Aqil ƏLİYEV-Allah və Rəsulunun ƏMANƏTİ

      Share

      Bir çoxumuz Allah Rəsulunun (s.ə.s) müqəddəs əmanətlərindən xəbərdarıq. Ayaqqabısı, saqqalı-şərifi, qılıncı, qalxanı və s. Bunları görməyi, əlimizlə toxunmağı çox istəyirik. Hətta qorumaq üçün bizə versəydilər, göz bəbəyimiz kimi mühafizə edərdik. Bunların cansız bir əşya olduğunu bildiyimiz və bizə bu əmanətlərə sahib çıxmağı vəsiyyət etmədiyi halda, yenə də Rəsulullahdan (s.ə.s) bizə qalan müqəddəs əmanət olduğu üçün hörmət və izzət göstəririk.

        Amma sahib çıxmağı, yaxşı davranmağı, göz bəbəyimiz kimi qoruyub baxmağımızı nəsihət və vəsiyyət etdiyi əmanətə qarşı bir çoxumuz səhlənkarlıq göstərir, sanki duymamazlıqdan gəlməyə çalışırıq.

        Bunun üçün də bu mövzumuzda elə bir əmanətdən bəhs edəcəyik ki, Allah Rəsulu (s.ə.s) həm bu əmanətə özü diqqət etmiş, həm də ümmətinə bu mövzuda çox diqqətli və anlayışlı olmağı tövsiyə etmişdir. Bu müqəddəs əmanət - məhz hər birimizin anası, bacısı, həyat yoldaşı olan qadındır. Qadınlar və yetimlər Allah Rəsulunun (s.ə.s) bizlərə vəsiyyət etdiyi əmanətlərdir. Peyğəmbərimiz (s.ə.s)belə buyurmuşdur: “İki zəif haqqında diqqətli olun;bunlar qadın və yetimdir”. (İbni Macə, Ədəb)Çünki bunların hər ikisi zəif, incə, tez qırıla bilən və himayəyə möhtac kimsələrdir. Bununla yanaşı,qadınların xarakter və yaradılışlarından gələn bəzi psixoloji halları vardır ki, buna görə də biz kişilər onlarla gözəl və anlayışlı rəftar etmək məcburiyyətindəyik.  Allah Rəsulu (s.ə.s) qadınlardan mükəmməllik gözləməmək xüsusunda kişilərə xəbərdarlıq etmiş,belə buyurmuşdur:“Qadın qabırğa sümüyündən yaradılmışdır. Hər zaman səni razı etməyə bilər. Əgər ondan faydalanmaq istəsən bu halı ilə faydalana bilərsən. Əgər dəyişib düzəltmək istəsən qırarsan;qadının qırılması boşanmasıdır”.(Müslim, Rada, 59)

      Allah Rəsulu (s.ə.s) kişilərə xanımlarına qarşı kin saxlamamağı və əfvedici olmağı tövsiyə edərək buyurmuşdur: “Heç biriniz xanımına kin saxlamasın. Onun hər hansı bir xasiyyətini bəyənməzsə, bəyənəcəyi başqa yönünə baxsın”. (Müslüm, Rada, 61)

      Ailə problemlərində kişilərin etdiyi ən böyük xəta küsmək və kinli davranmaqdır. Bəzi hallarda xanımın xəta və nöqsanları qarşısında əri onunla əlaqəsini kəsir, evi otel kimi görür, vaxtını televizor və internetlə keçirməyə başlayır. Halbuki hər bir problem danışıb-bölüşməklə açıqlığa qovuşur. Qurani-Kərimdə də belə buyurulur: “İtaətsizliklərindənqorxduğunuz zaman nəsihət edin”.Rəbbimiz “itaətsizlik edəndə nəsihət edin” buyurmamış, “itaətsizliyindən qorxduğunuz zaman, özbaşınalıq etməyindən narahat olduğunuz  zaman nəsihət edin” buyurmuşdur. Qadınların xətalarına qarşı ilk addımın hər zaman gözəllikləxəbərdarlıq etmək olduğu bizə bildirilmişdir.

      Kişilərin hər mövzuda olduğu kimi, ailəni idarə edərkən də nümunəsi Allahın Rəsulu (s.ə.s) olmalıdır. Peyğəmbərimizin xanımları iləmünasibəti necə idi? Onlara necə davranardı?

      Allahın Elçisi xanımlarına yaxşı davranar, onları səbirlə idarə edərdi. Hər şeydə olduğu kimi bu işdə də əsas yol, metod səbirdir;eyni zamanda onları bir əmanət kimi görməkdir. Vida xütbəsində belə buyururdu:“…Siz onları Allahın bir əmanəti olaraq alıb, namuslarını yenə  Allahın əmri ilə halal hala gətirdiniz. O halda Allahın əmanəti  xüsusunda (haqsızlıq və pislik etməkdə) Allahdan qorxun…” (Vida Xütbəsindən)

      Allah rəsulu evə salam və gülərüzlə girərdi. Qurani-Kərimdə belə buyurulur:“Evərinizə girdiyiniz zaman Allah tərəfindən bərəkət və gözəl bir sağlıq diləyi ilə özünüzə (ev əhlinizə, heç kim yoxdursa öz-özünüzə) salam verin”.(ən-Nur, 61)Hər sabah və ikindi vaxtı bütün xanımlarını tək tək ziyarət edər, onların əhvalını soruşar, onlarla maraqlandığını göstərərdi.Onlara qarşı çox səbirliydi. Xanımlarına son dərəcə yumşaq davranar, onların qüsurlarını görməzdən gələrdi.Onlarla zarafatlaşar və zarafatlarına iştirak edərdi.Onların könüllərini xoş edəcək işlər görər, xətaları qarşısında onlara kin tutmaz, əfv edərdi.Belə hallarda bəzən susar, xanımının xətasını anlamasına fürsət verərdi.Xanımlarına önəm verdiyini öz davranışları ilə göstərərdi. Hər şeyə hirslənməz, sevgisini sözləri ilə yanaşı, davranışları ilə də göstərməkdən çəkinməzdi.

      Bu davranış, həqiqətən də, çox mühümdür: sevmək və sevdiyini hissetdirmək.Qadınlar üçün sevgi hava, su, yemək-içmək qədər mühümdür.Hələ kiçiklikdən qız uşaqları valideynlərinin üz ifadələrini təqib edərlər.Valideynlərindən sevgi ala bilən qızlar gələcəkdə ona sevgi göstərən bir başqasına daha çox bağlanıb sevgisinə qarşılıq verərlər.Gəlin biz də sevdiklərimizə bunu  həm sözümüzlə, həm də davranışlarımızla hissetdirək. Bugünkü problemlərin əsas səbəbi sevgisizlik və laqeydlikdir. Gəlin, Allah Rəsulunun (s.ə.s) müqəddəs əmanətinə sahib çıxaq. Bəlkə dəbütün dünyada fədakarlıqda,əzab-əziyyətlərə qatlaşmaqda tayı-bərabəri olmayan analarımızın, bacılarımızın, yaxınlarımızın və həyat yoldaşlarımızın ildə bir dəfə deyil, hər zaman dəyərini və qədrini bilək.Unutmayaq ki, sorğu-sualımızın bir hissəsi də ailə içindəki davranışlarımızdan olacaqdır.

      • Hits: 424 clicks

      Tecox component by www.teglo.info