155-ci Sayı

 

Flash Görüntüsü

 

Qeydiyyatdan Keç

 

Abunə ol..



    Saleh Zeki MERİÇ - SOSİAL MEDİA SOVRULANLAR

      Share

      Uzun-uzadı fikirləşdim. Yazacağım hər kəlmə klassik olmaqdan uzaq olmalıdır. Nə də olsa, sosial media ilə əlaqəli bir yazı qələmə almağı düşünürəm. Təriflərə, ağır məfhumlara, uzun cümlələrə ehtiyac yoxdur. Çünki sosial medianın dili - hərflərdən, işarələrdən, rümuzlardan meydana gəlir. Gənc nəsil o qədər sürətli yaşayır və danışacaq o qədər çox şeyi var ki, rümuzlarla, hərflərlə və ya bəzi şəkillərlə istəyini başa salır, duyğularını ifadə edir. Vəziyyət belə olanda bizim yeni nəsillə ortaq bir dil formalaşdırmağımız və özümüzü anlada biləcəyimiz yeni bir dil tapmağımız lazımdır.

      Sosial Media olaraq zehnlərimizdə yer tapan məfhumun nə olub olmadığına baxmadan böyük kütlələrə təsir etdiyini və bu səbəblə də yeni bir həyat anlayışının ortaya çıxdığını ifadə edə bilərik. Məsələnin sosial-psixoloji analizləri fərqli mühitlərdə və işin mütəxəssisi olan insanlar tərəfindən onsuz da edilməkdədir. Mən burada yalnız bəsit mənada hər birimizin bir-birimizdən fərqsiz olaraq yaşadığı bir neçə təsbiti sizinlə bölüşmək istəyirəm.

      “İnternet” məfhumunun həyatımıza girdiyi illəri eləcə bir xatırlayaq. Yəni internetin xalqa açıldığı, bir mənada hər küçə arasında “İnternet Cafe”lərin göbələk kimi törədiyi illəri. Eynilə doxsanıncı illərin başında özəl televiziya kanallarının bir-bir açılıb gündəmimizin birinci sırasına yerləşdiyi kimi. Mühafizəkar bir cəmiyyət olaraq qaydası olmayan bir aləmin bütün imkanlarının önümüzə sərilmiş olması bir çox nöqtədə sosioloji korlanmalara səbəb oldu.

      İnternetlə bərabər telefonların yayğınlaşması və “hər kəsə özəl” telefonların işlədilməyə başlaması ilə başda nemət kimi görünən bu vəziyyət, bir çox dəyərimizi də alıb apardı. Sevdikləri ilə əlaqə saxlamaq üçün taksofon telefonların yerinə cib telefonları, məktubların yerinə “sms”lər və ya e-poçt mesajları keçəndə işin necəliyi dəyişdi amma keyfiyyəti pozuldu. Bu dəyişiklik həyatımızın hər yönünə yansıdı. Ən çox da məhrəmiyyət duyğumuzu, ailə əlaqələrimizi, dostluq münasibətlərimizi alt-üst etdi. Yəni texologiya haqqında həmişə uzaqdan eşidən cəmiyyətimiz bu rəngli həyat ilə üz-üzə gələndə səndələdi, ifadə yerindədirsə, sudan çıxmış balığa döndü.

      Doxsanıncı illərdən sonra sürətli bir artış edən texnoloji inkişaf bərabərində öz nəslini də əmələ gətirdi. İndinin iyirmi-iyirmi beş yaşındakı gəncləri ilə ondan on il əvvəlinin nəsli arasında həyat tərzindən düşüncə tərzinə, danışma şəklindən geyim-keciminə qədər bir çox sahədə ciddi fərqliliklər meydana gəldi. Əslində bu, ümumilə dünyada baş verən bir dəyişikliyin nəticəsi idi. Ancaq bu dəyişikliyi gerçəkləşdirən ağıl, təəssüf ki, bizə məxsus bir ağıl deyildi. Bəlkə indi bu mövzuda içində olduğumuz və bir çox məsələdə tənqid etdiyimiz vəziyyətin altında yatan səbəb elə bu olmalıydı.

      İki minli illərə gələndə artıq həyatımızın ayrılmaz parçasına çevrilən internet bir ehtiyac olmaqdan çıxıb bir komfort vasitəsi olaraq varlığını davam etdirir. İndilərdə, yenə sekulyar ağlın adlandırması ilə həyatımıza girən, ağıllı telefonlar sayəsində çox fərqli kimliklər, şəxsiyyətlər, anlayışlar meydana gəldi. Əsas məqsədi insan həyatını asanlaşdırmaq olaraq ifadə edilən bu ağıllı cihazlar digər tərəfdən insanı əsir alan, hərəkət sahəsini daraldan, insan olmağından qaynaqlanan xüsusiyyətlərini gözardı edən bir cihaz halına gəldi.

      Bir “mühasirədə qalmışlıq” duyğusu içində, bir məcburiyyət hissi ilə, əvvəllər bəsit bir telefondan uzağa getməyən danışıq və əlaqə vasitələri indi həyatımızın özü halına gəldi. Bu yaxınlıq eyni zamanda asılı olmağa, həyatı gerçəyindən uzaq, vitual bir şəkildə yaşamağa və həqiqi obrazların yerinə virtual şəxsiyyətlərin ortaya çıxmasına səbəb oldu.

      Ən bəsit sosial media vasitəsələri olaraq Facebook, Twitter, Whatsap, instagram və bizim kimi ortalama sosial media işlədicilərinin adlarını bilmədiyi bu və bənzəri ünsürlərin həyatımızı necə əsir aldığını etiraf etmək məcburiyyətindəyik.

      Bu gün sosial media bir aludəlik halına gəlib. Zəruri olmaqdan çıxıb, məntiqi bir süzgəcdən keçmədən edilən bir vərdiş halına gəlmişdir. Müvəqqəti bir hal olmağını təmənni edirik. Ancaq belə görünmür. Hər kəsin ağlına gələn, “Vasitələri hansı məqsəd üçün işlədirsinizsə ona görə şəkillənər. Biz də sosial medianı xeyir işlərimiz üçün işlədək” düşüncəsi həqiqətdən uzaq, sadəcə bir təmənna olaraq qalmaqdadır. Çünki oyunu quran biz deyilik. Oyun nə sizin dəyərlərinizi diqqətə alır, nə də siz bu axıma qarşı dura bilirsiniz.

      Bizə verdikləri ilə bizdən aldıqlarını sıralayanda aldıqlarının daha çox olduğunu gördüyümüz bir həqiqətdir. Sosial media vasitələrinin əsas məntiqinin şəxsin eqosunu yüksəltməyə yönəlik olduğunu qəbul etsək, Facebook sərhədləri olmayan bir paylaşım anlayışını, Twitter həqiqətdə demədiyimiz ifadələri işlətməyə təşviq, Whatsap isə lazımından artıq bizi məşğul edən bir ünsiyyət vasitəsi halını almışdır. Bu sahələrin nə qədərini xeyrə, nə qədərini nəfsimizin istəklərini təmin etməyə işlədirik, o da bizim vicdanımıza soruşmalı olduğumuz mühüm bir sualdır.

      Hər sahədə olduğu kimi, sosial medianı işlətməkdə də yeni yorumlar, yeni tezislər ortaya qoymaq məcburiyyətindəyik. Bu gün sosial medianı ən doğru şəkildə yorumlayacaq və ən verimli bir üsulla işlədəcək ağla ehtiyac var. Sosial media bu qədər həyatımıza girmişkən görəsən bu sahədə təhlil aparan, nəticə çıxardan neçə konfrans, neçə kitab, neçə məqalə yayınladıq? Yalnız şikayət məqsədilə məsələyə yaxınlaşsaq həllini ortaya qoymağımız mümkün deyil.

      XXI əsrin uşaqları olaraq biz, qlobal mübarizə sahələrində keçmişimizdən qalan mirasla necə varlığımızı davam etdirməliyik? Dünya əhəmiyyətli hadisələrin hər növünə qarşı, özünəməxsusluğumuzla necə reaksiya verməliyik? Oyunu müəyyən edən, oyunun qaydalarını qoyan və tərəfləri də özünə görə sinifləndirən bir sistem içərisində biz necə sovrulmadan və bütün dəyərlərimizi qoruyaraq var olmağa müvəffəq olmalıyıq? Bunlar, soruşmağımız lazım olan suallardan yalnız bir neçəsidir...

      • Hits: 654 clicks

      Tecox component by www.teglo.info