Əziz SULTANOV-QONŞU "QONŞU" OLSA...

      Share

      Rəvayətə görə, Əbu Dücanə həzrətləri bir neçə gün idi ki, sübh namazını qılan kimi, tez qalxıb gedirdi. Halbuki, peyğəmbərimiz (s.ə.s) onlara günəş çıxana kimi söhbət edər, onlar da səhərin bu gözəl mənəvi ab-havasından istifadə etmək üçün bir-biri ilə yarışardılar. Peyğəmbər aşiqi bu səhabənin hərəkəti, ümmətinə düşkün olan, onların bütün dərdləri ilə bir-bir maraqlanıb çarə tapmağı adət halına gətirən rəhmət peyğəmbərinin diqqətini çəkmişdi. Odur ki, bir gün Əbu Dücanəni hüzuruna çağırıb bu hərəkətinin, niyə sübh namazından sonra tələsik məscidi tərk etməyinin səbəbini soruşdu. Ən kamil müəllimin ən püxtələşmiş tələbələrindən biri olan Əbu Dücanə belə cavab verdi:

      “Ya Rəsulallah! Evdə balaca uşaqlarım var. Qonşumuzun bağçasındakı xurmanın budaqları isə mənim həyətimə sallanır. Bu ağacın yetişən meyvələrinin bəzisi bizim tərəfə tökülür. Birdən, uşaqlar səhər tezdən oyanar, qalxıb həyətə çıxar və qonşumun bağçamıza tökülən xurmalarını yeyərlər deyə narahat oluram. Buna görə də uşaqlar qalxmadan, tez gedib o xurmaları yığıram və qonşumun qapısının qabağına qoyuram. Uşaqlarımın mədəsinə haram loğma girməsini istəmirəm”.

      Peyğəmbərimiz (s.ə.s) onun bu cavabından razı qaldı və onun bu hərəkətinə təbəssüm edərək qarşılıq verdi.

      Əslində, sadəcə bu gözəl səhabə xatirəsini xatırlamaq özümüzü haqq tərəzisində çəkmək üçün kifayət edər.Bu rəvayətdəbizə əyan olan:sübh namazının camaatla qılınmasındakı fəziləti, namazdan sonra məsciddə bir müddət gözləyərək zikr və faydalı söhbət sünnəsini, qonşu haqqına qarşı həssaslığı, nəsil təlaşı ilə uşaqların haramla qidalanmamasınadiqqəti,din qardaşının narahatlığına qarşı verilən reaksiyanı, yaşayaraq təbliğin təsir gücünün mahiyyətini... təəssüf ki, xarici dildə çəkilmiş olan maraqlı bir film kimi izləyib kənara qoyuruq, sadəcə...

      Peyğəmbərimizin Mədinəyə hicrəti zamanı yeddi ay müddətində Əbu Əyyub əl-Ənsarinin evində qaldığını bilirik. Bu müddəti həm qonaq olaraq qalmaq, həm də bir qonşuluq əlaqəsi olaraq qiymətləndirmək olar. Belə ki, Əbu Əyyub evinin bir mərtəbəsini peyğəmbərimizə ayırmış, digərində isə ailəsi ilə birlikdə özü qalırdı. Ustanın dühasını görmək üçün əsərlərinə baxmaq lazımdır, yəqin ki! Bu baxımdan Əbu Əyyubun bir hərəkətini burada xatırlatmaq istəyirəm: Əbu Əyyub təklif edir ki, peyğəmbərimiz üst mərtəbədə qalsın; çünki özləri üstdə olsalar, ayaq səsləri ilə onu narahat eləmək istəməzdilər. Amma rəsulullah (s.ə.s) özü alt mərtəbədə qalmaq istəyir ki, mənim yanıma gələn-gedən çox olacaq, siz altda olsanız daha çox narahat olacaqsınız... Beləcə, onlar peyğəmbərin bu təkidinə dirənə bilməyib üst mərtəbədə qalırlar. Bu, onlar üçün çox çətin gəlirdi: səs çıxmasın deyə otaqların kənar tərəflərində gəzir, divar dibində yatırdılar... Bir gün, insanlıq halıdır, bir su qabı əllərindən düşüb qırılır və suyu döşəməyə tökülür. Böyük bir həyəcan və təşvişlə əllərində su çəkəcək nə varsa - paltar, yorğan demədən tez yerə sərib suyu qurudurlar ki, birdən aşağı qonşularının: Hz. peyğəmbərin üzərinə tökülüb onu narahat edər. Səhər açılanda Əbu Əyyub məsələni bir daha peyğəmbərimizə açır və bundan belə üst mərtəbəyə qalxmayacağını deyir. Onların bu halları ilə daha çox narahat olduqlarını görən rəhmət peyğəmbəri razılaşır və üst mərtəbəyə köçərək orada qalmağa davam edir.

      Alt-üst qonşular üçün tətbiq edilməsi çox çətin bir meyar oldu, bilirəm, amma peyğəmbər tərbiyəsi budur, islami qonşu həssaslığı budur!

      Hansı qonşunun daha çox haqqa sahib olduğunu soruşan Hz. Aişə (r.anhə) anamıza: “Qapısı sənə ən yaxın olanı” – deyə cavab vermişdi,Rəsulullah (s.ə.s). Amma iş sadəcə ən yaxın qapı ilə bitmir. Digər haqq sahibi qonşuları da unutmamaq lazımdır. Digər qonşular dedikdə, Hz. Aişə anamız bu ölçünün evin “hər tərəfini ehtiva edən qırx qonşu”ya qədər genişləndiyini, buna bənzər bir görüş olaraq Hz. Əli (r.a) da: “səsi eşidilən qonşu”lar olduğunu ifadə etmişdir.

      Hz. Peyğəmbərimizin, ona qonşu sayılan yəhudi bir uşağı belə xəstələndiyi zaman ziyarət etdiyini, onun bu vəfakarlığını, sevgi dolu münasibətini görüb müsəlman olan o uşaq haqqında: “bu uşağı cəhənnəmdən qurtaran Allaha şükürlər olsun!”(Buxari)buyuraraq bu isti münasibətin daim xeyirlərə səbəb olacaq bir nemət olduğunun şüurunda və şükründə olan bir peyğəmbər olduğunu bilən biz ümməti üçün qoyduğu meyarlar, bəlkə, bizə çətin görünsə də, əslində cəmiyyəti ehya edici, iflah edici, rifaha yönləndirici ölçülərdir. Belə ölçülərdən biri də, yəqin ki, tətbiqində ən çox çətinlik çəkdiyimiz bu hədisi-şərifdir: “Səninlə əlaqəni kəsənlə, sən əlaqəni kəsmə! Sənə verməyənə, sən ver! Sənə pislik edəni, sən bağışla!”(İbn Hənbəl)

      • Hits: 405 clicks

      Tecox component by www.teglo.info