Nurlan MƏMMƏDZADƏ - ACI BİR XATİRƏ

      Share

      2015... Bir yaz günü, Ramazan mövsümü...

      Yer: Türkiyə / Rizə şəhəri...

      Universitetə imtahan verib magistr təhsili üçün haqq qazanmışdılar. Sənədlərini vermək üçün qeydiyyat gününü gözləyirdi yol yoldaşı ilə. Əvvəlki günlərdə olduğu kimi axşam azanına doğru bələdiyyənin iftar çadırına gəlmişdilər.

      Ətrafda hər sinifdən insan var: gənclər, yaşlılar, ehtiyac sahibləri, ailəliklə iftara gələnlər... Hamı yanındakı ilə söhbət edərək iftar saatını gözləyir. Gülüb-oynayaraq valideynləri ilə birlikdə növbəyə duran uşaqlar var. Birdən Suriya qaçqını olan uşaqlar dəydi gözünə. Öz aralarında nə isə danışıb-gülən, bir qarın çörək üçün növbəyə duran altı-yeddi yaşlı üç dost. Onsuz da əsmər olan üzləri küçənin palçığından, yağış və küləkdən bir az da qaralmışdı. Günlərlə, aylarla küçədə yaşamaq onları digər yaşıdlarından fərqli qılmışdı. Çünki onları küçələr formalaşdırmışdı. Beş quruş çörəkpulu üçün dilənərkən hələ uşaq yaşda dolanışıq dərdinin nə olduğunu görmüşdülər. Hələ bu harasıdır? Kiçik yaşda dava-dava oynayarkən bir anda əsil müharibə ilə üz-üzə gəlmişdilər. Müharibənin şahidi olmuş, atılan bombaların öldürdüyü yoldaşlarını dəfn etmiş, ata-anadan məhrum qalmışdılar bəlkə də. Hər gün ölən insanlığın cənazə namazını qılmışdılar bu halları ilə. Bu yaşda yurdlarından didərgin düşmüş, başlarını soxacaq bir yer tapa bilməmiş, təsəlli tapacaq isti ana qucağından məhrum qalmışdılar. Yaşadıqları ağır həyat tərzi cücə cüssəli bu körpə balaları böyük adam etmişdi. Bəli, böyüməyinə böyümüşdülər bir anda, amma uşaq baxışları heç dəyişməmişdi. Xəyal dünyalarında uşaq qaldıqlarını parlaq gözlərindən görmək mümkün idi. Onlar da uşaq idilər, hər bir uşaq kimi onların da xəyal dünyası vardı. Axı hansı müharibə əngəl ola bilərdi həkim, mühəndis, müəllim olma xəyallarına? Kim bilir, bəlkə də ətrafda gördükləri uşaqlar kimi olmağın xəyalını qururdular? Bəlkə də parklarda sevinclə oynayan uşaqlar kimi olmaqdı xəyalları, kim bilir? Amma bir gerçək vardı, xəyal qura bilirdilər. Onlar da eyni dünyada yaşayırdılar digər insanlar kimi. Onlar da yuxu görürdülər. Onların da çörəkpulu dilənməkdən ibarət iş saatları arasında oynadıqları oyunları vardı. Zümzümə etdikləri mahnılar bəlkə ərəb dilində idi, amma uşaqca idi. Tökdükləri göz yaşı bütün uşaqlarınkı kimi məsumdu. Hələ heç bir hiylə qarışmamışdı nə gülüşlərinə, nə də göz yaşlarına...

      • Hits: 623 clicks

      Tecox component by www.teglo.info