Home Arxiv 2016 № 114 May Aqil ƏLİYEV-Elmin İnfaqı


    Aqil ƏLİYEV-Elmin İnfaqı

      Share

      Elm rütbəsi dünyalıq rütbələrin ən alisi və üstünüdür. Bu rütbəyə sahib olmaq nə qədər çətin və zəhmətlidirsə, onu qorumaq, elmin şükrünü və infaqını vermək də o qədər məsuliyyətli bir işdir. 

      Elmimizin, istedadımızın və bacarığımızın infaqını necə verə bilərik? Bu suala cavab tapmaq üçün təbiidir ki, uca kitabımıza və Allah Rəsulunun (s.ə.s) hədislərinə, saleh insanların  müdrik kəlamlarına göz gəzdirmək lazımdır.

      Allah azzə və cəllə insanı digər məxluqlardan bir çox xüsusda üstün tutmuş, elm sifətini yalnız insana bəxş etmişdir. Digər məxluqata sadəcə ruzilərini təmin edə bilmək üçün məhdud şüur verdiyi halda, insana təfəkkür  edə bilməsi üçün ağıl lütf etmişdir. İnsan da elə bu ilahi ikram sayəsində elmə və biliyə yiyələnmişdir. Elmi və irfanı çatdırmaq və izah etmək üçün isə Allah azzə və cəllə insana bəyanı da öyrətdi. Qurani-Kərimdə buyrulur:“(Rəhman ) Quranı öyrətdi. İnsanı yaratdı, ona bəyanı öyrətdi”. (ər-Rəhman, 1-4)

      Bəyanı öyrənən insan da elminin infaqı və şükrünü elmiylə əməl etməkdə və bu elmi başqalarına öyrətməkdə gördü. Elm öyrənib əməl etməyənin və elmi öyrəndiyi halda başqalarına öyrətməyənin isə, elminin şükrünü ödəmiş olmayacağını anladı.

               Elmin və irfanın infaqı insanlara faydalı olmaq, öldükdən sonra da onların faydalanıb istifadə edəcəyi bir iz, bir əsər qoymaqdır. Bu ya elmi çalışmalara əsaslanan bir kəşfdir, ya elmi bir müəssisə qurmaqdır, ya kitabxana təsis etməkdir və yaxud da elm tələbələri yetişdirməkdir. Bu kimi insanlara Allah Rəsulunun (s.ə.s) müjdəsi vardır;bir hədisi şərifində belə buyurur:“Hər bir insan öldükdə onun əməli kəsilir və əməl dəftəri bağlanır. Bundan yalnız üç şəxs istisnadır: Sədəqeyi cariyə (yəni xeyirxah işlər görən; yol, körpü salan;məscid tikdirən və s.), istifadə edilən bir elm  (yeni bir elmi açıqlama, faydalı bir yenilik və ya faydalı bir əsər buraxan) və yaxud özünə dua edəcək saleh bir övlad (qoyub gedənlər)”. (Müslim, Vəsiyyət 14)

               Diqqətlə baxanda görürük ki, hədisdə işarə olunan xeyirli əməllərin hər biri cəmiyyətin formalaşmasında vacib olan mühüm amillərdir. Varlı öz səxavətiylə, alim elmiylə, valideyn də gözəl övlad yetişdirməklə həm arxası kəsilməyən, davamlı əməl dəftərinə yazılan savab və fəzilət əldə edər, həm də cəmiyyətin inkişafına, ölkənin tərəqqisinə mühüm dəstək vermiş olar.

               Bir şairin dediyi kimi:

      Kamil odur ki, qoya hər yerdə bir əsər,

      Əsəri olmayanın yerində yellər əsər. (Xadimi)

      Allah yolunda xidmət etməklə də elmin infaqı və şükrü verilə bilər. Məsələn, Quran xidmətləri, tələbə yetişdirmək, məscidin və ya universitetin kürsüsündən insanları maarifləndirmək, İslamın təbliği, kitab və ya jurnal dərc etmək də bu növ faydalı işlərdəndir.

      Allah Rəsulu (s.ə.s) elm öyrənməyin və onu yaymağın fəziləti haqqında bir hədisində belə buyurur: “Yalnız bu iki şəxsə qibtə etmək olar:Allahın ona ehsan etdiyi malı Haqq yolunda xərcləyib tükədən şəxs, Allahın ona verdiyi elmlə yerli-yerində hökm verən və onu başqalarına da öyrədən şəxs”.(Buxari, Elm, 15, Zəkat 5, Əhkam 3, Etisam 13, Tövhid, 45; Müslim, Müsafirin, 268)

      Öyrətməyin fəziləti yanında elmi gizlətməyin vəbalı da yaddan çıxarılmamalıdır. Necə ki, bir hədisi-şərifdə buyurulur: “Kimə elm barəsində bir şey soruşular və o da bildiyini gizlədərsə, qiyamət günü ağzına oddan cilov vurular”. (Əbu Davud, Elm, 3660)

      Bu bir həqiqətdir ki, xeyirli və faydalı işlər sadəcə var-dövlətlə əldə edilməz. Bir işdə yol göstərmək, təsəlli etmək, nəsihət etmək, məsləhət vermək və maarifləndirməyin özü də sədəqədir.Elm əhli olanlar bilməlidir ki, onlar  bilməyənlərdən də sorumludur və onların məsuliyyətini daşıyırlar. Qurani-Kərimdə Uca Rəbbimiz buyurur: “Siz, insanlar içindən çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı öyrədir, pis işlərdən çəkindirir və Allaha iman edirsiniz...”(Ali-İmran, 110)

      Deməli,  xeyirli ümmət olmağın şərtləri açıqdır: Allaha iman gətirmək, elmin infaqını verərək insanları Allahın yoluna və yaxşı işlərə dəvət etmək, pis yollardan da çəkindirmək.

      • Hits: 258 clicks

      Tecox component by www.teglo.info