İlham SOVQATOV - MƏNFƏƏTLƏRİN “TƏKAMÜLÜ”

      Share

      Son iki əsrdə dünya səhnəsində baş verən hadisələrin gedişatı, bu iki əsri öncəki dövrlə müqayisə etdikdə olduqca çox sürətlidir. Hadisələrin gedişatı dünyanın məcrasını da dəyişdi.  Dünya elə bir hala gəldi ki, yaşamaq üçün mənfəət əldə etməmək artıq qeyri-mümkün olmağa başladı. İnsanların dünyaya olan baxış tərzləri dəyişdi. Artıq başqalarını deyil, insanlar ən çox özlərini düşünməyə başladılar. Təbii ki, bu tədricən baş vermədi. Bu proses elə hal aldı ki, məcburi surətdə zamanı təsirinə alaraq, güclü bir şəkildə, çox qısa bir zamanda özünü göstərməyə başladı. Keçmişin dəyərləri bugünün artıq xurafatı, keçmişin əxlaq prinsipləri bugünün mövhumatı olaraq qələmə verilməyə başlandı.

      Bu proses içində cəmiyyətdəki hər struktur təsirləndiyi kimi, din də öz payını almış oldu. Dini dəyərlərin get-gedə öz funksiyasını itirməyə başladığı müşahidə edildi. Dini dəyərlərin yerini artıq mənfəətçilik almağa başladı.  Mənfəət sahibi olmaq təbii bir haldır. Hər insanın müəyyən miqdar mala-dövlətə düşkünlüyü təbiidir. Ancaq bunun ifrat dərəcəyə çıxması cəmiyyətdə bəzi neqativ hallara gətirib çıxara bilər. Bu gün dünya səviyyəsində ən çox müzakirəyə qoyulan mövzulardan biri də yoxsulluq və yoxsulluqla mübarizədir. İnsanların bəziləri yoxsul, bəziləri zəngindir. İnsanların bir qisminin maddi cəhətdən üstün olmaları, bir qisminin də yoxsul olmaları istər-istəməz ictimai bölgüdə təbəqələrin ortaya çıxmasına səbəb olur. Bu da nəticədə cəmiyyət içərisində varlı və yoxsul təbəqələrinin mövcudluğunu labüd edir.

      XIX və XX əsrin əsas şüarlarından biri də inkişaf idi. Yəni tərəqqi, təkamül. Maddi-texniki cəhətdən əldə edilən nailiyyətlərin nəticəsi kimi hər sahədə inkişaf etmək zərurəti meydana gəlməyə başladı. Buna bir növ “müasirlik, modernlik” də deyilməyə başlandı. Necə deyərlər; bəşəriyyət təkamül etməli idi və bu qaçınılmaz idi. Hər şey və bunun yanında mənfəətlər də “təkamülə” doğru getməli idi. Mənfəətlərin ön plana çıxdığı andan etibarən insanların arasında olan isti münasibət, etibar və səmimiyyət artıq yox olmağa başladı. “Qonşusu ac, özü tox yatan Bizdən deyildir” nöqteyi-nəzərindən baxdığımız zaman, mənfəətlərin “təkamülü” nəticəsində nəinki qonşusunun ac olduğundan, bəlkə də, heç onun öldüyündən belə xəbəri olmayan cəmiyyət formalaşmağa başladı. Yaşamaq üçün daim “tərəqqiyə, inkişafa” doğru irəliləmək məcburiyyəti yarandı. Yəni “bugünü dünəni ilə eyni olan həlak olmuşdur” prinsipində deyilən mətləbin əsas mahiyyəti etibarilə eynilik təşkil etməsə də, əksinə, mənfəət və maddi baxımdan “bugünü dünəni ilə eyni olanın həlak” olması bir yana, artıq mənfəətlərin təkamülü sisteminin içərisində tələf olması labüd hala gəlməyə başladı.

      Vaxtilə gündəlik azuqəni təmin etmək üçün çalışan insanlar, bu gün isə artıq gələcək ömrü üçün mənfəət bazası yaratmaq əzmindədirlər. Bu da, mənfəətlərin daim “təkamüldə”, “inkişafda” olduğundan xəbər verir. Vaxtilə insanlar üçün zəruri sayılmayan əşyalar bu gün zəruri hesab edilməyə başlandı. Bütün bunlar mənfəətlərin “təkamülü” nəticəsində meydana gəlmişdir. Müasir ev gərək hər cür modern avadanlıqla təchiz edilməlidir. Hər kəsin əlində mütləq bahalı, yeni model telefon olmalıdır. Hamı hər il istehsal edilən yeni dəbdə olan paltarları, ayaqqabıları geyinməlidir. Avtomobili alarkən mütləq son dövrün ən bahalısı və göz qamaşdıran modelindən olmalıdır. Bütün bunlar mənfəətlərin “təkamülü” nəticəsində ortaya çıxmağa başlayır. Çünki texnika inkişaf edir. Texnika inkişaf etdikcə maddiyyat da, ekonomiya da tərəqqi edir. Nəhayət, mənfəət də “təkamül” etmək məcburiyyətində qalır.

      Atalarımız “Pul əl çirkidir” demişdilər, əksinə, atalarımız müasir dünyanı müşahidə və təcrübə edə bilsəydilər, bəlkə də “Pul əl gücüdür” deyərdilər. Yəni bu gün güclü olmaq üçün, həyat dalğalarının arasında qərq olmamaq üçün maddiyyata sahib olmalısan, bu maddiyyata sahib olmaq üçün də mütləq mənfəətpərəst olmalısan. Çünki zəmanə bunu belə tələb edir.

      Mənfəətçilik elə vüsət almağa başladı ki, insanlar hər gün müəyyən saatlarda mütləq işləmək məcburiyyətində qaldılar. “İşləməyən dişləməz” hikmətli sözündəki vurğulanan mənanın əksinə bugün artıq işləmək nə “dişləmək”, nə də gündəlik azuqəni təmin etmək üçündür. Bu gün “işləmək”, mənfəətlərin “təkamül” prosesini həyata keçirmək və bunu sona çatdırmaq üçündür. Və bu proses içərisində əlindən gələn bütün imkanlardan yararlanmaq caizdir. Mənfəətlərin “təkamülü” yolunda faizçilik, aldatma, inflyasiyaya məruz buraxmaq kimi “müasirliyin” bizə bəxş etdiyi “gözüaçıqlıqdan” başlama, bütün “fərasətini”, “cəsarətini”, “zəkanı” ortaya qoyaraq bu fürsətdən maksimum yararlanmaq əsas “şərtdir”.

      Bunu da etiraf edək ki, hər nə qədər mənfəətlərin “təkamülü” baş verirsə də, insaniyyətin “tərəqqisi” də olur, iman yoluyla. Allah bizi faydası olmayan mənfəətdən qorusun və bizim insaniyyətimizi əlimizdən almasın!

      • Hits: 598 clicks

      Tecox component by www.teglo.info