Müsahibə-Osman Nuri TOPBAŞ

      Share

      “KEÇMİŞİN BİTDİYİ YERDƏ MİLLƏT BİTƏR”.

      Son günlərdə işğal altındakı torpaqlarımız uğrunda canından keçən Vətən övladlarının yüksəldiyi şəhidlik mərtəbəsinin dinimizdəki yeri və Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətləri haqda dəyərli könül insanı, jurnalımızın da yazarı Möhtərəm Osman Nuri Topbaş bəydən yazılı müsahibə almağı münasib gördük. Sağ olsun, bu təklifimizi geri çevirməyib suallarımızı cavablandıraraq bir daha araya girən məsafələrin qəlbi birliyə əsla mane ola bilmədiyini sərgiləmiş oldu. Təşəkkür edirik.

      İrfan: İlk növbədə vətən sevgisi və şəhidliyin dinimizdəki yeri və fəziləti haqda nə deyərdiniz?

      Osman Nuri Topbaş:İlk növbədə qeyd edək ki, sevginin ən təbii nəticəsi fədakarlıqdır. Sevən sevdiyinə qarşı sevgisi nisbətində fədakarlıq etməyi zövq və vəzifə bilər. Bu, aşiqin məşuqu yolunda can verməsinə qədər uzanar. Can və malın Allah yolunda, vətən və millət uğrunda fəda edilməsi də qulun Rəbbinə qarşı məhəbbətinin ən gözəl təzahürüdür. Ona görə də:

      “Vətən sevgisi imandandır...” buyurulmuşdur.

      Hər hansı bir varlığın nə qədər sevildiyi, lazım gəldikdə onun uğrunda göstərilən fədakarlıq və gözə alınan risk ilə ölçülür. Bu baxımdan Çanaqqalada yaşananlar da hər cəhəti ilə müstəsna bir vətən sevgisinin ən canlı təzahürlərini sərgiləmişdir.

      Mart ayında ildönümünü yaşadığımız Çanaqqala Zəfəri də bu sevginin bir təzahürü idi. “Çanaqqala Keçilməz” ifadəsi quru-quruya söylənmiş sözdən ibarət deyildir. 250 min imanlı vətən övladının şəhadət şərbətini içməsi nəticəsində gerçəkləşmişdir.

      Dinimizdə şəhidlik mərtəbəsi ən ali məqamlardan sayılmışdır. Şəhidlər Allah üçün canlarını ortaya qoyduqlarına görə Haqq-Təala onları ən müstəsna nemətləri ilə qarşılayacaqdır. Həzrət Peyğəmbər (s.ə.s) belə buyurur:

      “Cənnətə girən heç kim, yer üzündəki hər şey ona verilsə də, dünyaya geri qayıtmağı arzulamaz. Yalnız şəhid gördüyü möhtəşəm ehsan və ikram səbəbi ilə yenidən dünyaya gəlməyi və on dəfə şəhid olmağı arzulayar”.[1]

      “Hər hansı biriniz qarışqanın dişləməsindən nə qədər ağrı hiss edirsə, şəhid olan hər bir kəs də ölərkən yalnız o qədər ağrı hiss edər”.[2]

      Tarixdə elə zamanlar olmuşdur ki, müsəlman-türk millətimizin qəlbində şəhid ola bilmək böyük bir sevda halına gəlmişdir. Yenə Çanaqqaladan misal verməli olsaq, xərəklə aparılan yaralı bir əsgərin komandirin yanından keçərkən kədərlə: “Şəhid ola bilmədim, paşam”, - deyərək hüznünü dilə gətirməsi bu sevdanın ən canlı nümunələrindəndir.

      Şəhidlik - Allahın qullarına xitab etdiyi «اِرْجِعِى اِلٰى رَبِّكِ: Rəbbinə dön!» fərmanının ən gözəlidir. Şəhidlər də bu dəvətə ən öndə can atmaq bəxtiyarlığına nail olan bəxtəvərlərdir.

      Bu dəvətə könül verən şəhidlərə verilən mükafatı anladan Ali-İmran surəsinin 169-cu ayəsində belə buyurulur:

      “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur”.

      Məhz bu ilahi həqiqətə görə Allah yolunda öldürülənlərə “ölü” yox, “şəhid” deyilmişdir. Şəhid kəlməsinin “şahid” mənası da var. Təfsir alimləri onların şəhid olduqları an ruhlarının cənnətə daxil oluşunu və oradakı nemətləri gördüyünü qeyd edirlər.

      Şəhidlik yolunda əshabın, övliyanın, Fatehlərin, xülasə, qəlbi imanla dolu cəngavərlərin həyatları ümmət üçün mücahidə nümunəsidir. Çünki onlar din yolunda, vətən uğrunda fəzilət duyğusu ilə canlarını və mallarını fədakarlıqla xərcləməkdən əsla boyun qaçırmamış və şəhidliyi “vüslət” kimi qəbul etmişlər. O xoşbəxt bəndələr üçün Tövbə surəsinin 111-ci ayəsində:

      “Allah möminlərdən mallarını və canlarını onlara veriləcək Cənnət qarşılığında satın almışdır…” - buyurulur.

      -Şəhidliyin müsəlman üçün yüksək fəzilət və dəyərini ifadə etdiniz. Bəs cəmiyyət nöqteyi-nəzərindən şəhadət nə ifadə edir? Şəhid və şəhidlik bir cəmiyyət üçün nə mənaya gəlir?

      Şəhidlər bir millətin istiqlal yolunda, vətən uğrunda verdiyi könüllü qurbanlardır. Əgər yüksək hədəflər uğrunda şəhid olan övladlarınız varsa, böyük və bəxtiyar bir millətsiniz.

      Əgər bir hərbdə Allah üçün, vətən və millət üçün həqiqi şəhidlər verilərsə, bu qurbanların ardından böyük zəfərlər gələr. Lakin bunun əksinə, bir hərbdə sadəcə qurugüruh, yəni daxili boş ürəklər ölürsə, onların ardında da sadəcə tör-töküntü qalar.

      Şəhidlik zaman-zaman millət olaraq ziyarət etdiyimiz və şanlı keçmişimizi xatırladığımız ülvi məkanlardan biridir. Mərhum Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Şəhidlər” şeirində dediyi kimi:

      “Onlar susdurulan haqqı dindirər,

      Qaraca torpağı qiymətləndirər,

      Donan vicdanları qeyrətləndirər,

      Axı el qeyrəti çəkdi şəhidlər...”

      Unutmamaq lazımdır ki, keçmişin bitdiyi yerdə millət bitər, insan bitər, şüur bitər. Millət tarixindən ibarətdir. Onu mənəvi dəyərlərindən və tarix şüurundan uzaqlaşdırsanız, geriyə insan sürüsü qalar. Keçmişimizin miras qoyduğu ünsürlərin zənginliyi nisbətində yeni əsərlər və yeni nəsillər canlı və davamlı olar. Millətlərin bəqası həssas, duyğulu və səviyyə qazanmış qəlbə sahib olan nəsillər yetişdirməklə mümkündür. Uşaqlarına laylasında Allah, millət, bayraq və vətən üçün qəhrəmanlıq dastanlarını aşılayan nəsillər imanına, millətinə və bütün maddi-mənəvi dəyərlərinə sahib çıxacaqdır.

      Sultan AlparslanıAllaha qovuşduran bir Malazgird, Qılıncarslanın min bir qəzasına layla oxuyan Anadolu ovalıqları, əcdadımızın sümükləri ilə vətən sərhədlərinin çəkildiyi Çanaqqala, Azərbaycanın istiqlalı üçün canını ortaya qoyan 20 Yanvar şəhidləri, Qarabağda dastan yazan milli qəhrəmanlar qəlblərdə daim yaşadıqları kimi bu zəfərləri bəxş edən və onlarla həyat tapan milli müqəddəsat da həyatımıza istiqamət verəcəkdir. Məhz bu dini və milli şüur daim millətimizi canlı tutacaqdır.

      - Türkiyədə baş verən terror aktlarından sonra Azərbaycan xalqının, eyni zamanda dövlət başçımızın sərgilədiyi qardaşlıq örnəyini gördük. Həmçinin Dağlıq Qarabağ hadisələrində Türkiyə xalqının, cümhur başqanının və baş nazirinin də hər zaman Azərbaycanın yanında olacağına dair möhtəşəm ifadələrinə şahid olduq. İki dövlət arasında var olan qardaşlıq və yaxınlığın dünyada misligörülməmiş səviyyədə irəliləməsinin təməli nəyə əsaslanır? Aradan keçən əsrlərin təsir edə bilmədiyi bu qardaşlığın mayasındakı sirr nədir sizcə?

      Əlbəttə ki, iman və İslam qardaşlığı. İslam qardaşlığı Allahın möminlər arasına qoyduğu elə bir ülvi hüquqdur ki, layiqincə riayət edildiyi zaman əcri böyükdür. Fərdlərin və cəmiyyətin hüzur və səadət qaynağıdır. Həmçinin İslam qardaşlığı bütün möminləri qəlbin məhəbbət iqliminə almaq, səmimi və yaxın dost olmaq, qardaşının sevinci ilə sevinib dərdi ilə dərdlənmək, çətin anında təsəlli qaynağı olub lazım gəldikdə qardaşı üçün öz nəfsindən fədakarlıq edə bilməkdir.

      Necə ki, Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

      “Allahın qulları arasında elə insanlar var ki, nə nəbidirlər, nə də şəhid, lakin qiyamət günü Allah qatındakı məqamlarına görə nəbilər və şəhidlər onlara qibtə ilə baxacaqlar”.

      Səhabələr:

      - Onlar kimdir və nə kimi xeyirli əməl işləyiblər? Bunu bizə bildir ki, biz də onlara sevgi və yaxınlıq göstərək, - dedilər.

      Rəsulullah (s.ə.s) belə buyurdu:

      - “Onlar elə bir qövmdür ki, aralarında heç bir qohumluq, ticarət və iş münasibəti olmadığı halda sırf Allah rizası üçün bir-birilərini sevərlər. Vallahi, üzləri nurdur və özləri də nurdan minbər üzərindədirlər. (Qiyamət günü) İnsanlar qorxacaqları zaman onlar qorxmazlar, insanlar hüznə qərq olduğu zaman onlar hüznlənməzlər”.[3]

      Əgər iki nəfərin və ya iki xalqın bir araya gəlməsi heç bir maddi və dünyəvi mənfəətə əsaslanmadan, sırf Allah rizası üçün olarsa, bu qardaşlıq və dostluq əbədiyyətə qədər davam edər. Biz əslində eyni kökdən gələn, bir ananın iki balasıyıq. Yer üzündə Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın, dini, dili, tarixi və mədəniyyəti eyni olan başqa iki dövlət yoxdur.

      Tarixdə Anadolu türkləri ilə Azərbaycan türklərinin bir-birinin yanında olduğunu görürük. Məsələn, Anadolunu mənəvi cəhətdən kamala qovuşduran həqiqət ərlərinin bir qismi vaxtilə Azərbaycan torpaqlarından hicrət edərək buraları şərəfləndirmişlər.

      Hələ keçən əsrin əvvəllərində, 1920-ci illərdə Azərbaycan xalqı Anadolu insanının ən çətin günlərində öz boğazından kəsərək yardımını əsirgəməmişdir. Hətta bu məqsədlə Bakı İslam Xeyriyyə Cəmiyyətinin dəstəyi ilə Bakıda “Qardaş Köməyi” adlı jurnal nəşr olunmuş, əldə edilən bütün gəlir Anadoluya göndərilmişdi.

      Ərzurumdan və Türkiyənin müxtəlif bölgələrindən olan, müharibədə zərər görmüş yetim uşaqlar Bakıdakı İsmailiyyə binasına yerləşdirilmişdi. Anadoluya yardım səfərbərliyinə qoşulan Azərbaycanın fəzilət timsalı qadınları bilərziklərini, sırğa və üzüklərini gətirərək böyük fədakarlıq nümunəsi göstərmişlər. Eyni zamanda 1918-ci ildə Azərbaycanın erməni işğalına məruz qaldığı o çətin günlərdə Osmanlı hökuməti Qafqaz İslam Ordusunu bu torpaqlara göndərərək işğal və zülmə qarşı mücadilə aparan qardaşlarının yanında olmuşdur.

      Xülasə, hardan baxırsınız-baxın, bu iki qardaş xalqın hər zaman bir-birinin sevinc və dərdinə şərik olduğunu görərsiniz.

      - Əfəndim, düşmənlərimizin bizi daxildən və xaricdən bölməyə çalışacaqları təhlükəsi hər zaman vardır. “Bir Millət, İki Dövlət” şüarı altında birləşən Azərbaycan və Türkiyənin zaman-zaman arasını vurmağa çalışan güclər ola bilər. Belə bir vəziyyətdə qardaşlığımızı mühafizə etmək və gücləndirmək naminə nə etməli, nələri diqqətə almalıyıq?

      - Həqiqətən çox mühüm bir məsələyə təmas etdiniz. Çünki haqq və batilin mücadiləsi heç vaxt bitməz. Su yatar, düşmən yatmaz.

      İman qardaşlarının bir-birinə bağlanması həsədçi və kindar insanları hər zaman narahat etmişdir. Əsri-Səadətə baxdığımız zaman da müşriklərin münafiqlər vasitəsi ilə müsəlmanların arasını vurmağa çalışdıqlarını, bu məqsədlə hər cür hiyləyə əl atdıqlarını görürük. Amma o fəzilət toplumunun insanları nə etdilər? Allah və Rəsulu ətrafında birləşməkdən əsla vaz keçmədilər. Aralarında meydana gələn hər bir problemi Quran və Sünnənin həyat verən düsturları ilə həll etməyə çalışdılar. Lazım gəldikdə bütün mənfəətlərini bir kənara qoyub İslam qardaşlığını və iman bağını hər şeydən üstün tutdular.

      Tarixdən dərs çıxarmalıyıq. Bir az əvvəl də dediyimiz kimi, keçmişi unutmamalı, əcdadımızın yaşadığı gözəl qardaşlıq nümunələrini canlı tutmağa çalışmalıyıq. Övladlarımızı da bu istiqamətdə yetişdirməliyik. Çünki Türkiyə və Azərbaycan qardaşlığı əcdadın bizə əmanət qoyduğu böyük bir mirasdır. Biz də bu əmanəti gələcək nəsillərə çatdırmalıyıq.

      Bu gün Çanaqqala Şəhidliyində Anadolu türkləri ilə qucaq-qucağa yatan Azərbaycan türklərini, eyni zamanda Azərbaycanın demək olar hər şəhərində, rayonunda dəfn edilmiş Anadolunun şəhid əsgərlərini incitmək istəmiriksə, sabah məhşər günü əziz əcdadımızın qarşısına üzümüzün ağı ilə çıxmaq istəyiriksə, şəhid qanları ilə sulanan bu “Qardaşlıq Çinarı”nı qoruyub böyütmək məcburiyyətindəyik.

      - Dəyərli vaxtınızı bizə ayırdığınız və hər zaman Azərbaycana dəstək olduğunuz üçün “İrfan” jurnalı və bütün Azərbaycan adından təşəkkür edirik.

      - Mən də təşəkkür edirəm. Fürsətdən istifadə edərək şəhid olan övladlarımıza Allahdan rəhmət diləyirəm. Ruhları şad, məkanları cənnət olsun. Kədərli ailələrinə, yaxınlarına və Azərbaycan xalqına başsağlığı verir, Haqq-Təaladan səbri-cəmil niyaz edirəm. Bu haqlı davada Türkiyə xalqı hər zaman Azərbaycanın yanında olacaqdır. İnşallah, tezliklə işğal altındakı Azərbaycan torpaqlarını yeni məscidlərinin bəzəməsini, minarələrdən gələn  azan səslərinin dağla-dalğa hür səmada yüksəlməsini ümid və təmənni edirik.

      İnşallah, işğal altındakı Azərbaycan torpaqları tezliklə həqiqi sahiblərinə qovuşar, Qarabağda Azərbaycan bayrağı yenidən dalğalanar və “Bir Millət İki Dövlət” olaraq bu sevinci birlikdə yaşayarıq.

      Rəbbim Türkiyə-Azərbaycan qardaşlığını əbədi qılsın!

      Amin!..

      • Hits: 504 clicks

      Tecox component by www.teglo.info