İRFANDAN - HZ.MÖVLANANIN İL DÖNÜMÜNƏ

      Share

      2007-ci ilin UNESCO tərəfindən Mövlana ili elan edilməsi münasibətilə o böyük Haqq dostuna qarşı müsbət mənada çox böyük rəğbətin artdığı müşahidə edilmişdi. Həzrət Mövlana böyük bir Haqq dostudur. Haqq dostları imanı eşqlə yaşayan Peyğəmbər varisləridir. Onlar Quran və sünnədən feyz alaraq gözəl əxlaq və davranış mükəmməlliyinə çatan xoşbəxt insanlardır. Həzrət Peyğəmbəri və onun əshabını görməyənlər üçün tabe olunacaq örnək şəxsiyyətlərdir. Allah-Təala belə saleh bəndələrini sevdiyi qədər digər insanlara da sevdirir. Qurani-Kərimdə belə buyurulur:

      “Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) sevgi yaradacaq”. (Məryəm, 96)

      Onların irşad ömürləri, Haqqa yaxınlıqları nisbətində, dövrləri də diyarları aşır.

      Mövlananın “Gəl! Gəl” Nə olursan ol, yenə gəl!” deyərək dəvət etməsindəki məqsəd, insana öz cövhərini tanıtdırıb onu şəfqət və mərhəmətin feyzi ilə xətalarından arındıraraq İslam dini ilə şərəfləndirməkdir. Yoxsa hər kəsi yaşadığı hal üzrə qoymaq şərtilə məqsədə çatmadan qəbul etmək deyildir.

      Sınmış və ya işləməyən bir aləti adətən təmirçinin yanına aparırlar. Mövlana kimi Haqq dostlarının qəlb dərgahı da bir emalatxanaya bənzəyir. Belə ki, orada görülən iş xarabaya dönmüş qəlbləri ehya etmək olduğu üçün bu dəvətin daha çox xətası olan insanlara edilməsi olduqca təbiidir. Lakin bu dəvətdən istismar məqsədilə istifadə edilir və Mövlana həzrətləri, hər kəsin istəyinə cavab tapa bildiyi və heç bir cavabdehliklə hüdudlandırılmayan bir bəşəriyyət dininin həvarisi kimi təqdim edilir. Bu gün  geniş düşüncə və şəfqət sahibi olduğuna görə Həzrət Mövlana kimi böyük bir dahinin feyz mənbəyi olmasını görməzlikdən gələrək, onu humanist bir filosof kimi göstərməyə çalışan, materializmin əsiri olmuş bir çox insan və onların davamçıları olan qafillər mövcuddur. Halbuki bütün Haqq dostlarının feyz və ilham mənbəyi, Quran və sünnədir. Həzrət Mövlananın həyatı da Qurani-Kərimə və Allah Rəsulunun sünnəsinə bağlı həyatdan ibarət idi. O, Qurani-Kərimin ucu-bucağı olmayan sonsuz həqiqətlər dəryası olduğunu belə ifadə edir:

      “Qurani-Kərimin zahirini bir oqqa (1283 qram) mürəkkəblə yazmaq mümkündür. Ehtiva etdiyi bütün sirləri ifadə etməyə isə okeanlar mürəkkəb, yer üzündəki bütün ağaclar qələm olsa yenə də kifayət etməz”.

      Həzrət Mövlananın İslamdan uzaq olduğunu göstərmək üçün istifadə edilən iftiralardan biri “ney”, digəri isə “səma rəqsi”-dir. 

      “Ney”, məsnəvidə kamil insanı təmsil edir. Həzrət Mövlana Məsnəvisində “neyi” eşidənlərin onun sədası ilə ülvi hisslər yaşamasını arzu edir. Bir rübaisində belə deyir:

      “Neyi dinlə, bax gör nələr deyir. Allahın gizli sirlərini agah edir. Üzü saralmış, içərisi boşaldılmış, başı kəsilmiş və neyzənin nəfəsinə tərk edildiyi halda dilsiz və kəlamsız fəryad edərək “Allah... Allah...” deyir”.

      Ney ilahi eşq və məhəbbət atəşi ilə yanan könül ərlərini təmsil edir. Bu baxımdan ney bağrında eşq atəşinin alovlandığı saza bənzəyir. Çünki o, yetişdiyi qamışlıqdan kəsilərək ayrılmış, bağrı odla dağlanaraq dəliklər açılmışdır.

      İnsan da eynilə belədir. O da, ilahi aləmdəki yüksək məqamından bu dünyaya endirilmiş və Haqdan ayrılması səbəbilə ürəyi dağlanmışdır. Üstəlik bəşəri dəyərlərdən asılı cismani bir varlığın içərisinə həbs edilmişdir. Lakin hər insanda meydana gələn bu həqiqət insanın düşüncə və hisslərlə inkişaf edərək kamilləşməsindən sonra zahirə çıxar. Yəni idrakda məsafə gedildiyi nisbətdə başa düşülür.

      Mövləvilikdə böyük əhəmiyyəti olan “Səma ayini” də eyni şəkildə bu gün bir folklor musiqisi kimi rəqs halına gətirilmişdir. Halbuki mövləvilərə görə “səmanın” əsası Səadət əsrində yaşanan bu hadisəyə bağlıdır:

      Cəfər (r.a) Həbəşistan hicrətindən qayıdıb Mədinəyə gəlir. Həzrət Peyğəmbərin Xeybərə getdiyini öyrənincə on üç illik ayrılığın həsrəti ilə yoluna davam edib Allah Rəsuluna qovuşur. Peyğəmbər (s.ə.s) Cəfəri (r.a) gördükdə çox sevinir və:

      “- Xeybərin fəthinəmi, Cəfərin gəlişinəmi sevinək? Ey Cəfər! Yaradılış və əxlaq baxımından nə qədər də mənə bənzəyirsən!” -buyurur. Bu iltifatından sonra onu alnından öpür. Peyğəmbər aşiqi Hz. Cəfər bu iltifatdan cuşa gəlir, vəcdə qapılıb özünü unutmuş halda məsum bir uşaq kimi fırlanmağa başlayır və özündən gedir. Səmadakı fırlanma da ilahi eşqdən cuşa gələn ruhani vəcdin təzahürüdür. Qəlbi sükunətə çatdıran zikr halıdır. Mövləvilər də vəcdə gələrək bihuş halda edilən səmanı, bir ibadət kimi deyil, Peyğəmbərimizin təqdir etdiyi sünnə kimi qəbul edirlər.

      Bu gün Həzrət Mövlananın bəşəriyyətə verəcəyi ən mühüm ibrət Quran və sünnə işığında kamil bir insan ola bilmək üçün yaşanması istənilən mənəvi tərbiyəyə çağırışdır. Onun qiyamətə qədər bütün bəşəriyyətə etdiyi irşadın əsası;

      - İmanın qəlblərdə mənəvi bir həzz halına gəlməsi,

      - Qəlblərin Quranın dərinliklərindən və Allah Rəsulunun ruhani əxlaqından nəsib ala bilməsi,

      - Din qardaşlığının məhəbbət, mərhəmət və xidmətlə müəyyən bir səviyyəyə çatması, bu mənəvi halın şüuru içində yaşanması,

      - Xaliqdən ötrü məxluqata şəfqət və mərhəmətlə baxış tərzinin formalaşdırılması,

      - İnsanın öz həqiqətini və üzərindəki ilahi lütfləri dərk edib kainat səhifələrini vərəqləyərək hikmətlərə vaqif ola bilməsidir. Yəni “Oxu” ilahi əmrindən nəsib ala bilməsidir.

      Çünki Həzrət Mövlana öz həyatını xülasə edərkən zahiri elmlərin zirvəsində olmasına baxmayaraq; hələ Haqqa yaxınlığının həzzini dada bilmədiyi dövrdəki halını “xamdım”, mərifətullah təcəllalarına nail olub kainatdakı sirlər ona agah olmağa başladığı andakı halını “bişdim”, Allaha məhəbbətdə fani olmasını “yandım” deyə ifadə etmişdir.

      Bu baxımdan Quran və sünnə işığında yaşayıb kainatı ilahi eşq və məhəbbət nəzəri ilə seyr etmək və bunun sayəsində hikmətləri anlayaraq həssas bir qəlbə sahib ola bilmək, Həzrət Mövlananın bu günün insanına verəcəyi ən mühüm xəbərdarlıqlardır.

      • Hits: 602 clicks

      Tecox component by www.teglo.info