155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Dr. Abbas QURBANOV - Dünyanın Mərkəzinə Səyahət (-3-)

      Share

      Bütün zəvvarlar kimi, mən də Mədineyi-Münəvvərədə sadəcə üç gün qalacağımı düşünərək hər saatı, hətta hər anı daha da yadda qalıcı keçirməyə çalışırdım. Çünki, sadəcə bir Allah bilir, o müqəddəs yerlərə bir daha nə vaxt gedə biləcəyəm? Hər gün, sadəcə yatmaq və yemək üçün ayrılan bir neçə saatı çıxmaqla, Məscidi-Nəbidə olmağa çalışdıq. Qısa zaman içində Məscidi-Nəbinin hər halını və hər yerini ağlıma həkk etmək üçün hər tərəfini addım-addım gəzməyə çalışdım.

      Peyğəmbərin (s.ə.s) cənnətdən bir guşə olaraq adlandırdığı məzarı ilə minbəri arasındakı o mübarək hissədə olmağa çox çalışdım. Abdullah ibn Zeydin Rəsulullaha (s.ə.s) istinadən rəvayət etdiyi hədisdə belə buyurulur: “Evimlə minbərimin arası Cənnət bağçalarından bir bağçadır”.(Buxari, Səhih, III, No. 1193-1194) Onu da qeyd edək ki, Hz. Peyğəmbər bu sözünü hələ sağlığında söylədiyi üçün “evim” demişdir. Sonradan Peyğəmbərimiz öz evində dəfn edildiyi üçün, eyni hökm onun mübarək qəbri ilə minbəri arasına da şamil olunur. Hələ ziyarətə getmədən əvvəl bütün hacı dostlar Məscidi-Nəbinin xüsusilə o hissəsində olmağı dəfələrcə tapşırmışdılar. Mənhər dəfə, o qədər insanın arasında məscidin o özəl hissəsini necə müəyyən edə biləcəyimi soruşardım. Qarşılığında da, - heç narahat olma, tapa biləcəksən, - cavabını alardım.

      Beləliklə, Mədinədəki ilk gecə, təhəccüd namazından əvvəl ilk dəfə heç bir maneə olmadan birdən-birə özümü həmən mübarək hissədə gördüm. Məscidi-Nəbiyə Səlam qapısından daxil olduqdan sonra insanların bir istiqamətdə hərəkət etməsi diqqətimi çəkmişdi. Heç düşünmədən məndə eyni istiqamətdə getdim və anidən çox diqqətlə üzərində addımladığım xalçanın rənginin qırmızıdan yaşıla keçdiyini gördüm. Bəli, bütün müsəlmanların görməyi arzuladığı və duaların qəbul olunduğu o hissədə idim. O an yaşanılan duyğu və hissləri anlatmaq qeyri-mümkündür. Hər kəsin üzündə sevinc, dillərdə içdən gələn səmimi dua, mirvari dənələri kimi səpələnən yaşlı gözlər, sanki son namazını qılırmış kimi xüşu ilə qılınan iki rükət namaz... Peyğəmbərin (s.ə.s)  hüzurundaymış kimi diqqət olunan hal və hərəkətləri hər kəsdə görmək mümkün idi. Başqa bir sözlə desək, əslində hər bir müsəlmanda olması lazım olan xüsusiyyətlər...

      Mədinədə olduğum o qısa zamanda o qədər yeniliklər yaşadım və gördüm ki, bəlkə onların hər birini burada yazmağım çox çətindir. Bunlardan biri də bir gecə xurma bağını ziyarət etməyim oldu. Hər zaman televizorlardan gördüyüm xurma ağaclarını və onlarla xurma çeşidlərini dünya gözü ilə görə bilirdim. Onu da söyləyim ki, səhradan əsən gecənin isti küləyi ilə bərabər xurma ağaclarının altında təzə xurma ilə çay içməkdə başqa bir aləmdir.

      Bağ sahibinin xurma və xurma bağı haqqında anlatdıqları orada olan bütün zəvvarların həddən artıq diqqətini çəkdi. Belə ki, onun anlatdığına görə, xurma və ağacı çox özəl bir nemətdir. Allah-Təala onu Adəm və Həvvanı yaratdıqdan sonra artıq qalan palçıqdan yaratmışdır. Ona görə də xurma ağacı bir bitki olsa da,özündə insanaməxsus xüsusiyyətlər də daşıyır. Xurma ağaclarının da insanlar kimi erkək və dişiləri vardır. Onları bir-birindən fərqləndirən cəhət isə dişi olan ağacın budaqlarının aşağıya doğru əyilmiş olmasıdır. Erkək xurma ağacında isə budaqlar bunun tərsinə, yuxarıya doğru baxır. Xurma ağaclarının ən yuxarı hissəsində tək dayanan bir budağı olur ki, ona qətiyyən zərər verməmək lazımdır. Bu hissə ağacın başı sayılır ki,  o zədə aldığı zaman ağac quruyurmuş. Bununla da onların erkək ya dişi olduğunu fərqləndirmək mümkün olur. Xurma ağaclarının çoxalması da digər ağaclardan fərqlənir. Belə ki, dişi olan xurma ağacının gövdə hissəsindən yeni pöhrə çıxır və bu pöhrəni xüsusi bağbanlar doqquz aylıq bir müddətdən sonra kiçik bir əməliyyatla alırlar. Burada diqqət olunan xüsus nə ağaca, nə də pöhrəyə zərər vermədən onları bir-birindən ayırmaqdır. İnsanabənzər xüsusiyyətlər bununla da qurtarmır. Yeni alınan pöhrə, alındığıdişi xurma ağacının kölgəsində əkilir. Təxminən üç və ya beş il ərzində öz anasının himayəsində böyüyən pöhrə ilk meyvəsini verdikdən sonra, onu başqa bir yerə əkirlər. Yəni artıq ana himayəsindən ayrılıb yalnız başına yaşayacaq və meyvələr verəcək, yeni bir ana olacaq. Xurma ağacının tozlanması da fərqlidir. Erkək ağacda olan xüsusi xurma tozlu budaqlar yenə bağbanlar tərəfindən kəsilərək çiçək açan dişi xurma ağacının çiçəklərinə sürtülür və bu şəkildə mayalanma baş verir.

      Əbəs yerə deyil ki, xurma ağacının qəlbimizdə və həyatımızda özünəməxsus bir yeri var...

      • Hits: 673 clicks

      Tecox component by www.teglo.info