Anar QURBANOV - Sual Cavab

      Share

      Balıq tutanlar zəkat verməlidirmi? Verirsə bunun ölçüsü nədir?

      Cavab: Əgər balıq tutan bunu ticarət məqsədilə edirsə, başqa sözlə, balıq ticarəti ilə məşğul olursa zəkat verməlidir.Tutduğu balıqlar nisab miqdarına çatdıqda, yəni 80 qram qızıl dəyərində olduqdan sonra zəkatla bağlı digər şərtlər də meydana gəlmişsə, nisab miqdarına çatdıqdan bir il sonra balıqların qiyməti əsas alınaraq və ticarətindən gələn gəlir hesablanaraq 2,5 % (qırxda bir) nisbətində zəkatını verməlidir. Ticarəti ilə məşğul olmadığı təqdirdə balığın zəkatı yoxdur.

      Quranda qadınların başlarını örtmələri haqda açıq hökm varmı?

      Cavab:Uca Allah Qurani-Kərimin “Nur” surəsinin 31-ci ayəsində açıq-aydın buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!”

      Bir nəfər namazını qılsa və namazını bitirəndən sonra qibləni səhv tutduğunu öyrənsə nə etməlidir?

      Cavab:Namazı qibləyə yönələrək qılmaq namazın fərzlərindən (şərtlərindən) biridir. Kəbədən uzaqda yaşayanların tam Kəbəyə yönələrək namaz qılmaları fərz deyil, lakin Kəbə istiqamətinə yönəlmələri fərzdir. Qiblənin yönünü bilməyən şəxs bilən və etibarlı bir şəxsdən soruşmaqla və ya müxtləf alətlər, qütb ulduzu, günəş, ay, küləyin istiqaməti kimi vasitələrin köməyi ilə qiblə yönünü təyin etməyə səy göstərməli və gəldiyi qənaət əsasında namazını qılmalıdır. Qiblə haqqında məlumatı olan birini tapa bilən, məhz həmin şəxsə tabe olmalıdır. Namazdan sonra yanlış tərəfə yönəldiyini başa düşərsə, artıq təzədən qılmasına ehtiyac yoxdur. Ancaq namazda ikən onu tənbeh etsələr, deyilən istiqamətə tərəf yönəlməlidir. Əgər namaza başlamadan qiblənin istiqamətini araşdırmayıb, bilənlərdən soruşmayıbsa və namazı qurtarandan sonra yalnış istiqamətə qıldığı aydın olarsa, namazını təzədən qılmalıdır.

       

      Boşanmada müraciət edən qadındırsa, oğlan tərəfi qadını mehrdən məhrum edə bilərmi?

      Cavab:“Bəqərə” surəsinin 237-ci ayəsi olan Qadınlar üçün mehr təyin etdikdən sonra, yaxınlıq etməzdən əvvəl onları boşasanız, təyin etdiyinizin yarısını (onlara) verməlisiniz” hökmünə görə, evləndikdən sonra cinsi təmas olmadan boşanmışlarsa, müəyyən edilən mehrin yarısı qadına verilməlidir. Ancaq, “Bəqərə” surəsinin 236-cı ayəsinə görə, mehri müəyyən edilməyən və cinsi münasibət olmadan boşananlar, şəriətə müvafiq qayda üzrə yaxşılıq etməlidirlər. Belə ki,varlı öz imkanı daxilində, kasıb da öz imkanı daxilində yaxşılıq etməlidir (müəyyən hədiyyələr verməlidir). Bundan əlavə, İslam hüquqşünaslarına görə, əgər cinsi əlaqə olmadan boşansalar və boşanma qadın səbəbli olarsa, yəni qadının təqsiri ucbatından meydana gəlsə, ər mehri tamamilə verməyə bilər. Yuxarıdakı suala gəlincə, birincisi, əgər cinsi əlaqə olubsa, boşanma tələbinin kim tərəfindən olmasından asılı olmayaraq mehr qəti şəkildə verilməlidir. İkincisi, əgər cinsi əlaqə olmasa belə, qadın tutarlı səbəbdən boşanmaq üçün müraciət edibsə, mehrdən məhrum etmə məsələsi qətiyyətlə ola bilməz.

       

      Mehrə nələr daxildir? Qıza hansısa bayramda verilən hədiyyələr də mehr sayılarmı?

      Cavab:Ərin evlənərkən arvadına verdiyi və ya verməyi vəd etdiyi pul və ya mala “mehr” deyilir. Quranda “Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin!”(ən-Nisa, 4/4, 24) buyurulur. Mehr nikahın ünsür (rükn) və ya şərtlərindən deyil, nəfəqə kimi ərə vacib olan bir öhdəlikdir. Hz. Peyğəmbər (s.ə.s) Hz. Əliyə (r.ə) qızı Hz. Fatiməyə (r.əhnha) mehr olaraq zirehini verməsini söyləmişdir (Əbu Davud, Nikah, 35).

      Odur ki, İslamda satışı və ya istifadəsi qadağan edilməyən hər bir şey mehr olaraq verilə bilər. Belə ki, daşınan və daşınmaz əmlaklar, zinət əşyaları və hətta daşınan və daşınmaz əmlakdan faydalanmaq haqqı da bunlardan sayıla bilər.

      Əbu Hənifəyə görə, mehrin ən az miqdarı 10 dirhəm (5 dirhəm təqribən bir qoyun əvəzidir), İmam Malikə görə 3 dirhəm, İmam Şafeiyə görə isə, ən azı üçün hər hansı hədd yoxdur. Çünki mehrin ən çox miqdarı üçün hər hansı məhdudiyyət qoyulmamışdır. Ayədə “…onlardan birinə çoxlu mal vermiş olsanız da, ondan heç bir şey geri almayın!”(ən-Nisa, 4/ 20) buyurulur. Hz. Ömər mehrləri 400 dirhəmlə məhdudlaşdırmaq istəmiş, lakin bir qadının yuxarıdakı ayəni oxuyaraq qarşı çıxması ilə bundan vaz keçmişdir.

      Qadın tərəfindən nikah əsnasında bir mehr müəyyən edilibsə bunu, əks təqdirdə ailədən digər qızlara verilən mehr miqdarını tələb etmə hüququ vardır. Mehr qadının hüququdur və onun üçün maddi bir dəstəkdir. Onu valideyn və ya başqası götürüb özü üçün sərf edə bilməz. Bundan əlavə, adət-ənənəmizdə evlilik zamanı qıza verilən qır-qızıl İslamdakı mehr anlayışından gəldiyi üçün mehr sayılır və bu, əgər mehr olaraq başqa bir şey qərarlaşdırılmayıbsa, mehr yerinə keçir.

      Bayram və ya digər münasibətlərlə verilən hədiyyələr isə tamamilə hədiyyə mahiyyətini daşıyır və izah edilən mehrlə heç bir əlaqəsi yoxdur.

      • Hits: 703 clicks

      Tecox component by www.teglo.info