Səfa MURADOV-Bir Hədis

      Share


      عَنْ أنَسٍ رضي اللَّه عنْهُ ، أنَّ النبي صَلّى اللهُ عَلَيْهِ وسَلَّم قَالَ: ما أَحدٌ يدْخُلُ الجنَّة يُحِبُّ أنْ يرْجِعَ إلى الدُّنْيَا ولَه ما على الأرْضِ منْ شَيءٍ إلاَّ الشَّهيدُ ، يتمَنَّى أنْ يَرْجِع إلى الدُّنْيَا ، فَيُقْتَلَ عشْرَ مَرَّاتٍ ، لِما يرى مِنَ الكرامةِ

                  Ənəsdən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Cənnətə girən heç kim, yer üzərindəki hər şey onun olsa belə, dünyaya geri gəlməyi arzulamaz. Ancaq şəhid, (şəhid düşdükdən sonra) gördüyü saysız ikramdan dolayı təkrar olaraq dünyaya qayıtmaq və on dəfə şəhid olmaq istəyər". (Buxari, Cihad, 21; Müslim, İmarə, 109)

                  Şəhid – vətəni, milləti, namusu uğrunda savaşıb canını Allah yolunda fəda edən kimsəyə deyilir. Şəhidlik mərtəbəsi Allah qatında ən yüksək mərtəbələrdən biridir. Bu məqamın yüksəkliyinin əsl səbəbi, insanın, onu həyata bağlayan canından keçərək həyat ilə olan bağlantısını Allah yolunda kəsməsinə görədir.

                  Cənnət əbədi səadət yurdudur. Cənnətə girən bir insanın başqa bir yeri arzulaması mümkün deyildir. Çünki cənnət hər yönüylə mükəmməldir. İnsanın ürəyinin istədiyi və təsəvvür etdiyi hər bir şey orda vardır. Bu səbəblə də, cənnətə girən və ordakı nemətləri görən bir insanın dünyaya qayıtmağı arzulaması düşünülməz. Çünki cənnətin ən alt mərtəbəsi belə dünya və dünya içində olanlardan daha üstün və daha xeyirlidir. Lakin şəhidlik mərtəbəsi o qədər yüksək və cənnətdəki qarşılığı o qədər üstündür ki, bunu görən kimsə dünyaya təkrar dönmək və dəfələrlə şəhid olmaq, Allahın hüzuruna təkrar çıxmaq və hər dəfə cənnətdə daha üstün dərəcələrə qovuşmaq istəyər.

                  Şəhadət mərtəbəsinə yüksəldikdən sonra Allahın verdiyi saysız nemət və ikramın əzəməti qarşısında Allah yolunda candan keçməyin nə qədər yüksək məna ifadə etdiyini anlayan şəhid, bir mənada Allahın verdiyi bu saysız ikramlara müqabil olaraq şəhid olmağın az olduğunu düşünər və təkrar Allah yolunda şəhid olmağı arzulayar. Bu mənada şəhid, Allahın ona bəxş etdiyi saysız nemətlərə şahid olan deməkdir. Allah-Təala Qurani-Kərimdə şəhidlərin fərqli bir məqama sahib olduqlarından bəhs edərək,insanların onları ölmüş olaraq görmələrinə rəğmən, əslində onların ölmədiyini buyurmuşdur.

                  Cəmiyyətdə şəhid olma əzmi və iradəsinə sahib olan fərdlərin sayı nə qədər çox olarsa, o cəmiyyət hər hansı bir təhlükəyə düçar olmaqdan o qədər uzaq olar. Torpaqları vətən uğrunda canlarından keçən şəhidlərinin qanlarıyla yoğrulan ölkəmiz də varlığını bu günə qədər şəhidləri sayəsində davam etdirmiş və bundan sonra da güclü bir şəkildə davam etdirəcəkdir.

      • Hits: 442 clicks

      Tecox component by www.teglo.info