MÜSAHİBƏ-İttifaq baba

      Share

      “Bismillah”la keçən ömür...

      -İttifaq baba ilə müsahibə-

      İrfan: Özünüzü təqdim edərdiniz, zəhmət olmasa.

      İttifaq baba: Anadan olma tarixim dəqiq bilinməsə də, təxminən 1936-cı ildə Qəbələ rayonunun Vəndam kəndində dünyaya gəlmişəm. Sovetlər dövrünə - məscidsiz, “bismillahsız” dövrə rast gəldik. Sağını-solunu tanımayan bir həyat idi.

       Amma gözəl Allah nə elədisə, gözəl elədi; qəlbimizdə imanı şölələndirdi, doğru yola yönəltdi, məscidə gəlməyi qismət elədi, bizə qapılar açdı... Özümüzə qalsaydı, məscidin qabağından o tərəfə də keçərdik, bu tərəfə də... Allaha şükürlər olsun ki, bizi də yönəltdi. Şükür eləməli nemətlər elə misilsizdir ki, heç onun azcasını da təfəkkür eləyib qurtarmaq olmaz. Bir halda ki, Allah-Təala deyir ki, “sizə verdiyim nemətləri saya bilməzsiniz”.Bəs onda biz götür–qoy eləsək ki, bu qədər bitməz-tükənməz nemətlər var; hesab günündə, Allah-Təala buyurur ki, iynədən ipliyə qədər hesaba çəkəcəyəm, yenə orada da sığınacaq-barınacaq Allah-Təalanın özüdür. Yoxsa bizə qalsa, halımız, ancaq Allaha təvəkküldən ibarətdir. Allah rəhm eləsin, bu yoldan ayırmasın. Allah qəlbimizin həmişə özü ilə olmağına kömək eləsin.

      - Uşaqlıq illərinizdən yadınızda nə qalıb?Ailəniz haqda, o vaxtkı dolanışıq haqda danışardınız.

      - Bizim evimizdən yuxarıda, təxminən 300-400 m aralıda ibtidai məktəb var idi. Ora gedib-gələrdik. Qarda ayaqyalın gedirdik. Valideynlər də o günün sıxıntısından, bizi görüb demirdilər ki,- a bala, bu qarda ayaqyalın hara gedirsən? Belə olduğu halda insanların tək düşüncəsi bu idi: məktəb, məktəb... İndi də bu var, həm də daha yüksək səviyyədə. Uşaqlar bir də hazırlıq kursuna gedirlər. Əsl hazırlıq kursu Allahın qarşısına çıxan günə lazımdır. Amma insanlar pul qoyur, borca girir, hər şeyindən keçir ki, uşaq hazırlıq kursuna getsin. Bəs bizim əsl hazırlıq kursumuz qıraqda qalsın? Birdən xəbər gəlir ki, filankəs ölüb, yüyür get mollanı çağır. A qardaş, daha adam öləndən sonra molla nağarsın? Sən Allahın hazırlıq kursunda heç olmasa doyunca “bismillah” deməmisən, indi geriyə nə qalıb ki? Yenə də Allah islah eləsin, Allahın rəhmətindən heç kəs ümidini kəsməli deyil.

      - Müharibəni görmüsünüzmü, baba?

      - Müharibə illərində mən balaca idim. Belə bir söz var idi, “gündüz axşama kimi, gecə səhərə kimi, əmmoo çörək, deyib ağlamışam...” Bizim böyrümüzdə, yaxınımızda sayını bilmirəm, nə qədər adam acından öldü. Mən bunun şahidiyəm, gözümün qabağında, qonşumuzda, çox adamlar acından qırıldı... Hər halda o qıtlıq da günahların çoxluğundan vücuda gəlmişdi, Allah günahlarımızdan keçsin. Mənim bir xəstəxana yoldaşım var idi, belə yazmışdı: “Göydən yağdır, yerdən bitir. Şükür edək sənə biz,həm gecə, həm də gündüz...” Şeirinin adı da “Nəzirə” idi. Öz adı Ağakişi idi. “Bismillah”ın lap azaldığı dövr idi. Amma o rəhmətliyin yanına xəstəxanaya o qədər adam gələrdi ki, ona gətirilən yeməklər bütün etaja yetirdi. O qədər səxavətli, şəfqətli, mərhəmətli, imanlı bir adam idi, rəhmətlik. Dünyanın o qaranlıq vaxtında belə adamlar da var idi. Səməd baba da belə dövrü görüb. Allahın köməkliyi ilə haramlara və bu kimi başqa yollara düşməyib.

      - Baba, namaza nə vaxt başladınız?

      - Dəqiq vaxtı yadımda deyil, amma qonşumuzda bir molla var idi. Bir gün bir dəftərlə qələm götürüb getdim ki, namazı yazsın. O da, rəhmətlik, bacardığından mənə yazıb öyrətdi.

      - Sovet vaxtı idi?

      - Bəli, bəli... O dəftəri qabağıma qoyurdum, o deyənləri ora baxa-baxa edirdim. “əlhəm” oxuyurdum, “qulhuvallah” oxuyurdum... Heylə-heylə Allah-Təalanın köməyi ilə başladıq.

      - Ərəbcə oxuya bilirsinizmi?

      - Çox şükür, oxuyuram. O da belə olmuşdu ki, bir gün dedim ki, kim mənə bu əlifbanı öyrətsə, beş dənə yüzlük verəcəyəm. Doxsanıncı illər idi... Hətta Saleh kişi dedi ki, mən neçə illərdir filankəslərin yanına getmişəm, onu öyrənmək olan şeydir ki? Heç kəs yaxın durmasa da, mən dayanmadan öyrənməyə çalışırdım. Gah Odlar Yurdu qəzetindən bir-iki hərf öyrəndim, gah başqa yerdən... Allah “istəyin, verim!” deyir də, beləcə yavaş-yavaş başladım oxumağa.

      -Qəbələdən molla Əhməd baba vardı, o yadınıza gəlirmi, onu necə xatırlayırsınız?

      - Allah ondan razı olsun, rəhmət eləsin, qəbrini Quran nuru ilə pür-nur eləsin, cənnət bağçalarından bir bağça eləsin... O da, Səməd baba kimi, günahlarla yüklənməmiş, təmiz, gözəl bir həyat yaşamış adam idi. Bizim başqasında qüsur axtarmağa ixtiyarımız  yoxdur. Qüsuru olubsa da, Allah əfv etsin. Saleh əməllilər kimi, həşr günü öz qarşısına üzüağ, qəlbi-səlim, özü razı olduğu kimi çıxartsın...

      - Baba, o vaxtkı, keçmişdəki ailələrlə indikilər arasında nə kimi fərq görürsünüz? O vaxtkı kişilərlə indikiləri müqayisə eləsək nə deyə bilərsiniz?

      - O dövrdə savadsızlıq çox idi. Elmsizlik həddi aşmışdı. Türk qardaşlarımızdan Allah razı olsun! Erməni-müsəlman davasında neçə dəfə bizə ermənilərə qarşı kömək ediblərsə, bunu deyib qurtarmaq olan şey deyil... Bir qoca kişi var idi, deyərdi: “türk gəldi, nə gəldi...!” Bizim həyətdə atam darvazanın dalına hasar tikdi ki, görək bir də gələn olsa, nə edərik. Qalan camaatın hamısı dağa çıxmışdılar. Belə bir qorxunc vəziyyətdən türklər bizi neçə dəfə xilas ediblər. İndi də, sağolsunlar, gəlib mənəviyyatımıza da yiyə çıxdılar. Doxsanıncı illərdə çoxlu-çoxlu ədəbiyyat, kitab gətirdilər... Əvvəllər hədis oxuya bilmirik, kitab yoxdur deyirdik. İndi evimdə dörd cild İhyau-Ulumiddin kitabı var. Allah “istəyin, verim!”-  dedi. İndi mənəviyyat kitabları o qədər çoxalıb ki, hamısını oxumağa vaxt da çatmır. Namaz qılırıq, bir-iki iş görürük, bir də görürsən ki, kitab oxumağa vaxt qalmadı. Bir də deyirəm ki, Allah bu kitabların da hesabını soruşacaq ki, bunları niyə açmadınız, oxumadınız? Ona görə də, heç olmasa aradabir açıb bir-iki səhifə oxuyub faydalanırıq. İndiki mənəviyyatda, maddiyyat da hesaba gələn deyil... Bunu insanın ağlı hesab tərəzisində çəkə bilməz... Allah hesabımızı rahat eləsin.

      - İbadət bizə nə verir, hansı şüuru qazandırır?

      - İbadət insanı günahlardan qoruyur. Həzrət Mövlana buyurub ki: “Allahdan qeyri olan söhbətdən də bezaram, bu söhbəti eləyənlərdən də...” Allah-Təala həmişə bizimlədir. Bizə də soruşacaq, “mən sizinlə idim, siz kiminlə idiniz?” Müsəlman kimi yaşamağa və müsəlman kimi son nəfəsimizi verməyə, kəlmeyi-şəhadətlə bu dünyadan köçməyə Allah-Təala özü kömək eləsin. Allahın razılığı ən ali nemətdir, ondan ali nemət yoxdur. Allahın camalına da onun razı olduğu bəndələri tamaşa edə biləcəklər. Allah-Təala bütün dindaşlarımıza, müsəlman bacı-qardaşlarımıza yardım eləsin. Qüvvə versin, islahlıq, mülayimlik, Allahın razılığı üçün olan əməllər qismət eləsin. Nizami, Allah ona rəhmət eləsin, deyir ki:

      “Sən ey xatirəsi könlümə həmdəm,

      Adın düşməyibdir bir an dilimdən.

      Bir Səni çağırır cahanda səsim,

      Xatirən olmasa batar nəfəsim”.

      Beləsi nəsihətləri, Allah dostlarının məsləhətlərini oxumaq lazımdır. Yenə deyir ki:

      “Çalış, öz xalqının işinə yara,

      Geysin əməlindən dünya zərxara,

      Hər kəs ki, yetmədi ağıldan bara,

      Oxşar insansifət əjdahalara...”

      Bunlar Allah-Təalanın peyğəmbərlər və övliyalar vasitəsilə gələn hikmətləridir. İnsanları yönəldir ki, bax, islami bir həyat yaşayın. İndi o “bismillah”sız dövrün günahlarından xilas olmaq üçün gərək çalışaq ki, Allah-Təala da bizə yardım eləsin.

      - Halallıq o vaxt çox idi, yoxsa indi?Halallığın nə əhəmiyyəti var?

      - Halallıqla yeməyənin ibadətində nə fayda var ki? İşin başı halal loğmadır. İndi mən evdəkilərin himayəsindəyəm, yəqin ki, uşaqlarım da halalı-haramı yaxşı bilirlər. Üç oğlum var. Onlar da bacardıqları kimi, namazlarını qılır, oruc tuturlar...

      - Səksən illik bir ömür yolu keçmisiniz. Dönüb arxaya baxanda nə görürsünüz?

      - Arxada yaxşı olmayan şeyləri çox görürəm. Qabaqda da, Allaha yalvarıram ki, ay Allah, o dövrdə olanların əvəzini səndən istəyirik. Yardım elə bizə, keç günahımızdan, ya Rəbbi!

      - Ömür uzundu, yoxsa qısa?

       - Faydalı ömür uzun olsa yaxşıdır. Amma bizim o keçmiş “bismillahsız” ömrümüz uzun olub nə qazandırar, qısa olub nə işə yarayar? İndi Allaha şükür, öz yoluna döndərdi, ona şükrümüzü artırmalıyıq.

      - Övladlarınıza həmişə nəyi tövsiyə eləmisiniz? Elə İrfan oxucularına da eyni tövsiyəni edərdinizmi?

      - Övladlarımıza da, Allahın qoyduğu bu doğru yolda büdrəməmək, yıxılmamaq arzulamışam. Bizə qalsa, biz heç kimik, heç nəyik. Ona görə də, ancaq Allahdan yardım istəməliyik ki, bu qədər maddi-mənəvi nemətlərin şükrünü edə bilək.

      - Allah razı olsun, təşəkkür edirik?

      - Mən də sizə təşəkkür edirəm.

       

      • Hits: 412 clicks

      Tecox component by www.teglo.info