Səfa MURAD - Bir Hədis

      Share

      عَنْ شَدَّادِ بْنِ أَوْسٍ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ، قَالَ: الكَيِّسُ مَنْ دَانَ نَفْسَهُ وَعَمِلَ لِمَا بَعْدَ الْمَوْتِ، وَالعَاجِزُ مَنْ أَتْبَعَ نَفْسَهُ هَوَاهَا وَتَمَنَّى عَلَى اللَّهِ

      Şəddad ibn Evs (r.a)-dan rəvayət edildiyinə görə Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Ağıllı insan nəfsinə hakim olan və ölümdən sonrası üçün çalışandır. Aciz insan da, nəfsinin həvəslərinə tabe olub Allahdan (bağışlanmasını) təmənni edəndir”.(Tirmizi, Qiyamət, 25; İbni Macə, Zöhd, 31)

      Sonu ölümlü bir dünyada məlum bir ömrə sahib olan insan oğlu dünya və axirət həyatını dəyərləndirərkən bir çox ağır qüvvələrin təsiri altında qalır. Bunlar iman, dünya, nəfs, insanlar və şeytandır. Nəfsə hakim olub axirət həyatı üçün əziyyət çəkmək ağlın göstəricisi olub bunu kamil və qüvvətli bir iman ilə əldə etmək mümkündür. Nəfsə hakim olmaq ağlı həyata hakim etmək deməkdir. Axirət isə ağılla diqqətə alınmalı olan çox əhəmiyyətli və köklü bir həqiqətdir. Əməllərinin axirətdəki nəticələrini nəzərə alaraq hərəkət etmək həqiqi mənada ağıllı insanların davranışıdır. Qurani-Kərimdə Allah-Təala belə buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə, axirət üçün özünə nə hazırladığına nəzər salsın.” (Həşr 59/18) Bu ayə ölümdən sonrası üçün tərtibli bir şəkildə çalışanların nə qədər doğru və ağıllı iş gördüklərini diqqətə çatdırır.

      Qeyd etdiyimiz hədisdəki “nəfsinə hakim olan” ifadəsi qiyamətdə hesaba çəkilməmişdən əvvəl həyatda ikən öz nəfsini hesaba çəkən insan deməkdir. Yəni axirət həyatının hesabatını alnıaçıq verə biləcək insan dünyanın yaxşı tərəflərini axirətə aparmağı bacaran insan deməkdir. Hədisi-şərifdə nəfsin həva və həvəslərinə tabe olmaq, sonra da Allahdan mümkün olmayan diləklər diləmək acizliyin əlaməti sayılmışdır.

      Nəfs nəzarətsiz buraxılarsa sonunu düşünmədən xoşuna gələn şeylərin dalınca düşüb sahibini hər iki dünyada rəzil və rüsvay edər. Əzab yeri olan cəhənnəm nəfsə xoş gələn haramlarla bəzədilmişdir. Bu baxımdan, nəfsin bütün istəklərini yerinə yetirdikdə insanın gedəcəyi yer cəhənnəm olar. Nəfsin şəhvani istəklərinin dalınca düşənləri, nəfsləri hörümcək toru kimi toxuduqları tora salaraq cəhənnəmə aparar. Odur ki, nəfsə xoş gələn şeylərə aldanmaq doğru deyil. Çünki arxası oddur, əzabdır. Hədisi-şərifdə əbədi səadət yurdu olan cənnətdən də xəbər verilir. Cənnətə nəfsin gözü ilə baxdıqda ibadət, fəzilət və fədakarlıqlarla pərdələndiyi görülür. İnsanın nəfsi bu çətinlikləri qəbul etmək istəməz. Ancaq həqiqi səadət bu müvəqqəti çətinliklərə sinə gərib o pərdələri aralaya bilməkdədir. Bu məqamda nəfs ilə cihad etmək çox böyük əhəmiyyət və məna qazanır. Ancaq bir şeyi unutmaq olmaz ki, nəfs ilə cihad nəfsin haqlarına deyil, həzlərinə sədd çəkməkdir. 

      • Hits: 693 clicks

      Tecox component by www.teglo.info