Eldar KƏRİMOV-Bağlan(ma)

      Share

      İnsan yaradılış etibarilə ona həzz verən əşyalara, maddələrə və duyğulara daha çox meyillidir. Dadına valeh olduğu təamları daha çox dadar, özünü rahat hiss etdiyi yerləri daha çox ziyarət edər, müsbət enerji aldığı insanların yanında daha çox vaxt keçirər və s. İnsanlar sevdiklərinin deyil, xoşladıqlarının aludəçisi olarlar. Adətən sevdikləri onu doğruya, xoşladıqları isə fəlakətə sürükləyər. Bir şeyi xoşlamaq onu tamamilə sevmək deyildir, amma bir şeyi sevmək onu müvəqqəti olsa da xoşlamaqdır. Xoşlamaqda fərdilik, sevməkdə isə ümumilik vardır. Belə demək mümkündürsə, insan öz valideynlərini sevdiyi üçün xoşlayar, həyat yoldaşını isə xoşladığı üçün sevdiyini zənn edər. Sevginin təməli ehtiyacdan, xoşlanmağın təməli isə ehtirasdanqurulub. Bəlkədə, bu dünyada xoşbəxt yaşamaq üçün  ən başlıca vəzifələrimizdən biri nələri sevdiyimizi və nələrdən xoşlandığımızı ayırd etməyi bacarmağımızdır.Çünki biz bunu edə bilməsək, həyatımızda nələrin əhəmiyyətli, nələrin əhəmiyyətsiz olduğunu təyin edə bilməyəcəyik.

      Bu baxımdan insan həyatı çox mürəkkəbdir. Fərd, ailədən başlayaraq, bütün tərbiyə mərkəzlərində cəmiyyətdə qəbul edilməyən, insan orqanizminəzərərli olan adətlərdən və maddələrdən uzaq durması haqqında bilgiləri eşidir; öz həyatında təcrübədən keçirilmiş bu faydalı məsləhətləri tətbiq edir. Cəmiyyəti özünə görə deyil, özünü cəmiyyətə görə hazırlayır. Başqalarının dedikləri özünün doğru qəbul etdiklərindən bir addım qabaqda olur. Elə olur ki, ömrü boyu siqaret çəkməyən insan, ömrü boyu siqaret satmağa məhkum edilir.  Özü üçün zərərli bildiyini başqasına pul qarşılığında satır və ondan maddi qazanc əldə edir. Çünki cəmiyyət ona fiziki təhlükələrdən özünü uzaq tutub, mənəvi təhlükələrə əhəmiyyət verməməyi öyrədib. İnsanlar adətən maddi tələbatlarını qarşılamaq üçün mənəvi dəyərlərini satmaqdan geri durmurlar. Çünki mənəviyyat sadəcə onun dünyasını maraqlandırır və mənəviyyatı haqqında sadəcə özünə hesabat verir. Maddi dünyası üçün isə ətrafındakıların da mövqeyi onu maraqlandırır. Yəni, insan özünü cəmiyyətə yaxşı təqdim etmək üçün əslində özünü məhv edir. Bəlkə də, öz ruh aləminə xəyanət edir. Bunun da əsas səbəblərindən biri mənəviyyat dünyasında baş verən cinayətlərə görə verilən cəzaların gecikdiyini zənn etməsidir. Normal həyatda isə etdiyi hər bir yanlışın cavabı və zərbəsi anındaonun başının üstünü kəsir. Məsələnin mahiyyətinə nüfuz etdiyimizdə görürük ki, əslində mənəviyyat dünyamızdakı cəza sistemi daha tez və daha ədalətli icra olunur. Bunu da dərk etməməyimizin səbəbi bizə verilən siqnalları düzgün analiz etməməyimizdir. Əlimizə batan tikandan ayağımıza dəyən daşlara qədər bütün xırda zənn etdiyimiz hadisələr, əslində bizə verilən xəbərdarlıqlardır. Bu xəbərdarlıqlar qulaqardı edildiyi zaman insanın dünya ilə bağlılığı artır və özünü tərk edilə bilməyən bir aludəçiliyin içərisində tapır.

      Nəticədə, dünyaya gələn hər bir insan dünyada yaşamağa adət edir. Zamanla həyatın çətinliklərinə də alışır, rahatlıqlarına da... İnsanın dünyaya qarşı bağlılığı o qədər möhkələnir ki, bu bağlılıq aludəçiliyə çevrilir. Belə demək mümkündürsə, bunun da adına “dünya aludəçiliyi” deyirik. Dünyadan ayrılmamaq, hər zaman onunla qalmaq, ondan ayrılığın hər şeyin sonu olduğunu düşünmək bu aludəçiliyin nişanələrindəndir.  Həyatda ya kiçikdən böyüyə doğru gedərsən, ya da böyükdən kiçiyə doğru problemləri həll edərsən. Çox təəssüflər olsun ki, hər zaman bizi ayaqqabı bağlarımızdakı böyük düyünlər deyil, kiçik düyünlər narahat edib. Demək olar ki, heç düşünməmişik ki, böyük düyünləri açsaq, kiçik düyünlər də öz-özlüyündən açılacaqdır.

      Son olaraq onu deyə bilərik ki, insanların dünyaya qarşı aludəçiliyini azalda bilsək, onların digər kiçik aludəçiliklərinin də öhdəsindən gələ bilərik. Bunun üçün insana  bir az da özü haqqında düşünməyi öyrətmək lazımdır. Əgər belə olmasa,  insan yenə ölümdən deyil, ölümlərdən qorxacaq. Çünki birincidə özü, ikincidə isə sevdikləri vardır. 

      • Hits: 370 clicks

      Tecox component by www.teglo.info