MÜSAHİBƏI-Fahri SARRAFOĞLU

      Share

      QƏLBİN HÜZUR VƏ RAHATLIQ TAPMASI ŞƏRTDİR

      Fahri Sarrafoğlu kimdir?

      Jurnalist, yazar, fərdi inkişaf mütəxəssisi

      1966-cı ildə Aksarayda dünyaya göz açan Sarrafoğlu orta məktəbi həmin şəhərdə bitirdi. Ankara Universiteti İletişim Fakültəsi Jurnalistika vəİctimaiyyətlə Əlaqələr Bölümündən məzun oldu. Bir il Londonda ingilis dili təhsili aldı. Sonra Anadolu Universitetinin İlahiyyat Fakültəsini bitirdi və “Din Psixologiyası” sahəsində çalışmalara başladı. Bir çox psixologiya təlimlərində iştirak edərək Psixoloqlar və Psixiatrlar Dərnəyinin sertifikatını aldı.

      Jurnalist fəaliyyətinə 1990-cı ildə İxlas Holdinqdə ingilis dilində nəşr olunan “Turkey” qəzetində başladı. Eyni nəşriyyatda yer alan Aqro-Texnik jurnalında fəaliyyətini davam etdirdi. Atasının zərgərlik peşəsinə olan vəfa borcunu vermək üçün İstanbul Zərgərlərİttifaqı ilə birlikdə 1991-ci ildə “Gold News” zərgərlik jurnalını çıxardı və həmin jurnalda məsul katib vəzifəsini həyata keçirdi. 1993-1996-cı illərdə İHA da İqtisadçı müdir vəzifəsində işlədi. TGRT FM, Marmara FM və Günişığı FM radiolarında həftəlik proqramlar apardı. Jurnalist peşəsini davam etdirərək 1992-1998-ci illərdə əvvəlcə MÜSİAD mətbuat müşavirliyi və Mətbuat və Xalqla Münasibətlər Koordinatorluğu vəzifəsini həyata keçirdi. Həmçinin Akit qəzetində iqtisadiyyatla əlaqəli yazılar yazdı, reportajlar aldı. 1998-ci ildən 2013-cü ilə qədər Yeni Şafak qəzetinin iqtisadiyyat servisində KOBİ səhifəsi, həftəlik reportajlar və ölkə xəbərlərində iqtisadi və KOBİ xəbərlərinə imza atdı.

      Sondevir, Dünya Bülteni və Dünya Bizim internet saytlarında da sənətkar, mütəxəssis, iqtisadiyyatçı və akademiklərlə xüsusi müsahibələr aparmışdır. Gənc, Şəbnəm, Altınoluk jurnallarında, Tarix Qəzeti, İtovizyon jurnalı və İTO Ticarət qəzetində reportajları, fərdi inkişaf və İstanbulla bağlı yazı və müsahibələri işıq üzü görmüşdür.

      Eyni zamanda “İstanbulun Sirləri” adı altında İstanbulu tanıdan və sevdirən proqramları həyata keçirir. Fərdi inkişaf mövzusunda ixtisaslaşan Sarrafoğlu D.K.D (Düşün-Konuş-Dinlə) adlı seminarlar və Mətbuat və Xalqla Münasibətlər Seminarı – Morİnək (Fərq etmək) adlı müxtəlif təlimlər verməkdədir. Evlidir, dörd övladı var. Müsahibə nominasiyasında MÜSİAD mükafatına layiq görülmüşdür.

      Əsərləri:

      Türkiye ve Dünya’da Altın, 2000’e Doğru Türkiye, Politikasız Ekonomi, Medine Pazarı, Cuma Konukları, Ekonomi Meclisi.

       

      İrfan:Əvvəlcə qardaş ölkə Azərbaycana xoş gəlmisiniz deyirik. İki seminarınızda iştirak etdik, çox razı qaldıq. Nə vaxtdan bu kimi seminarlar verirsiniz və belə bir bacarığınız olduğunu necə kəşf etdiniz?

      Fahri Sarrafoğlu: Xoş gördük, mən də dəvətiniz üçün çox təşəkkür edirəm. Möhtərəm Ahmet Tecim bəy sevdiyim abimizdir, dəvətini dəyərləndirdim. İlk seminarımı Əziz Mahmud Hüdayi Vəqfində möhtərəm Dr. Adem Ergül bəyin təşviqi ilə verdim. 1991-ci il olardı. İlk təlimlərdə iştirak edənlər arasında tanıdığınız Prof. Dr. Ömer Çelik, Dr. Murat Kaya, Prof. Dr. Gülfettin Çelik kimi önəmli simalar vardı. O vaxt tələbə idilər. Bu istedadımızın kəşfi də yenə Adem Ergül bəyin sayəsində oldu. Belə bir qabiliyyətimiz olduğunu görüb bunu inkişaf etdirməmizi tövsiyə etdi. İlk təlimimiz D.K.D (Düşün-Konuş-Dinlə) ilə başladı. Əslində bu təlimləri Ankara Universitetinin İletişim fakültəsində oxuyarkən alırdım. Tətbiqatına da İstanbulda, Hüdayi Vəqfində başlamış olduq. O gündən bəri davam edirik həmd olsun.

       

      - “Ailədaxili Münasibət” adlı seminarınıza qulaq asdıq və lazımi mesajları aldıq. Sizcə ailədə fərdlərarası münasibət nə qədər mühümdür?

      - Ailə millətin təməl daşıdır. Təəssüflər olsun ki, bu gün öz əlimizlə öz qalamızın kərpiclərini sökürük. Bəli, öz əlimizlə. Dünya sevgisinin get-getə çoxalması, televiziya və sosial medianın nəzarətsiz formada istifadəsi ilə ailəmiz getdikcə zəifləyir, güc itirir. Bu halın bir an əvvəl bərpa olunması lazımdır.

      Ailədaxili münasibətlər yaxşı olmadığına görə tərəflər bir-birini anlamır. Eynilə bu hekayədə olduğu kimi: Ər-arvad ailə həyatı qurmalarının 40-cı ildönümünü qeyd edirlər. Həmin gün səhər yeməyini hazırlayan kişi öz-özünə deyir: “40 ildir arvadım sevdiyi üçün çörəyin yumşaq tərəfini ona verdim, özüm bərk tərəfini yedim. Bu gün yumşaq tərəfini mən yeyəcəyəm”. Süfrəyə oturan xanımı görür ki, qızardılan çörəyin bərk tərəfi onun qabağına qoyulub. Ərinə deyir ki, “Nə gözəl, 40 ildir ki, çörəyin bərk tərəfini sevdiyin üçün orasını həmişə sənə verib, yumşaq yerini özüm yemişəm. Əslində yumşaq tərəfini heç sevmirəm”. Görürsünüzmü, 40 ildir evlidirlər, amma hələ də bir-birilərini tanımırlar. Bu məsələyə diqqət yetirməliyik. Ər-arvad arasında ciddi mənada münasibət soyuqluğu var. Bunu aradan qaldırmaq üçün Rəsulullah (s.ə.s) kimi tez-tez sual verib gərəkli addımı atmaq lazımdır.

       

      Müasir ailələrdə fərdlərarasındakı münasibətə mənfi təsir edən amillər nələrdir?

      - Bir az əvvəl qeyd etdiyim məsələni geniş ələ alaq. Burada ən mühüm məsələ sosial mediaya həddən artıq bağlılıqdır. Televiziyaya və əşyaya həddən artıq bağlanmaq... Diqqət edin, həddən artıq deyirəm. Hər şey müvazinət üzrə olmalıdır, lakin təəssüf ki, bu tarazlıq qorunmur. Ər-arvad bir-biri ilə kifayət qədər görüşə bilmir. Həyatın axışına buraxılmış qaçhaqaç var. Qəlb qapısı heç cür açılmır. Halbuki qəlb qapısının açılması lazımdır... İstəyirsiniz bunu da bir hekayə ilə izah edim: “On səkkizinci əsrdə İngiltərənin məşhur rəssamlarından Uilyam Holman Huntun çəkdiyi bir tablo London Kral akademiyasında sərgilənirdi. Bir bağçanın təsviriolan bu tablonu “Kainatın İşığı” adlandırmışdı. Tabloda gecə vaxtı bağçada dayanan müdrik görünüşlü bir nəfər əks olunmuşdu. Adam boş əli ilə bir qapını döyür və içəridən cavab gözləyirdi. Tabloya diqqətlə baxan sənət tənqidçilərindən biri:

      “Düzü, gözəl tablodur, amma heç bir məna çıxara bilmədim. Adamın döydüyü qapı heç açılmayacaqmı? Qapıya toxmaq çəkməyi unutmusunuz...”

      Rəssam dahiyanə əda ilə gülümsədi. Elə bu sualı gözləyirdi:

      “Adam adi bir qapını döymür. Bağçadakı bu qapı insanın qəlbini təmsil edir. Ancaq içəridən açıla bildiyi üçün də qəlbin çöldən toxmağa ehtiyacı yoxdur”.

      Biz də ailədə tez-tez qəlb qapısını döyməliyik. Möhtərəm Osman Nuri Topbaş hocamızın da əsərlərində üstündə durduğu mövzu budur əslində. Mənəvi təlim, təsəvvüfi tərbiyə evdə başlamalıdır. Məhz ona görə də Hüdayi Vəqfinin təlim-tərbiyə sistemində xanımların maarifləndirilməsinə daha çox əhəmiyyət verilir. Çünki onlar gələcəyin analarıdır. Ana yaxşı yetişərsə, ailələr daha güclü və daha yaxşı olar. Eynilə böyük çinarlar kimi dimdik durarlar. Ailə tərbiyəsinə əhəmiyyət verməliyik.

       

      - İş atmosferində stress yaşayan valideynlər bu neqativ enerjini evə və uşaqlara əks etdirməmək üçün nə etməlidirlər?

      - Valideynlərin mütləq bir xobbisi olmalıdır. Mütləq özlərinə vaxt ayırmalıdırlar. Müştərək səyahət, kitab oxuma saatı, film zamanı təşkil etməlidirlər. Təsəvvüfi tərbiyə əsla unudulmamalıdır. Qəlb dünya ilə məşğul olduqdan sonra istədiyiniz qədər pozitiv enerji ilə yüklənirəm deyin, ya da xobbim var deyin, bu kifayət etməz. Evə çatmadan tükənər. Qəlbin rahat olması şərtdir. Qəlb deyərkən həm də tibbi mənadakı “ürək”dən bəhs edirəm. Çünki zehin məşğul olarsa, narahatçılıqlar olar, streslər artar, bu da ürəyə təsir edər, elə deyilmi? Digər tərəfdən “qəlb” adlandırdığımız mənəvi orqan da bəslənmək istəyir. Onun qidası zikrdir. Qəlblər yalnız Allahın zikri ilə aram tapar, dünya malı ilə deyil. Elə isə ailələr xoşbəxt olacaqları zikr məclisləri, söhbət halqaları axtarmalıdırlar. Dünya dərdlərindən necə və harada xilas olmağın çarələrini axtarmalıdırlar. Ər-arvadın ayrı-ayrı söhbət məclisləri olmalıdır. Uşaqların da həmyaşıdları ilə birlikdə gedəcəkləri gənclik mərkəzləri olmalı və ya gənclərə münasib söhbət halqalarına təşviq edilməlidirlər.

       

      - Sizcə xoşbəxt bir ailə üçün vazkeçilməz ünsür nədir?

      - Əlbəttə ki, Allahın dediyi kimi yaşamaq. Qurani-Kərimdə “özünüzü və ailənizi oddan qoruyun” deyilir. Buradakı qorumaq həm ataya, həm də anaya aiddir. Onlar buna əhəmiyyət verməlidirlər. Sağlam ailə üçün güclü münasibət şərtdir. Ailədaxili münasibətlər yaxşı olmalıdır. Valideynlər bir-birilərinə və uşaqlara vaxt ayırmalıdırlar. Fiziki inkişafa da diqqət etməlidirlər. Siqaret çəkən və ya artıq çəkidən əziyyət çəkən ata-ana uşağa necə nümunə ola bilər? Yaxud da bir ev düşünün ki, orada hər gün dava-dalaş, yalan var, səadət adına heç nə yoxdur. Burada yetişən uşağın necə olmasını istəyirsiniz? Bütün bunları təmin etməyin yolu mütləq mənada mənəvi tərbiyə atmosferində olmaqdan keçir. Qəlbin və ruhun tərbiyəsi də bədən tərbiyəsi qədər mühümdür. Orada təlim ömür boyu davam edər.

       

      - Bizə vaxt ayırdığınız üçün təşəkkür edir, bu kimi proqramlarda təkrar görüşməyi arzulayırıq.

      - Bütün oxuculara ayrı-ayrı salam deyirəm, bizə vaxt ayırıb müsahibəni oxuduqları üçün minnətdarlığımı bildirirəm. Yeri gəlmişkən belə bir jurnalın ərsəyə gəlməsindən oxucuya çatmasına qədər əməyi keçən hər kəsdən Allah razı olsun deyirəm

      • Hits: 920 clicks

      Tecox component by www.teglo.info