Bəşəriyyətin Ümumi Dərdi: Keyfiyyətli Insan Əskiyi / Elşən RZAYEV

      Share

           Millətlər yeni nəsillərlə öz varlıqlarını davam etdirirlər. Gələcəyini təmanat altına almaq istəyən hər millət sağa-sola xərclədiyi sərvət qədər, bir sıra imkanları da sabahın böyük insanları olacaq övladlarının inkişafına sərf etməlidirlər. 

           Çünki bir ağacın nəsil və növünün davam etdirilməsi üçün toxum və ya çəyirdək nədirsə, insan nəslinin davam etdirilməsində də övlad odur. Hər otuz-qırx ildə bir millətin ən işgüzar və səmərəli təbəqəsini dünənin uşaqları təşkil edirlər. Ona görə də gələcəyini düşünən hər millət bu gün əlində olan imkanların böyük bir qismini nəsillərin keyfiyyətli insan kimi yetişdirilməsinə sərf etdiyi təqdirdə bitməz-tükənməz bir sərvət əldə etmiş olur.

           Kainatda ən dəyərli varlıq keyfiyyətli insandır. Hər şey keyfiyyətli insanla məna qazanır. İnsan keyfiyyətli olmadıqda ən qiymətli əşyanın belə onun əlində bir dəyəri olmur. Həqiqətən də günümüzdə bir çox dəyərlərin alt-üst olmasının əsas səblərindən biri sizcə insanlığın öz dəyərini itirməsi deyilmi?

           Dünyanın ən böyük dərdi keyfiyyətli insan əskiyidir. Bu gün dünyada neçə-neçə zəngin  sərvət sahibi olan fərd və millətlər var ki, varlıq içərisində yoxluq yaşayırlar. Deməli, sərvəti yerli-yerində istifada edə biləcək keyfiyyətli insanlar olmazsa, sərvət fəlakət səbəbi olar. Çünki mal silah kimidir, istifadə edildiyi yerə görə ya faydalı, ya da zərərli olur.

           Hər hansı bir millətin maddi sərvətindən artıq yetişmiş insanları varsa, o millət xoşbəxt millət sayılır. Maddiyyatın hökm etdiyi deyil, maddəyə hökm edən, sərvətin əsiri deyil, əfəndisi olan könlü və gözü tox kamil insanlar millətin həqiqi xəzinəsidir.

           İnsanın yaradıcısı olan Allahın istədiyi də bu keyfiyyətdəki insandır. Qurani-Kərimdəki qissələr, təmsillər, xəbərdarlıq və müjdələrin hamısı insanı bu hədəfə istiqamətləndirir. Hz. Peyğəmbərin Quran məktəbində yetişənlər bəşəriyyətə və insani dəyərlərə nümunə təşkil edirlər.

           İnsan tərbiyəsinin maddi sərvətlərdən daha mühüm olduğunu Hz. Peyğəmbər (s.ə.s) necə də gözəl ifadə etmişdir:

           “Bir ata övladına gözəl tərbiyədən daha xeyirli bir miras qoymamışdır.” (Tirmizi, Birr 33)

           Bu tərbiyə ilə həyatını formalaşdıran bir atadan nə üçün övladlarına maddi miras qoyub getmədiyini soruşduqda belə cavab vermişdir: “Əgər onlara yaxşı tərbiyə vermişəmsə, özləri sərvət qazanarlar. Yox, əgər yaxşı tərbiyə verməmişəmsə, qoyub getdiyim sərvəti də dağıdarlar.”

           Keyfiyyətli insan cəmiyyət üçün xeyirin, doğruluğun və gözəlliyin rəmzidir. Ancaq belə insanların az olduğunu Hz. Peyğəmbər (s.ə.s) belə bildirir:

           “İnsan cəmiyyəti demək olar ki, içərisində yaxşı cins yük və minik dəvəsi olmayan yüz dəvəlik bir karvandır.” (Təcridi Sarih, hədis 2117)

           Bu gün küçələrdən keçmək olmur adamların sıxlığından. Buna baxmayaraq əksər insanın dilindən düşməyən bir sözlə tez-tez qarşılaşırıq: “Adam lazımdır, adam axtarıram.” Mərhum şairimiz Rəsul Rza da: Dünya dolu adamdır, Dərdimi kimə deyim?”, -deyirdi. İstər ümumi mənada, istərsə də xüsusi olaraq “adam axtarıram” deyənlərə “bax, küçələr adamla doludur” şəklində cavab verilmir. Çünki axtarılanın sadəcə “adam” olmadığını, əslində axtarılanın “insan kimi adam” olduğunu hamı bilir. Həqiqətən də “filankəs insan adamdır” ifadəsini işlədirik, ancaq görəsən gördüyümüz adamlar və ya elə bizim özümüz bu sözün əhatə dairəsinə daxil ola bilirikmi? Cavabı heç düşünmədən verək: “yox”. Çünki cəmiyyətdə “insan adam”, yəni keyfiyyətli insan problemi var. Keyfiyyətli insan, yəni etibarlı, sözünün üstündə duran, əmanətə xəyanət etməyən, sadiq, doğru, dürüst insan…

           Əslində tarixin hər dövründə keyfiyyətli insan qıtlığı yaşanmışdır. Belə ki, bizim eradan əvvəl belə filosof Diogenin həqiqi insan axtardığı üçün günün günorta çağı fənərlə gəzdiyi və bu vaxt fənərlə nə axtarırsan deyənlərə “adam axtarıram” dediyi tarix kitablarında qeyd edilən bir faktdır. İnsan əskiyi və ya həqiqi insana olan ehtiyac hər dövrdə özünü göstərmişdir.

           Unutmamaq lazımdır ki, dünya insana bir əmanətdir. Ona görə də insan ilk növbədə əmin (güvənilən, etibar edilən) olmalıdır. Hz. Peyğəmbərin məşhur xüsusiyyəti də bu olmuşdur. Elə buna görə də hələ Peyğəmbərlikdən əvvəl belə Məhəmmədul-Əmin olaraq çağırılırdı. Bir hədisi-şərifdə də belə buyurulur: “Əmin (güvənilən) olmayan insanın imanı da yoxdur.” (Müsnəd, 3/135)

      • Hits: 1085 clicks

      Tecox component by www.teglo.info