Səfa MURADOV - Bir Hədis

      Share

       

      عَنْ أَنَسِ بْنِ مَالِكٍ، قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: {إِنَّ اللهَ لَيَرْضَى عَنِ الْعَبْدِ أَنْ يَأْكُلَ الْأَكْلَةَ فَيَحْمَدَهُ عَلَيْهَا أَوْ يَشْرَبَ الشَّرْبَةَ فَيَحْمَدَهُ عَلَيْهَا}

                  Ənəs b. Malikdən (r.ə) rəvayət olunduğuna görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Allah-Təala yemək yedikdən və su içdikdən sonra Ona şükür edən qulundan razı qalar”.(Müslim, Zikr, 24; Tirmizi, Ətimə, 18)

      İnsanlığın qulluq vəzifələrinin ən əhəmiyyətli olanlarından biri həmd və şükürdür. Uca Allahın sonsuz əzəməti, ilahi sənət, sifət və təcəllilərini mədh və səna etmək həmd, Onun lütf etdiyi saysız nemət və ikramlarına qarşı dil, əməl və qəlb ilə səna və təşəkkür etmək isə şükürdür. Həqiqətən məxluqatın zirvəsini təşkil edən insanın əşrəfül-məxluqat olmasının bir lüzumu olan həmd və şükür, dinin ən dərin və ən həssas məsələlərindən biridir. Yaradılışındakı əsliyyəti qorumuş bir insanın, ona bir içim su ikram edənə qarşı bir təşəkkür borcu hiss edərkən, bütün nemətlərin sahibi, mənbəyi və ikram edəni olan Allaha qarşı səssiz qalmasının izahını anlamaq mümkün deyildir. Bu səssizlik düşüncə yoxsulluğu, fitrət və vicdan durğunluğunun ifadəsidir.

      Qulların əlində nə varsa hamısı Allaha aiddir. Təbiətdən və insanlardan gələn nemətlərin həqiqi sahibi Allahdır. Məxluqat bir vasitədən ibarətdir. Nemətin həqiqi sahibi və ehsan edəni kainatın Rəbbidir. Gətirəndən çox göndərənə şükür hissi ilə şükranlı bir həyat yaşanmalıdır. Nemətləri bizə çatdıran səbəblərə və ya vasitələrə bağlanıb nemətin həqiqi sahibini unutmaq insana yaraşmayan davranışdır. Bununla yanaşı vasitə olana da təşəkkür etmək əxlaqi bir hərəkətdir. Bu dediklərimizin əksinə, nemət sahibi olan Allahı unudub ancaq vasitə olana təşəkkür gülünc və yersiz olar. İlahi sünnətə uyğun olaraq kainatda hər şey bir səbəbə bağlanmışdır. Ancaq səbəblərə üz tutub səbəblərin Xaliqini unutmaq olmaz.

      Allaha şükür üç şəkildə yerinə yetirilir. Dil ilə olan şükür, şükrün ən aşağı dərəcəsidir. Bu, insanların yaradana qarşı “Ya Rəbbi! Sənə sonsuz şükürlər olsun” – demələrindən ibarətdir. Əməli şükür, Allahın lütf etdiyi nemətləri Onun yolunda, Onun əmr etdiyi bir şəkildə sərf etməkdir. Bu mənada varlının şükrü əlindəki vardan Allah yolunda verməkdir. Elm əhlinin şükrü Allahın onlara ehsan etdiyi elmin əmanət olduğunu dərk edib bu ilahi əmanəti ondan məhrum olanlara verməkdir. Qəlbin şükrü, yaradana məhəbbət və mərifətlə bağlanaraq hər hala razı olmaqdır.

      Allaha qarşı həmd və şükürlərin gerçəkləşməsi Rəbbin böyük bir lütf və ehsanıdır. Yəni oda bir nemətdir. Odur ki, hər bir insanın nail olduğu nemətə müqabil və gücünün çatdığı qədər şükür etməsi ən mühüm qulluq vazifəsidir. Yaradanın nemətlərinə qarşı şükran əxlaqı içində olmaq, möminin iman və əxlaqının bir gərəyidir.

       

      • Hits: 551 clicks

      Tecox component by www.teglo.info