Home Arxiv 2016 № 114 May Eldar KƏRİMOV-Dəyərlər Psixalogiyası


    Eldar KƏRİMOV-Dəyərlər Psixalogiyası

      Share

      Cəmiyyəti bir bina kimi təsəvvür etsək, fərdlər binanın daşları, dəyərlər isə onu bir-birinə bərkidən sementi sayıla bilər. 

      Sementi olmayan bir binanın rahatlıqla dağılması kimi, cəmiyyətin də eyni vəziyyətlə üzləşəcəyi ehtimalı yüksəkdir.

      Modern dünyamızda insanı stressə sürükləyən ən önəmli şey insanların məqsədsiz olmalarıdır. İnsanlara uğrunda yaşamağa dəyən bir məqsəd təqdim etməyən modern həyat tərzi gənclik və yaşlılıq dövründə artan intiharların qarşısını ala bilmir. Mal-mülk toplayıb varlı olmağı qarşısına məqsəd qoyan kapitalist sistem, insanları həqiqi dəyərli edən dəyərlərə dəyər verməzsə, insanlar əsl xoşbəxtliyi əldə edə bilməyəcəklər.

      Hər dəyərin duyğu, düşüncə və davranış tərəfləri vardır. Bizim üçün qiymətli olan bir anlayışı doğru qəbul etsək də, onun varlığını duyğularımızla hiss edə bilmiriksə, o dəyəri həyatımızda tətbiq edə bilmərik. Bu da onu göstərir ki, bir dəyərin qəbul edilməsi üçün ona duyğunun yüklənməsi şərtdir. Daha sonra bu duyğu şəxsiyyət halına gəlir və düşüncəni idarə edir. Çünki dəyərlər eyni zamanda düşüncəni də idarə edən standartlar toplusudur. Biz düşüncələrimizin sərhədlərini müəyyən edərək zehnimizdə o düşüncə ilə əlaqəli bir anlayış yaradırıq. Və bu anlayış zehnimizdə yarandıqdan sonra o, bizim həyat tərzimizə və əməllərimizə çevrilir.

      Dəyərləri “vasitə və məqsəd dəyərlər” olmaqla  iki hissəyə ayıra bilərik. Məqsəd dəyər, insan həyatındakı mücərrəd hədəfləri özündə cəm edir. Vasitə isə insanı həyatdakı hədəfinə aparan yoldur.

      Məqsəd olaraq qəbul etdiyimiz dəyərləri öz içərisində dörd qrupa ayıra bilərik. Birinci qrup- sevgi və güvən istiqamətlidir. Bu səbədən insanları sevmək, şəfqətli olmaq və yaxşılıq etməkdən zövq almaq burada yer alır. İkinci qrup - fəzilətləri və sosial sərhədləri müəyyən edir. Bu sinfin dəyərləri arasında dürüst və adil olmaq, insanlara hörmət etmək və həyatında yalana yer verməmək kimi dəyərlər zikr edilə bilər. Üçüncü kateqoriyada - ünsiyyət şəklini müəyyən edən fəzilətlər vardır; sülhsevər, səmimi və anlayışlı olmaq bu qrupa daxil edilə bilər. Dördüncü kateqoriyada isə - daxili intizam içərisində olan fəzilətlər mövcuddur. Bunların içərisində paylaşmaq, yardımsevərlik və uzlaşma tərəfdarı olmaq kimi dəyərlər qeyd edilə bilər. Saydığımız bütün bu fəzilətlər, fərqli mədəniyyət və dinlərdə müxtəlif şəkillərdə qəbul edilsə də, insan beynində dəyərlərin əsasını meydana gətirən iki növ duyğu vardır. Yaxşılığa yönəlmək və pisliyə meyilli olmaq. İnsan oğlu həyatının doğru şəkildə davam etməsi üçün bu iki istək arasında tarazlığı qorumağı bacarmalıdır.

      Qəbul edilən insani və universal dəyərlərin yaşanmasını təmin edən fəzilətlər motivasiya artırıcı və təşviq edici xüsusiyyətə sahibdir. Bunlar da eynilə məqsəd halına gəlmiş dəyərlər kimi, öz daxilində bir neçə qrupa ayrılır. İlk qrupda sayılabiləcək dəyərlər: düzənli və intizamlı olmaq, təqdir və tərif etmək, təsdiqləyici və rahatladıcı xüsusiyyətlər sərgiləmək, işini yaxşı görməyə çalışmaq, intizamlı hərəkət etmək, comərd və cəsur olmaq, özünü daimi olaraq inkişaf etdirmək kimi xülasə edilə bilər. Bu qrupda yer alan fəzilətlər daha çox pozitiv duyğuları hərəkətə gətirir. İkinci qrupda isə hadisələri doğru qəbul edib düzgün anlamaq kimi fəzilətlər yer alır. İkinci qrup içərisində hadisələr qarşısında sakit və yumşaq olmaq, insanlara qarşı yaxşı davranmaq və doğru yorumlar etmək kimi neqativ duyğuları azaldan dəyərləri saya bilərik.

      Həyat və hadisələr qarşısında əldə etdiyimiz mücərrəd çıxarışlar dəyərlərin nəticələrini meydana gətirir. İstər beş duyğumuzla qəbul etdiyimiz, istərsə də, ağıl və hiss yolu ilə idrak etdiyimiz dəyərlər insanların düşüncə tərzini müəyyən edərək davranışları meydana gətirir. Beləliklə, insan da dəyərləri ailəsindən başlayaraq yaxın və uzaq ətrafından öyrənir. Yaşadığımız mühit əldə etdiyimiz dəyərlərin formalaşmasına və inkişaf etməsinə kömək edir.

      Fəzilətlər insana bildiyi mövzularla birlikdə, haqqında fikir sahibi olmadığı mövzularda da kömək edir. Çünki insan bilmədiyi şeyləri bildikləri ilə müqayisə edərək öyrənir. Eyni zamanda, bilmədiyindən qorxur. Mənimsədiklərimizi ən yaxşı şəkildə yaşamağımızı təmin edən dəyərlər yad olduğumuz mövzulara yaxınlaşdığımız zaman daxilimizdəki qorxunu məğlub etməyimizə də kömək edir.

      • Hits: 251 clicks

      Tecox component by www.teglo.info