Adəm Şahin - ÜÇ PRİNSİP

      Share

      “Can Azərbaycan”dan bir dost, yazdığı mesajda: “Müəllim, mənə həyatınızda tətbiq etdiyiniz üç qaydanı deyə bilərsinizmi?”, - deyə xahiş edir. “Əlbəttə, hər kəs üçün bu fərqlidir, bunu bilirəm”, - deyərək cavabdan qaçış yolunu da bağlayır.

      Cavab üçün fikrimi cəmləşdirmədən əvvəl “Belə bir sualı niyə soruşdu ki?” sualının cavabını axtarıram. İnsanlar qarşısındakını dinləyirmiş kimi görünsə də, əslində, nə danışacağının hazırlığını edərmiş. Mən isə nə danışacağımın hazırlığını eləmədən “sualın soruşulma səbəbi-hikmətini axtarıram. Birinci ehtimal budur ki, anket hazırlayır. Aldığı cavablardan yola çıxaraq bir yazı yazacaq. İkinci ehtimal; vaxtilə bir yerdə işlədiyimiz üçün prinsiplərim maraq doğurub. Üçüncü ehtimal isə, həyatında qarışıq və bulanıq bir dövr keçirir. Bir ümid işığı ilham verə bilər deyə, digər insanların prinsipləri ilə maraqlanır.

      Cavab olaraq: “bu suala cavab verməzdən əvvəl dərindən bir nəfəs dərmək lazımdır”, - deyə yazdım və göndərdim. Heç düşünməmişdim “həyatda tətbiq elədiyim qaydalar nələrdir?” deyə. Topu xətdən kənara atırmış kimi cavab verim: Acanda yemək yeyirəm, yuxum gələndə yatıram, telefonun enerjisi azalanda doldururam, dayanacağa çatanda enirəm... Bunlar illərdir davam edən, dəyişməyən qaydalarımdır. Hədiyyəyə hədiyyə ilə qarşılıq vermək gözəl bir hərəkətdir. Mən də suala sualla qarşılıq verim: Bir qatarın həqiqi idarə edicisi kimdir? Qatarı sürən maşinistmi? 15 km uzaqdakı qatarın hansı relslərlə gedəcəyini təyin etmək üçünqovşaqdakı qayçını dəyişən işçimi? Yoxsa yol planını illər əvvəldən çəkib hazırlayanlarmı? Haydı dostum, sən bu suala cavab ver! Qatarı idarə edən maşinist deyə bilərmi ki, “mənim qatarı sürmək prinsipim belədir, belədir...” Ey maşinist! Nə prinsipindən danışırsan? Sən, sənə çəkilən relslərdən 0,5 sm sağa və ya sola çıxmaqdan belə acizsən! Hamımız əzəldə cızılan yollarda getmirikmi? Yol onun, varlıq onun, geriyə qalan hamısı boş sözlərdir. Gerçək bu ikən necə qaydalardan bəhs edə bilərik? Yağışlar yağdırılmasa, dünya dönməsə, günəş olmasa, ürək döyünməsə nə qayda qalar, nə də qayda-qanunun sahibi.Duha surəsinin 10-cu ayəsində Rəsulullahın şəxsində bütün möminlərin: istəyənləri, dilənçiləri, əl açanları azarlamaması və onları rədd etməmələri əmr edilməkdədir. Ayədə keçən “istəyən - dilənçi” mənasını daşyan “əs-səil” kəlməsi eyni zamanda sual soruşan mənasına da gəlməkdədir. Sual soruşan şəxs, ehtiyac sahibinin kömək istəməsi kimi, cavab istəməkdə, cavab gözləməkdədir. Elə isə, üç dənə qayda yazaraq dostumuzu razı salaq:

      1. Varlığının problemlərini yaşamaqdansa yoxluğunun sıxıntılarına səbir et: Dünya bazarları Çin malları tərəfindən işğal edilmişdir. Ucuzluğu ilə yerli istehsalatı monqol əsgərləri kimi qırıb keçən Çin malları rəqibsiz qalanda qiymətlərin yüksəlməsinə gətirib çıxardıb. Çin mallarının ucuzluğu artıq tarixdə qalacaq. Çinə qonşu olan bir ölkədə türk malı və ya rus malı axtarmaqdan bezmiş biri olaraq varlıqda yaşanan problemin yoxluqda yaşanan sıxıntıdan daha böyük olduğunu dərk etdim. Bir yaşındakı bir uşaq üç dənə uşaq arabası (kolyaska) köhnəldə bilər? Cümə namazı kimi, bir kranın ömru necə olub ən çox bir həftə ola bilər? Bazarlarda uşaq arabalarında çörək satan insanlar var. SSRİ dövründə istehsal edilmiş bu arabalar kim bilir neçə uşaq böyütdü? Kran xarab olanda “yəqin bu keyfiyyətsizdir”, - deyərək bazardan tapa bildiyimiz ən yaxşısını alaraq dəyişdirdik. İkinci kranın da ömrü saylı aylar olanda üçüncü kranı almadım. Üç-beş ayda üç kran dəyişdirmək olar? Telefonu hər gün doldururmuş kimi bizi hər gün dərman atmağa, hər gün şokolad və dondurma yeməyə, hər həftə təmirçiyə, hər bazar alış-veriş mərkəzlərinə gedirmiş kimi istehlak/zibilliyə göndərmək üçün abonə eləmək istəyənlər var. Varlığının problemlərini yaşamaqdansa yoxluğunun sıxıntılarına səbir et, deyərək kranı ləğv etdim və dədə-baba üsulu deyilən aftafaya qayıtdım. Həyatda rahatlaşmağın yolu kranların sayını azaltmaqdır. İşlənməyən şeyləri atmaq və doldurula bilməyən cibləri bağlamaqdır.

      2. Razı olmaq: Olanda, tapılanda, ələ keçəndə xeyir var. Bəzən daha yaxşısını axtarmaq daha pisini yaşamağa səbəb olur. Çatacağım yerə 50-100 metr daha yaxın park edə bilmək üçün irəli gedəndə içinə düşdüyüm tıxacda iki saata yaxın ilişib qaldım. Nə olasıydı, sanki 50 metr yeriməklə yollar aşınasıydı? O gün – bu gün var olana, mövcud olana və yaşanana razı olmağın lazım olduğuna inanıram. İki saatlıq travmanın təsirindən ola bilər, yaxın – uzaq demədən ilk tapdığım boş park yerinə uzaqdır demədən dərhal girirəm.

      3. Bilməyən və özünü inkişaf etdirmək yönündə səyi olmayan insanların problemləri ilə məşğul olmaqdansa; ağıllı, zəki və işini bilən insanların kaprizləri ilə məşğul olmaq daha yaxşıdır: Bilməyən və anlayışı olmayan kimsəyə gördürüləcək işi insan özü eləsə daha rahat olar, canı sıxılmaz və özünün istədiyi kimi nəticələndirər. Atalarımız: “axmaq dostun olacağına ağıllı düşmənin olsun” sözünü boş yerə deməyiblər ki?! Bilməyən və bilmədiyinin də fərqində olmayan insan ömrün rəndəsidir, zərər verə-verə aşındırar. Keyfiyyət ucuz olmadığı kimi, yaxşı və ağıllı insanlar da rahat tapılmazlar. Onları əldə saxlamaq da çətindir. Çox və ucuz olub ziyan verənə sahib olmaqdansa, az olub bahalı olanı bütün mənfi yönlərinə dözərək, xeyir verdiyi və irəli apardığı üçün, əldə saxlamaq lazımdır.

      Son söz: Ya Rəsulallah! Prinsiplərinin prinsipimiz olması üçün hələ də çalışırıq...

      • Hits: 580 clicks

      Tecox component by www.teglo.info