Adem ŞAHİN-Ağlayan Dəniz ARAL

      Share

      Qazaxıstanın Qızılorda vilayətindən keçən Almata-Moskva qatarındayıq. Qızılordanın Aral qəsəbəsinə toya gedirik.   Gediş-gəliş 33 saat çəkir. Qatarla yola çıxmaqda birinci məqsədimiz Aral dənizini görməkdir; toy isə yola çıxmaq üçün bir səbəb oldu.

      Kupe deyilən dörd nəfərlik otaqda iki müəllim, yaşlı bir rus cütlük ilə gedirik. Qoca cütlük “ununu ələyib, ələyini asmış” kimi görünür, bir-birilə demək olar ki, heç nə danışmırlar. Elədikləri tək iş yemək və içməkdir. Bir neçə kəlməlik də soyuq və hissiyyatsız cümlələr qururlar. Qocalanda sağlamlıq və güc-qüvvət kimi, sözlər və cümlələr də solur, demək ki...

      İnsanın özünə qarşı edəcəyi ən böyük pisliklər siyahısına “səyahət vaxtı videofilmə baxmaq və musiqiyə qulaq asmaq” deyə yazmaq istərdim. Səyahətlər təfəkkürə səbəb olmalıdır, cib telefonu ilə oynamağa deyil!              

      Eşidilən taqqıltı-tuqqultu və eşidilməyən tak-tuklar arasında “Necə minilənlər var ki, minəndən daha xeyirlidir. Çünki onlar Allahı daha çox zikr edərlər” (Ramzul-əhadis) hədisini düşünürük. Yağlı və tozlu bu qara qatarlar, içində daşıdıqlarından daha xeyirli ola bilir, demək ki...  Supermen plaşı ilə qatarla, təyyarə ilə və meteorlarla yarışar, onları keçərdi... Həqiqi supermen isə Allahı təsbih və zikr etməkdə mindiyi vasitədən irəlidə olandır.

      “Aral tenizi” (dənizi) yazılan stansiyada düşürük. 40 il əvvəl stansiya dənizin kənarında imiş. Aral qəsəbəsində orta yaşı keçmiş olan yeganə mehmanxana illər əvvəl dənizin kənarında yerləşirmiş. Barmağından möcüzə olaraq şirin su axıdan Hz. Muhamməd (s.ə.s), ayaqları ilə vurduğu yerdən zəmzəm çıxardan İsmayıl peyğəmbər var... Kövsər surəsində keçən “kövsər” sözündən cənnətdə bir çay, peyğəmbərimizin baldan şirin, qardan soyuq hovuzunu başa düşürük...

      Stansiyada “Aral yaxındadır?” – deyə soruşuruq. “Buradan 70 km irəlidədir”, - deyirlər. Barmaqlarından su axıdan bir peyğəmbərin ümməti olaraq, suyu 70 km uzaqlaşdıran barmaq sahiblərinə nə demək lazımdır, bilmirəm...

      Aral dənizi 70 000 km2 sahəsi ilə dünyanın dördüncü böyük gölü imiş.  Nəhəng sahəsinə görə göl deyil, dəniz olaraq adı çəkilirmiş. 1960-cı illərdə illik 60 000 ton balıq konservi istehsal edilirmiş. Sovet dövrü planlarının hesabına görə Mərkəzi Asiyada pambıq yetişdirmək balıqçılıqdan yüz qat daha çox iqtisadi gəlir yaradacaqdı. Bu hesablamalar nəticəsində “ağ qızıl” (pambıq) şüarıyla işlər başlanır. Aral gölünə tökülən Sırdərya və Amudərya (Seyhun və Ceyhun) çaylarına böyük kanallar açılır. Çöllərdə pambıq əkini başlayır. Seyhun və Ceyhun çaylarının Arala daşıdığı illik su miqdarı 110 km3-dən 5 km3 səviyyəsinə qədər azalır. Pambıq sulama səbəbilə çaylarla bəslənə bilməyən göl, buxarlaşmanın da çox olması səbəbilə kiçilməyə başlayır. Duzluluq nisbəti litr başına 14 qramdan 100 qramın üstünə çıxan göldə 32 fərqli balıq cinsindən indi yalnız dördü qalır.

      Duz ağlamaq və tərləməklə bədəndən çıxar. Dəniz isə ağladıqca duzu artır. Dünyanın dördüncü böyük gölü olaraq bilinən Aral gölü son 50 ildə %90 kiçilərək yerini dünyanın ən gənc səhrası - Aralquma buraxıb. Yaylar daha isti, qışlar daha soyuq keçməyə başlayıb. Kəndlərdən, şəhərdən və gəmilərdən uzaqlaşan dəniz arxada qum dolu səhra buraxanda camaat gəmilərini və evlərini tərk edərək, köçüb gedib.

      Osmanlıcada “abı-ədalət” deyə termin var. Ədalət və doğruluq su ilə simvollaşdırılır. Ədalət su kimi həyat verir. Zülm isə susuzluqdur, duzlu göz yaşlarının axmasıdır. “Basdığın yer bayram olsun” deyə sevdiklərimizə xeyir-dualar edərik... Heç kim sevdiyi insanın ayaq basdığı yerin səhra olmasını istəməz. Hz. Xızır haqqında “onun ayaq basdığı yerdən yamyaşıl otlar bitər” deyilir. Hz. Xızırın basdığı yerdən ot çıxıb-çıxmadığını bilmirəm, amma bəzi insanların ayaq basdığı yerlərdə fəlakət olduğunu, əkini və nəsli məhv etdiyini dəqiq bilirəm.

      Dünya bizə həm ayə, həm nemət, həm də əmanətdir. Dünyanı məhv eləmək Quran ayələrini pozmaq kimidir.

      Peyğəmbərimizin dünyaya göz açdığı il məhsul bol olmuşdu. Belə ki, 570-ci ilə “bolluq ili” deyilmişdi. Bolluq və bərəkət Allah və Rəsulu olmadan mümkün deyil. Hədisi-şərifdə “Bir iş ki, ona bismillahla başlanmasın, əbtərdir (qısır və natamamdır)buyurulmuşdur. Bismillahla başlanmayan işlər milyonlarla tonluq suyu belə kilometrlərlə uzağa qaçırdır, torpağı quraqlaşdırır...

      Dönüş yolundayıq. Maratın toyu səbəbilə sevinsək də, Aral dənizi və ətrafında gördüklərimiz səbəbilə içimizdə bir ağırlıq var. Bu Quran ayəsindəki həqiqət o qədər açıq şəkildə gerçəkləşir ki:

      “İnsanların əllərilə işlədikləri səbəbindən quruda və dənizdə pozulma ortaya çıxmışdır. Səhv yoldan dönmələri üçün Allah (c.c) etdiklərinin bəzi mənfi nəticələrini (dünyada) onlara daddıracaqdır”. (Rum 41)

      • Hits: 334 clicks

      Tecox component by www.teglo.info