürmü? Bundan zəkat vermək fərzdir?

      Cavab: Təməl ehtiyaclar: ev, ev əşyası, geyim, yemək-içmək və nəqliyyat vasitəsi kimi həyatın düzgün və sağlam bir şəkildə davam etməsi üçün tələb olunan şeylərdir. Bu ehtiyacların aradan qaldırılması üçün bunların mülkiyyətinə sahib olma məcburiyyəti yoxdur. Sözügedən ehtiyacları təmin etmək üçün yığılan pullarla onları aradan qaldırmaq üzrə şifahi və ya sənədlə hər hansı bir müqavilə bağlanmışsa, yığılan bu pullardan zəkat vermək fərz deyil. Çünki şifahi və ya sənədlə müqavilə bağlanan zaman yığılan pul artıq təməl ehtiyac üçün sərf edilmiş sayılır. Ancaq hər hansı bir müqavilə bağlanmamışsa, pulun nisab miqdarına çatması və üstündən də bir il keçməsi ilə zəkat borcu meydana gəlmiş olur.

      Qulaqdan gələn axıntı dəstəmazı pozarmı?

      Cavab: Bir ağrı və ya sızıltı olmadan qulaqdan, göbək və ya gözdən çıxan axıntı dəstəmazı pozmur. Əgər axıntı ağrı və sızıltı ilə çıxarsa, hənəfilərə görə, dəstəmaz pozulur. Çünki ağrı yaranın olduğuna dəlalət edir. Yaradan axan maye də dəstəmazı pozur.

      Su mövcud olduğu halda dəstəmaz alanadək namaz vaxtının çıxmasından əndişə edən bir müsəlman təyəmmümlə namaz qıla bilərmi?

      Cavab: Dəstəmaz alma imkanı olduğu halda cümə namazı və beş vaxt namaz kimi vaxtında qılına bilmədiyi təqirdə qəza edilən namazların vaxtın çıxacağı əndişəsi ilə təyəmmüm edərək qılınması caiz deyildir. Çünki dəstəmaz alındığı təqdirdə sözügedən namazlara çatmaq mümkün olmazsa, cümə namazının əvəzinə günorta namazı, vaxt namazının yerinə isə qəza namazı qılınmalıdır.

      Heyvanların zəkatı əvəzinə onun qiyməti hesablanaraq pulu zəkat kimi verilə bilərmi?

      Cavab: Malın zəkatı öz növündən verilə bildiyi kimi, onun qiyməti üzərindən də verilə bilər. Belə ki, heyvanların zəkatını vermək istəyən bir şəxs heyvanın özündən verə bilməklə yanaşı, onun qiymətini hesablayıb zəkatını çıxa bilər. Ancaq vurğulamaq lazımdır ki, burada kasıbın mənafeyini nəzərə almaq daha məqsədəuyğun bir davranışdır.

       

       

       

      • Hits: 443 clicks

      Tecox component by www.teglo.info