Adəm ŞAHİN - İRFAN 111

      Share

      1990-cı illərin başında TRT kanallarında Zeynəb Xanlarovadan, al-əlvan pulcuqlu paltarlar içərisində, Şəhriyarın “Sizə salam gətirmişəm” mahnısını dinləmişdim. Yağış kimi saf, qar kimi ağ və göy üzü kimi dərin olan bu mahnı insanlara salam gətirməyi, salam götürməyi və sevgi üzrə olmağı təlqin edir. Səmimi olsaq, salam gətirmək və aparmaq təndirdən yeni çıxmış çörək kimidir.

      İrfan jurnalı 111 nömrədir hüruzlarınıza “sizə salam gətirmişəm” deyə çıxır. Çimkənddən, Bişkekdən, İstanbuldan, dörd divar arasından, göz qapaqlarımın altından, şəffaf olmasa da, ürəyimdən sizlərə salamlar gətirmişəm... Xosrovda, Ağdaşda, Əliabadda, Qəbələdə və Azərbaycanda hər kəs salamı “başım-gözüm üstə və aleykum salam” deyərək alır. Biz minlərlə ildir könüldən bir-birimizə bağlanmışıq. Könüldən xəbərləşmişik. Bizi təqlid edən, salam gətirməkdən və salam götürməkdən aciz Qərb dünyası isə cib telefonları və kompüterlərlə bir-birinə bağlanır. Salam gətirilə bilməyən və salam götürülə bilməyən yerlərdə nə ola biləcəyini başa düşmək üçün müharibələrə, xəstəxanalara və məhkəmələrə baxmaq kifayətdir.

      İrfana hər dəfə yazı göndərəndə, Azərbaycanda torpağın altında və üstündə olan hər yaşdan bir çox insanın təbəssüm edən üzünü mürəbbələrlə dolu çay stəkanları ilə birgə xatırlayıram. Səməd baba, Darçın əfəndi, Emin hoca, Əmrullah dayı, Zakir dayı, Güleyfə xala...

      Rəsulullah (s.ə.s): “Müsafihə edin ki(əl sıxışın ki),qəlblərdəki kin getsin, hədiyyələşin ki, bir-birinizə qarşı sevgi meydana çıxsın və aradakı düşmənçilik bitsin”, (Muvatta) – deyə buyurmuşdur.  İrfan jurnalı sizlərlə tək-tək müsafihə edir. Siz gəlməsəniz də, o gəlir... Lütfən, jurnalı əlinizin ucuyla tutmayın, bir küncə əsla atmayın. O jurnalda hər ay möhtərəm Osman Nuri Topbaş başda olmaq üzrə bir çox yazar sizinlə müsafihə edir. Sizlərə uzadılan əlləri havada qoymayın. İrfan jurnalının hər ay əsdirdiyi mehin təmizlədiyi havanı dərin-dərin ciyərlərinizə çəkin. O jurnal ilə ciyərlərinizə çəkdiyiniz hava sizi Hz. Adəmə qədər uzanan irfan karvanına daxil edər.

      İnsanın kim olduğu deyil, kiminlə olduğu mühümdür. Çox pis biri ola bilərik, amma yaxşılarla, irfan sahibləriylə birlikdə ola biliriksə, əshabi-kəhfin köpəyi kimi cənnətə gedən bəxtiyarlardan ola bilərik. İrfan jurnalı hər ay “sizə salam gətirmişəm” deyərək qapınızı çalır. Onu eşikdə gözlətməyin. Azərbaycan xalqı qonaqpərvərdir. İrfanı istidə, soyuqda, qarda – yağışda gözlətmədi, gözlətməyəcək...

      Rəsulullah (s.ə.s): “Bir nəfərin yeməyi iki nəfərə yetər, iki nəfərin yeməyi dörd nəfərə yetər, dörd nəfərin yeməyi də səkkiz nəfərə yetər” (Müslim 2059/179) buyurmuşdur. Təndirdən hər ay çıxaraq bir selofan içində evlərə girən irfan çörəyi də bir nəfərlik deyildir. 24 saat o çörəkdən yeyilsə də, bitməz. Şoferlər “həyat bitər, yollar bitməz” deyiblər. Gözlər qapanar, insanlar ölər, amma irfan çörəyi heç soyumadan və azalmadan, olduğu kimi qalar. İrfan çörəyini hər ay əlinə alanlar ac insanlara və aclığının fərqində olmayanlara bu gözəl çörəyi göstərməlidir.

      Bədəni və ruhu fitnələrə məruz qalan insanlıq, xərçəng başda olmaqla, bir çox xəstəliyin pəncəsində qıvranmaqdadır. Bir çox insan da “elm, irfan və sevgi acları”ndan olduğundan xəbərsizdir. Necəsən? – desən, o dəqiqə, - yaxşıyam, - deyər. Əvvəllər o dəqiqə “yaxşıyam” deyən adama “yaxşılıq Sirat körpüsündə bilinər” deyərlərmiş. İmana, irfana ac adam necə yaxşı ola bilər ki? Soruşmaq lazımdır: “Al, ye görək bu imisti irfan çörəyini, yedikdən sonra yaxşısan, yoxsa yemədən əvvəl?”. Ətrafımızda aclıqla yalanı birləşdirən nə qədər də çox insan var!

      Əsma binti Yəzid belə nəql edir:

      “Nəbi (s.ə.s)-ə bir yemək gətirildi. O təam bizə ikram olunanda biz:

      - İştahımız yoxdur, - dedik.

      Bunu eşidəndə Nəbi (s.ə.s):

      - “Aclıqla yalanı birləşdirməyin!” – buyurdu”. (İbni Macə, 3298)

      Bəqərə surəsinin 30-cu ayəsində insan yaradılacağı zaman mələklərin:“Orada fəsad törədəcək, qan tökəcək birinimi yaradacaqsan? Halbuki biz sənə həmd edərək daim səni təsbih və təqdis edirik”-dedikləri, Allahın da: “Mən sizin bilmədiklərinizi bilirəm”- dediyi keçir. İrfan jurnalı 111 nömrədir fəsadçılıqdan və qan tökməkdən uzaq bir şəkildə mələklər kimi Allahı təsbih və təqdis edərək hər ay bu çörəyi bişirməyə və çatdırmağa davam edir. Nəsibi olan da doya-doya yeyir.

      National Geographic jurnalı 1888-ci ildən bu yana nəşrinə davam edərək 1000-ci nömrəni keçmişdir. İrfan jurnalı 111-ci sayındadır, əlhamdulillah... Üç dənə bir alt-alta gələrsə toplamı üç edər. Üç dənə bir yan-yana gələrsə 111 ortaya çıxar. İnşallah, 1111, 11111 kimi saylara da çatar... Yan-yana olmaq, birlik və bərabərliyi qorumaq hər zaman əhəmiyyətlidir. Dil, din, irq, məzhəb ayrı-seçkiliyi etmək və fanatizmdə israr etmək müsəlmanların ən böyük sıxıntısıdır. Öküzlər, inəklər, zebralar vəhşi heyvan hücumlarına qarşı arxa-arxaya verərək bir-birilərinə dəstək olmaqda və çox zaman da müdafiədə müvəffəq olmaqdadır. Heyvanlar belə təhlükə anında birlik və bərabərlik içində olaraq hərəkət edə bilirsə, biz ağıl sahibləri niyə birlik və dirilik içində olmayaq? İrfan jurnalı birlik və diriliyin mayasıdır... 111-ci nömrə xeyirli olsun...

      • Hits: 718 clicks

      Tecox component by www.teglo.info