Abbas QURBANOV - Dünyanın Mərkəzinə Səyahət - 2 (Həcc qeydləri...)

      Share

      Bəli, 11 sentyabr sabahı təlaş və həyəcan son həddədir. Bir gün əvvəlcədən qardaşlarla halallaşmaq üçün görüşlərin uzun çəkməyi, gecə boyu rahat yata bilməmək və “görəsən necə olacaq?” sualı fiziki olmasa da, psixolojik yorğunluğa səbəb olmuşdu. Günorta saatlarında Cümə namazını qılan kimi, birbaşa hava limanına yola çıxdıq. Hər halımızla həcc üçün yola çıxsaq da, mən hələ də “bunu haqq edə bildimmi?” sualı ilə böyük bir təlaş içində idim.

      Hava limanına ilk gələnlərdən biri də mən idim. Bu səbəbdən səssiz, bir tərəfdə oturub digər zəvvarların gəlməsini gözləməyə başladıq. Çox keçmədən bir axın başladı və indiki halı ilə müqayisədə səssiz olan gözləmə salonu qaynar qazana çevrildi. Elə o əsnada eyni gün birinci reyslə Mədinəyə uçan bir zəvvar tələbəmdən sağ-salamat çatdıqları mesajını aldım. İçim bir daha həyəcanla doldu və qeyri-ixtiyari gözlərimdən yaş gəlməyə başladı. Yaxınlarıma bunu bildirmədən dəstəmaz səbəbi ilə oradan ayrıldım. Tənhalığa çəkildikdən sonra göz yaşlarım sel olub axmağa başladı. Dönəndə yaxınlarım “gözlərin çox qızarıb”, desələr də, mən bunu yuxusuzluqla əlaqədar olması ilə ört-basdır eləməyə çalışdım. Bu anda qafilə rəhbərləri də gəldilər və gələr-gəlməz pasportları paylamağa başladılar. Əvvəlki hacıların təkidi ilə “bu səfərdə çox səbirli olacaqsan” tövsiyəsini əsas götürərək heç yerimdən tərpənmədən adımın oxunmasını bir kənarda gözləməyə başladım. Hətta qardaşım məndən də çox həyəcanlanaraq insanların tam mərkəzinə qədər irəliləyib bir an öncə pasportu alma təlaşına girdi. Budur, mənim qafilə rəhbərim bütün pasportları payladı qurtardı və mənim pasportum çıxmadı. Qardaşım həmən həyəcanla,“bəlkə sənin pasportun burda deyil”,- işarəsi ilə mənə tərəf döndü. O anda heç də təlaşlanmadan qafilə rəhbərim Ceyhun qardaşa yaxınlaşdım. Abbas, ola bilməz, sənin pasportun burda olmalı idi,- deyərək o da əlindəki bütün çantalara baxmağa başladı. Amma pasport yox idi. O, digər qafilə rəhbəri Ağalar qardaşa yaxınlaşıb: Abbas müəllimin pasportunu hara qoymusan?- deyə soruşdu. O zaman mən bir anlıqda olsa,“demək mənimki bura qədərmiş”, deyib narahat olmağa başladım. Amma Allaha şükürlər olsun ki, bir neçə dəqiqə sonra pasportum rəhbərlərin özəl əşyaları içindən tapıldı. Bu son olan səbir imtahanını da atlatdıqdan sonra çox rahat bir şəkildə təyyarəyə yerləşdik. Təxminən üç saat yarımdan sonra Mədineyi-Münəvvərəyə çatdıq.

      Rahat uçuşdan sonra, təyyarədən endiyimiz ilk andan etibarən müqəddəs bir əraziyə gəlmə həyəcanı hər kəsin üzündən açıq-aydın oxunmağa başlandı. Əvvəllərdə ərəb ölkəsinə gedən biri olaraq, ilk enişdə havanın istiliyi diqqətimi çəkmişdisə, bu dəfə heç bir şeyə diqqət etmədən gəliş səbəbimi və etməm lazım olanları nəzərə alaraq hərəkət etməyə başladım. Mədinədə qalacağımız otel Məscidi-Nəbiyə çox yaxın idi. Otelə gece saat birdə çatsaq da, mənim fikrim bir an öncə Məscidi-Nəbiyə getmək idi. Müəyyən hazırlıqdan sonra planlaşdırdığımız kimi qardaşlarla otelin girişində görüşüb Məscidi-Nəbiyə getdik. İlk dəfə olduğu üçün qaranlıq və ara küçələrlə həyəcan və təlaş içində üç dəqiqəlik bir yoldan sonra işıqlı bir yerə çıxdıq. Bu işıq sadəcə görüntü olaraq deyil, eyni zamanda mənən pak və parlaq bir dünya ilə qarşı-qarşıya qaldıq. Salat və salamlarla hərəkət edən bütün qardaşlar artıq göz yaşlarını da gizlətmədən iri addımlarla o mübarək məkana daxil olmağa çalışdı. Sanki qaranlıq dünyadan nurlu bir aləmə gedən son vasitəyə çatmağa tələsirdik.

      Bəli, Məscidi-Nəbinin həyətində dünyanın dördbir yanından gələn minlərlə insan, dünyalıqlarını unutmuş bir vəziyyətdə huzur içində ibadət və dua edir, Peyğəmbərin (s.ə.s) hüzurunda olmağın həyəcanı və sevincini yaşayırdılar. İlk inşaatında sadə və mütəvazi bir inşaat olan bu məkan zamanla möhtəşəm və göz oxşayan bir məscidə çevrilmişdi. Bütün bunlara hələ aşına olmayan bizlər isə bir an öncə Məscidi-Nəbiyə daxil olub Peyğəmbərimizin (s.ə.s) hüzurunda olmağa can atırdıq. Gəlmədən sadəcə şəkillərini gördüyümüz Babus-Səlamdan (Salam Qapısı) içəri daxil oluruq. Hər kəs kimi irəliyə doğru addımlayaraq, gözlərdə yaş, dillərdə salat və salamlar, qəlblərdə həyəcan... Bir anlıq nəfəs almaqda çətinlik çəkdim, ürəyim həyəcandan az qalırdı partlasın, o an ürəyimin döyüntüsünü qulaqlarımda hiss etməyə başladım. Salat və salam səslərinin daha da çoxaldığı anda Peyğəmbərin (s.ə.s) dəfn olunduğu o məkanın qarşısına çatdıq. Ən təmiz, içdən və saf duyğularla salam verərək dua etməyə başladıq.

      • Hits: 643 clicks

      Tecox component by www.teglo.info