İrfandan-Quran BÜLBÜLLƏRİ

      Share

      Azərbaycanın Şəki şəhərində yerləşən, 1993-cü ildə qurulan və bu günə kimi 222 hafiz yetişdirib cəmiyyətimizə qazandıran mədrəsə ölkəmizin yeganə hafizlik mədrəsəsidir. 

      Şəki İslam Mədrəsəsində 02.06.2016 tarixində növbəti, IX HAFİZLİK MƏRASİMİ təntənəli bir şəkildə keçirildi və 30 yeni hafizimizə diplomları təqdim edildi. Mərasimdə QMİ sədrinin 1-ci müavini, Müfti Hacı Salman Musayev, DQİdK sədrinin 1-ci müavini Səyyad Salahlı, QMİ sədrinin müavini Hacı Qəmər Xanım Cavadlı, Şəki şəhər İcra hakimiyyətinin rəhbərləri, Gəncliyə Yardım Fondu Himayəçilər Şurasının sədri Ahmet Tecim və fondun digər əməkdaşları, ziyalılar, İctimai xadimlər, din adamları və bir sıra dəyərli qonaqlar iştirak edirdilər. Tədbirdən sonra müsahibə aldığımız bəzi iştirakçıların təəssüratlarını sizinlə bölüşürük:

      Şəki-Oğuz bölgə Qazısı Hacı Kamran Əfəndi:

      Bu gün Azərbaycanın, xüsusən də Azərbaycan ruhaniliyinin tarixində şərəfli bir gündür. Bu şərəfli günlər hələ 1993-cü  ildən, bu mədrəsənin qurulması ilə başlamışdı. 1996-cı ildə ilk hafizlik mərasimi olmuş, Azərbaycanın bu bölgəsi öz hafiz töhfələrini vermişdi. O vaxtdan günümüzə qədər bu mərasimlər keçirilməyə davam etdi və bu, 9-cu ənənəvi hafizlik mərasimidir. Hafizlər canlı Qurandırlar, bizim üçün şəfa qaynağıdırlar, bərəkət mənbəyidirlər. Allahdan ümidimiz budur ki, onların bu şəfası, bərəkəti Azərbaycanımıza və bu doğma eldən başlayaraq bütün müsəlman ellərinə, bütün dünyaya bərəkət olacaq, nur saçacaqdır. Allah-Təala bu yolda hər cür köməyini əsirgəməyən qardaşlarımızdan razı olsun. Xüsusilə də, “bir millət, iki dövlət” şüarı ilə bizə əl uzadan türk qardaşlarımıza təşəkkür edirəm və böyük irfan alimi, böyük ustad, Əziz Mahmud Hüdayi vəqfinin fəxri rəhbəri Osman Nuri Topbaş əfəndiyə ki, Hacı Səlim Əfəndinin dəvəti ilə onlar bu mədrəsənin ilk təməlini atmış, bizi bu şərəfə nail eləmişdilər, Allah bu dostluğumuzu, bu məhəbbətimizi daim eyləsin.

      Hafizlik Mədrəsəsinin qurucularından və bölgənin sabiq Qazısı Hacı Səlim Əfəndi:

      Bu gün burada iştirak edənlər, cavanından qocasına, hər kəs ömrü böyü çox böyük tədbirlərdə iştirak eləyiblər. Amma şəxsən mən öz adıma deyərdim ki, rast gəldiyimiz bütün tədbirlərin içində ən gözəl tədbirlərdən biridir ki, bu gün biz burada bütöv Quranı əzbərdən bilən hafiz övladlarımızın yetişməsini görür, yetişdirənləri görür və bunlarla fəxr edirik. Xoş o rayonun, xoş o məmləkətin, xoş o kəndin, xoş o ailənin, o valideynin halına ki, onun bir hafiz uşağı var. Bu gün yaşadığımız bu mühitdə imkanı olan hər bir valideyn öz övladını hüquqşünas da edə bilər, tarixçi də edə bilər, riyaziyyatçı da edə bilər, ədəbiyyatçı da edə bilər. Amma heç bir valideynin gücü çatmaz ki, o, uşağını öz istəyinə görə hafiz eləsin. Bir uşağın hafiz olması üçün ilk növbədə Allahın rizası, bir də uşağın qabiliyyəti lazımdır. Xoş o gəncə ki, otuz cüzdən ibarət olan böyük Quranı öz beynində, öz hifzində qoruyub saxlaya bilir. Mən, vaxtilə, 1982-ci ildə bir dənə Quranı 600 manata almışdım. Bu, 600 kq şəkər deməkdir. Amma bu gün Allaha çox-çox şükürlər olsun ki, bu hafizlik tədbirində 222 tələbəmizin canlı Qurana çevrildiyini görürük. Bu gün keçirilən IX hafizlik mərasimi tədbirində iştirak elədiyimə görə də çox şadam, Allaha çox şükürlər olsun deyirəm. Mən 1983-cü ildə həccə gedəndə respublikamızda 17 məscidimiz var idi. Amma bu gün üç mindən çox məscidimiz var. Bu, bizim müstəqil dövlətimizin, rəhbərliyimizin bizə verdiyi şansdır, hüquqdur. Burada əməyi olan hər kəsə, Qafqaz Müsəlmanları idarəsi ilə bərabər, Əziz Mahmud Hüdayi vəqfi rəhbərliyinə də bir daha təşəkkür edirəm.

      Qafqaz Müsəlmanları İdarəsi sədrinin 1-ci müavini, Müfti Hacı Salman Musayev:

      Bu gün gözəl bir gündür, mübarək gündür. Bir dövr gələcək ki, bu günlər xatırlanacaq, tarixlərə yazılacaq, bu gün deyilən sözlər tarixdə öz yerini tapacaqdır. Sovet dövründə, 1974-1982-ci illər dövründə Buxarada dini təhsil alarkən orada hafizləri görəndə qibtə edərdim. Və təəccüblənərdim ki, necə ola bilər ki, Quranı tam olaraq əzbərləyə bilirlər; o gün olacaqmı ki, bizdə də belə hafizlər yetişəcəklər? Şükürlər olsun, o gün gəldi, hafizlərimiz yetişdi. Bu gün fəxrlə deyə bilərəm ki, bu hafizlərimiz həm məscidlərimizdə dini ayinləri yerinə yetirirlər, həm də beynəlxalq müsabiqələrdə Azərbaycanın bayrağını yüksəldirlər, dalğalandırırlar. Bu dalğanın içində bizim hafizlərimiz də yer alır. Elə bu yaxın günlərdə iki hafizimiz Malayziyada keçirilən tədbirdə iştirak etdilər və ən güclü on ölkə arasında yer tuta bildilər. Bunun təməlində həm bu hafizləri yetişdirən müəllimlərin, həm də hafizlərimizin öz şəxsi zəhmətlərinin bəhrəsi var. Bu gün, şükürlər olsun, din-dövlət münasibətləri, dövlətin dinimizə olan qayğısı o qədər genişdir ki, bəzən bunu hiss edə bilmirik. Bunu gənc nəsillərimiz layiqincə qorumalı, davam və inkişaf etdirməlidirlər.

      Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi sədrinin 1-ci müavini Səyyad Salahlı:

      Şəki İslam Mədrəsəsinin ənənəvi olaraq keçirdiyi Quran Hafizləri Mərasimi Azərbaycanın İslam həyatında çox nadir və müsbət hadisələrdən biridir. Əvvəla bu, kadr boşluğunu doldurur. İkincisi, həm İslamı, həm də Quranı elmi şəkildə tədris etməyə və bu sahədə təhsil almağa olduqca gözəl şərait yaradır. Biz illər boyu kadrlarımızın azlığından şikayət eləmişik. Məclislərdə islami elmi əsaslara malik söhbətlərin səslənməsinə, eşidilməsinə can atmışıq. Sovet dövründə buna nail ola bilməmişik və müstəqillik dövrümüzün ilk illərində kadr azlığından əziyyət çəkmişik. Bu, olduqca sevindirici və müsbət bir haldır ki, bu gün biz otuz hafizin həm diplom aldığını, həm də təhsillərini başa vurduğunu gördük. Azərbaycanda, ümumiyyətlə, son dövrlərdə İslamın inkişafı ulu öndər Heydər Əliyev ilə bağlıdır. Peyğəmbər əleyhissalamın mövludu günü, 1993-cü ilin sentyabr ayının 5-də, Təzəpir məscidində çıxışında mərhum prezidentimiz Azərbaycanın bütün rayonlarından gələn dindarların qarşısında bəyan etdi ki, “mənim fəaliyyətim dövründə Azərbaycanda İslamın inkişafına, məscidlərin bərpasına, tikilməsinə çalışacağam və əvvəlki illərdəki görkəmli İslam xadimlərinin təqibini, onlara qarşı qoyulan yasaqları tamamilə aradan qaldıracağam...” Ulu Öndər doğrudan da belə elədi və onun dövründə bir çox mərkəzlər, məsələn, Bibiheybət kimi nəhəng bir məscid istifadəyə verildi. Sonrakı mərhələdə isə onun həm siyasi, həm də mənəvi varisi olan Prezident İlham Əliyev qədim Şamaxı məscidini bərpa etdi, genişlədib daha əzəmətli hala gətirdi, Gəncədə İmamzadə kompleksini bərpa etdirdi... Bütün bunların hamısı Azərbaycan dövlətinin bilavasitə diqqəti, səyi və yaxından qayğısı nəticəsində əmələ gəldi. Dövlətimiz sözsüz ki, hüquqi, demokratik, unitar bir dövlətdir. Lakin biz dinimiz etibarilə müsəlmanıq, İslam ümmətiyik və heç vaxt mənəvi köklərimizə qarşı biganə qala bilmərik.

      Şəki şəhər İcra hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rəfail Mənəfov:

      Əvvəla, bu əlamətdar gün münasibətilə hər birinizi, cəmi hafizlərimizi təbrik edirəm. Həqiqətən də, dövlət-din münasibətləri çox kamil bir şəkildə, Dini etiqad azadlığı haqqında qanuna istinad edərək, mövcud qanunvericilik bazası əsasında çox mükəmməl şəkildə tənzimlənir. 1995-ci ildə qəbul etdiyimiz Azərbaycan Respublikasının Konstitusiyasında da hər bir vətəndaşın vicdan azadlığı, dini etiqad azadlığı öz təsdiqini tapıb. Müstəqillik əldə ediləndən sonra, həqiqətən də, dinin inkişafına çox böyük töhfələr verilmişdir. Azərbaycan Respublikasında milli siyasətin, milli ideologiyanın tərkib hissəsi olan milli-mənəvi dəyərlərimizə, əxlaqımıza hörmət, diqqət göz qabağındadır. Sözsüz ki, dövlətçiliyimizin dinimizə göstərdiyi bu diqqət və qayğını hər birimiz kütləvi informasiya vasitələrindən də izləyirik, həyatımızda da şahidi oluruq. Elə bu qısa müddət ərzində tikilən çoxsaylı məscidlərimiz də bu məqsədyönlü siyasətin töhfələrindəndir. Təmirə ehtiyacı olan məscidlərimiz təmir-bərpa olunur; pirlərimiz, ziyarətgahlarımız, müqəddəs ocaqlarımız təmir olunur, qaydaya salınır. Hər bir vətəndaşımızın dinlə sərbəst şəkildə, azad və müstəqil şəkildə məşğul olması üçün lazımi şərait yaradılır.  Bu barədə sadəcə fərman və sərəncamlar verilmir, cənab Prezident şəxsən iştirak edərək tikinti və təmir prosesini izləyir və müvafiq göstərişlər verir. Dinimiz hələ yarandığı dövrdən cahilliyə, nadanlığa qarşı olub; kamilliyə doğru irəliləyən bir din olub; bir çox dövlətlərdə inkişafa təkan verən bir din olub. İslam dini bəşər övladını beşikdən etibarən öyrənməyə dəvət edir. İnsanın kamilliyi, ruhunun kamilləşməsinə gedən yol məhz mükəmməl dini təhsil ilə yanaşı dünyəvi elmlərin də əxz edilməsindən keçir. Yalnız o zaman insan məntiqinə müraciət edib, elmə və dinə istinad edib Allahın qüdrətinə dair çoxsaylı misallar çəkə bilər. Mən bütün vətəndaşlara, eyni zamanda gəncliyimizə həm də ilk növbədə vətənpərvər olmağı, Azərbaycan dövləti və cəmiyyətimiz üçün layiqli bir vətəndaş kimi yetişməyi arzulayıram.

       

       

      • Hits: 551 clicks

      Tecox component by www.teglo.info