Osman Nuri TOPBAŞ-Haqq Dostlarından Hikmətlər Şeyx Sədi q.s. -3-

      Share

      Şeyx Sədi həzrətləri buyurur:

      “Qüdrətli zamanında əlindən gəldiyi halda heç bir xeyir işləməyən, yaxşılıq etməyən gücsüz və aciz qaldığı vaxt əziyyətə düşüb zəhmət çəkər”.

      Allah rizası üçün saleh əməllər işləmə fürsəti ola-ola bunu yaxşı qiymətləndirmək lazımdır. Fürsət əldən çıxandan sonra peşman olub “ah-vay” etməyin heç bir faydası olmaz.

      İnsan həyat səfərində zaman-zaman çətinliklərlə qarşılaşar. Həmin anda ona uzadılacaq bir yardım əli, xilas kəməndi axtarar. İnsan oğlunun bu dünyadakı ən çətin anı isə həyata vida etdiyi son nəfəsidir. Həmin an üçün vaxtında hazırlıq görənlər “şəbi-arus / vüsal gecəsi” hüzuru ilə Rəblərinin hüzuruna dönməyin həzzini dadarlar. Lakin bunun əksinə, həyat sərmayəsini nəfsani arzuların ardınca düşərək qəflətlə ziyan edənlər əcəl anında tərifi imkansız bir peşmanlıqla qəhr olarlar.

      Əzəldən əbədə qədər olmuş və olacaqları sonsuz elmi ilə bilən uca Rəbbimiz əldə fürsət var ikən ibrət alıb halımızı islah edək deyə Qurani-Kərimdə insan oğlunun ən çətin anları olan “son nəfəs”dən və “axirət həyatı”ndan mənzərələr sərgiləməkdədir. İnsan oğlunun bütün iradə, güc və iqtidarının sona çatdığı, artıq onu xilas edəcək heç bir xeyir işləmə imkanının qalmadığı o çətin anlarda Rəbbinə necə yalvaracağı ayeyi-kərimələrdə belə tərif edilməkdədir:

      “Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin”. (əl-Munafiqun, 10)

      “Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirdik!” (Onlara belə deyəcəyik:) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!”. (əl-Fatir, 37)

      Demək ki, son nəfəsdə peşman olmamaq və axirətdə ən möhtac olduğumuz anlarda sahibsiz və yardımçısız qalmamaq üçün bu gün İslamı yaşayıb yaşatmaq surəti ilə Allahın dininə yardım etməyə gecikməməliyik. Heç bir xeyir fürsətini və qulluq vəzifəsini qaçırmamaq üçün həssaslıq göstərməliyik. Əldən çıxardıqlarımızı yenidən yaşamaq üçün ciddi cəhd göstərməliyik.

      Çünki biz ümmətini ilahi əzabdan qurtarmaq üçün hər vəsilə ilə xəbərdarlıq edən Həzrət Peyğəmbər r bir dəfə belə buyurdu:

      - “Elə bir adam yoxdur ki, öldükdən sonra peşman olmasın”.

      - O nə peşmanlıqdır, ya Rəsulallah? – deyə soruşduqda isə bu cavabı verdi:

      - “(Ölən) əgər muhsin (ehsan sahibi, əməlisaleh) bir adamdırsa, bu halını daha da artıra bilmədiyi üçün, əgər pis bir adamdırsa, pislikdən vaz keçərək halını islah etmədiyinə peşman olacaqdır”. (Tirmizi, Zöhd, 59/2403)

      Şeyx Sədi həzrətləri buyurur:

      “Övladım, ehsan et (yaxşılıq et)! Vəhşi heyvanlar tələ ilə ovlanır, insan oğlunun qəlbi isə ehsan ilə ələ alınır”.

      Haqq-Təala ayeyi-kərimədə belə buyurur:

      وَاَحْسِنْ كَمَا اَحْسَنَ اللّٰهُ اِلَيْكَ

      “…Allah sənə ehsan etdiyi kimi sən də (insanlara) ehsan et!..” (əl-Qəsəs, 77)

      “Ehsan” eyni zamanda İslamın ən gözəl feli təbliğ şəklidir. Çünki insan ehsana məğlubdur. Torpaqlar qılıncla, könüllərsə yaxşılıq və ehsan ilə fəth edilir.

      Yaxşılq və ehsan edilən kəs düşmənsə, düşmənçiliyi azalar, hətta bəlkə də bitər. Nə dost, nə də düşmənsə, dostluğa yaxınlaşar. Dost isə bu dostluğu daha da qüvvətlənər.

      Aləmlərə rəhmət olaraq göndərilən Rəsulullah r illər uzunu müsəlmanlara hər cür zülmü rəva görən məkkəli müşriklər aclıq və qıtlığa məruz qaldıqları zaman ərzaq göndərmişdi. Bununla da vaxtilə müsəlmanları boykot edib onları aclıqdan ölümə tərk etmiş olan müşriklərə belə İslamın nə qədər yüksək bir əxlaq anlayışına sahib olduğunu felən təbliğ etmişdi.

      Necə ki, Məkkənin fəthində də elan etdiyi ümumi əfv nəticəsində İslam əxlaqının ehtişamına təkrar heyran olan Məkkə əhalisi o Rəhmət Peyğəmbərinə:

      “Sən kərəm və yaxşılıq sahibi qardaşsan. Kərəm və yaxşılıq sahibi bir qardaşın oğlusan!” – deyərək İslam ilə şərəflənmişdilər.[1]

      Necə ki, ayeyi-kərimədə buyurulur:

      “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!”. (əl-Fussilət, 34)

      Həmçinin Həzrət Peyğəmbər r-in İslamın ilk illərində kasıb səhabələrlə yanaşı “müəlləfeyi-qulub” adlanan və qəlbləri qazanılmaq istənən qeyri-müsəlmanlara da infaq etməsi bu həqiqətin ən bariz nümunəsidir.

      Fəqət bu həqiqətin məfhumi-müxalifinə görə möminlər olaraq kafir və ya fasiqlərin yardımlarına müxatəb olmaqdan da son dərəcə çəkinmək lazımdır. Çünki bu kimilərindən hər hansı bir yardım görmək onlara simpatiya bəsləməyə səbəb olar. Bu isə onların yanlışlıqlarına qarşı qəlbdəki müxalifət hisslərinin zəifləməsinə, zamanla da dindən güzəştə getməyə səbəb olar.

      Şeyx Sədi həzrətləri buyurur:

      “Pul toplamaqla ucalacağını sanma. Durğun su iylənər. (Sərvətindən) bağışlamağa çalış. Axan suya göy yardım edər. Yağış yağdırar, onu qurutmaz”.

      İnfaq edilən mal bərəkətlənər. İnfaq edilməyənsə sahibi üçün ya dünyada bir fitnə, ya da axirətdə əzab səbəbi olar.

      İnfaq edilməyən mal insanı aldadıb azğınlaşdıran nəfsani arzulara sərmayə təşkil edər. Bunun üçün hədisi-şərifdə belə buyurulmuşdur:

      “Ey Adəm oğlu, ehtiyacından artıq olan malını sədəqə verməyin sənin üçün yaxşı, verməməyinsə pisdir…” (Müslim, Zəkat 97; Tirmizi, Zöhd 32)

      Səxavətin fəzilətini və xəsislik bəlasını Mövlana həzrətləri necə də gözəl təsvir edir:

      “Səxavət cənnət sərvinin budağıdır. Bu budağı əlindən buraxanın vay halına! Əkin əkən əvvəlcə anbarı boşaldar, amma sonra hasilatı daha çox olar. Lakin toxumu anbarda saxlayan sonda onu siçanlara yem edər”.

      Həqiqətən anbardakı azacıq toxum vaxtında və üsuluna görə toprağa əkilərsə, daha da bərəkətlənərək geri qayıdar və anbarı yenidən doldurar. Eynilə bunun kimi Allahın ehsan etdiyi nemətləri Onun rizası yolunda sərf etmək də onları əskiltməz, əksinə, artırar.

      “Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlərə sövq edər…” (əl-Bəqərə, 268) ayeyi-kəriməsi gərəyi yoxsulluq qorxusuna qapılmadan, səxavətlə infaq etmək lazımdır. Hələ indiyə qədər Allah üçün halal qazanıb halalından verənin infaq səbəbi ilə yoxsullaşdığı görülməyib.

      Mütəfəkkirlərdən biri deyir ki:

      “Allah sevdiyi qulunun malını o infaq etdikcə daha da artırar. Sevmədiyi qulunun, yəni haramdan qazanıb xəsislik edənin malını isə vermədiyi zaman da artırar. Lakin bu mal ya harama gedər, ya da sahibinin axirətini həlak edər”.

      Allah yolunda səxavətlə infaq edə bilmək böyük lütfdür. Bu lütfə layiq olmayan xəsis və ya riyakar kəslərə Haqqın rizasına müvafiq şəkildə infaq edə bilmə şərəfi nəsib olmaz.

      Haqqa təslim olan əsl mömin bilər ki, Allah səxavətli bəndəsinin əməlini zay etməz. Həm işlədiyi bir xeyrin əvəzini ondan yeddi yüz mislinə qədər əcr olaraq ehsan edər, həm də infaq edilənin yerinə daha xeyirlisini lütf edər. Yetər ki, qul tam ixlas, təvəkkül və təslimiyyətlə infaq edə bilsin.

      Həzrət Əli t necə də gözəl buyurur:

      “Yoxsullaşanda sədəqə verin ki, Allah da onunla ticarət etmiş kimi sizə bol ruzi versin”.[2]

      Şübhə yoxdur ki, bütün məxluqatın səxavəti Allah-Təalanın səxavətindən bir təcəlli qırıntısıdır. Qulunun azacıq səxavəti qarşısında daha artığı ilə qarşılıq vermək Rəbbimizin şəninin ucalığındandır. Nəticə etibarı ilə Haqq rizası üçün infaq edə bilən kardadır. Əsl və əbədi qazanc da məhz budur. Əslində əldən çıxarıla bilməyən, infaq edilməyən nemətlər zay olmuş sayılır. Necə ki, ayeyi-kərimədə buyurulur:

      “Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!”. (Ali-İmran, 180)

      Şeyx Sədi həzrətləri buyurur:

      “Ağıllı adamlar mallarını, pullarını o biri dünyaya gedərkən özləri ilə apararlar. Ancaq xəsislər həsrətini çəkərək burada qoyub gedərlər”.

      Rəsulullah r Xəndək döyüşündə olduğu kimi səbir və mətanətin çətin olduğu ağır çilələr qarşısında ümidsizliyə düşməmək, bunun müqabilində Məkkənin fəthi kimi böyük müvəffəqiyyətlər qarşısında da təkəbbür və ehtişama qapılmamaq üçün:

       

      اَللّٰهُمَّ لَا عَيْشَ اِلّٰا عَيْشُ الْاٰخِرَةِ

      “Ey Allahım! Əsas həyat axirət həyatıdır” duasını etmişdir. (Buxari, Riqaq, 1) Bununla da hər bir halda axirəti xatırlayıb fani cəfalara da, səfalara da aldanmamağın vacibliyini təlqin etmişdir.

      Dünya axirətin tarlasıdır. Ona görə də bu dünyada edilən infaqlar axirətdə biçilmək üzrə əkilən toxumlardır.

      Ayeyi-kərimələrdə belə buyurulur:

      “…Özünüz üçün öncə (dünyada) nə yaxşı iş görsəniz, Allah dərgahında onun daha xeyirli və daha böyük mükafatı olduğunu görəcəksiniz…” (əl-Müzzəmmil, 20)

      “…Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin (mənfəəti) ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödəniləcəkdir. Sizə əsla zülm edilməz!”. (əl-Bəqərə, 272)

      “Və Cəhənnəmin (məhşər meydanına) gətiriləcəyi gün – məhz o gün insan (öz günahlarını) xatırlayacaqdır. Lakin bu xatırlamağın ona nə faydası?! O: “Kaş ki, mən əvvəlcədən (axirət) həyatım üçün (yaxşı əməllər) edəydim!” – deyəcəkdir”. (əl-Fəcr, 23-24)

      Yəni insanın əsl sərvət və zənginliyi dünya həyatında ikən etdiyi infaqlar qədərdir.

      Muhamməd Əsad Ərbili həzrətləri belə buyurur:

      “Kirədə yaşayanların bir evdən digərinə köçərkən bütün əşyalarını özləri ilə birlikdə götürüb sevdikləri mallardan heç nəyi orada qoymadıqları məlumdur. Belə olan təqdirdə insanların hər şeyə möhtac olduqları qəbir evinə gedərkən sevdikləri əşyalarından az da olsa özləri ilə aparmamaları (yəni infaq edib özlərindən əvvəl axirətə göndərməmələri) həqiqətən heyrət verici haldır”. (Məktubat, s. 16, № 5)

      Deməli, bir mal və ya sərvətin sahibinə əsl faydası onun infaqlarla və xeyir xidmətləri ilə əvvəlcədən axirətə göndərilə bilməsi nisbətindədir.

      Bu hadisə sözügedən həqiqəti necə də gözəl ifadə edir:

      Həzrət Peyğəmbər r-in ailəsi bir qurban kəsmiş və ətini paylamışdı. Allah Rəsulu qurbandan sadəcə bir kürək sümüyü qaldığını eşitdikdə “Daha deyin ki, bir kürək sümüyü xaric hamısı bizim oldu”, - buyurdu. (Bax. Tirmizi, Qiyamət, 33)

      Deməli, əsl mülkümüz infaq edə bildiklərimizdir. Əcəlin bizdən alacağı müvəqqəti mülk olan dünyalıqları infaq etmədən onlara “sahib” olduğumuzu zənn etmək axmaqlıqdan başqa bir şey deyil.

      Allah Rəsulu r belə buyurmuşdur:

      “Allah-Təala hər birinizlə heç bir tərcüməçi olmadan danışacaq. İnsan sağ tərəfinə baxacaq, axirətə göndərdiklərindən başqa heç nə görməyəcək. Soluna baxacaq, axirətə göndərdiklərindən başqa heç nə görməyəcək. Sonra önünə baxacaq, qarşısında cəhənnəmdən başqa heç nə görməyəcək. Elə isə (heç bir imkanınız yoxdursa da) bir xurmanın yarısı ilə də olsa özünüzü cəhənnəm odundan qoruyun. Bunu da tapa bilməyən gözəl bir sözlə özünü qorusun”. (Buxari, Zəkat, 9, 10; Müslim, Zəkat, 67, 97)

      Şeyx Sədi həzrətləri buyurur:

      “Yeyən və yedirən alicənab bir insan nafilə oruc tutub, başqalarına heç nə verməyən abiddən daha üstündür”.

      Məhəbbət və dostluq müştərəklikdən qaynaqlanır. Haqq-Təala səxavət sahibi olduğu üçün qulunun da səxavətli olmasından razı qalar. Belə ki, qulunun bu fəziləti hörmətinə onun bəşər olduğu üçün düşməkdən qurtula bilmədiyi bəzi xəta və qüsurlarını da əfv edər. Necə ki, bir hədisi-şərifdə:

      “Səxavət sahibinin xətasına baxmayın, çünki o hər dəfə xəta etdikdə Allah-Təala əlindən tutar”, - buyurulur. (Heysəmi, VI, 282)

      Başqa bir hədisi-şərifdə isə comərdliyin Allah qatındakı fəzilətinə belə işarə edilir:

      “Comərd insan Allaha, cənnətə və insanlara yaxın, cəhənnəm alovundan uzaqdır. Xəsis isə Allaha, Cənnətə və insanlara uzaq, cəhənnəm alovuna yaxındır. Cahil comərd Allah-Təalaya xəsis abiddən daha sevimlidir”. (Tirmizi, Birr, 40/1961)

      Xülasə, Haqq-Təala qulunun xəsis olmasını istəmir. Xəsislik yoxsullaşmaq qorxusu ilə Haqqa təvəkkül və təslimiyyət nöqsanlığından doğan iman zəifliyidir. Qulun Yaradana sığınacağı yerdə fani malına sığınıb ona bağlanmasıdır. Allah-Təala isə nəfsin xəsisliyinə iman cəsarəti ilə qalib gəlməyimizi və daima Rəbbimizə arxalanıb, ona güvənməyimizi murad edir.

      Şeyx Sədi həzrətləri buyurur:

      “Ağıllı bir adamdan soruşurlar:

      - Bəxtiyar kimə deyirlər və bədbəxt kimdir?

      O da bu cavabı verir:

      - Bəxtiyar o kəsdir ki, yeyər (lazımi qədər sərf edər) və əkər. Bədbəxt də ona deyirlər ki, (xərcləmədən yığdıqlarını) öləndə qoyub gedər”.

      Bəşəri sistemlərdə mülk ya cəmiyyətə, yaxud da fərdlərə aiddir. İslamda isə “اَلْمُلْكُ لِلّٰهِ : mülk Allaha aiddir. Haqq-Təala bir əmanət olaraq verdiyi var-dövlətdən necə istifadə edəcəyimiz xüsusunda biz qullarını daima imtahan edir. Bu imtahanda ən çox iki xətaya düşülür: “israf”“xəsislik”.

      İsraf malı öz nəfsani arzuları üçün və ölçüsüz xərcləmək, kompleks duyğusundan qurtulmaq üçün güc nümayişi etməkdir. Xəsislik isə insanın özü üçün yığmasıdır. Hər ikisi kökü cəhənnəmdə olan çirkin vəsfdir. Mömin bu iki vəsfdən də özünü qoruyan, müvazinətini itirməyən kəsdir. Necə ki, ayeyi-kərimədə buyurulur:

      “Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar”. (əl-Furqan, 67) “Orta yol”dan məqsəd də ifrat və təfritdən uzaq, şəri ölçülər içindəki müvazinətli bir xərcləmədir.

      İlahi imtahan ünsürü olan malı Allah-Təalanın razı qaldığı şəkildə sərf etmək əbədi səadət sərmayəsi olarkən bunun əksinə, onu israf və xəsisliklə zay etmək isə əbədi xüsran səbəbidir.

      Əshabi-kiramdan Əbu Zərr t belə demişdir:

      “Bir dəfə Rəsulullah r-in hüzuruna getdim. O əsnada Rəsulullah Kəbənin kölgəsində belə buyururdu:

      “Kəbənin Rəbbinə and içirəm ki, şübhəsiz, onlar çox ziyandadırlar. Kəbənin Rəbbinə and içirəm ki, şübhəsiz, onlar çox ziyandadırlar”.

      Öz-özümə:

      “Görəsən, mənim halımda nə isə varmı? Məndə (pis) bir şey görülür yoxsa?”,  - dedim. Gedib yanında oturdum. Rəsulullah r hələ də bu sözü təkrarlayırdı. Özümü saxlaya bilmədim, susmağa gücüm çatmadı, məni tərifi imkansız hal bürüdü və:

      - Onlar kimdir, atam-anam Sizə fəda olsun, ya Rəsulallah? – dedim.

      Rəsulullah r:

      “Onlar malı çox olanlardır! Yalnız (halaldan qazanıb) “bunu buraya, bunu buraya” deyə malını Allah yolunda infaq edənlər bundan müstəsna ola bilərlər!” - buyurdu”. (Buxari, Əyman, 3)

      Şeyx Sədi həzrətləri buyurur:

      “Əgər sən sadəcə quru surətdən ibarət olsan, öldüyün zaman cismin kimi isminlə də ölərsən. Əgər kərəm sahibi və xidmət əhli olsan, ömrün cəsədindən sonra da fədakarlığın və qəlblərə girdiyin qədər davam edər”.

      Bu fani göy qübbədə xoş bir səda qoyaraq əbədiyyətə köç edə bilmək hər möminin könül üfüqünü bəzəyən ülvi qayədir. Bunun da yolu arxasında xeyirli nəsillər, gözəl xatirələr, faydalı əsərlər və xeyir-dualar qoya biləcək “xidmət ömrü” yaşamaqdan keçər. Buna müvəffəq olan saleh möminlər torpağın altına girdikdən sonra da keçmişə qarışmaz, qəlblərdə yaşamağa davam edərlər.

      Həzrət Əli t necə də gözəl buyurur:

      “Saleh və sadiqlərlə bərabər ol. Onlarla ünsiyyət qur (ki onların şəxsiyyət və xarakteri sənə sirayət etsin). Həyatı elə kamil yaşa ki, insanlar yaşadığın müddətdə intizarını çəksin, vəfatından sonra da sənə həsrət qalsınlar!..”

      Şair də bu həqiqəti belə ifadə edir:

      Səni annən doğurub atdığı gün dünyaya,

      Ağlıyordun; bütün aləm gülüyor bir yanda,

      Şimdi öylə bir ömür sür ki, ölürkən güləsən;

      Çağlasın gözyaşı halında cihan arxanda...

      Haqq-Təala hər birimizə ilahi rizası yolunda xidmət və səylə əhya edilən, feyzli bir qulluq həyatı yaşaya bilməyi nəsib etsin.

      Amin!..

       


      [1] Bax. İbn Hişam, IV, 32; Vaqidi, II, 835; İbn Sad, II, 142-143.

      [2] Şərif ər-Radiy, Nəhcul-Bəlağa, № 258.

       

      • Hits: 414 clicks

      Tecox component by www.teglo.info