ƏSRİ-SƏADƏTDƏN MƏHƏBBƏT NÜMUNƏLƏRİ

      Share

       

      Əbdürrəhman bin Əvf(r.a) böyükdən-kiçiyə əshabi-kiramın Rəsulullah məhəbbəti ilə yoğrulduğunu göstərən bu ibrətamiz hadisəni belə nəql edir:

      “Bədir günü sağıma-soluma baxdım, ənsardan iki yeniyetmənin arasında olduğumu gördüm. Bundan heç xoşum gəlmədi. Halbuki daha güclülərin arasında olmaq istərdim. Onlardan biri yoldaşına eşitdirmədən məndən:

      - Əmi, Sən Əbu Cəhli tanıyırsan? - deyə soruşdu. Mən:

      - Bəli, tanıyıram, o sənin nəyinə lazımdır? - dedim. Gənc:

      - Eşitdiyimə  görə  o, Rəsulullahı söyürmüş. Varlığımı qüdrət əlində tutan Allaha and içirəm ki, onu bir dəfə görsəm, ikimizdən biri ölənə qədər ondan ayrılmayacağam! -dedi.

      Gəncin bu sözünə heyran qaldım. Obiri gənc də eyni sözləri təkrarladı. Artıq bu iki gəncin arasında olduğum üçün fəxr edirdim. Bir az sonra Əbu Cəhli döyüş meydanında görüb:

      - Baxın, axtardığınız adam odur, - dedim.

      Gənclər dərhal qılınclarını sıyırıb Əbu Cəhlə tərəf qaçdılar və onu qılıncdan keçirdilər. Bu gənclər Muaz bin Afra ilə Muaz bin Amr idi”. (Buxari, Məğazi, 10; Müslim, Cihad. 42)

       

      ***

      Qasım bin Muhamməd həzrətlərinin dediyinə görə Həzrət Peyğəmbərin əshabından birinin gözləri görməz olmuşdu. Dostları onu ziyarət etdilər. Halbuki onun gözünü itirdiyinə görə heç bir dərdi yox idi. Ona təsəlli verməyə gələnlərə belə dedi:

       “Mən o gözləri Rəsulullaha (s.ə.s) baxmaq üçün istəyirdim. Onun vəfatından sonra (Yəmənin) Tubalə bölgəsindəki ahular kimi ən gözəl gözlərə sahib olsam nəyi dəyişər?!” (Buxari, əl-Ədəbul-Müfrəd, № 533; İbn Sad, II, 313)

       

      ***

       

       

      Uhudda müşriklərin mahir oxçusu Malik bin Züheyr Rəsulullaha (s.ə.s) bir ox atdı. Talha bin Ubeydullah (r.a) oxun Rəsulullaha (s.ə.s) dəyəcəyini hiss edib əlini onun qarşısına verdi. Ox dəydiyinə görə barmağı şikəst qaldı. (İbn Sad, III, 217)

       

      ***

      Qatadə bin Numan (r.a) Rəsulullahı (s.ə.s) qorumaq üçün qarşısında duraraq yayının başı əyilənə qədər müşriklərə ox atdı. Sonda özü də bir oxa tuş gəldi, göz bəbəyi yanaqlarına axdı. Qatadənin bu vəziyyətini görən Allah Rəsulunun gözləri yaşardı. Peyğəmbərimiz (s.ə.s) Qatadənin göz bəbəyini əli ilə götürüb yerinə qoydu. Bundan sonra həmin göz daha gözəl oldu və daha yaxşı görməyə başladı.(Hakim, III, 334/5281; Heysəmi, VI, 113; İbn Sad, III, 453)

       

      ***

      Hz. Ömər (r.a) Peyğəmbərimizin azad etdiyi köləsi Zeyd bin Harisənin oğlu Üsaməyə üç min beç yüz dirhəm təyin etmiş, öz oğlu Abdullaha isə üç min dirhəm vermişdi.

      Abdullah atasının bu bölgüsünə etiraz edərək:

      - Üsaməni nəyə görə məndən üstün tutursan? O, döyüşlərdə məndən çox vuruşmayıb ki! - demişdi.

      Hz. Ömər (r.a) bu misilsiz ədalətinə əlavə olaraq nə qədər geniş bir qəlbə sahib olduğunu  göstərən bu cavabı vermişdi:

      - Oğlum! Rəsulullah (s.ə.s) Üsamənin atasını sənin atandan daha çox sevərdi. Üsaməyə də səndən daha çox məhəbbəti vardı. Elə buna görə də Rəsulullahın sevdiyini öz sevdiyimdən üstün tutdum. (Tirmizi, Mənaqib, 39/3813)

       

      ***

      Mədineyi-Münəvvərədəki xanımlar döyüş meydanından xəbər almaq ümidi ilə şəhərdən çıxmışdılar. Hz. Aişə (r.anhə) də onların arasında idi. Aişə anamız Harrə adlanan yerdə əməlisaleh qadınlardan olan Hind binti Amrla rastlaşdı. Hind şəhid olmuş həyat yoldaşı Amr bin Cəmuh, oğlu Halləd və qardaşı Abdullahın cəsədini bir dəvəyə yükləyib aparırdı. Hz. Aişə ondan soruşdu:

      - Arxada nə xəbər var?

      Hind binti Amr bu möhtəşəm cavabı verdi:

      - Xeyir xəbər var, Rəsulullah sağdır. O sağ olduqdan sonra hər bir müsibət xəfif gələr...” (Vaqidi, I, 265)

       

       

      ***

      Bəzi səhabələr hər dəfə Rəsulullahı (s.ə.s) yada salanda ağlayar, danışmaqda çətinlik çəkərdilər. Rəsulullahın mübarək evinin yanından keçərkən ayrılıq acısına dözə bilməyib üzlərini çevirər, o tərəfə baxmazdılar. 

      Məsələn, Abdullah bin Ömər (r.a)Rəsulullahı (s.ə.s) nə vaxt zikr etsə, mütləq ağlayardı. (Darimi, I, 40; İbn Sad, IV, 168)

       

      ***

       

      Rəsulullah (s.ə.s) qifarlı bir xanıma:

      “Bir su qabı götür, içinə duz at. Sonra örtüyə dəyən qanı onunla yu!” - deyə tövsiyə etmişdi.

      Həmin səhabə xanım ömrünün sonuna qədər dərin məhəbbət hissi ilə bu tövsiyəni tətbiq etdi. Suyuna duz qarışdırmadan patlarlarını əsla yumadı. Hətta öldüyü vaxt cənazəsinin yuyulacağı suya da duz qatılmasını vəsiyyət etdi. (Əbu Davud, Təharət, 122/313)

      Ömür boyu şiddətindən heç nə itirməyən, əksinə, güclənərək davam edən necə də böyük məhəbbət!..

      • Hits: 578 clicks

      Tecox component by www.teglo.info