Səməd Vahabov-Mübarək üç aylar və qəndillər

      Share

      Uca Allah  insanlara bir lütf olaraq, daha çox savab qazanmaları üçün bir çox mübarək gün və gecələr müəyyən etmişdir.

      Hətta bu ayların içərisində  elə gecələr varki, insanın ömrünün yetməyəcəyi qədər savab və mükafat qazanma imkanı vardır.

      Məhz bu səbəblə, üç aylar dediyimiz Rəcəb, Şaban və Ramazan ayları digər aylardan fərqli olaraq daha fəzilətli və qazanclıdır.

      Gecənin bir hissəsini ibadətlə keçirməklə bir ömrə bərabər savab qazanma fürsəti olan bu aylar bu ümmətə verilmiş ən dəyərli hədiyyə və nemətlərdəndir. Məqsəd - müsəlmanların az bir ibadətlə çox savab qazanmaları, günahların bağışlanması üçün bol-bol istiğfar etmələridir.

      Rəsulullah (s.ə.s)bir hədisi-şərifdə :

      “Rəcəb Allahın ayı, Şaban mənim ayım və Ramazan da ümmətimin ayıdır” deyə buyurmuşdur.Üç ayları mubarək qılan digər xüsuslardan biri isə beş mübarək qəndil gecələrindən dördünün bu aylar içərisində olmasıdır.

      Rəğaib gecəsi, Rəcəb ayının ilk cümə gecəsinə,

      Merac gecəsi, Rəcəb ayın iyirmi yeddinci gecəsinə,

      Bərat gecəsi, Şaban ayının on beşinci gecəsinə,

      Qədr gecəsi isə Ramazan ayının iyirmi yeddinci gecəsinə təsadüf etməkdədir.

      Həmçinin bəzi hikmət əhli alimlər tərəfindən üç aylar haqqında buyurulmuş gözəl tərənnümlər var:

      “Rəcəb əza və cəfanı tərk etmək üçündür, Şaban əməl və vəfa üçündür,  Ramazan sidq və səfa üçündür”.

      “Rəcəb tövbə və peşmanlıq ayıdır. Şaban məhəbbət ayıdır. Ramazan yaxınlıq ayıdır”.

      “Rəcəb hörmət ayıdır. Şaban xidmət ayıdır.Ramazan nemət ayıdır”.

      “Rəcəb əkin ayıdır. Şaban sulama, Ramazanda dərib toplama ayıdır”.

      Peyğəmbərimiz (s.ə.s) də üç aylardan ilki olan Rəcəb ayı girdiyi zaman bu duanı tet-tez oxuyar və oxunmasını tövsiyə edərdi:

      “Allahım Rəcəb və Şaban aylarını bizim üçün mübarək elə və bizi Ramazan ayına yetişdir”.

      “Allah Rəcəb ayında gözəllikləri qat-qat eləyər. Bu ayda bir gün oruc tutan, bir il oruc tutmuş kimi savaba nail olar. Yeddi gün tutana Cəhənnəm qapıları bağlanar. Səkkiz gün tutana Cənnətin səkkiz qapısı açılar. On gün tutana Allah istədiyini verər. On beş gün oruc tutana bir münadi: “Keçmiş günahların bağışlandı” deyər. Allah Nuh əlehissəlamı Rəcəb ayında gəmiyə mindirdi. O da, Rəcəb ayını oruclu keçirdi və oradakılara da oruc tutmalarını əmr etdi”. (Təbərani)

      Bu ayı mubarək qılan səbəblərdən biri də həmin ayda  Merac hadisəsinin baş verməsidir.

      Peyğəmbərimizin(s.ə.s)in bu gecədə Meraca yüksəlməsi,bütün  peyğəmbərlərə namaz qıldırması və Allah-Təala ilə birbaşa danışması bu ümmətin digər ümmətlərdən üstün olmasını göstərməkdədir.

      Şaban ayının fəziləti də bir başqadır. Peyğəmbərimizin(s.ə.s) Ramazan ayından sonra ən çox önəm verdiyi və ən çox oruc tutduğu aylardan birisidə Şaban ayı olmuşdur.

      Hz. Aişə anamız Rəsulullahın (s.ə.s)bu aydakı orucu haqqında belə deyir:

      “(Ramazan xaric) Onun Şaban ayındakı qədər çox oruclu olduğu bir ay görmədim. Bəzən Şaban ayının tamamını oruclu keçirərdi”.(Buxari, Savm, 39)

      Mubarək ay kimi bildiyimiz ayların içərisində  “Bərat” deyə bilinən elə mübarək gecə vardır ki,  bu gecənin fəziləti Əbu Musa əl-Əşaridən nəql olunanhədisi-şərifdə belə anladılır: “Şaban ayının orta gecəsi gecə namazına durun, o gecənin gündüzündə də oruc tutun. Çünki Allah o gecə günəş batınca dünya səmasına təcəlli edər və Bəni-Kəlb qəbiləsinin qoyunlarının tüklərinin sayından daha çox insanın günahlarını bağışlayar”. (Tirmizi, Savm, 38)

      Rəcəb və Şaban ayları, rəhmət ayı olan Ramazanı qarşılayan aylardan olub Ramazan ayının müjdəçisidir.

      Ramazan ayının fəziləti haqqında Peyğəmbərimiz (s.ə.s)belə buyurmaqdadır:

      “Ramazan ayı mübarək bir aydır. Allah sizə Ramazan orucunu fərz qıldı. O ayda rəhmət qapıları açılar, Cəhənnəm qapıları bağlanar, şeytanlar da zəncirə vurular. O ayda elə bir gecə vardır ki, min aydan daha qiymətlidir. O gecənin (Qədir gecəsinin ) xeyrindən məhrum qalan, hər cür xeyirdən məhrum qalmış olar”.  ( Nəsai)

      Hz. Əlinin bu aylarda etmış olduğu  ən gözəl duanı tez-tez təkrarlamaq yerinə düşərdi:

      “Allahım!Məni hər cür pis əməllərdən qoru! Məni unutqan etmə və qəflət üzərində buraxma! Sonumu da həsrət və peşmançılıqla bitirmə!

      Allahım!Məni bağışla,məni bağışlamaqla sənə bir zərər gəlməz. Mənə nemətlərini ehsan elə, mənə verməklə  sənin ehsanın azalmaz. Sənin rəhmətin geniş və boldur. Hikmətlərin isə xoş və gözəldir.

      Allahım!Mənə səhhət və afiyət ver! Güvən və hüzur ehsan elə! Şükür və təqvayanail elə!

      Allahım!Səndən səbir və doğruluq istəyirəm. Mənə işlərimdə rahatlıq ver. Ailəmə, övladlarıma və qardaşlarıma yaxşılıq və gözəllik bəxş et. Onları müsəlmanlardan elə və bu şəkildə dünyadan ayrılmalarını nəsib elə! Amin...”

      • Hits: 557 clicks

      Tecox component by www.teglo.info