MÜSAHİBƏ - Şəhid ailələri

      Share

      Elxan Allahverdiyev (şəhid İlham Allahverdiyevin  böyük qardaşı)

      İrfan: Qardaşınızı bir xarakter olaraq necə anladardınız?

      Elxan Allahverdiyev: İlham Ağdamda böyüyüb, atamın anasının yanında. Buna görə də tez-tez gedib nənəmizə baş çəkərdi. Bu hadisələrdən əvvəl, hələ 1988-ci ildə hadisələr olanda, səhv eləmirəmsə Əskəran tərəfdə, ermənilərə qarşı etirazlar başlamışdı. O ərəfədə İlham Ağdamda idi. Ağdam camaatı ermənilərin xalqımıza yönəlik elədikləri hərəkətlərə etiraz olaraq Əskərana tərəf yürüş eləmişdi. Hətta iki iştirakçı şəhid oldu, Əli və Bəxtiyar. O ilk şəhidlərimiz vurulanda İlham da onların içində idi. Bu hadisədən sonra İlham özünə yer tapa bilmirdi. O, həqiqi bir vətənpərvər idi. Hətta sizə daha maraqlı bir şey deyim, Naxçıvanda, Arazın o tayı ilə bu tayını ayıran dəmir məftillər var idi. Xalqımız o sərhəddi sökəndə İlham da orada idi. Naxçıvana İlqar adlı dostu var idi. Toy səbəbiləmi, yoxsa başqa bir səbəbləmi oraya getmişdi. Bu taleyin qismətidir. Oradan qayıdanda o tikanlı məftillərdənbir bu qədər (bir qarşdan bir az çox) hissəsini də kəsib özü ilə gətirmişdi.

      İrfan: Həmin gecə haqqında bir xatirənizi bizimlə bölüşərdinizmi?

      - İkimiz də o gecə tankların qabağına çıxmaq üçün yığışan camaatın arasında idik.Yolları benzindolduran maşınlarla kəsmişdik. Bizə deyilmişdi ki, bunlar dolu olduğu üçün tanklar onları keçə bilməzlər. Əzsələr partlayış olar. Oradakılar sadə insanlar idi, biz hərbiçi deyilik ki, onları necə durdura biləcəyimizi bilək. Yola düzdüyümüz bütün maşınları, kamazları basıb keçdilər. Sonra camaata yaylım atəşi açmağa başladılar. Mən İlhamı axtarmağa başladım, amma tapa bilmədim. Hər tərəfdə yaralılar var idi. Onun nəşini ancaq üç gün sonra Respublika Xəstəxanasında tapa bildik. Dostu Niyazi deyir ki:“Mənim yanımda vuruldu. Biz meydandan üzüaşağı  düşdük ki, Salyan kazarması tərəfdəkilərə köməyə gedək. Əynimizdə, xüsusi etirazçı dəstə olduğumuz üçün, qara paltarlar var idi. Gördük ki, tanklar camaatı biçir. İlham əllərini qaldıraraq onların qabağında dayandı və deyirdi ki, biz silahsızıq, atəşi dayandırsınlar. Elə o anda İlhamı vurdular. İlham yıxıldı və dedi ki, bunlar həqiqi güllə ilə atəş açırlar. Biz onu çəkib aparmaq istəyəndə dedi ki, məni buraxın. Gedib onlara yanar şüşəni atmaq istəyirdi, ancaq buna taqəti qalmadı”. Onu götürüb Respublika xəstəxanasına gətirmişdilər. Həkimi deyir ki:“Biz güllə deşən yeri yardıq, qan çatmırdı, işıqlar yanmırdı. Oradakı qəzetləri yandırıb onların işığında əməliyyatı tamamlamağa çalışdıq. Başqa qan olmadığı üçün öz qanını filtrasiya edib qaytarırdıq. Saat gecə dördü keçmişdi. Əməliyyat qurtarana yaxın dedi ki, anama deməyin, anam bilməsin. Bir az keçəndən sonra fikrini dəyişdi, dedi anamı çağırın, mənə su verin. Çox qan itirmişdi... İlham və Fərizə artıq şəhidlərin simvoluna çevrilib. Tarixdə, ədəbiyyatda bir çox əfsanələr var, amma “20 Yanvar” şəhidlərimiz bizim yaşayan tariximizdir.

       

       

      Şövkət Xanməmmədova (şəhid  Cəbrayıl Xanməmmədovun həyat yoldaşı)

      İrfan: “20 Yanvar”ı necə xatırlayırsınız?

      Şövkət Xanməmmədova: Vaxt var idi, bizim həyətimizdə istilikxanamız var idi, orada qərənfil yetişdirərdik. Yoldaşım onları Moskvadakı gül mağazasına aparardı. Amma o hadisələrdən sonra o qərənfilləri kökündən çıxardıb atdım. O güllər əslində toy-nişan üçün əkilmişdi. Amma birdən-birə bir şəhid bəzəyinə döndü... Elə ilk gündən yoldaşım da meydanlara gedirdi. Ayın 15-də tanklar Bakıya girmiş və rezin güllələrdən istifadə edərək atəş açmışdılar. Bu güllələrdən biri yoldaşımın boynundakı şərfinin içinə düşmüşdü. Gətirib mənə göstərdi ki, gör bizə nə atıblar, bizi nə ilə aldadıb qorxutmaq istəyirlər? Sonra da dedi ki, bunun arxası daha çətin olacaq. Həmənki gün də, televizorlar söndü, işıqlar kəsildi, telefonlar susdu... Dəhşətli bir gecə yaşadıq. Yoldaşım dedi ki, hamımız bir yerdə olsaq yaxşıdır. Bizi bir yerə yığıb özü hadisələrə qarışmaq fikrində idi. Bizə demişdilər ki, tanklar Zığ yolu ilə gələcək. Bundan əvvəlki günlərdə biz dənizin üstündən vertolyotların ağır-ağır sahilə nə isə daşıdığını görürdük. Demək ki, bunlar tank gətirirmiş. Və o tərəfdən, Binə tərəfdən gəldilər. Biz də Yeni Suraxanıda idik. Yoldaşım da səs-küyə çıxdı və elə birinci vurulanlardan biri oldu. Orada olanların danışdığına görə neçə nəfər yanında uşaq olanları evlərinə göndəribmiş ki, indi camaatı qıracaqlar, uşaqlarınızı evə aparın. Neçə nəfəri qurtarıb xeyirxahlıq eləmişdi. Biz onu çox çətinliklə xəstəxanaya apardıq.

      İrfan: Yaralıları xəstəxaya aparmağa icazə vermirdilər?

      - Əlbəttə ki! Bilirsinizmi, biz həqiqətən çox ürəyiyumşaq xalqıq. Ruslar bizi vurmuşdular.Orada bir də yaralı zabit var idi. Biz onu da götürüb maşına qoymuşduq ki, xəstəxanaya aparaq. Tankların biri lüləsini bizə çevirib yolumuzu kəsdi. Qardaşım o zabitin papağını götürüb pəncərədən salladı. Zabit özü də əli ilə işarə elədi. Bunu görəndə rusca: “Atəş açmayın, bizimkilərdi”, - dedilər. Bizə atəş açmadılar, amma əl işarəsi ilə geri qaytardılar. Ayrı yolla, heç tanımadığımız adamların arasından, tanımadığımız qəsəbələrdən keçərək getdik. O gün camaatın birliyini, bərabərliyini gördüm. Relslərin üstündən maşınımızı keçirmək üçün taxtalar düzdülər, kömək elədilər. Körpünün altından keçib Sabunçuya çıxdıq. Ancaq iş oraya çatmaqla qurtarmırdı. Bizdən sonra tanklar Sabunçu xəstəxanasına da girdi. Xəstəxananın işığını söndürdülər. Yoldaşımın can verməyini görməyim deyə həkim məni qan almağa göndərdi. İçəri girəndə gördüm ki, həkimlər ağlaşırdılar. Çünki yaralı çox idi. Bütün imkanları da əllərindən alındığı üçün nə edəcəklərini bilmirdilər. Rəsmi qeydlərdəkindən daha çox adam orada şəhid edilmişdi. Ağacların dibində yaralılar var idi. Onları da bir-bir tutub maşınlara yığırdılar. Onların vəhşicəsinə elədikləri bu hərəkətlər hələ də gözümün qabağındadır.

      “Azərbaycanın azadlığı 20 Yanvar ağrısından, 20 Yanvar qeyrətindən doğdu. Şəhidlərimizin məzarları sabaha uzanan qollarımızdır”.

       

       

      Ziyafət Rüstəmova (şəhidRövşən Rüstəmovun həyat yoldaşı)

      İrfan: O günləri xatırlayanda ilk olaraq yadınıza nələr düşür?

      ZiyafətRüstəmova: 20 Yanvar hadisəsindən əvvəlki günlərdə də Bakıda baş vermiş bəzi hadisələr var idi, bütün xalq ayağa qalxmışdı. Əsas səbəb də elə Ermənistanda baş verən hadisələr idi. O zamanlar demək olar ki, hər gün mitinq olurdu və mən də, həyat yoldaşım da həm işə gedir, həm də bu mitinqlərdə iştirak edirdik. Yoldaşım özü də əslən Qarabağlı idi. Onun qanında, canında vətənpərvərlik deyilən hiss çox güclü idi. İnsanlara qarşı, vətəninə qarşı onda o qədər məhəbbət hissi var idi ki, belə hallarda onun gözünə yaşamaq, ailə, övlad, ata-ana.. heç bir şey görünməzdi. Həmin gün çıxanda dedim ki, “tez qayıdarsan”. O isə cavabında, “məni gözləmə, bilmək olmaz, gələrəm ya gəlmərəm”, - deyib getdi. O vaxta kimi belə bir sağollaşma ilə biz heç ayrılmamışdıq. İşə gedəndə, gələndə heç belə sözlər deməzdi. Beləcə çıxıb getdi. Gecəni gözlədim, gəlmədi. Bizim qaldığımız evdə demək olar ki, heç nə yox idi. Televizor da yox idi. Ona görə də nə baş verdiyindən xəbərimiz yox idi. Xalası da o gecə bizdə idi. Uşaqlar  yatmışdı. Gecənin yarısı qışqırıqlar, səs-küy eşidilirdi. İşıqlar da keçmişdi. Xalasına yoldaşımdan nigaran olduğumu dedim. O da dedi ki: “Kişi xeylağıdır, narahat olma. Özü gələr”. Səslər, qışqırıqlar , tırıltı səsləri gəlməyə davam edirdi. Ömrümdə heç tank görmədiyim üçün bunun tank səsləri olduğunu bilmirdim. Eşikdən gələn səslərə qulaq verdim. Bir qadın qışqırırdı ki: “Nə yatmısınız, durun gedək. Bakıya ordu girib. Biz də gedək kömək edək, silahlıların qabağını kəsək”. Balkona çıxanda iki dənə tank gördüm. Səsləri adamın qulağını batırırdı. Biz hadisələrin baş verdiyi yerə çox yaxın olmasaq da, tankların səsləri hər tərəfi bürümüşdü. Tanklar keçib Zığ tərəfə getdilər. O anda heç ağlıma gəlmirdi ki, axı mənim yoldaşım da orada ola bilər. Axı o həmişə alnına qara lent bağlayıb mitinqə gedərdi. O lentə də “Qarabağ” yazılmışdı...

      İrfan: Yoldaşınızın şəhid olduğunu necə öyrəndiniz?

      Səhər tezdən qardaşı gəlib xəbər verdi. Bədənində otuz iki dənə güllə var idi. Bu ekspertin dediyidir. Cəsəd ortadan iki yerə bölünməsin deyə onu ortadan da iki nəfər tuturdu. Bu mənzərəni görəndə qışqırıb huşumu itirdim. Bir də ayılanda gördüm ki, başımın üstündə həkim dayanıb.  Bir gecə saxladıq, çünki dəfndə də camaata hücum edərlər deyə çəkinirdik. Həmin gecə də evimizə silahlı əsgərlər gəldilər. Üstümüzə avtomaq tuşladılar. Evdəki cənazəni görəndən sonra çıxıb getdilər...  O gecəni, o acı günlərin ağrısını millətimizin bir daha yaşamamasını arzu edirəm. 

      • Hits: 771 clicks

      Tecox component by www.teglo.info