Ələddin SULTANOV - Bir ayə

      Share

      بِسْمِ اللّهِ الرَّحْمَنِ الرَّحِيمِ

      وَإِذَا أَنْعَمْنَا عَلَى الْإِنسَانِ أَعْرَضَ وَنَأى بِجَانِبِهِ وَإِذَا مَسَّهُ الشَّرُّ فَذُو دُعَاء عَرِيضٍ

      “Biz insana nemət verdiyimiz zaman o,(Bizdən)üz döndərib (haqdan) uzaqlaşar. Ancaq ona bir pislik toxunduğu zaman(Allaha) yalvarıb-yaxarar”.[1]

      Qurani-Kərimdə insan psixologiyasını izahedən ayələrdən biridir bu ayə. Allah-Təala insanı, onun özünü tanıdığından daha yaxşı tanıyır. Burada da, bir insana nemət verildiyində və yamüsibətə düçar olduğu zamanlarda onun necə davrandığı xəbər verilmişdir. İnsan oğlu Rəbbindən xeyir, mal-mülk, sağlıq və buna bənzər şeylər istəməkdən əsla bezməz. Lakin başına bir bəla gələr,  yaxud maddi sıxıntıya düşərsə, dərhal ümidsizliyə düşər, üzüntüyə qərq olar və düşünər ki, bundan sonra heç bir xeyir əldə edə bilməyəcək. Ancaq bu sıxıntılardan sonra Allah ona bir nemət bəxş edərsə, nemətin sahibini unudar, buna görə Allaha şükür etməz və: “Onsuzda bu, mənim haqqım idi”, - deyər. Beləcə o, özünə nemət bəxş olunduğu üçün qürrələnər, həddini aşar və nəhayət küfrə düşər. Bu həqiqət Qurani-Kərimin digər bir ayəsində də bu şəkildə ifadə olunmuşdur: “İnsana bir ziyan dəydiyi zaman uzanaraq və ya oturaraq, yaxud ayaq üstə duraraq (o ziyanın aradan götürülməsi üçün) Bizə dua edər. Ancaq onu ziyandan xilas etdiyimiz zaman, özünə dəymiş ziyan üçün Bizə dua etməmiş kimi keçib gedər.Həddi aşanlara, etdikləri əməllər bu şəkildə gözəl göstərildi”.[2] Burada söhbət, şübhəsiz ki, mömin olmayıb Allahdan üz çevirən nankor kimsələrdən gedir. Çünkü həqiqi mömin nemət qarşısında şükür, müsibət qarşısında isə səbir edər. Qəflət içində olan bir insanın maddi vəziyyəti yaxşılaşdığı zaman Allahdan uzaqlaşar və nəfsinin əmr etdiyi günah işlərə meyil edər. Nə zaman ki, başı bəlaya düşər, mal-mülkü əlindən gedər, yaxud həyatı təhlükəyə düşərsə o zaman Allah yadına düşər və Ona yalvarıb yaxarmağa başlayar. Böyük təfsir alimi Seyyid Qütbün sözü ilə desək:“bu ayə, insanların psixoloji hallarındakı dəyişkənliyi, onların zəifliyini, iki üzlülüyünü, mal-mülkə düşkünlüyünü, nankorluğunu, bolluqda qürurlanıb, darlıqda fəryad etmələrini təsvir edir”. Uca Rəbbimiz biz möminləri bu anlayışa sahib insanlar olmaqdan bəri eləsin.

       

       

       


      [1]Fussilət, 41/51.

      [2]Yunus, 10/51

       

      • Hits: 602 clicks

      Tecox component by www.teglo.info