Osman Nuri TOPBAŞ - HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Xalid Bağdadi -q.s- (5)

      Share

      Xalid Bağdadi həzrətləri buyurur:

      “Alim və arif olanlar bu həqiqət üzərində ittifaq etmişlər ki, bir adamın öz nəfsini bəyənməsi, başqalarını xor görməsi və digər insanlardan daha təqvalı olduğuna inanması böyük günahların ən böyüklərindəndir”.[1]

      Allahın qullarını xor görən kəs əslində Allaha qarşı özünü kiçiltmiş olar. Hədisi-şərifdə buyurulduğu kimi:

      “İnsana günah olaraq müsəlman qardaşını xor görməsi kifayətdir”. (Müslim, Birr, 32)

      Haqq-Təalanın qardaş qıldığı müsəlmanların birlik, bərabərlik, ülfət və yardımlaşması qarşısındakı ən böyük maneə olan təkəbbür, eqoizm və üstünlük iddiaları, bütün sərmayəsi “yoxluq”“heçlik” olan insan oğlu üçün ən böyük hədsizlikdir. Çünki insanın sahib olduğunu düşündüyü maddi-mənəvi bütün nemət, imkan və keyfiyyətlər tamamilə Allahın lütfüdür. Yəni əslində Allaha aiddir, insan sadəcə əmanətçidir.

      İnsanın əlində əmanət olan nemətləri özündən zənn edərək bundan nəfsinə hissə götürməsi Allah-Təalanın “kibriya” sifəti ilə şəriklik iddia etməsidir. Halbuki tövhid əqidəsi heç bir ortaqlığı qəbul etmir. Ona görə də ortaqlıq iddiasında olan hər kəs qəhr olar. Nəfsini böyük və əziz görən rəzil və zəlil olmaqdan qurtulmaz.

      Digər tərəfdən başqalarını xor görərək özünü bəyənmək qədər insanı mənən həlak edən başqa bir fəlakət yoxdur. Ona görə də Mövlana həzrətləri bir çox mənəvi təhlükədən əmin olmağın heçlik, yoxluq və təvazö libasına bürünməklə mümkünlüyünü bu təşbehlə belə dilə gətirmişdir:

      “Qılınc, boynu olanın boynunu kəsər!.. Kölgə yerə döşəndiyi üçün heç bir qılınc zərbəsi onu yaralaya bilməz”.

      Yenə Mövlana həzrətləri:

      “Təvazökarlıqda torpaq kimi ol!” - buyurmuşdur.

      Necə ki, torpaq ayaqlar altında əzilir, bütün məxluqatın artıqlarını qəbul edir, özündə həzm edir, sonra da onları tərtəmiz çiçəklər, meyvələr, qidalar halında təqdim edir, təvazökar mömin də eynilə belədir.

      ü Təvazökar mömin əfv edəndir. Əfv edə-edə ilahi əfvə layiq olmağa cəhd edər.

      ü Təvazökar mömin pisliyə də yaxşılıqla qarşılıq verər. Bu yolda başına gələn əziyyətləri də özü üçün təzkiyə və savab vəsiləsi bilər.

      ü Təvazökar mömin səxavətlidir. Çünki özündə heç bir varlıq görməz, əlindəki varlığı özündən bilməz. Sadəcə əmanət olduğunu dərk edər. Bu səbəblə Haqdan gələni Onun yolunda sərf etmək təvazökar qullara ağır gəlməz. Əksinə, infaq edə bilmək onlar üçün tərifi imkansız ləzzətə çevrilər.

      ü Təvazökar mömin xidmət əhli olar. Böyük məsuliyyət duyğusu içində özünü Allah rizası üçün xidmət etməklə mükəlləf görər.

      ü Təvazö sahibi olan mömin fədakardır, zərifdir, incə ruhludur…

      Xülasə, bir çox gözəl xislətin bağlı olduğu müstəsna fəzilət olan təvazökarlıq kamil möminlərin fariq vəsfidir.

      Xalid Bağdadi həzrətləri buyurur:

      “Sənin qeybətini etsələr də, sən heç kimin qeybətini etmə!”[2]

      Qeybət, yəni hər hansı bir adamı xoşuna gəlməyəcək şəkildə yad etmək, Quran və Sünnənin şiddətlə qadağan etdiyi ağır günahlardandır. Qurani-Kərimdə qeybət “ölü qardaşının ətini yemək”[3] kimi iyrənc əməl olaraq təsvir edilir.

      Qeybətin təməlində eqoizm / mənlik duyğusu yatır. Çünki qeybət başqasını tənqid edərək beləliklə özünü üstün görməkdir. Yəni başqa birində olan pis xasiyyətin özündə olmadığına, beləliklə də özünün ondan daha yaxşı olduğuna eyham vurmaqdır. Nəticə olaraq özünü tərifləmə, lovğalanma və qürrələnmə təzahürüdür.

      İnsanın şərəf və heysiyyətinə qəsd edən qeybət günahına eynilə cavab vermək, yəni qeybət müqabilində qeybət etmək xam insanların davranış tərzidir.

      Bu hadisələr qeybətə məruz qalan kamil bir möminin sərgiləyəcəyi davranış tərzini necə də gözəl ifadə edir:

      Bir nəfər tabeun nəslinin böyüklərindən İmam Şabini təhqir etmişdi. Həzrət mülayim tərzdə ona belə cavab verdi:

      “Əgər dediklərin doğrudursa, Allah məni bağışlasın. Yox, əgər səhvdirsə, səni bağışlasın!”

      Fudayl bin İyaz həzrətlərinə də:

      “Filankəs sizin haqda heysiyyətinizi zədələyici sözlər danışır”, -  demişdilər.

      Həzrət isə:

      “Vallahi, mən ona yox, həmin sözləri dedirdən iblisə qəzəblənirəm”, - cavabını verib belə dua etdi:

      “Allahım, əgər o adam düz deyirsə, məni bağışla, yox, yalan deyirsə, onu bağışla!”

      İmanı kamil bir mömin qarşılaşdığı pisliklərə pisliklə cavab vermək yerinə ona ən gözəl üslubda yaxşılıqla cavab verməyin daha xeyirli olduğunu bildiyindən bu ilahi təlimatlara itaət halındadır:

      “Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar…” (əş-Şura, 40)

      “Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar”. (əl-Fussilət, 41)

      Qeybət və onun kimi pis əməllərə qarşı kamil möminin necə rəftar edəcəyini bu hədisi-şərif nə gözəl xülasə edir:

      “Sizə yaxşılıq edənlərə yaxşılıq etmək, pislik edənə də pislik etmək üstünlük deyil. Əsl üstünlük sizə pislik edənə qarşı eynilə cavab verməyib yaxşılıq etməkdir”. (Tirmizi, Birr 63 )

      Pisliyə yaxşılıqla cavab verməyin mənasını da düz başa düşmək lazımdır. Necə ki, Həzrət Peyğəmbər r bir gün belə buyurdu:

      - Din qardaşın zalım da olsa, məzlum da olsa, ona yardım et!

      Səhabələrdən biri:

      - Ya Rəsulallah, qardaşım məzlumdursa, ona yardım edərəm. Amma zalımdırsa, necə yardım edim? – dedi. Allah Rəsulu r:

      - “Onu zülmündən uzaqlaşdırar, zülmünə mane olarsan. Əlbəttə ki, bu, ona yardım etməkdir”, - buyurdu. (Buxari, Məzalim 4, İkrah 6; Tirmizi, Fitən, 68)

      Bir sözlə qeybət olunduğuna şahid olan bir mömin münasib dillə lazımi xəbərdarlığı etməli, əgər bu pis əməldən vaz keçməzlərsə, günaha şərik olmamaq üçün oradan uzaqlaşmalıdır.

      Haqq dostlarından Abdullah Dəhləvi həzrətləri iştirak etdiyi məclislərdə lüzumsuz sözlər danışılmasına imkan verməzdi. Kimsə qeybət etsə, dərhal ona mane olar və:

      “Dediyin sözə mən daha layiqəm”, - deyərdi.

      Oruclu olduğu bir gün yanında sultan haqqında pis danışdılar. Həzrət:

      - Vay! Orucumuz pozuldu, - buyurdu.

      Tələbələrindən biri:

      - Siz qeybət etmədiniz ki! – dedikdə isə:

      - Bəli, biz qeybət etmədik, amma qulaq asdıq. Qeybətdə söyləyən də, qulaq asan da eynidir, - buyurdu.[4]

      Pisliyə qarşı yaxşılıqla müdafiə olunmaq “saleh və muslih” bəndələrin, yəni həm özü istiqamət üzrə olan, həm də başqalarının islahı üçün çalışan kamil möminlərin bacaracağı işdir. Necə ki, Haqq dostlarından Həsən Bəsri həzrətləri qeybətini edənə qəzəblənmək yerinə, ona hədiyyə göndərərək təşəkkür edərdi.

      İmam Şarani q.s. belə deyir:

      “Mütləq kiminsə qeybətini etməli olsam, ilk növbədə ata-anamın qeybətini edərəm. Çünki qeybət edən insan əvvəlcə öz savablarını qeybətini etdiyi adama bağışlamış, verəcək savabı qalmamışsa da onun günahlarını yüklənmiş olar”.

      Həzrət Peyğımbər r də saleh insanların gözəl əxlaqına dair çox mənalı bir misalı belə xəbər vermişdir. Bir gün əshabına:

      - Hər hansı biriniz Əbu Damdam kimi olmaqdan acizdirmi? – deyə sual verən Allah Rəsulundan səhabələr:

      - Əbu Damdam kimdir? – deyə soruşdular.

      Rəsuli-Əkrəm r belə buyurdu:

      – Sizdən əvvəlki qövmlərdən birinə mənsub idi. O: “Məni təhqir edən və haqqımda danışaraq qeybətimi edənlərə haqqımı halal edirəm”, - deyərdi”. (Əbu Davud, Ədəb, 36/4887)

      Allahın qullarını bağışlaya-bağışlaya ilahi əfvə layiq ola bilmək həssaslığının necə də möhtəşəm təzahürü… Yaradandan ötrü yaradılanlara şəfqətin ən müstəsna misalı… Əziyyətlərinə məruz qaldığı kəslərin hesab günündə onun ucbatından pis vəziyyətə düşməmələri üçün onlara mərhəmət edərək ilahi rəhməti ümid etməyin necə də gözəl nümunəsi…

      Xalid Bağdadi həzrətləri buyurur:

      “Əsas məsələ mənliyi yox etmək, çox çalışmaq, əhdə vəfa və var olana qənaət etməkdir”.[5]

      İslam mədəniyyətinin irfan məktəbləri olan dərgahların divarlarını mənəvi xəbərdarlıq və təlimatlar ehtiva edən hüsnü-xətt lövhələri bəzəyərdi. Bu kimi lövhələrdən birində də “heç” yazardılar. Bu ifadə mənən kamilləşmə yolunda hər şeyin, mənlik və nəfsaniyyəti kənarlaşdıraraq heçliyi idrak etdikdən sonra başladığını təlqin etməkdə idi.

      Həqiqətən ilahi sirr və hikmətlərdən nəsib ala bilmək nəfsani arzulardan sıyrılıb “heçlik” halına büründükdən sonra başlayır. Ona görə təsəvvüfün qayəsi də ilahi qüdrət, əzəmət və səltənət qarşısında qulun öz acizliyini idrak edərək Rəbbinə tam bir təslimiyyətlə itaət etməsidir.

      Unutmayaq ki, bu dünyaya heç bir sərmayəmiz olmadan gəldik. Haqq-Təala insanı yox deyiləcək qədər bir maddədən, üstəlik atılmış nəcasət damlasından yaradıb dünyaya acizlik içində göndərir ki, insan əslini və mənşəyini düşünüb həddini bilsin. Heçlik, yoxluq və acizliyini idrak etsin, onu yoxdan var edən Rəbbinə üsyana qalxmasın.

      Necə ki, Haqq-Təala yoldan çıxan insanların halından söz açarkən də bu həqiqətə diqqət çəkərək belə buyurur:

      “Məgər insan onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsildi”. (Yasin, 77; Bax. ən-Nəhl, 4)

      Ona görə də:

      مَنْ عَرَفَ نَفْسَهُ فَقَدْ عَرَفَ رَبَّهُ

      “Nəfsini tanıyan, Rəbbini də tanıyar”, - buyrulmuşdur.

      İnsan heçliyini idrak edə bildiyi nisbətdə Rəbbinə yaxınlaşar. Rəbbinə yaxın olan qul isə daim həmd, şükür və riza halında olar. Haqq-Təalanın təqdir etdiyinin onun üçün ən xeyirli olduğuna inanaraq könül rahatlığı tapar. Rəbbinə daha da yaxın ola bilmək həvəsi ilə son nəfəsinə qədər qulluğunu artırmağın dərdində olar. 

      Bütün nemətlərin Allahdan olduğunu bilib Ona şükür etmək ən gözəl vəfa təzahürüdür. Bunun əksinə, nemətləri nəfsindən bilmək də ən çirkin vəfasızlıq və nankorluqdur. Bu etibarla insan haradan gəldiyini, əslinin nə olduğunu unutmamalıdır ki, ona ehsan edilən saysız-hesabsız nemətlərin qədrini dərk edib o nemətlərin əsl sahibinə şükür edə bilsin.

      İmanın ilk addımı dil ilə “lə iləhə” deyərək Allahdan başqa heç bir ilah olmadığını ifadə edərkən qəlbdə büt halına gəlmiş və qulu Rəbbindən uzaqlaşdıran qürur, təkəbbür, varlıq və mənlik iddiası kimi bütün nəfsani təmayüllərdən daxilini təmizləyə bilməkdir.

      Bahalı daş-qaşlar kirli və ləkəli qablarda deyil, tərtəmiz və ən müstəsna yerlərdə saxlandığı kimi, qəlb aləmi də mənən təmizlənməlidir ki, orada ilahi rəhmət təcəlli etsin.

      Rəbbimiz imtahan ünsürü olaraq bizə günaha da, təqvaya da meyil edə bilmə xüsusiyyəti vermiş və:

      “Nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır! Onu (günaha) batıran isə, əlbəttə, ziyana uğrayacaqdır”. (əş-Şəms, 9-10) buyurmuşdur.

      Ona görə peyğəmbərlərin ən mühüm vəzifələrindən biri də insanların daxili aləmini təmizləmək olmuşdur.

      Çünki bütün ibadət və müamilələrimiz ancaq təmiz qəlblə məqbul olar. Necə ki, çirkli bir qabın içinə bulaq suyu tökülsə, həmin suyun bütün şəffaflıq və ləzzəti itər, o qab içinə töküləni də kirlədər; qəlb də eynilə belədir. Qəlb mənəvi kirlərdən təmizlənməlidir ki, saleh əməllərdən feyz alsın. Qurani-Kərimin, hədisi-şəriflərin, kainatdakı ilahi əzəmət və qüdrət təcəllilərinin hikmətləri ilə dərinləşə bilsin.

      Təsəvvüfün qayəsi də qulun daxili aləmində bu saflıq və kamilliyi təmin edə bilməkdir. Çünki Haqq-Təala buyurur:

      “O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!”. (əş-Şuəra, 88-89)

      Yəni Rəbbimiz bizi dünyaya tərtəmiz göndərdiyi kimi, hüzuruna da tərtəmiz qayıtmağımızı arzu edir.

      Xalid Bağdadi həzrətləri buyurur:

      “Sirat körpüsü qıldan incə, qılıncdan itidir. Dünya həyatında İslamı yaşamaq da belədir. İslamı tam mənada yaşamağa çalışmaq Sirat körpüsündən keçməyə bənzəyir. Burada nəfsə qarşı mücadilənin çətinliyinə qatlananlar orada Siratdan asanlıqla keçəcəklər. İslama yaraşmayan, həva və həvəslərinə düşkün olanlar isə Siratdan keçərkən böyük çətinlik və məşəqqətlərlə qarşılaşacaqlar.

      Ona görə də Allah-Təala İslamın göstərdiyi doğru yola “Sirati-Müstəqim” adı vermişdir. Bu ad oxşarlığı, İslam yolunda olmağın Sirat körpüsündən keçmək kimi olduğunu göstərir…”[6]

      Hamımız bu fani dünyaya axirət yolçusu olaraq göndərildik. Rəsuli-Əkrəm r -in hər fürsətdə buyurduğu kimi  Əsas həyat axirət həyatıdır”. (Buxari, Riqaq, 1)

      Elə isə müəyyən müddətlik qonaq olduğumuz bu dünyada əbədi qalacaq kimi yerli ədası ilə oturmaq böyük bir aldanışdır. Çünki dünya həyatının təkrarı yoxdur.

      Bu gün fani bir məqam əldə etmək üçün girdiyimiz bir çox imtahanın, nailiyyət əldə etmədiyimiz təqdirdə təkrarı mümkündür. Lakin dünyaya bir dəfə gəldik və bir daha buraya qayıtmayacağıq.

      Bu həqiqətdən qafil halda ömrünü puç edənlərin axirətdəki həzin halı ayeyi-kərimədə belə təsvir olunur:

      “Onlar orada fəryad edib deyəcəklər: “Ey Rəbbimiz! Bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki (dünyada) edirik!” (Onlara belə deyəcəyik: ) “Məgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edə biləcəyi (düşünəcək kimsənin düşünəcəyi) qədər ömür vermədikmi?! Hələ sizə (siz kafirləri Allahın əzabı ilə) qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını)! Zalımların imdadına çatan olmaz!” (əl-Fatir, 37)

      Rəbbimiz başqa bir ayeyi-kərimədə də belə xəbərdarlıq edir:

      “Birinizin ölümü çatıb: “Ey Rəbbim! Mənə bir az möhlət versəydin, sədəqə verib salehlərdən olardım! – deməmişdən əvvəl sizə verdiyim ruzidən (Allah yolunda) xərcləyin”. (əl-Münafiqun, 10)

      Elə isə hər anını diqqətlə dəyərləndirməli olduğumuz ömrümüz sürətlə tükəndiyi halda tənbəllik etmək, məsuliyyət şüurundan uzaq qəflət yuxusuna yatmaq, boş yerə vaxt keçirmək, axirətdə heç bir faydası olmayan gərəksiz məşğuliyyətlərlə vaxt itirmək, sabahkı gün qəbirdə və qiyamətdə tərifi imkansız peşmançılığa səbəb olacaqdır.

      Bir hədisi-şərifdə buyurulduğu kimi; dini həssasiyyətə sahib olan möminlər belə son nəfəsdən sonra peşmanlıq keçirəcəklər. Bir növ:

      “Kaş dünyada daha çox saleh əməl işləyəydik, imkanımız ola-ola bu xeyri də edəydik, gör nə qədər fürsəti əldən verdik”, - deyə heyfsilənəcəklər.

      Dini həssaslıqdan uzaq, qəflət içində ömür sürənlər də, o gün həzin aqibətə düçar olacaq və:

      “Kaş bu pislikləri etməyəydik, filan günahı işləməyəydik, tövbə edib halımızı düzəldəydik”, - deyə dərin peşmanlıq keçirəcəklər.[7]

      Əbədi dünyaya köçən hər bir insan səadətini də, fəlakətini də dünyadan özü aparacaq. Dünya tarlasında əkdiyini məhşər meydanında biçəcək. Bu gün tarlasını boş qoyan, sabah axirətdə çox möhtac olduğu əcrlərdən məhrum qalacaq. Tarlasına günah və üsyan toxumları əkənsə yandırıcı əzabın peşmançılığından başqa heç nə əldə edə bilməyəcək.

      İman edib saleh əməl işləyənlər bunların uxrəvi mükafatlarına nail olduqları halda bunun əksinə, imansızlıq, fisq, zülm və haqsızlığa dalanlar da bütün bu etdiklərinin uxrəvi cəzalarına düçar olacaqlar.

      Xülasə; məhşər, hesab, Sirat, cənnət, cəhənnəm bu dünyadakı hal və hərəkətlərimizə görə təcəlli edəcək. O halda bu gün vaxt itirmədən nəfsimizi tərbiyə edib ilahi əmr və qadağalara tam mənada təslimiyyətlə itaət etməliyik.

      Haqq-Təala:

      Əmr olunduğun kimi doğru ol…” (Hud, 112) buyurur.

      Yəni bu gün əmr olunduğumuz kimi sirati-müstəqim üzrə doğru addımlamalıyıq ki, Rəbbimiz sabah axirətdəki Siratdan sağ-salamat keçə bilməyi nəsib etsin.

      Ona görə də ibadətdə, davranışlarımızda, əxlaqda, qulluq həyatının hər mərhələsində və hər nəfəsdə ilahi müşahidə altında olduğumuzun idrakı içində olmalıyıq. Çünki Allah-Təala ayeyi-kərimələrdə belə buyurur:

      “Siz harada olsanız, O sizinlədir” (əl-Hədid, 4)

      “Biz ona şah damarından da yaxınıq!” (Qaf, 16)

      “Bilin ki, Allah insanla onun qəlbi arasına girər” (əl-Ənfal, 24)

      Allah-Təala bu birlik və ehsan şüuru içində nəfsimizi islah edib böyük həssaslıqla sirati-müstəqim üzrə adımlamağımızı istəyir.

      Ömər bin Əbdüləziz rahmətullahi əleyh buyurur:

      “Axirətdə hara getmək istəyirsinizsə, ona görə hazırlıq görün!” Biz də böyük bir təqva həssasiyyəti ilə yaşamağa çalışaq ki, İslamın doğru yolundan ayaqlarımız sürüşməsin. Quran və Sünnənin bəyənmədiyi yanlış yollara düşməyib istiqamətimizi qoruyaq ki, axirətdə getmək istədiyimiz ünvana sağ-salamat çataq.

      Allah-Təala lütf-kərəmi ilə hər birimizi ilahi rəhmət və məğfirətinə məzhər qıldığı bəxtiyar qulları arasına ilhaq etsin.

      Amin!..

       


      [1] Es‘ad Sâhib, Buğyetü’l-Vâcid, s. 117, no: 13.

      [2] Es‘ad Sâhib, Buğyetü’l-Vâcid, s. 138-141, no: 28.

      [3] Bkz. el-Hucurât, 12.

      [4] Abdülganî bin Ebî Saîd, Hüvelganî Risâlesi, s. 152.

      [5] Es‘ad Sâhib, Buğyetü’l-Vâcid, s. 81, no: 5.

      [6] Kemahlı Feyzullah, Herkese Lâzım Olan Îmân, İstanbul 1997, s. 56.

      [7] Bkz. Tirmizî, Zühd, 59/2403.

       

      • Hits: 618 clicks

      Tecox component by www.teglo.info