Səfa MURADOV-Bir Hədis

      Share

      عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: «مَا زَالَ يُوصِينِي جِبْرِيلُ بِالْجَارِ، حَتَّى ظَنَنْتُ أَنَّهُ سَيُوَرِّثُهُ»

                  Hz. Aişədən (r. anha) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Cəbrayıl mənə qonşuluq haqqında o qədər nəsihət etdi ki, qonşunun qonşuya varis olacağını zənn etdim”. (Buxari, Ədəb, 28; Əbu Davud, Ədəb, 131)

                  İslam dini insanlar arasındakı münasibətlərdə qonşular arasındakı əlaqələrə böyük önəm vermişdir. Allah-Təala Qurani-Kərimdə Nisa surəsinin 36-cı ayəsində qonşulara qarşı gözəl davranmağın əhəmiyyətinə işarə edərək bunun nə qədər mühüm bir məsələ olduğunu bildirmişdir. Yuxarıda qeyd etdiyimiz hədisi-şərif də qonşuluq əlaqələrinin önəminə diqqət çəkməkdədir. Rəsulullahın (s.ə.s) “qonşunun qonşuya varis olacağını zənn etdim” buyurması və həyatı boyunca da qonşuluq əlaqələrini canlı tutması, onun qoyduğu sünnənin davamçısı olan hər bir müsəlman üçün sağlam bir nəbəvi sünnədir. Qonşusuna əziyyət edənin imandan nəsibi olmadığını, qonşusuna ikram edib gözəl davranmanın imanın əlaməti olduğunu, Allah qatında ən xeyirli qonşuların, qonşusuna qarşı xeyirli davrananlar olduğunu bildirən Allah Rəsulu (s.ə.s) cəmiyyətin birlik, bərabərlik və qardaşlıq içində olması üçün qonşuluq əlaqələrinin sağlam tutulmasına önəmlə diqqət çəkmişdir. Bir hədisi-şərifində, Əbu Zərrə (r.a) xitabən:“Ey Əbu Zərr! (Evində) şorba bişirdiyin zaman suyunu çox qat. Qonşularını da nəzərə al.!” buyuran Rəsulullah (s.ə.s), “Qonşusu ac ikən özü tox yatan bizdən deyildir” buyurmaqla maddi mənada da ilk yardım olunacaqların qonşular olduğunu bəyan etmişdir. Bu mənada Allah Rəsulu (s.ə.s) “Bir-birinizə hədiyyə verin. Çünki hədiyyələşmək könüllərdəki inciklikləri yox edər. Bir-birinə qonşu olan xanımlar da hədiyyələşməyi az görməsinlər;verdikləri şey kiçik bir qoyun parçası olsa belə...” buyuraraq qonşuluq əlaqələrinin canlı tutulmasında qadınların da roluna diqqət çəkmişdir. Çünki qadınlar qohumluq və qonşuluq əlaqələrinin sağlam təsis edilməsində əsas rol oynamaqdadırlar.

                  Yuxarıda qeyd etdiyimiz ayeyi-kərimə və hədisi şəriflərdə qonşuluq əlaqələrinin nə qədər əhəmiyyətli bir mövzu olduğu anlaşılmaqdadır. İnsanların dar günlərində ilk yardımlarına gələn, dərdli olduqları zaman dərdlərini ilk bölüşən qonşulardır. Allah və Rəsulunun tövsiyə etdiyi təməllər üzərində qurulan qonşuluq əlaqələrinin bəhrəsi olaraq sağlam bir cəmiyyət ortaya çıxar. Qonşuluq əlaqələrinin sağlam olduğu cəmiyyətlərə hüzur, güvən, sevgi, birlik, bərabərlik kimi müsbət keyfiyyətlər hakim olar. Çünki insan sosial bir varlıqdır. Qonşusuna güvən verən və qonşusundan zərər gəlməyəcəyinəinanan insanın həyata baxışıyla, qonşusundan şübhə edən və hər an zərər gələcəyini düşünən bir insanın həyata baxışı tamamilə bir-birindən fərqlidir. Nəticə olaraq, sağlam cəmiyyət, sağlam qonşuluq əlaqələrinin nəticəsində ortaya çıxar.

       

      • Hits: 417 clicks

      Tecox component by www.teglo.info