Adəm ŞAHİN-FƏRDƏ GÖRƏ XİDMƏTLƏR

      Share

      Bişkekdə yerləşən Qlobus adlı supermarketlər zəncirindən cib telefonuma icazəsiz, salamsız-kəlamsız:

       “До 31 марта в ГМ GLOBUS РАСПРОДАЖА ПИВА PAULANER 0,5л – 30 сом/шт” şəklində bir sms gəlir. Mesaj bunu deyir: “31 marta qədər Qlobus hipermarketində endirim: 0,5 litr Paulaner pivənin biri 30 som”.

      Alçaq kapitalizm, sözə nə salamla başlayır, nə də “salamat qalın” kimi gözəl sözlərlə tamamlayır. Sistemin dərdi müştərilərinə xoş gün arzulamaq deyil ki!

      Ey Qlobus marketin idarəçiləri! Göndərdiyiniz reklam ilə müştəri arasındakı əlaqəni heç hesablamadığınız açıq-aydın görünür. Mən illərin xocasıyam; mənə söyürmüş kimi, pivə reklamı göndərirsiniz. İstədiyiniz qədər endirim edin, bu klaviaturaya toxunan əllər sizin satdığınız pivəyə uzanmayacaq. Adama xüsusi sms göndərmək çox çətindir? Youtube kimi internet proqramları milyonlarla üzvünün axtarışlarını dosyalayaraq ona məxsus profil meydana gətirir və youtubedə heç bir axtarış etmədən səhifənin sağ alt tərəfində o adamın ən son etdiyi axtarışlara uyğun videoları özü təqdim edir. Futbola marağı olanlara futbol, sənədli filmə marağı olanlara sənədli film alternativləritəklif edir. Vermiş olduğunuz alış-veriş kartı ilə onsuz da bütün istehlak vərdişlərimizi aybaay, ilbəil təqib edə bilirsiniz. Bir nəfərin bir illik supermarket alış-verişi onun inancı, dünya görüşü, həyat tərzinə uyğun istehlak vərdişləri və iqtisadi vəziyyəti haqqında çox açıq məlumatlar verir. Müştərinin yaşına, işinə, peşəsinə və qazancına görə reklam göndərmək lazım deyilmi?

      Qlobus marketin idarəçiləri, yəqin ki, minlərlə şəxsə eyni mesajı göndərməklə öz vəzifələrini layiqincə yerinə yetirmiş olmağın rahatlığını yaşayıblar. Hər tapşırıq beldə daşınan bir çuvaldır. Yerə qoyulan çuval adama “oxay!” dedirdir.

      İzdihamlı qruplara xitab etmək Qlobus marketin hər kəsə eyni pivə reklamını göndərməyindən fərqsizdir. Televizorlarda konsert salonu kimi dolu olan bir qrupa xitab edən bir xoca-əfəndinin danışdığını görürəm. Necə də Qlobus marketin hər kəsə pivə reklamı göndərməyinə bənzəyir. Tibb dünyasında “xəstəlik yoxdur, xəstə var” sözü işlədilir. Hər xəstə xüsusi olduğu üçün heç bir zaman diaqnoz, müalicə və nəzarət böyük qruplar halında aparılmaz. Həkim, nə də olsa eyni xəstəlikdir, deyərək bir resepti kserokopiya edib hər xəstəyə verməz. İzdihamlı qrupa edilən söhbətlər də bir az tribunaya xitab etmək kimidir.  Rəsulullahın (s.ə.s) həyatına baxdığımız zaman həftədə bir dəfə cümə, ildə iki dəfə də bayram namazlarında böyük qələbəliklərə xitab etdiyini görürük. Bu iki hal xaricində təbliğ və irşad hər zaman münfərid və ya kiçik qruplar şəklində olmuşdur. Çoxluğun içində yer alan hər kəsin nəbzi eyni deyil ki, hər kəsə verilən bir tək şərbətlə problemlər həll edilsin. Hər insan səciyyəvi, özünəməxsus xüsusiyyətlərə malikdir. Onlara anladılacaq bilgi və ediləcək yönləndirmə də mütləq şəxsinə görə xüsusi olacaqdır. Hədisi-şərifdə: “İnsanlara ağıl səviyyəsinə, qavrayışlarına görə xitab edin” (Buxari), - deyə buyurulmuşdur. Qələbəlik içərisində oxuma-yazma bilməyənindən akademikinə qədər onlarla fərqli profildə insanlar var. Hər birinə eyni anda necə xitab edilə bilər? Natiq dinləyənlərin ağlına görə xitab etməlidir. Öz ağıl səviyyəsinə görə danışarsa, dinləyiciləri yatdırmağa başlayar. “Başa düşdüm” deyə zənn edənlər də səhv başa düşərlər. Qələbəliyə xitab edərək hər birini nitqinin təsirinə salmaq hər xətibin bacaracağı iş deyildir. “İnsanları Allahın yoluna hikmətlə, gözəl nəsihətlə dəvət et!” (ən-Nəhl, 125) - əmri nə qədər kiçik qruplara yönələrsə, o qədər məhsuldar olar və “xəstəlik yoxdur, xəstə var” prinsipinə görə hərəkət edilmiş olar.

      Açar çantasını açan usta vintin ölçüsünə görə açar çıxardar. Vintin ölçüsündən balaca və ya böyük olan açar heç bir nəticə verməz. Xoca hər saqqala uyğun daraq vura bilən şəxsdir. Danışanın qəlbi açar çantası kimidir. Dinləyici isə dəyişik ölçülərə malik vintdir. Qısa bir zaman içində danışanın hər bir dinləyiciyə uyan açarı tapması və işlətməsi mümkün deyildir. Sayı nə qədər az olarsa, nəticə də o qədər çox olar. Minlərlə adamın yığışdığı dini proqramların şəxsə xaslıq müstəvisində yenidən nəzərdən keçirilməsi lazımdır. Dini proqramlar “şou”ya çevrilməməlidir.  Şou üçün nə qədər çox insan yığılsa, o qədər yaxşı olur. Halbuki cümə namazı kimi bir ibadətdə belə ən az üç nəfərin olması kifayətdir. Cümə namazı şou deyildir. Şou kəlməsinin bizim mədəniyyətimizdəki qarşılığı “riya”dır. Özünü dinləyən izdihamın qarşısında bəzəndikcə bəzənənlər, xarizma yaratdıqca xarizmatikləşənlər və içdən-içə “gör mən nə imişəm” deyənlər Məkkəyə 10 000 nəfərin komandanı olaraq girən Rəsulullahın Allaha həmd ilə təsbeh və istiğfar edərək girişini yaxşı düşünməlidir.

      İştirak necə oldu, salon doldumu, satışlar yaxşı gedirmi, reytin alırıqmı* kimi suallar Təkasür surəsində ifadə edilən çoxluqla, sayı ilə, qələbəliklə, rəqəmlərlə məşğul olmağın aldadıcı göstəricisidir. Eyni ilə Qlobus marketin mənə göndərdiyi reklamdan sonra işini yaxşı görmüş olmağın qürurunu yaşaması kimi. Mən pivə almağa getməyəcəyəm; qorxuram ki, izdihamlı topluluqlara xitab edənlərin gözəl sözlərinin aqibəti də 30 soma satılan pivə kimi olar.

      Qeyd: Elə bu an, market ikinci bir reklam sms olaraq pivə reklamı göndərdi. Mən də onlara bu yazını göndərməzsəm!...

      • Hits: 343 clicks

      Tecox component by www.teglo.info