Saleh ŞİRİNOV-Quranı Sevdirərək Öyrətmək

      Share

      Quran öyrədən bir Quran müəllimi və ya valideyn bunu əsla unutmamalıdır: “Öyrətdiyim kitab, Allahın kitabıdır; sıravi bir insanın əsəri deyil! Və mən, Peyğəmbər vəzifəsinin davamçısıyam”.

      Qurani-Kərim insanlara doğru yolu göstərmək üçün göndərilən son ilahi kitabdır. Buna görə də bir müsəlmanın ən önəmli vəzifələrindən biri də Qurani-Kərimi oxumaq və oxutmaqdır. Çünki Qurani-Kərimdən ibadətini yerinə yetirəcək qədər ayə və surə oxuyub əzbərləmək hər bir müsəlmana fərzdir.

      Kamil mənada Qurani-Kərim tədrisi ancaq müəllimlə mümkün olan bir tədris olduğu üçün, dərsin müvəffəqiyyətli olması və sevilərək öyrənilməsi bu xidməti göstərən bir rəhbərin bu işə ürəklə yanaşaraq canı-könüldən çalışmasından asılıdır.

      Quran təlimi ilə məşğul olan bir müəllim sevərək və sevdirərək bu işi görməlidir. Özü sevmədən, sadə bir iş kimi baxaraq öyrədərsə, sevdirməsi mümkün deyildir. Ona görə mövzunun başlığını sadəcə sevdirərək təlim deyil, “Quranı sevərək və sevdirərək öyrətmək” şəklində bütöv anlamaq daha doğru olar.

      Bunun üçün ilk növbədə niyyətin xalis olması çox önəmlidir. Bu işə hər şeyi ilə özünü verən fədakar bir insan başarılı ola bilməkdədir.

      Dərsə gələn bir tələbənin diqqətini ilk çəkən xüsus müəllimin onu necə qarşılamasıdır. Ona görə də Quran təlimi ilə məğul olan bir müəllim tələbələrini yüksək əhvali-ruhiyyə ilə qarşılamalıdır. Gözəl və müsbət enerji verərək qəlblərini ələ almalıdır. Çatmaqaş və əsəbi bir tərzdə Quran təlimi faydasız və passiv nəticə verər. Daim öyrətdiyim kitab Allahın kitabıdır həssasiyyətinə diqqət edilməlidir.

      İstər Quran kursuna gələn bir tələbənin, istərsə də onu ora göndərən bir valideynin arzu və istəyi ilk növbədə Quran oxumağı öyrənməsidir. Buna görə də beləsi həyəcanla başlayan bir təlim-tədrisin hədəflərindən biri uşaqlarda olan bu Quran öyrənmə həvəsini diri tutmaq, digəri də valideynlərin istəyini puça çıxarmamaq olmalıdır. Burada məqsəd sadəcə “əlif-bə, əlif-lam-mim, ya-sin” şəklində öyrədərək Quranı yalnız bəzi surələrlə üzünə oxutmaq deyildir. Quranı sevdirərək təlim etməkdən məqsəd öyrədilən insanların qəlbini Qurana bağlaya bilməkdir.

      Quran kurslarına iştirak edən tələbələrin düzgün Quran oxumağı öyrənmələri və sağlam dini tədris və tərbiyə ala bilmələri üçün Quran müəlliminin (valideynin və ya imamın) diqqət etməsi gərəkən bir çox əhəmiyyətli xüsus var. Bunlardan bir qismini belə sıralaya bilərik:

       Tələbə müəllimin danışdıqlarından çox davranışlarını nümunə alar.

       Dini tədris və tərbiyədə könüllülük şərtdir və bərəkətə vəsilədir. Başqa bir cəhətdən baxanda isə özünüzü Allah rizası üçün çalışan könüllü, uşaqları isə kursa gəlməklə vəzifəli olaraq düşünə bilərsiniz. Lakin həqiqətdə bu belə deyil. Əslində dinən siz vəzifəlisiniz, uşaqlar könüllüdürlər. Çünki siz kurs keçməz və ya vəzifələrinizi yerə yetirməzsinizsə, məsul olarsınız, uşaqlar deyil.

      ü  Məktəbə ilk dəfə başlayan uşaqlar kimi yay kursuna da əlində bir əlifba və dəftər ilə, ürəyi səviyyəsində tutduğu Quranla gələn tələbələrin həyəcanını əsla söndürməyin. Tələbələrinizlə aranıza məsafə qoymayın. Öz tələbəliyinizi düşünərək onlardan sizin kimi tələbə olmalarını gözləməyin.

      ü  Məscid imamı və Quran müəllimi tərəfindən qəlbi qırılan və ürəyində bir iz qalan uşaqların məscidə, dinə və Qurana baxışının necə olacağını bir düşünün. Buna görə hansı səbəblə olursa olsun, qətiyyən heç bir tələbəni məsciddən və dərsdən qovmayın.

      ü  Tələbələrinizin yaşlarının da səbəb olduğu psixoloji özəlliklərini bilmək üçün bu xüsusda kitab və məqalələr oxuyun.

      ü  Qarşınıza gələn bu uşaqların dini elm və gözəl əxlaq öyrənmək üçün gəldiklərini əsla unutmayın və onlarda görülən əskikliklərin düzəldilə bilməsi üçün ən gözəl yollar və çarələr axtarın.

       Tələbələrinizin tətil haqlarından kəsərək kursa gəldiyini unutmayın və mümkün olduğu qədər az ev tapşırığı verməyə çalışın. Dərsi dərsdə öyrətmə qaydasına diqqət edin. Tələbələrinizin sinifdə dərs çalışmalarına yardımçı olun.

        Kurslarda ata-anaya, böyüklərə, vətənə və insanlığa sevgi, sayğı və itaəti daha həssasiyyətlə aşılayın. Həm dini vəzifə cəhətindən, həm də valideynlərin məmnuniyyəti cəhətindən bu çox önəmlidir. Çünki ata-analar uşaqlarının dəyişdiyini onlara qarşı davranışlarından hiss edərlər. Bu da onların uşaqlarını kurslara getməyə təşviq etmələrinə və daha yaxından maraqlanıb nəzarət etmələrinə səbəb olar.

        Öyrədərkən Əziz Peyğəmbərimizin (s.ə.s) tövsiyələrini unutmayın: “Öyrədin, qırıcı olmayın. Öyrədənlər qırıcı olanlardan xeyirlidir”. “Asanlaşdırın, çətinləşdirməyin. Sevdirin, nifrət etdirməyin”.

        Fürsət tapdıqca, yaşadığınız yerdəki xəstələri, yaşlı və kimsəsi olmayanları bir neçə tələbənizlə birlikdə ziyarət edin. Onlara ziyarət mədəniyyətimizi yaşayaraq öyrətmiş olarsınız.

       Yay kursunun sonunda tələbələrin və valideynlərin görüşlərini/fikirlərini alaraq gələn ilki çalışmalara işıq tutması üçün kursla və tədrisinizlə əlaqəli bir anket hazırlayıb tətbiq edə bilərsiniz.

      Bütün bu planladıqlarımızı etmək, əlbəttə, asan deyil. Həmçinin belə bir çalışma içində olmaq nəfsə çətin gələ bilər. Lakin bunu unutmayın ki, bu insanların sizin üzərinizdə haqları vardır. İslami bilikləri öyrətmək əziz Peyğəmbərimizdən (s.ə.s) bizlərə qalan bir vəzifədir. “Hər biriniz çobansınız, hər biriniz güddüyünüzdən məsulsunuz,...” – buyuraraq hər valideynin öz ailəsini Allahın dini üzrə məhəbbətinə, məğfirətinə aparmaqdan məsul olduğunu bildirən Peyğəmbərimiz (s.ə.s) bu xüsusda daha diqqətli və istəkli olmağımız üçün də belə buyurur: “Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəninizdir”.

      • Hits: 371 clicks

      Tecox component by www.teglo.info