Home Arxiv 2016 № 114 May Ələddin SULTANOV-Bir Ayə


    Ələddin SULTANOV-Bir Ayə

      Share

      بِسْمِ اللهِ الرَّحْمَنِ الرَّحِيمِ

      وَاقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ وَأَخْرِجُوهُم مِّنْ حَيْثُ أَخْرَجُوكُمْ

       

      “Onları (sizə qarşı vuruşanları)harada tutsanız, öldürün! Sizi çıxartdıqları yerdən siz də onları çıxardın!..”[1]

      İslam dinində müharibə, daha çox zülmə qarşı mübarizə və müdafiə xarakteri daşıyır. Beləki, zərurət halı olmadıqca buna icazə verilməmişdir. İslam dini müharibədən daha çox elm, ağıl, əxlaq və düşüncə gücü ilə yayılmışdır. Ancaq müsəlmanların yaşadıqları vətənləri düşmən tərəfindən ələ keçirilib, özləri də doğma torpaqlarından çıxarılmışlarsa, yaxud yaşadıqları yerdə zülmə məruz qalmışlarsa, o zaman bu torpaqlar uğrunda vuruşmaq Allahın bir əmridir. Peyğəmbərimiz (s.ə.s) doğma vətəni olan Məkkədən çıxmaq məcburiyyətində qalıb Mədinəyə hicrət etdiyi ildən etibarən, düşmənlərin vəziyyətini öyrənmək məqsədilə ətraf bölgələrə kəşfiyyat qrupları göndərmiş, ancaq bunu məhz düşməndən əmin olmaq üçün tərtib etmişdi. Bu bir həqiqətdir ki, düşmənləri tərəfindən müharibə başladılmadıqca müsəlmanlara müharibə etmə əmri verilməmişdir. Hətta Bədr, Uhud, Əhzab və Xəndək döyüşləri də müdafiə olunmaq məqsədilə edilmişdir. Yuxarıdakı ayə, müsəlmanlar Məkkəni fəth etməzdən əvvəl, müsəlmanlarla bağladıqları Hüdeybiyyə müqaviləsini pozan müşriklər barəsində nazil olmuşdur. Çünki Hz. Peyğəmbər (s.ə.s) və digər məkkəli müsəlmanlar öz doğma şəhərləri olan Məkkədən müşriklər tərəfindən çıxardılmış və zülmə məruz qalmış, bir də onlarla bağladıqları on illik sülh müqaviləsini pozmuşdular. Ona görə də Allahsülh müqaviləsini pozan o müşriklərə qarşı vuruşmağı və öz vətənlərini geri qaytarmağı müsəlmanlara açıq bir şəkildə əmr etmişdir. Ayənin enmə səbəbi bu olsa da, onun hökmü və əmri ümumidir. Yəni hər hansı bir zamanda və məkanda öz vətənindən çıxardılmış müsəlmanlar torpaqlarını geri almaq üçün vuruşmalı və vətənini müdafiə etməyə çalışmalıdır.

      Ayədə keçən “Onları harada tutsanız, öldürün!” ifadəsindəki “onlar”dan məqsəd, bundan əvvəlki ayədə bəhs edilmiş olan, müsəlmanlara qarşı hərb elan etmiş düşmənlərdir. Burada müsəlmanlara, müharibə şəraitində düşmənə hücum edildiyi zaman, əsas hərbi qüvvəsi olan əsgərlərini öldürmək surətilə qələbə qazanmağın yolu göstərilmişdir. Çünki müharibə qələbə qazanmaq üçün aparılır və bunun bir yolu da düşmən əsgərlərini tələf etməkdir. İslam dini müharibə yox, sülh dinidir. Ancaq dinimiz, “nə haqsızlıq etmiş, nə də haqsızlığa məruz qalmış olarsınız!”[2]deyə bir ölçü qoymuşdur. Buna görə də, lazım gəldiyi təqdirdə, hər bir müsəlman öz torpağını düşmənə qarşı müdafiə etmək məcburiyyətindədir. Hz. Peyğəmbərimiz (s.ə.s) də vətəni müdafiə etməklə bağlı bir hədisində belə buyurmuşdur: “Allah rizası üçün bir gün keşik çəkmək, dünya və içindəkilərdən daha xeyirlidir”.[3]Uca Allah, işğal altında qalmış bütün müsəlman torpaqlarının, xüsusilə də, Qarabağımızın tez bir zamanda azad edildiyini görməyi hər birimizə nəsib etsin!

       

      • Hits: 253 clicks

      Tecox component by www.teglo.info