Home Arxiv 2016 № 115 Iyun Kamran MƏMMƏDOV-Allahın Sübuti Sifətləri -3-


    Kamran MƏMMƏDOV-Allahın Sübuti Sifətləri -3-

      Share

      İRADƏ:

      Allah-Təala dilədiyini murad edir və yaradır. Onun olmasını arzu etdiyi şeyə əmri yalnız “ol” deməkdən ibarətdir; o şey dərhal olur.

      “(O), göylərin və yerin bənzərsiz yaradıcısıdır. Bir şeyi dilədiyində ona yalnız «Ol!» deyər, o da dərhal olar”.[1]

      “O, bəndələrinin üzərində hər cür iqtidara malikdir. O, hökm və hikmət sahibidir, hər şeydən xəbərdardır”.[2]

      “(Rəsulum!) De ki: Mülkün həqiqi sahibi olan Allahım! Sən mülkü dilədiyinə verərsən və mülkü dilədiyindən geri alarsan. Dilədiyini ucaldar, dilədiyini də alçaldarsan. Hər cür yaxşılıq sənin əlindədir. Həqiqətən, sən hər şeyə qadirsən”.[3]

      Bu ayeyi-kərimələr də göstərir ki, Allah yeganə faili-muxtardır.[4] Hər meydana gəlmə və hərəkət onun iradəsinə bağlıdır. Beləliklə, Allahın razı olduğu hərəkətlər Onun muradı ilə reallaşarkən, razı olmadığı hərəkətlərin reallaşması da bəndələrini imtahan etməsi səbəbilə yenə Onun icazəsinə bağlıdır.

      Bu səbəblə hər şeydə  əgər  “O diləsə və ya icazə versə” şərti vardır. Bu şərt bütün varlıqlara, insanlara və cinlərə, hətta peyğəmbərlərə də şamildir. Bunun bir təzahürü də şəxsən Hz. Peyğəmbərin  həyatında ümmətə nümunə olması baxımından təcəlli etdirilmişdir:

      Bir dəstə bədəvi Rəsulullahın (s.ə.s) yanına gələrək ondan bəzi şeylər soruşdular. O da onlara:

      “-Sabah gəlin, cavab verərəm!”- buyurdu.

      Ancaq bu sözü söyləyərkən “inşaallah”, yəni “əgər Allah dilərsə” demədiyinə görə ilahi vəhy tam on beş gün gəlmədi. Sonra bu ayə  nazil oldu:

      “Hər hansı bir şey üçün, əgər Allah dilərsə demədən,“bunu sabah edəcəyəm” demə! (İnşallah deməyi) unutduğun zaman da Rəbbini zikr et və belə de: “Ümid edilir ki, Rəbbim məni doğruya daha yaxın olana çatdırar”.[5]

      Bu ayeyi-kərimə də göstərir ki, insanın istədiyi şeylər hər zaman həyata keçməz. Çünki bəşərin iradə və qüdrəti nöqsan olduğundan hər istədiyini etmə qabiliyyət və imkanına sahib deyildir. Bu səbəblə də bəndə öz imkan və qabiliyyətinin hüdudunu bilib Allahın iradəsi ilə əlaqəli məsələlərdə həddini aşmamalıdır.

      Allah dostları Allah-Təalanın bu sifətini layiqi ilə idrak edib öz iradələrini Onun iradəsinə tabe edərlər. Onun hər murad etdiyinin yerində olduğunu bilərlər.

      Sünbül Sinan Həzrətləri bir gün müridlərindən soruşdu:

      “-Övladlarım! Fərz edək ki, Allah bu kainatın idarəsini bir anlıq sizə verdi, neyləyərdiniz?”

      Hər mürid bir şey söylədi. Biri:“-Bütün kafirləri yox edərdim!”, digəri:“-Bütün içki içənləri ortadan qaldırardım!”…

      Müridlərin arasında olan Muslihiddin Əfəndi isə heç bir cavab vermədən susmaqda idi. Şeyx Həzrətləri bu dəfə ona dönərək soruşdu:

      “-Övladım! Bəs siz nə edərdiniz?”

      Muslihiddin Əfəndi ədəblə belə cavab verdi:

      “-Əfəndim! Allahın iradə və idarəsində bir nöqsanlıqmı var ki, bundan qeyri bir şey düşünüb edim? Cavabım, hər şeyi olduğu kimi davam etdirərdim deməkdən ibarətdir”.

      Bu cavaba çox məmnun olan Sünbül Sinan Həzrətləri:

      “-İndi iş öz mərkəzini tapdı!” - buyurdu.

      O gündən sonra Muslihiddin Əfəndi, “Mərkəz Əfəndi” kimi tanındı və ustadı Sünbül Sinan Həzrətlərindən sonra mənəvi əmanət ona verildi.

      QÜDRƏT:

       Allah-Təala sonsuz qüdrət sahibidir. Onun üçün heç bir çətinlik yoxdur. Bu sifətini ayeyi-kərimədə:

      “Heç şübhəsiz ki, Allah hər şeyə qadirdir!”[6] şəklində xülasə etmişdir.

      Allahın “ol!” əmri ilə olmasını istədiyi şeyin olmaması Onun qüdrəti nəzərində əsla mümkün və caiz deyildir. Bu səbəblə də qüdrəti-ilahiyyəni öz acizliyimizlə müqayisə edərək bu barədə səhvə yol verməməliyik. Çünki bizdəki güc və qüdrət məhduddur. Ancaq Allahın sonsuz qüdrəti həm məhdud deyil, həm də acizlik kimi hər cür mənfi xüsusiyyətdən münəzzəhdir, uzaqdır.

      O qüdrətə üsyan edən qafillərin qəmli aqibətləri insanlıq tarixinin səhifələrinə həkk olunmuşdur. Nəmrud, Firon, Qarun, Əbu Cəhl və başqa bənzərləribir heç şəklində bu dünyadan köçüb getmişlər. Allahın əzab üçün əbədi aləmə apararkən onlara təqdir etdiyi ölüm də, sanki bir istehza şəklində olmuşdur. Xüsusilə tanrılıq iddiası güdən böyük Nəmrudun cılız və topal bir ağcaqanada məğlub edilməsi ilahi qüdrət barəsində diqqətəlayiq bir əhəmiyyət daşımaqdadır. Ordusundakı fil sürülərinə güvənərək Kəbəyə hücum etməyə cürət edən Əbrəhə və əsgərlərinin cılız əbabil quşları tərəfindən həlak edilmələri də başqa bir ibrətdir.

      Ariflər və aşiqlər sultanı Yunus İmrə qüdrətullah qarşısındakı acizliyini aşağıdakı ifadələrlə dilə gətirmişdir:

      Sənsiz yola girərəmsə,

      Çarəm yox addım atmağa!

      Gövdəmdə qüvvətim sənsən,

      Başım götürüb getməyə!..

       


      [1]əl-Bəqərə 2/117

      [2]əl-Ənam 6/18

      [3]Ali-İmran 3/26

      [4] Dilədiyini etməkdə sərbəst olan Uca Allah.

      [5]əl-Kəhf 18/23

      [6]əl-Bəqərə 2/109

       

      • Hits: 209 clicks

      Tecox component by www.teglo.info