Kamran MƏMMƏDOV-Allahın Sübuti Sifətləri -2-

      Share

      SƏMİ:

      Allah hər şeyi eşidəndir. Onun eşitməsi bizim eşitməyimizdən mahiyyət etibarilə fərqlənir. 

      Ona gizli qalan heç bir səs yoxdur. Eşitmə sifəti olan bütün məxluqlar Haqqın bu sifətinin təcəllisi ilə eşidərlər. Onlar, bu təcəlli onlardan alındığı anda heç bir şey eşidə bilməzlər.

      Allah-Təala “əs-Səmi'” sifətini Bəsər (əl-Basar) sifəti ilə birlikdə Qurani-Kərimdə çox tez-tez qeyd etməkdə və insanoğluna ilahi müşahidəsini xatırlatmaqda, beləcə, bəşərin sirati-müstəqimdən ayrılmamasını fərman buyurmaqdadır: “O, (hər şeyi) eşidəndir, biləndir” (əl-Bəqərə 137; Ali İmran 34; əl-Maidə 76), “O, doğrudan da, (hər şeyi ) eşidəndir, görəndir” (əl-İsra 1, əl-Həcc 61, Loğman 28).“O, göylərdə və yerdə olanları da, sizin gizlində və aşkar nə etdiyinizi də bilir. Allah ürəklərdə olanları (qəlbinizdən keçənləri də) biləndir!” (ət-Təğabun 4)

      BƏSƏR:

      Uca Allahın görməsi də digər sifətləri kimi zatı-ilahisinin zərurətidir. O, hər şeyi haqqıyla görür. Bu mənada, Onun bir adı da “əl-Basirdir”. Onun nəzərindən gizli qalan heç bir şey yoxdur. Allahın elm, səmi və bəsər sifətlərinin bəşərə təlim edilməsindəki hikməti Həzrət Mövlana belə ifadə edir:

      “Uca Allah qorxasan, fəsad çıxarmayasan və təxribatçılığa girişməyəsən deyə özünün “alim”, yəni “hər şeyi çox yaxşı bilən” olduğunu bildirdi. Çirkin və pis sözlərlə ağzını açmayasan deyə özünün “səmi”, yəni “hər şeyi çox yaxşı eşidən” olduğunu bildirdi. Gizli-gizli pis işlərə bulaşmayasan deyə özünün “bəsər”, yəni “hər şeyi çox yaxşı görən” olduğunu bildirdi”.

      Allah-Təala qullarının bu barədəki məsuliyyətini belə bildirmişdir:

      “Bilmədiyin şeyin (dünya və xüsusən  də axirətdəki zərərini idrak və hiss edə bilmədiyin səhvlərin) ardına düşmə; doğrusu qulaq, göz və ürək, bunların hamısı o şeydən məsul olar (hesaba çəkilər)”. (əl-İsra, 36)

      Bu məsuliyyətin ağırlığına görə Niyazi Misri həzrətləri belə demişdir:

      Bir göz ki, onun olmaya ibrət nəzərində,

      O, düşmənidir sahibinin baş üzərində.

      Qulaq ki, öyüd almaya hər dinlədiyindən,

      Axıt ona sən qurğuşunu boş dəliyindən.

      Bir dil ki, o Haqq zikri ilə olmaya mutad,

      Vermə, sən o ət parçasına dil deyə heç ad…

      Qiyamət günündə  Allahdan qafil olan bəndələrə belə bir xitabın gələcəyi də bildirilmişdir:

      “Ey bəndə! Sən bizi dünyada tanıdınmı, tanımadınmı? Əgər tanımadınsa, nə üçün tanıma iddiası güddün? Əgər tanıdınsa, bir kimsə tanıyandan sonra heç sənin etdiyini edərmi?”

      Həqiqi saliklər[1], gizli-aşkar hər vaxt və hər məkanda bu ilahi sifətlərə vaqif  olar və özlərinin daim ilahi nəzarət altında olduqlarından qafil qalmazlar. Bu görüşü dəstəkləyən çox ibrətli bir hadisə isə belədir:

      “Bir gecə vaxtı idi. Hz. Ömər (r.a.) adəti üzrə Mədinə küçələrini gəzirdi. Bir küçədən keçəndə qəflətən dayandı. Qarşısından keçməkdə olduğu evdən çölə qədər duyulan, bir ana ilə qızının mübahisəsi diqqətini çəkdi. Ana öz qızına:

      “-Qızım! Sabah satacağımız südə bir az su qarışdır!” - deyirdi.

      Qız isə:

      “-Anacan, xəlifə südə su qarışdırılmasını qadağan etmədimi?” - dedi.

      Ana qızının sözlərinə qarşı sərt şəkildə:

      “-Qızım, gecənin bu saatında xəlifənin südə su qatdığımızdan haradan xəbəri olacaq?!” - dedi.

      Ancaq könlü Allah qorxusu ilə dolu olan qız anasının südə su qatma hiyləsini yenə qəbul etmədi:

      “-Anacan! Deyək ki, xəlifə görmür, Allah da görmürmü? Bu hiyləni insanlardan gizləmək asandır, amma hər şeyi görüb-bilən Allahdan gizləmək mümkündürmü?..”

      Rəbbani həqiqətlərlə dolu bir ürəyə sahib olan bu sadə qızın dərin bir Allah qorxusu içində anasına verdiyi cavab Hz. Öməri (r.a.)  son dərəcə duyğulandırdı. Əmirəl-möminin onu, bir südçü qadının qızı olduğu üçün deyil, könlündəki həssas təqvasına görə müstəsna bir qismət bildi və oğluna gəlin olaraq aldı. Beşinci xəlifə olaraq bilinən məşhur Ömər ibn Əbdüləziz də bu təmiz silsilədən dünyaya gəlmişdir”.

      • Hits: 451 clicks

      Tecox component by www.teglo.info