Alpay Azər - Ata

      Share

      Altı uzun hörüyü vardı iyirmi dörd yaşlı Fatimənin, hər birinin ucunda bir qızıl onluq. Əlində səhəng kəhrizdən su gətirəndə qızıl pullar bir-birinə dəyib cingildəyirdi. Həyətlərdən boylanıb tamaşasına durardılar. Arvadlar üzünə deməsələr də, öz aralarında pıçıldaşardılar: görərsiz, bunu göz aparacaq. Qulağına gəlib çatsa da özünü eşitməməzliyə vururdu, saçları səs sala-sala düz qamətiylə su dolu səhənglə evə qayıdırdı. Hərdən əri Əliş danlayırdı onu: “O onluqları saçlarından çıxart, at sandığa”. Amma Fatimə sevirdi bu onluqları, ərinin dediyinə fikir vermirdi. Dörd yaşında Rəna adlı bir qızları, Tahir adlı körpə oğulları var idi.

      Oğlu altı ayında olanda Fatimə kəhrizin başında yerə yıxıldı, kənd arvadları köməkləşib onu qollarının üstündə evə gətirdilər. Can verməyə başladı, kimi onun partlamaya düşməsini, kimisi gözə gəlməsini, Əliş isə göz yaşlarını silə-silə: “Deyirdilər axı səni göz aparacaq, taxma saçlarına o qızılları,” ­– deyirdi. Həkim gələnə kimi Fatimə keçindi, qızı nə qədər qardaşını qırağa çəkmək istəsə də, uşaq iməkləyə-iməkləyə ölü anasının döşlərini tapıb əmməyə çalışırdı. Ac uşağın səsi kənd arvadlarının ağlaşma səsinə qarışmışdı. Axırda nənəsi qız nəvəsinin üstünə qışqırdı, əl dəymə, qoy bir az əmsin. Körpə cansız anasının süd gəlməyən döşlərini əmməyə başladı. Nənə əlini dodağına apardı ki, yas əhli səsini çıxartmasın. Hamı səsini kəsib, maraqla körpəyə baxdı. Bu sükut içində başını anasının sinəsinə qoyan körpə yuxuya getdi. Bacısı ehmalca qardaşını götürüb aparıb nənnisinə qoydu. Molla gəlib “Yasin” oxudu, Fatiməni aparıb dəfn etdilər.

      Ata övladlarını təkbaşına böyütməyə başladı. Fatimə hələ sağlığında vəsiyyət etmişdi ki, başına bir iş gəlsə, əri qonşu kənddə yaşayan, əvvəllər Əlişlə bir-birini sevən dul qadın Gülsənəmi alsın.

      Tahir altı yaşına, Rəna on yaşına çatmışdı. Ataları hər ikisini kənddə bir qohumun toyuna yollamışdı. Qonşu kənddən də toya gəlmişdilər, qonaqların içində Gülsənəm də var idi. Rəna Gülsənəmi görən kimi, tez özünü verdi onun yanına. On yaşlı Rəna artıq xəmir yayırdı, təndirdə çörək bişirirdi, toyuq-cücəyə baxırdı, inəyi sağırdı, hətta aş da asırdı. Qeybətləşməkdə də kənd arvadlarından geri qalmırdı. Qalırdı üç-dörd ilə yetkinləşib ərə getsin. Gülsənəmi söhbətə tutmağa, ağzını aramağa başladı, onunla böyüklər kimi zarafatlaşdı: “Aaz, niyə keçən ilki kələğayını geyifsən bu toya?”, “Neçə dəst paltarın var?” Gülsənəmsə bu zarafatlardan ləzzət alırdı, söz altında qalmırdı, arada verirdi cavabını bu ciyəriyanmışın. Qız söhbəti elə ustalıqla apardı, sözləri şirin noğul kimi elə sapa düzdü ki, Gülsənəm düşdü qızın toruna. Rənayla Tahir qərara gəlmişdilər, atalarını evləndirsinlər, elə toyda da bu məqsədlə qız dul xalanı bişirirdi.

      Əslində, Gülsənəm ilk sevgisini unutmamışdı, onun da gözü vardı dul kişidə. O vaxt Əlişi sevə-sevə, onu zəhləsigetmiş əmisioğluna vermişdilər. Əmisioğlundan iki oğlu, bir qızı olmuşdu. Ərinin ölmündən sonra qızı ərə vermişdi, indi ümid edirdi, dul Əlişlə ailə qurub, həm özünün, həm onun uşaqlarına baxsın. Ona görə düşmüşdü uşaqların yanına, şirin-şirin danışa-danışa, başlarını sığallaya-sığallaya Əlişin evinə üz tutmuşdu.

      Evə çatmağa az qalmış qız qaça-qaça özünü içəri atdı, tövşüyə-tövşüyə atasına: “Ay dədə, toyda Gülsənəmi gördük, bilirəm, cavanlıqda bir-birinizi sevmisiniz. Ona görə Gülsənəmi toydan bura gətirdik. Vallah sənə yaxşı arvad olajax, bizə də analıq eləyər,” –  çoxbilmiş arvadlar kimi sözünü bitirmişdi ki, Tahir Gülsənəmin əlindən darta-darta onu içəri saldı. Gülsənəm tez yaşmaqlandı, Əlişi gülmək tutdu:

      - A Gülü, o boyda yolu ordan durub gəlmisən, bu yaşmaqlanmağın nəydi?

      - Nə bilim? – yaşmağı sifətindən çəkib çaşqın-çaşqın gülümsədi.

      - Keç, keç içəri.

      Soruşacaqsız, kənd yerində necə ola bilər, bir dul qadın naməhrəm dul kişinin evinə gəlir. Əliş kişi kəndin mollasıydı, kənd yaslarında “Yasin” oxuyar, toylarda kəbin kəsərdi. Gülsənəm də bunu bildiyi üçün, fikirləşirdi ki, elə kəbin məsələsini Əliş özü həll edər.

      Dul kişi elə şərait yaratdı, Gülsənəm özünü lap öz evindəki kimi hiss etdi. Önlük taxıb samovar qaynatdı, çay dəmlədi, otaqları, həyəti süpürdü, rəhmətlik Fatimənin səhəngini bərk-bərk sürtdü-parıldatdı. Arada ona gizlincə baxa-baxa gülümsəyən Əliş xoruz kəsdi, arvad xoruzu qaynar suya salıb yoldu, təmizləyib, doğrayıb çığırtma bişirdi. Bir masa arxasında oturub yedilər, çay içdilər, şirin söhbət elədilər. Uşaqların sevincdən üzləri gülürdü. Hərdən Gülsənəm üzünü çevirəndə Rəna bu arvadı əldən buraxma mənasında atasına göz vururdu. Sanki hər şey kəbin kəsməyə doğru gedirdi. Gülsənəm də ürəklənmişdi, üzü gülürdü.

      Axşama yaxın Əliş qızına işarə etdi ki, get, bibini çağır. Rəna sevincək yerindən götürüldü. Gülsənəmin gülü açıldı, oldu dünyanın ən xoşbəxt adamlarındam biri. Əliş üzünü ona tutub dedi:

      - Gülü, düzdü, mən səni o vaxt sevirdim, sən də məni sevirdin. Amma olan olub, keçən keçib. Fatimə ölən gün mən əlimi Qurana basıb Allaha and içdim ki, ömrümün sonuna qədər evlənməyəcəm, özüm balalarımı böyüdəcəm, onlara həm dədəlik edəcəm, həm analıq. İndi Allahımla vədimi poza bilmərəm. Sən məni bağışla, zəhmət çəkib gəlmisən, uşaqlarım da səni sevmişdi, amma yaxşısı budu hava qaralmamış qayıt kəndinizə.

      Gülsənəmin gülü soldu, yaşmağıyla ağzına örtüb, evdən çıxdı, yeyin-yeyin addımlarla kəndinə tərəf üz tutdu. 

      • Hits: 560 clicks

      Tecox component by www.teglo.info