Osman Nuri TOPBAŞ-Cənnəti Satın Almaq

      Share

      Allah-Təala biz aciz bəndələrini yoxdan var edərək varlıqlar arasında insan, insanlar arasında əhli-iman, əhli-iman arasında da Rəsuli-Əkrəm r -ə ümmət etdi. Heç bir qarşılıq ödəmədiyimiz halda tamamilə ilahi lütflə bu əzəmətli nemətlərə nail olduq.

      Bəli, dünyaya heç bir qarşılıq ödəmədən gəldik. Lakin axirətə qarşılıq ödəyərək gedəcəyik. Çünki Haqq-Təala saysız-hesabsız nemətləri müqabilində bizdən şükür etməyimizi istəyir. Ayeyi-kərimələrdə belə buyurulur:

      “Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz...” (ən-Nəhl, 18)

      “Sonra da həmin gün (Allahın dünyada sizə əta etdiyi) nemətlər barəsində mütləq sorğu-sual olunacaqsınız!”. (ət-Təkasür, 8)

      Bu da bir həqiqətdir ki, əvəzi verilməyən bir şeyə sahiblik iddia etmək boş zəhmətdir. Bir mömin olaraq bu dünyada əvəzini ödəməli olduğumuz ən qiymətli varlığımızsa “iman”ımızdır.

      Həmd olsun ki, Allahın “Hadi” sifətinin təcəllisinə məzhər olaraq imanla şərəfləndik. Lakin Haqq-Təala:

      “Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!” (Ali-İmran, 102) buyurur.

      Diqqət edərsək, Rəbbimiz bizə “müsəlman olaraq can verərsiniz” buyurmur. Yəni son nəfəsi imanla verə bilməyə dair zəmanətimizin olmadığını, hər an ayağımızın büdrəmə təhlükəsi ilə qarşı-qarşıya olduğumuzu bildirir. Lakin əlimizdən gələni əsirgəmədən imanla can verməyimizi əmr edir. Çünki bu imtahan həyatı bir dəfəyə məxsusdur. Nə təkrarı var, nə də düzəltmə imkanı...

      Elə isə müsəlman olaraq can verə bilmək üçün canımız bahasına da olsa imanımızı qorumaq, bu xüsusda heç bir səhlənkarlığa yol verməmək və hər bir halda ona sahib çıxmaq məcburiyyətindəyik.

      Həyatda ən çətin şey iman nemətinin əvəzini tam mənada ödəyə bilməkdir. Çünki bunun müəyyən bir sərhəddi yoxdur. Ona görə də son nəfəsimizə qədər bütün imkanlarımızla Allah yolunda cəhd edib Haqq-Təalanın rəhmət və məğfirətini ümid etməyimiz şərtdir.

      Çünki iman ilahi bir lütf, imtahan imanın keyfiyyətini ölçən meyar, mömindən gözlənən ibadət, təqva, ehsan, səbir, şükür, fədakarlıq, xidmət və təslimiyyətlə imanı mühafizə etməksə Allahın izni ilə ilahi mükafatlara nail olmağın əvəzidir. Yəni Haqq-Təala lütf etdiyi iman nemətinin qiymətini dərk etməmiz üçün biz qullarından bir növ əvəz istəyir. bu əvəzin necə veriləcəyini də belə bəyan edir:

      "Allah möminlərin canlarını və mallarını vəd edilmiş Cənnət müqabilində satın almışdır..." (ət-Tövbə, 111)

      Deməli, yaşadığımız bu imtahan aləmi Cənnətin satın alınacağı bazar hökmündədir. Bu bazarda ən böyük sərmayəmizsə canlarımız və mallarımızdır. Əslində can və mal kimindir? Canı verən kim, malı verən kim?.. Haqq-Təalanın ehsan etdiklərini yenidən Ona təslim və təqdim etməkdən ibarət olan imtahan içindəyik. Qurani-Kərimdə bunun misallarını çox görürük.

      İbrahim əleyhissalam... O böyük peyğəmbər canı, malı və övladı ilə imtahan edildi. Tövhidi müdafiə etmək üçün Nəmrudun qaladığı dağ boyda tonqala atılmağa razı oldu. Od gülüstana çevrildi. Malını Allah üçün fəda etdi, Xəlil İbrahim bərəkətinə nail oldu. Allaha nəzir etdiyi övladını Onun yolunda qurban etməyə razı oldu, Allah da ona həm övladını bağışladı, həm də Cənnətdən qurban göndərdi. Beləliklə, Xəlilullah oldu, Allahın dostluğuna nail oldu.

      Yenə Rəbbimiz Qurani-Kərimində verəcəyi Cənnət müqabilində canlarını və mallarını satın aldığı bir çox iman qəhrəmanlarının misalını verir:

      Əshabi-Uxdud odunla dolu xəndəklərə atılarkən, Həbibi Nəccar zalım bir qövm tərəfindən daşlanarkən, Fironun sehrbazları Musa u-a iman etdikləri üçün qolları və ayaqları çalın-çarpaz kəsilib xurma ağacından asılarkən, Allahdan onları bu zülm və işgəncədən xilas edib dünya aləmində rahatlığa qovuşmaq istəmədilər. Onların yeganə arzusu imanları xüsusunda güzəştə getmədən müsəlman kimi can vermək idi. Bununla da, axirət nöqteyi-nəzərindən qazanclı çıxa bilmək idi. Bu səbəblə, hər hansı bir zəiflik göstərmədən:

      رَبَّنَا أَفْرِغْ عَلَيْنَا صَبْرًا وَتَوَفَّنَا مُسْلِمِينَ

      “…Ey Rəbbimiz! Bizə (bolluca) səbir əta et və bizi müsəlman olaraq öldür!” (əl-Əraf, 126) deyə niyaz etmiş və Rəblərinə şəhid olaraq qovuşmuşlar.

      Əsri-səadətə baxdığımız zaman da eyni ruhu və eyni iman həyəcanını görürük. Əshabi-kiram iman nemətinin əvəzini ödəmək üçün böyük cəfalara qatlandı. Uzun illər Məkkədə zülm, işgəncə və boykota məruz qaldılar. Evlərini, sərvətlərini, yurd-yuvalarını qoyub sırf qəlblərindəki imanı qorumaq məqsədi ilə Mədinəyə hicrət etdikləri zaman isə bir tərəfdən müşriklər, bir tərəfdən münafiqlər, bir tərəfdən də yəhudilərin, yəni üç tərəfdən onları sıxan məngənənin arasında tövhid və var olma mücadiləsi apardılar.  

      İman uğrunda ən ağır işgəncələrə məruz qalan səhabələrdən biri olan Habbab bin Ərət t belə nəql edir:

      “Bir gün Allah Rəsulu r Kəbənin kölgəsində ikən yanına gedib müşriklərdən gördüyümüz işgəncələrdən şikayət etdik. Sonra da bu işgəncələrdən qurtulmaq üçün Allahdan yardım istəməsini bildirdik. O isə bizə belə buyurdu:

      "Sizdən əvvəlki nəsillər arasında yaxalanıb bir çuxura qoyulan, sonra mişarla başdan-ayağa iki yerə bölünən və dəmir dırmıqlarla ətləri dırmıqlanan, lakin yenə də dinindən dönməyən möminlər olmuşdur. Allaha and olsun ki, O, bu dini tamamlayıb hakim qılacaq... Sadəcə olaraq siz səbirsizsiniz..." (Buxari, Mənaqibul-Ənsar 29, Mənaqib 25, İkrah 1)

      Əshabi-kiramdan Abdullah bin Rəvaha t Aqabə beyətində iştirak edən mədinəlilərdən biri idi. Mədinəlilər Aqabədə yalnız Allaha ibadət edib şirk qoşmamaq və Rəsulullah r -i öz canlarını qoruduqları kimi qorumaq üzrə beyət etdikdən sonra soruşdular:

      - Belə edəcəyimiz təqdirdə bunun qarşılığında bizi nə gözləyir?

      Allah Rəsulu r:

      - “Cənnət!”- buyurdu. Bu zaman oradakılar:

      “Necə də karlı bir ticarət! Nə bundan dönərik, nə də dönməyi istəyərik”, - dedilər. (İbn Kəsir, Təfsir, II, 406)

      Adını zikr etdiyimiz Abdullah bin Rəvaha t Mutə dönüşündə bu karlı Cənnət ticarətini başa vurdu. Allah Rəsulundan şəhid olacağına dair müjdə aldıqdan sonra, döyüşdə can verəcəyini bilə-bilə heç qaşını da çatmadan, əksinə, böyük bir hüzur və təvəkkül göstərərək müharibəyə yollandı. Dünyanı şirin, ölümü isə acı göstərmək istəyən nəfsinin vəsvəsələrinə qulaq tıxayaraq, sərvətini beytul-mala, canını isə Allaha təqdim edərək Cənnətdəki ali məqama uçdu.

      Bir çox səhabə də “çata bildiyimiz son məkan qəbrimiz olsun” həyəcanı ilə dünyanın dörd bir tərəfinə səfər etdi. Həmin diyarlarda hal və dilləri ilə təbliğ edərək qəlblərə tövhid möhürü vurdular. Beləliklə də, Allah və Rəsulu ilə etdikləri beyətə sadiq qaldılar.

      Mədinəli müsəlmanların etdikləri bu beyətlə əlaqəli olaraq daha əvvəl də zikr etdiyimiz bu ayeyi-kərimə nazil oldu:

      "Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Çünki) onlar Allah yolunda vuruşub öldürür və öldürülürlər. (Bu, Allahın) Tövratda, İncildə və Quranda Öz öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdini yerinə yetirən kimdir? Elə isə sövdələşdiyiniz alış-verişə görə sevinin. Məhz bu, böyük uğurdur". (ət-Tövbə, 111)

      Əshabi-kiram daim bu ayə ilə imanını test edirdi. Çünki onlar hadisələri daim iman vəcdi ilə axirət pəncərəsindən seyr edirdilər. Rəsuli-Əkrəmin buyurduğu "Əsl həyat axirət həyatıdır" (Buxari, Riqaq, 1) həqiqətini layiqincə idrak etmişdilər.

      Bu səbəblə dünyəvi sıxıntılar, fani çilə və iztirablar onların gözündə əhəmiyyətini itirmişdi. Dünyada nəsib olan Rəsulullah r ilə bərabərlik səadətini axirətdə də yaşaya bilmək üçün Allah yolundakı bütün çilə və zəhmətləri sanki nemət və rəhmət bilmişdilər.

      Səhabədən Sad bin Heysəmə v Aqabə beyətlərində seçilən on iki təmsilçidən biri idi. Sad ilə atası Heysəmə Bədir günü kimin döyüşə gedəcəyini müəyyənləşdirmək üçün püşk atdılar. Püşk Sada çıxdı. Atası:

      - Oğlum, bu gün fədakarlıq et, məni özünə tərcih et, sənin yerinə mən gedim, - dedi. Sad:

      - Atacan, bunun sonunda Cənnətdən daşqa nə isə olsaydı, dediyini edərdim, - cavabını verdi.

      Nəhayət, Sad t sanki toya gedirmiş kimi Bədirə getdi və orada şəhadət şərbətini içdi. Atası Heysəmə də Uhud döyüşündə şəhidlik mərtəbəsinə yüksəldi. (İbn Həcər, əl-İsabə, III, 47, № 3156)

      Cabir bin Abdullah v da belə demişdir:

      “Uhud döyüşündən əvvəlki gecə atam məni yanına çağırıb belə dedi:

      “Mənə elə gəlir ki, Rəsulullahın səhabələrindən ilk mən şəhid olacağam. Rəsulullahdan sonra mənim üçün geridə qoyub gedəcəyim ən dəyərli adam sənsən. Borclarım var, onları ödə. (Yetim qalacaq bacılarınla) daim yaxşı rəftar et”.  

      Başqa bir rəvayətə görə bu iman həyəcanını oğluyla da paylaşmaq arzusunu belə dilə gətirdi:

      “Cabir, əgər evdə himayəyə möhtac qızlar olmasaydı, sənin də şəhid olmanı istəyərdim”.

      Cabir sözünə davam edərək belə deyir:

      “Ertəsi gün ilk şəhid olan adam atam oldu. Başqa bir şəhidlə onu bir qəbrə dəfn etdim. Sonra onu ayrı bir qəbrə dəfn etmək istədim. Altı ay keçəndən sonra onu məzardan çıxartdım. Nə görsəm yaxşıdır? Qulağı(nın bir hissəsi) xaric, bütün bədəni qəbrə dəfn etdiyim gün necə idisə, eləcə dururdu. Onu ayrı bir qəbrə dəfn etdim”. (Buxari, Cənaiz, 78)

      Həzrət Cabir t başqa bir rəvayətdə belə nəql edir:

      "Bir dəfə mən hüznlü halda ikən Rəsulullah r ilə qarşılaşdım. Məndən:

      - “Səni nə üçün belə kədərli görürəm?” – deyə soruşdu.

      - Atam Uhudda şəhid oldu. Ondan geriyə himayəyə möhtac böyük bir ailə və xeyli borc qaldı, - dedim.

      - “Allahın atanı necə qarşıladığını xəbər verimmi?” - buyurdu. Mən də:

      - Bəli, - dedikdə sözünə belə davam etdi:

      - “Allah heç kimlə üz-üzə danışmaz, daim pərdə arxasından danışar. Ancaq atanı dirildərək onunla pərdəsiz danışdı:

      - “Ey qulum, nə istəsən Məndən istə, verim!” - buyurdu.

      Atan:

      - Ey Rəbbim, məni dirilt, Sənin yolunda bir daha şəhid olum! - dedi.

      Allah-Təala:

      - “Ancaq mən daha əvvəl ölənlərin artıq dünyaya geri qayıtmayacağına hökm etdim”, - buyurdu.[1]

      Atan da:

      - Ey Rəbbim, elə isə (mənim halımı) geridə qalanlara bildir!” - dedi. Bu tələb müqabilində ayeyi-kərimə nazil oldu:

      Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər”. (Ali- İmran, 169-170) (İbn Macə, Müqəddimə, 13/190)

      Məhz əshabi-kiram bu Cənnət ticarəti həyəcanı ilə Allahın dininin şahidi olaraq rahat yaşayışlarını tərk edərək bütün dünyaya səpələndi. Ta Çinə qədər gedib çıxdılar. Afrikaya girdilər. Az bir müddət ərzində Atlantik okeanına dirəndilər. Ömər bin Əbdüləziz zamanında İspaniyaya çıxdılar.

      Əbu Əyyub əl-Ənsari həzrətləri də iki səfər İstanbula gəldi. Çünki Allah yolundakı səy və fədakarlıqdan geri qalaraq öz əli ilə axirətini təhlükəyə atanlardan olmaqdan qorxdu. Allah Rəsulunun “İstanbul, əlbəttə, fəth olunacaqdır...”[2] müjdəsinə nail olmaq eşqi ilə səksən yaşlarında İstanbul səfərində iştirak etdi.

      İkinci səfərində İstanbul önündə vəfat etdi. Son nəfəsini verərkən də belə vəsiyyət etdi:

      “Məni addımınızı ata bildiyiniz son nöqtəyə dəfn edin. Məndən sonra gələcək İslam əsgərləri daha uzağa getsinlər”. Həyatı ilə olduğu kimi, cəsədi ilə də özündən sonra gələcək imanlı nəsillərə hədəf göstərərək əsl müsəlmanın nə qədər cəhd etməli olduğunu göstərdi.

      Bütün bunlar özlərini Allaha fəda edən əshabi-kiramın canları və malları müqabilində Cənnəti satın aldıqları ilahi imtahan mənzərələridir... Allah-Təalanın zikri ilə hüzur tapan qəlblər... Dünya nemətlərinin gözdən düşüb Allah rizasının zirvəyə çıxdığı könüllər...

      Bu ulduz şəxsiyyətlər arasında ən müstəsna zirvə isə, şübhəsiz ki, Həzrət Əbu Bəkr t-dır.

      Bir gün Həzrət Peyğəmbər r belə buyurdu:

      “(İslamı təbliğ üçün) Əbu Bəkrin malından istifadə etdiyim qədər heç kimin malından faydalanmadım...”

      Həzrət Əbu Bəkr t isə bu iltifatlı sözlər qarşısında göz yaşları içində:

      “Mən və malım yalnız Sənin üçün deyilikmi, ya Rəsulallah?!”[3] deyərək özünü bütün varlığı ilə Allah və Rəsuluna fəda etdiyini ifadə etmişdi. Dəfələrlə bütün sərvətini Allah Rəsuluna gətirmiş, eynilə Rəsulullah kimi kasıblığa düşməkdən qorxmadan infaq etmişdir. Hətta:

      - “Arvad-uşağına nə saxladın, ey Əbu Bəkr?” – deyə soruşan Allah Rəsuluna böyük bir qəlb hüzuru ilə:

      - Allah və Rəsulunu saxladım! – demişdi. (Əbu Davud, Zəkat 40)

      Canını və malını səxavətlə xərcləyərək axirət ticarətindən karlı çıxan başqa bir səhabə isə Həzrət Osman t–dır. Comərdlik və həya abidəsi o mübarək səhabə Mədinəyə hicrət etdiyi zaman nmüsəlmanların su sarıdan əziyyət çəkdiyini gördü. Mədinədəki quyuların heç biri içməli deyildi. Yalnız bir yəhudiyə aid olan Rumə quyusunun suyu içməli idi. Yəhudi bu quyunun suyunu satmaqla dolanırdı. Rəsulullah r -in işarəsi ilə həmin quyunu böyük məbləğ qarşısında satın aldı. Həzrət Peyğəmbər r:

      - “Camaatın o quyudan su içməsi üçün vəqf edərsənmi?” – deyə soruşduqda Həzrət Osman t heç bir tərəddüd etmədən o quyunu vəqf etdi. Böyük bir fəzilət nümunəsi sərgiləyərək özünün pul verib aldığı bu quyudan su götürmək üçün hamı ilə birlikdə növbəyə durdu. Rəvayətə görə Həzrət Osmanın bu misilsiz fədakarlığı üzərinə aşağıdakı ayeyi-kərimə nazil oldu:

      “Ey xatircəm olan kəs! Dön Rəbbinə, sən Ondan razı olaraq, O da səndən! (Əməlisaleh) bəndələrimin zümrəsinə daxil ol! Cənnətimə varid ol!” (əl-Fəcr, 27-30)

      İslam sürətlə yayıldıqdan və Mədinədə məskunlaşanların sayı artdıqdan sonra Məscidi-Nəbəvi darısqal olduğu üçün məscidin genişləndirilməsinə ehtiyac yaranmışdı. Yenə Allah Rəsulunun bir işarəsi ilə Həzrət Osman t bu xidməti də öz üzərinə götürmüşdü. Bu zaman aşağıdakı ayə nazil oldu:

      “Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!” (ət-Tövbə, 18)[4]

      Həmçinin o, müsəlmanların minik dəvəsi tapmadığı və bir dəvəyə üç nəfərin növbə ilə minmək məcburiyyətində qaldığı Təbuk səfərində də təkbaşına 300 dəvəni tam təchizatı ilə orduya bağışladı.

      Həzrət Əbu Bəkr t-ın xəlifəlik illərində Mədinədə böyük qıtlıq yaranmışdı. Bu əsnada Həzrət Osmanın Şamdan buğda ilə yüklənmiş yüz dəvəlik karvanı gəldi. Karvanı görənlər ondan buğda almaq üçün yanına getdilər. Hətta bir dirhəmlik buğdaya yeddi dirhəm təklif etdilər. Həzrət Osmansa:

      - Xeyr, sizdən də çox verən var, ona satacağam, - dedi.

      Səhabələr kədərlə ondan ayrılıb vəziyyəti xəlifəyə şikayət etdilər. Həzrət Əbu Bəkr t işin həqiqətini hiss edərək:

      - Osman haqqında pis fikirləşməyə tələsməyin. O, Rəsulullahın kürəkəni və Məva Cənnətində yoldaşıdır. Hər halda onun sözünü səhv başa düşmüsünüz, - dedi. Sonra birlikdə Həzrət Osmanın yanına getdilər. Həzrət Əbu Bəkr:

      - Ya Osman, sənin bu sözün əshabi-kirama çox təsir etdi, - dedikdə Həzrət Osman belə buyurdu:

      - Bəli, ey Rəsulullahın xəlifəsi! Bunlar birə yeddi verirlər, halbuki Allah-Təala birə yeddi yüz verir. Biz buğdanı birə yeddi yüz verənə satdıq.

      Sonra da yüz dəvə buğda yükünü Allah rizası üçün Mədinənin yoxsullarına infaq etdi. Yüz dəvəni də qurban kəsdi.[5]

      Belə bir səxavət günəşi olan Həzrət Osman t ümmətin məsuliyyətini çiyinlərinə götürərək xəlifə olanda şəhid edilərək canıyla da Cənnəti satın alan bəxtiyarlardan oldu.

      Mədinədə ənsar arasında ən çox xurmalığı olan səhabə Əbu Talha t idi. Ən çox sevdiyi malı da Məscidi-Nəbəvinin qarşısındakı Beyruha adlı xurma bağçası idi. Rəsulullah bu bağçaya gələr və oradakı sudan içərdi.

      “Sevdiyiniz şeylərdən infaq etmədikcə əsla birrə (yəni xeyrin kamalına) çata bilməzsiniz...” (Ali-İmran, 92) ayəsi nazil olduqda Əbu Talha t Rəsulullah r -ə:

      - Ya Rəsulallah, mənim ən çox sevdiyim malım Beyruha adlı bağçamdır. Onu Allah rizası üçün sədəqə verirəm. Allahdan onun savabını və axirət azuqəsi olmasını diləyirəm, - dedi. Allah Rəsulu r:

      - “Səni təbrik edirəm! Karlı mal bax budur!..” - buyurdu. (Bax. Buxari, Zəkat, 44; Müslim, Zəkat, 42, 43)

      Əshabi-kiramın dünya görüşü, könül üfüqü məhz bu idi. Nazil olan hər bir ayəyə “سَمِعْنَا وَاَطَعْنَا : eşitdik və itaət etdik[6] deyir və dərhal o ayənin möhtəvasına girərək Allahın rizasına nail olmağa çalışırdılar. Məhz buna görə Həzrət Cabir t:

      “Mühacir və ənsardan imkan sahibi olduğu halda vəqfi olmayan heç kimi tanımıram”, - buyurmuşdur. (İbn Qudamə, əl-Muğni, V, 598)

      Əcdadımız Osmanlı da bu ruhla yaşadığı üçün ölkələrini bir növ vəqfə çevirmişdilər. Onlar “əsas həyat axirət həyatıdır” düşüncəsi ilə fani olanı fəda edərək baqini qazanma fərasəti ilə yaşayan və iman nemətinin qarşılığını ödəməyə çalışan saleh möminlər idilər.

      Hər mədəniyyət öz insan tipini inşa edər. Biz də o şanlı əcdadın nəvəsi olaraq böyük məsuliyyətlə qarşı-qarşıyayıq. Bu gün bütün dünyada müsəlmanlar əziyyət çəkir. Türkiyə müxtəlif zülm və haqsızlıqlara məruz qalan İslam dünyasının tərcümanlığını və vicdan müdafiəsini etməyə çalışır.

      Əsrlər uzunu haqqı bərqərar edən, zülmə məruz qalan məzlumların hamisi olan millətimiz bu gün də tarixə qızıl bir səhifə açır. Bu gün fərddən-fərdə hamımız bu mücadilədə yer almalıyıq. Bu mənada xüsusilə vətənimizə sığınmaq məcburiyyətində qalan suriyalı mühacirlərə ənsar olmaq, onlara İslam qardaşlığının tələb etdiyi fədakarlıqları sərgiləmək məcburiyyətindəyik.

      Allah-Təala hər birimizi daşıdığı əmanətin ağırlığını çiynində hiss edən, məzlumların maddi və mənəvi iztirablarını qəlbində yaşayan və bu həyəcanla göz yaşı qədər alın təri də tökən, nəticədə bu fani bazarda əbədiyyət ticarətindən qazanclı çıxan bəxtiyar qullarından etsin.

      Amin!..


      [1] Tirmizi, Təfsir, 3/3010.

      [2] Əhməd, IV, 335; Hakim, IV, 468/8300.

      [3] İbn Macə, Fədailu Əshabin-Nəbi, 11.

      [4] Bax. Hz. Osman Zinnureyn, Ramazanoğlu Mahmud Sami, s. 145.

      [5] Bax. Hz. Osman Zinnureyn, Ramazanoğlu Mahmud Sami, s. 140.

      [6] Bax. əl-Bəqərə, 285.

       

      • Hits: 460 clicks

      Tecox component by www.teglo.info