Firdovsi HƏSƏNOV - FƏXRİMİZ ŞƏHİDLƏRİMİZ...

      Share

      Zaman ötür, fəsillər dəyişir, illər əsrlərə, əsrlər minilliklərə çevrilir, tarixə dönür. 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də azadlığa susamış bir xalq üçün kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

                  Ermənistanın ərazi iddiaları və Dağlıq Qarabağda separatçılıq hərəkatı 1988-ci ildə respublikanın ərazi bütövlüyünün müdafiəsi uğrunda kütləvi xalq hərəkatının yaranmasına gətirib çıxartdı. Respublikada milli mənlik şüurunun daha da güclənməsi və demokratik proseslərin inkişafı 1989-cu ilin sentyabrında Azərbaycan Ali Sovetinin "Azərbaycan SSR-in Suverenliyi Haqqında" Konstitusiya qanunu qəbul etməsi ilə əlamətdar olmuşdur.

                  1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi, qarşıdurma dərinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti son dərəcə zəiflədi.Hakimiyyət böhranı və respublikadakı hadisələrə nəzarətin tam itirilməsi bu şəkildə özünü büruzə verdi ki, Dağlıq Qarabağda və Ermənistanla sərhəddə erməni yaraqlılarının qanlı əməllərinin ardınca Cəlilabad və Lənkəran rayonlarında sovet və partiya orqanları devrildi, İranla sərhəddəki istehkamlar dağıdıldı.

                  1990-cı il yanvarın 16-da Bakı şəhərinin girəcəklərində və Bakı qarnizonu hissələrinin ətrafında vətəndaşlar yük və minik avtomaşınlarını yan-yana qoyaraq piketlər təşkil etdilər (bilavasitə şəhərdə 60 qoşun hissəsindən 34-nün yolu kəsilmişdi). Piketlərin ətrafında daim şəhər sakinlərinin böyük dəstələri olurdu.1990-cı il yanvarın 18-də Bakıda və Azərbaycanın on bir başqa rayonunda keçirilən izdihamlı mitinqlərdə ümumi tətilin başlandığı elan olundu. Tələb edilirdi ki, qonşu respublikanın ərazi iddialarına son qoyulsun. Bakı ətrafında cəmləşən qoşunlar çəkilib aparılsın və Dağlıq Qarabağa, Ermənistanla sərhədyanı rayonlara göndərilsin. Xəbərdarlıq edilirdi ki, qadağan saatının qoyulması ağır nəticələr verə bilər. Mitinqçilər Azərbaycan KP MK-nın binasını mühasirəyə almışdılar.

                  1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.1990-cı il yanvarın 19-u saat 19:27-dəSSRİ DTK-nın "Alfa" qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər davam edir, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi. Hərəkatın bəzi liderləri əhaliyə dağılmağı, bəziləri isə müqavimət göstərməyi məsləhət görürdü. Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansızca atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular.Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdü. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda  - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdi.

                  Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri var idi. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdı. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı.Hüquqi əsası olmadan Bakıda fövqəladə vəziyyət elan edilməsi, Silahlı Qüvvələrin şəhərə soxulub heç bir müqavimətlə üzləşmədən ağır texnika və məhvedici silahlar vasitəsilə dinc əhaliyə qəddarcasına divan tutması Azərbaycan xalqına qarşı cinayət idi. Bu cəza tədbiri şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmişdi.

                  Əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək idi. Allahın insanlara göndərdiyi müqəddəs Qurani-Kərimdə buyurulur: “Şəhidlərə ölü deməyin, onlar diridirlər və Allahın nemətləri ilə faydalanırlar, ancaq siz bunu bilmirsiniz”.Şəhidlik ölümlərin ən şərəflisidir. Qanlı 20 Yanvar gecəsində qeyrət köynəklərini qana hopduran, canlarını Vətənə fəda edən igid oğul və qızlarımız doğma Azərbaycanımızın müstəqilliyinə öz qanları ilə imza ataraq, müqəddəs Şəhidlik Zirvəsini fəth etdilər. Şəhidi olmayan xalq torpaq məhəbbətindən, yurd sevgisindən məhrumdur. Şəhidi olmayan xalqın gələcək nəsilləri nə mənliyini, nə də kimliyinidərk edə biliməz.Azadlığı qanı ilə, canı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözüqıpıq, həyəcan içində yaşayar. Allah bütün şəhidlərimizə rəhmət etsin. Amin!

      • Hits: 686 clicks

      Tecox component by www.teglo.info