Alpay ƏHMƏD-Regional qarşıdurmanın perspektivləri

      Share

      Düzü, iki il əvvəl Suriyada vətəndaş müharibəsinin qızğın getdiyi dövrdə belə, Rusiya-Türkiyə və ya Rusiya və Səudiyyə Ərəbistanı, eləcə də digər körfəz ölkələri arasında münasibətlərin bu səviyyədə kəskinləşə biləcəyini təsəvvür etmək ən azından çətin idi. Keçən ilin noyabrında Rusiya qırıcısının Türkiyə hava sahəsində vurulması, bu ilin yanvar ayında SU 39 rus hərbi təyyarəsinin növbəti dəfə bu ölkənin hava sərhədlərini pozması, ən əsası, Türkiyənin sərhədləri yaxınlığında Rusiyanın dəstək göstərdiyi PYD-nin Bəşər Əsəd qüvvələri ilə bir yerdə müxaliflər üzərində strateji qələbələr əldə etməsi və Hələb şəhərini hökumət qüvvələrinin tam ələ keçirməsi perspektivi  regionda geosiyasi durumu bəlli olduğu kimi, daha da qəliz hala gətirmişdir.

      İlk ağla gələn suallar bunlardır: Türkiyə-Rusiya və ya Türkiyənin daxil olduğu koalisiya ilə Rusiyanın hərbi qarşıdurması qaçılmazdırmı? ABŞ hələ ki, birbaşa hərbi qarşıdurma müstəvisinə keçməyən situasiyaya nə cür reaksiya verəcək? Azərbaycan yaranmış durumda hansı mövqeyi seçməlidir?

      Hal-hazırda Rusiyanın tanınmış hərbi eksperti, adətən, hadisələrə kifayət qədər soyuqqanlı yanaşmağa üstünlük verən Pavel Felqenhauer belə regional qarşıdurmanın sonda, hətta ümumavropa nüvə toqquşması ilə nəticələnə biləcəyini ehtimal edirsə, deməli, geosiyasi durum gerçəkdən qəlizdir.

      Region dövlətlərinin Suriyadakı hadisələrə reaksiyasına nəzər yetirdikdə, aşağıdakıları söyləyə bilərik: Türkiyə və Səudiyyə Ərəbistanı, eləcə də Qətər və BƏƏ məsələ ilə bağlı nə qədər aktivlik göstərsələr də, sonda görünən budur: Onlar ABŞ-ın iştirakı olmadan Suriyaya hərbi müdaxilədən hələ ki, çəkinməkdədirlər və yeri gəlmişkən, TC-nin xarici işlər naziri Mövlud Çavuşoğlu Röyters agentliyinə son müsahibəsində bunu açıqca etiraf etmişdir.  Hələ ki, Türkiyə Silahlı Qüvvələri uzaqvuran artilleriya qurğuları vasitəsilə Suriyada PYD hərbi obyektlərinə zərbələr endirməkdədir. Türkiyənin Suriyaya, 29 vətəndaşının terror nəticəsində öldürülməsi miqyasında olan hadisələrin mütəmadi xarakter alması nəticəsində qoşun yeritməsi ehtimalı böyük görünür.

      Sözsüz, Suriya probleminin çözülməsi başqa aparıcı faktor, amma bu məsələdə üstünlüyü faktiki olaraq Rusiyaya vermiş və nisbi passiv taktikası seçən ABŞ-dan asılıdır. Politoloqların çoxu hesab edir ki, ABŞ-ın yuxarıda, haqqında bəhs etdiyimiz Əsəd rejiminə qarşı geniş koalisiyaya başçılıq edəcəyi halda Rusiyanın regionda aktivlik siyasətini korrektə edəcəyini görə bilərik. 

      Problemin sülh yolu ilə çözülməsi üçün Cenevrədə maraqlı tərəflərin apardığı danışıqlar, hətta öncəki illərdə aparılan analoji danışıqlarla müqayisədə daha formal xarakter daşıyır. Bir yandan, bir həftə sonra 19 fevralda atəşkəsin qüvvəyə minməsi haqda razılığa gəlinir, digər tərəfdən, razılıqdan bir neçə gün sonra B. Əsəd elan edir ki, hökumət qüvvələri terrorçu hesab etdiyi qruplaşmalara qarşı əməliyyatlara davam edəcək və bunun baş verdiyinin də şahidi olmaqdayıq. Yeri gəlmişkən, atəşkəsdən sonra ABŞ Dövlət Departamentinin sözçüsü Mark Tonerin jurnalistlər üçün keçirdiyi brifinqdə Rusiyaya xitabən “Ya əməlinizlə sübut edin, ya da mumlayın” (Put up or shut up) kimi kobud ifadəyə əl atması, tərəflər arasında “əsəb müharibəsinin” hansı həddə olduğunu göstərir.

                  Sözsüz, yaranmış vəziyyətdə Azərbaycanı daha çox narahat edən, həm islam dünyasının düşdüyü böhran, həm də qardaş ölkə Türkiyənin üzləşdiyi ciddi təhdidlərdir. Son zamanlar regional müharibənin sərhədlərinin genişlənəcəyini və Cənubi Qafqazı da əhatə edəcəyini söyləyənlərin fikrincə, böyük dövlətlər Suriya münaqişəsində birbaşa toqquşacağı halda bu cür müharibə ssenariləri mümkün ola bilər. Azərbaycan rəhbərliyi ən yüksək səviyyədə “Biz hər zaman Türkiyənin yanındayıq” deyir və ümid etmək olar ki, gerçəkdən iki qardaş ölkə arasında olan strateji tərəfdaşlıq zamanın çətin sınaqlarından üzüağ çıxacaq.

      • Hits: 402 clicks

      Tecox component by www.teglo.info