Səfa MURADOV-Bir Hədis

      Share

      عَنْ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُ، قَالَ: قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «الجَنَّةُ أَقْرَبُ إِلَى أَحَدِكُمْ مِنْ شِرَاكِ نَعْلِهِ، وَالنَّارُ مِثْلُ ذَلِكَ»

                   Abdullahdan (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Cənnət sizə ayaqqabınızın bağından daha yaxındır, Cəhənnəmdə onun kimi". (Buxari, Riqaq 29)

      Hz. Peyğəmbər (s.ə.s) ümmətinə daima qorxu və ümid içində yaşamağı tövsiyə etmişdir. Qeyd etdiyimiz hədisi-şərifdə Rəsulullah (s.ə.s) bir-birinə zidd olan bu iki gerçəkliyin bizdən eyni uzaqlıqda, eyni məsafədə olduğunu bildirərək, bunların hər ikisi barədə birdən düşünmək lazım olduğunu tövsiyə edir. Buna görə də həqiqi bir mömin daim qorxu və ümid içində yaşamalıdır ki, bu iki həqiqətin qayğı və ümidini çəkmiş olsun. Qorxu və ümidi bizlərə daha dolğun bir şəkildə çatdıran Hz. Öməringözəl bir kəlamı vardır. Hz. Ömər deyir ki: “Qiyamət günü tək bir adamın cənnətə gedəcəyi elan edilsə, o adamın mən olacağımı ümid edərəm və əgər tək bir adamın cəhənnəmə gedəcəyi elan edilsə, o adamın da mən olacağımdan qorxub Allaha sığınaram”.

      Uca Allah insanın xüsran və küfrdən qorunması üçün həyatını qorxu və ümid içində yaşamasını və beləliklə də, hər iki dünyada Uca Yaradanın rəhmət və mərhəmətinə qovuşmasını istəmişdir. İnsanın səhhət və sağlamlığı yerində olanda qorxu və ümid bir-biri ilə bərabər olmalıdır. İnsan xəstələndikdə isə ümid qorxunu üstələməlidir. Bu barədə Allah-Təala Qurani-Kərimdə belə buyurur: “Allahın əzabından ancaq xüsrana düşənlər əmin ola bilərlər”.(əl-Əraf 7/99) Bu ayədə Uca Rəbbimiz insana heç vaxt Allahın əzabından əmin olmamağı və daima bir gün Allahın əzabına düşəcəyi əndişəsi və qorxusu içində olmasını tövsiyə etmişdir. İnsanın həyatda əldə etdiyi nailiyyətlər onun başına hər-hansı bir bəlanın gəlməyəcəyinə zəmanət verməz. İnsan xəta və günahlarına görə hər an hesaba çəkilə biləcəyini heç vaxt unutmamalıdır.

      Allahın əzabı qarşısında anlamsız bir qorxusuzluq duyğusuna qapılanlar həqiqi xüsrana düşənlərdir. Həqiqi bir möminin daima bir hesaba çəkilmə qorxu və əndişəsi içində yaşaması dinimizin xoş gördüyü bir yaşam tərzidir. İnsanın Allahın əzabından əmin olması onun xüsrana düşməsinə, Allahın rəhmətindən ümid kəsməsi isə onun küfrə düşməsinə səbəb olar. Mömin daim Allahın rəhmətinə qarşı sonsuz bir ümid içində olmalıdır. Çünki Allahın rəhmət və mərhəmətinə qarşı göstəriləcək kiçik bir ümidsizlik insanı imansızlığa aparar. Belə olduğu halda müsəlman həyatını nəhayətsiz bir qorxu və sonsuz bir ümid içində keçirməlidir. Bu ikisinin eyni vaxtda insan qəlbinə yerləşməsi onun canlı bir imana sahib olmasına vasitə olan ən böyük amildir. Əks təqdirdə insanın kamil bir imana sahib olması imkansızdır.

       

      • Hits: 406 clicks

      Tecox component by www.teglo.info