Müşfiq XƏLİLLİ-ƏSL XOŞBƏXTLİK NƏDİR?

      Share

      Xoşbəxtlik haqqında düşünmək, oxumaq, yazmaq və eşitmək həmişə maraqlıdır. Bu haqda müxtəlif fikirlər və rəylər olsa da, onların hamısı xoşbəxt olmaq istəyən insanlar üçün maraqlıdır. Elə isə gəlin görək əsl xöşbəxtlik nədir?

      Əslində Xoşbəxtlik– gözlə görünməyən, ölçülməsi mümkün olmayan, alınıb satılmayan, mənəvi bir hissdir.

      Xoşbəxtlik –  insanın içindən doğur, xaricdən bunu almaq, ya da əldə etmək mümkün deyil.

      Xoşbəxtlik–bir xeyir iş görəndən sonra fərəh və sevinc hissi keçirməkdir. Təbii ki, bu hissi insana Uca Allah bəxş edir.

      Xoşbəxtlik– bazarlarda satılan, yalnız varlıların ala biləcəyi və kasıbların əldə edə bilməyəcəyi bir şey deyil.

      Xoşbəxtlik– eyni zamanda başqalarının ürəyini rahat etmək, onlara yardım edib onları sevindirməkdir.

      Xoşbəxtlik – faydalı bir elmin ardınca getmək, düzgün iş görmək və Allahın istədiyi kimi bir həyat yaşamaqdır.

      Xoşbəxtlik– həsəd, kin, nifrət və pis duyğuları ürəkdən silərək atıb, azad olmağı bacarmaqdır.

      Bir insan düşünün ki, palçıqdan tikilmiş bir evi var. Və bu insan kasıbçılıqdan dolayı 17 il eyni ayaqqabını geyinir. Eyni paltarı yuyub geyinir, söküləndə tikir, aradabir qırıq-quruq quru çörək tapır, onu da yağla yeyir, ayda bir dəfə dilinə ət dəyər və ya dəyməz. Bəli, bu insan İmam Əhməd bin Hənbəldir ki, bütün bunlara rəğmən yenə də özünü xoşbəxt sayırdı. Bizim indiki, müasir dövrün meyarları ilə götürsək, necə də bədbəxt və yazıq insandır – deyərik. Belə insan ömru boyu ancaq qəm-kədər içində yaşayar deyə düşünərik. Amma xoşbəxtlik insanın içində olur. Daxildə olan və insanı rahat edən o xoşbəxtlik hissini sahibindən başqa heç kim hiss edə bilmir və o xoşbəxtlik Allahla olan ünsiyyətə bağlıdır.

      Abdullah bin Abbas (r.a) gözlərinin nurunu itirərkən, xoşbəxtlik hissini heç itirmədi və o bilirdi ki, artıq ömrünün qalan hissəsini zülmətin əsarətində kor olaraq keçirəcək. Ancaq o, içindən gələn razılıq hissi ilə belə deyirdi:

      Allah götürsə də, gözlərimdəki nuru,

      Qəlbimdə və dilimdə qalacaq nuru.

      İslamın böyük alimlərindən biri  baxın bu barədə nə demişdir: “Düşmənlərim mənə nə edə bilər axı?! Mənim bağçam və cənnətim  mənim sinəmdə, mənim içimdədir. Hara getsəm mənimlədir. Onu məndən heç kəs ala bilməz. Həbs etsələr, cənnətimdə xəlvət yaşayacam, öldürsələr, şəhid olacam, vətənimdən sürgün etsələr, səyahət edəcəm”.

      Bəli, əsl məhbusluq–cismin həbs edilməsi deyil, ruhun şeytan tərəfindən həbs olunmasıdır. Həqiqi məhbusluq bədənin əsarətdə qalması deyil,insan iradəsinin nəfsə, həva-həvəsə təslim olmasıdır.

      Əsl əsir– nəfsinə əsir olan kimsədir.

      Əsl  azad insan isə–qəlbində  Allah sevgisindən başqa heç bir sevgiyə yer verməyəndir.

      Əsl bədbəxt – Allah və Onun Peyğəmbərindən uzaq qalan kəsdir.

      Əsl xoşbəxt isə –Allahı özünə şah damarından daha yaxın  hiss edəndir.

      Peyğəmbərimiz (s.ə.s) mömini vəsf edərkən, insanlığın xoşbəxtlik zirvəsini göstərərək belə buyurur: “Möminin halı təəccüb doğurur. Çünki onun hər halı xeyrinədir. Belə bir xüsusiyyət yalnız möminə xasdır. Sevinsə, şükür edər, bu onun xeyrinədir;başına bir bəla gəlsə, səbir edər, bu da onun xeyrinədir”.[1]

      Ey mömin, səbir et, kədərlənmə, çünki Allah rəhmət qapısını həmişə üzünə açıq saxlayır. Keçmişində nələr etmiş olsan da, sonunda səhvini anlayıb həqiqi peşmançılıq hissi ilə Ona dönsən, tövbən qəbul olunacaqdır.

      Kədərlənmə! Əgər kasıbsansa, xatırla ki, başqaları illər boyu borclar içində yaşayır.

      Kədərlənmə! Əgər maşının yoxdursa, başqaları şikəst və çolaq yaşayır.

      Kədərlənmə! Əgər övladını itirmisənsə, başqası bütün ailəsini bir qəzada itirmişdir.

      Kədərlənmə! Xəstələnmisənsə, başqası on illərdir yataqdan tərpənə bilmir.

      Kədərlənmə! Çünki heç nəyi geri qaytara bilməyəcəksən. Mürəkkəb qurumuş və kitablar bağlanmışdır!

      Kədərlənmə! Sənin duan var, Allaha açdığın əllərin və eşidilən müraciətin var!

      Kədərlənmə! Yer üzündə olan hər şeyi Allah sənin üçün yaratmışdır.

      Kədərlənmə! Sən ki yerdə gəzir, təmiz hava udur və saf sudan hələ də içə bilirsən.

      Kədərlənmə! Bu, yalnız düşmənini sevindirər.

      “Ruhdan düşməyin və qəmgin olmayın. Halbuki, əgər möminsinizsə, siz (Allah yanında inanmayanlardan) çox yüksəkdə durursunuz!”[2]

       


      [1]Müslim, Zöhd 64

      [2]Ali-İmran, 139

       

      • Hits: 572 clicks

      Tecox component by www.teglo.info