Alpay AZƏR-İndi oxuyan var?

      Share

      88 nömrəli avtobusa girən kimi bir-birimizi o dəqiqə tanıdıq. F. müəllimə universitetdə orta əsrlər tarixindən dərs demişdi mənə. “Salam, ay oğul,” – elə otura-otura üzümdən öpdü...

                  On ildən çoxuydu univeristeti bitirdiyim. Biləndə ki, diplom alandan bu yana özəl universitetlərin birində dərs deyirəm, üstəlik, müdafiə də eləmişəm, dedi ki, ay oğul, biləsən tələbələrim işləyəndə necə sevinirəm, sevinirəm ki, işsiz deyillər, özlərini dolandırırlar. 

      Ailəli olub-olmadığımı soruşdu, “evliyəm, iki qızım var” deyəndə, yenə sevindi, dalınca təsəlli verdi: “Vallah, hamısından yaxşı qızdı”. Bilmirəm, doğrudan, ürək-dirək verdi, ya yox, onsuz da belə şeyləri mən özümə dərd etmirdim.  Sonra gözlərini qıyıb soruşdu: “Ay oğul, tələbələrin oxuyur?” – “Oxuyanı da var, oxumayanı da,” – dedim. “Yox, ay bala, sizin vaxtınız tamam başqaydı, onda tələbələr əməlli-başlı dərs oxuyurdu. Seminarlara qrupun yarısı hazırlıqlı gəlirdi”. Qulaq asa-asa doxsanıncı illərin əvvəlləri tələbə olanda, Axundov kitabxanasına həftədə bir dəfə gedib lazım olan kitabları, elmi jurnalları əlifba sırasına uyğun kataloqlarda şifrələrini axtarıb tapıb balaca dördbucaq kağızlara (zayavka) yazmağım, yarım saat, qırx dəqiqə gözləməyim, onlar gələn kimi oxumağa başlamağım, vərəqdə qeydlər aparmağım yadıma düşür. Demək istədiyim odur ki, indi də o cür tələbələr var, onlar Axundov kitabxanasına tez-tez getməsələr də, evdə oturub lazım olan monoqrafiyaları, məqalələri saytlardan rahatca endirib, oxuyub, təhlil edə-edə sərbəst, buraxılış işləri yazırlar. Üstəlik, indiki tələbələr Avropa İttifaqının Erasmus proqramı vasitəsiylə Avropa universitetlərində magistraturaya qəbul olurlar, gedib orda konfranslarda çıxış edirlər.

                  “Yox, kim nə deyir desin, o vaxtkı tələbələrdən indi yoxdu,” – təqaüdə çıxmış qoca müəlliməm hələ də doxsanıncı illərin xiffətini edir. Yadıma düşür ki, bu pedaqoq o zamanlar tələbələrə mühazirələrdə evlənmək, boşanmaq məsələlərindən danışırdı, kişilərə məsləhətlər verirdi: “Bu gün-sabah evlənəcəksiz, ona görə xarakterli olun, bilin ki, evdə son söz kişinindi, kişi lazım olanda yumruğunu stolun üstünə vurmalıdı ki, arvad öz yerini bilsin”. Bir dəfə qabaq partada yan-yana oturmuş dörd oğlana qızlar eşitməsin deyə, pıçıltıyla demişdi: “Yeri gələndə, yumruq-şilləyə də keçmək lazımdı, yoxsa başınızda oturarlar”. Anti-feminist müəlliməmiz qızlara da məsləhətlər verirdi: “Ailə qurandan sonra ərinizin sözünə qulaq asarsız, qaynana-qaynatanızın hörmətini saxlayarsız, ən yaxşı sənət müəlliməlikdi, ay nə bilim karyera qurum, cəmiyyətdə, dünyada tanınım, belə şeyləri unudun getsin...” Bir dəfə isə iki-üç qız tələbəyə pıçıltıyla toy gecəsinin məziyyətlərindən danışmışdı, öz məssəbiynən həyəcanlarını yenməyə kömək etməkçün məsləhətlər vermişdi, qızlardan arxada oturan oğlanlarsa qulaqlarını şəkləyib xısın-xısın gülmüşdü.  Bir sözlə, bütün tələbələr F. nüəlliməyə maraqla qulaq asırdı, suallar verirdi və bu cür “mühazirələrə” görə onu sevirdik. Bircə arxada oturan üç-dörd oğlan müəlliməmizə qulaq asmırdı, onlar sakitcə öz aralarında kartla poker oynayırdı.

                  Günlərin bir günü dekan qəfildən öz müaviniylə auditoriyaya girdi, vəziyyəti yerindəcə anlayan dekan hirslə ona dedi: “Bu nə biabırçılıqdı?! Niyə dərs keçmirsiz?! Niyə tələbələrin qabağında dəftər, qələm yoxdu? Nə vaxta qədər belə davam edəcək?” – “Başa düşdüm, başa düşdüm, indi hər şey qaydasında olacaq,” – qorxa-qorxa, əsə-əsə cavab verən müəlliməmiz tez çantasını eşələməyə başladı, guya (olmayan) mühazirə mətnini axtarırdı. Başını bulayan dekan və müavini auditoriyadan çıxdı və tənbehlərə baxmayaraq, semestr “əvvəlki qaydada” davam elədi.

                  “Ehh, getdi o vaxtlar, ay bala. İndiki tələbələri ancaq kompyuter, feysbuk maraqlandırır”. Soruşdum ki, müəllim feysbukda varsız, həvəslə cavab verdi: “Hə, əlbəttə varam”, tez də profil ünvanını deyib ona dostluq göndərməyimi xahiş etdi. Sağollaşdıq, axşam dostluq göndərdim, tezcə də qəbul elədi məni. Profilinə girib baxdım ki, ən azı, gündə beş-altı status yazır. Çoxu da gənc ailələrə məsləhətlər, sağlam həyat tərzi, Flora Kərimovanın mahnıları, bir də zəmanədən giley idi.

       

                   17 dekabr, 2015 – 11 mart, 2016

      Bakı 

      • Hits: 594 clicks

      Tecox component by www.teglo.info