155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Rüfət ŞİRİNOV-ALLAHIN RƏCƏB AYI

      Share

      Hicri təqvimi on iki aydan ibarətdir. İslam dininə görə bu aylardan bəziləri özünəməxsusmüxtəlif ibadət və gecələrinə görə digərlərindən fərqlənir. Bu fərqlilik ona lazımi dəyər verilib münasib şəkildə ehya edildiyi zaman dəyər kəsb edir.

       Allahın bu aylara məxsus olaraq müsəlman bəndələrinə bəxş etdiyi bu fərqlilik, həyatlarında yeniləmə və yaşantısını nəzərdən keçirib düzənləmək üçün ələkeçməz fürsətlərdən biridir. Bu mənada Rəcəb, Şaban və Ramazan ayları sözün əsl mənasında Ramazan ibadəti olan orucluğa mənəvi hazırlıq ayları olaraq da qəbul edilmişdir.Bir rəvayətdə də:“Rəcəb Allahın, Şaban mənim və Ramazan da ümmətimin ayıdır” (Suyuti, əl-Cami əs-Səğir, 4411) buyrularaq önəmi vurğulanmışdır. Bu hədisin mənası Ənəs ibn Malikdən rəvayət edilmiş başqa bir hədisdə belə izah edilmişdir: “Allah tərəfindən seçilən ay Rəcəb ayıdır və Rəcəb Allahın ayıdır. Kim Rəcəb ayına ehtiram göstərsə, Allahın əmrlərinə hörmət göstərmiş sayılar. Allahın əmrlərinə hörmətlə yanaşanı da Allah “Naim” cənnətinə qoyar və ona cənnətdəkiən böyük neməti olan “riza”sını vacib qılar. Şaban mənim ayımdır. Hər kim Şaban ayına hörmət göstərsə, mənim əmrlərimə hörmət etmiş sayılar. Buna görə də qiyamət günündə mən onu qarşılayar və yoldaşı olaram. Ramazan ayı ümmətimin ayıdır. Kim Ramazan ayına hörmət edər, ona sayğısızlıq etməz, gündüzünü orucla, gecələrini də ibadətlərlə əhya edərsə, Ramazan ayından günahları təmizlənmiş olaraq çıxar”.(Beyhaki, Suyuti)

      Rəcəb ayı İslam dini gəlmədən əvvəl də xalq arasında hörmət və ehtiram göstərilən aylardan biri idi. Bu ayda qəbilələr arasında savaş, soyğun və digər cinayətlər işlənməzdi. İslamın gəlməsi ilə də Rəcəb ayı özünəməxsus ehtirama layiq görülmüş və haram aylardan qəbul edilmişdir. Həzrət Peyğəmbər (s.ə.s) bu ayın haram aylardan olduğunu bir hədisində belə ifadə etmişdir: “... il on iki aydır. Bunlardan dörd dənəsi haram aylardır. Üç dənəsi arxa-arxaya gəlir. Bunlar Zilqadə, Zilhiccə və Məhərrəm aylarıdır. Dördüncüsü də Cəmadiyəl-axir ilə Şaban ayı arasındakı Rəcəb ayıdır”. (Buxari Təfsir, 9). Müfəssir alimlərə görə haram ayların Quranda qeyd edilməsi Allahın onlara verdiyi özəl təzim və dəyərin isbatıdır. Hər nə qədər zülm etmək bütün aylarda haram isə də, bu aylarda zülm etməyin günahı qat-qat çoxdur. Eyni şəkildə bu aylarda saleh əməl işləməyin savabı da qat-qat daha çoxdur. Qurani-Kərimdə:“Həqiqətən, Allah yanında ayların sayı on ikidir. (Bunu da) Allah göyləri və yeri yaratdığı gündə Kitaba yazmışdır. Bunlardan dördü haram aylardır. Doğru din budur. Odur ki, bu aylarda özünüzə zülm etməyin”(Tövbə 36) buyurularaqsözügedən haram aylara hörmət göstərmək və bu aylarda günah işləməməyə səy göstərmək tələb edilir. 

      Peyğəmbərin(s.ə.s) Allahla görüşdüyü Merac hadisəsinin də bu ayda gerçəkləşməsi ona başqa bir dəyər qazandırır. İslam alimlərindən Ləknəvi Rəcəb ayının 27-ci gecəsi olaraq qəbul edilən Merac gecəsini çox ibadət edərək ehya etməyin müstəhəb oluduğunu ifadə edir. Bu gecəni hər kəs istədiyi şəkildə ehya edə bilər. Ayrıca bu ayda həzrət Peyğəmbər (s.ə.s):“Allahummə bərik lənə fi racəbə və şa'ban və bəlliğnə Ramazan- Ya Rəb! Rəcəb və Şabanı bizə mübarək qıl və bizi Ramazana çatdır”, - deyərək dua edərdi. Bu ayda, hər namazdan sonra bu duanın oxunmasına diqqət etmək lazımdır.

      Bu aya məxsus mübarək gecələrdə  (Rəğaib və Merac gecəsi) Peyğəmbər tərəfindən o günə məxsus hər hansı bir namazın (Rəğaib namazı, Merac namazı kimi) qılındığına dair hədislərə güvənli mənbələrdə təsadüf etmək çətindir. Ancaq müəyyən qəliblərlə məhdudlaşdırmadan nafilə namaz qılmaq, nafilə oruc tutmaq və s. ibadətlər etmək alimlər tərəfindən müstəhəb qəbul edilərək tövsiyə edilmişdir.

      Xülasə, Rəcəb ayı Allahın ayı olaraq qəbul edildiyinə görə, bu ayda Allahın məhəbbətini daha çoxqazanmağın yollarını axtarmalı və ona qarşı məhəbbəti artırıcı dua və ibadətlərlə məşğul olmalıyıq. Bu aya müəyyən ibadət və duaları təxsis etməyin ibadət etmə azadlığımızı məhdudlaşdırmaq mənasına gələcəyini düşünərək, hər fürsətdə nafilə ibadət, istiğfar və zikrlərlə məşğul olmaq məqsədəuyğun qəbul edilmişdir. Əlbəttə ki, əsas məqsədimiz də bu ayda edilən ibadətlərlə həyatımızı “ibadət mərkəzli” həyata çevirməkdir. 

      • Hits: 614 clicks

      Tecox component by www.teglo.info