Ali ÇINAR - CƏMİYYƏTİMİZDƏKİ ƏLSİZ-AYAQSIZLAR

      Share

       

      Allah-Təalainsanı kainatın ən şərəfli məxluqu etmiş, yaratdığı hər şeyi də ona əmanət etmişdir. Ona lütf edilən böyük bir səlahiyyətlə yaşayan insanın Xaliqi qarşısında ciddi bir qulluq şüuru və ehsan duyğusu içində olması zəruridir.

      İslamın özü etiqadda tövhid, əməldə isə ədəb, istiqamət və mərhəmətdir. Mərhəmət imanın ilk meyvəsidir. Ondan uzaq bir könül, çox dəhşətli bir fəlakət içindədir. Hər xeyrin əsası olan bismillah və Qurani-Kərimin ilk surəsi olan Fatihə Allahın rəhmət və mərhəmətini ifadə edən “Rəhman”“Rəhim” adları ilə başlayır. Peyğəmbərlər və vəlilərin həyatları da mərhəmət hekayələri ilə doludur. Çünki imanın ləzzət və gözəlliyinin təzahürü ən çox mərhəmətdə ortaya çıxır. Mərhəmət, səndə olanı, səndən daha çox əlacsız olana verməkdir. Başqa sözlə desək, dünyada vicdan hüzuru və cənnət müjdəsi, axirətdə isə əbədi səadət qazancıdır.

      Qəlbinin sıxıntısından şikayət edən bir səhabəyə Peyğəmbər (s.ə.s.):

      “Əgər qəlbinin yumşalmasını istəyirsənsə, yoxsulu yedir, yetimin başını sığalla!” - buyurmuşdur. (Əhməd, II, 263, 387)

      Şeyx Sədi bu barədə belə bir nəsihət edir:

      “Xidmətdəki fəzilət özünü güclü-qüvvətli və sağlıqlı gördüyün vaxt şükr ifadəsi olaraq zəiflərin yükünü daşımaqdır”.

      Susuzluqdan çatlayan bir torpağın bərəkətli yağışlara həsrət qalması kimi cəmiyyətimizdə xidmət və diqqətə ən çox ehtiyacı olan təbəqələrin də başında bir qanadı sınmış yetimlər və yoxsullar gəlir. Onlar bizə Allahın əmanətidir. Allah-Təala bir çox ayədə, Həzrət Peyğəmbər (s.ə.s.) də bir çox hədisi-şərifdə möhtac olanlara xidməti təşviq edərək yetim və yoxsullara kömək etməyin zəruri olduğunu bildirmişdir.

      İbn Abbasdan (r.a.) rəvayətlə Ata (r.a.) deyir ki:

      “Əli (r.a.) gecənin birində bir miqdar arpa müqabilində bir xurma ağacına su verdi. Səhər olanda arpasını alaraq evinə gəldi. Gətirdiyi arpanın üçdəbirini üyüdüb “hazıra” deyilən bir yemək bişirdilər. Yemək bişəndə bir yoxsul gəldi və yemək istədi. Onlar da bişən yeməyi olduğu kimi o yoxsula verdilər. Sonra ikinci üçdəbirini üyüdüb yemək bişirdilər. Yemək bişəndə bu dəfə də bir yetim gəlib sədəqə istədi. Bu yeməyi də o yetimə verdilər və qalan axırıncı üçdəbirini üyüdüb ondan təkrar yemək hazırladılar. Elə yemək bişmişdi ki, müşriklərdən bir əsir gəldi və yemək istədi. Axırıncı yeməklərini də ona verdilər və o günü onlar ac keçirdilər.  Digər bir rəvayətə görə, üç gün arxa-arxaya iftarlarını yoxsula, yetimə və əsirə verərək su ilə iftar etdilər. Məhz bundan sonra bu ayələr nazil oldu:

      “Onlar öz iştahları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.  (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), cətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!” Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir (üzlərinə təravət verəcək, qəlblərini sevindirəcəkdir)”.  (əl-İnsan, 8-11) (Vahidi, s.470; Zəməxşəri, VI, 191-192; Razi, XXX, 244)

      Mömin özü ehtiyac içində olsa belə qardaşını özündən üstün görməli, cəmiyyətdəki kimsəsizlərin iztirabını könlündə hiss etməlidir. Onları tanımalı, dərdləri ilə dərdləşməli, ehtiyaclarını həll etməyi özləri üçün əsl xarakter halına gətirməlidir. Allah-Təala:“...Sən isə onları üzlərindən tanıyarsan...”(əl-Bəqərə, 273) buyurur. Cəmiyyətdəki iztirab çəkənləri tanımaq bizim qəlb həssaslığımızın və dərinliyimizin bir əlamətidir.

      Sədi Şirazi Allah dostlarının yoxsul və yetimlərlə bərabərliyini, bizim onları necə araşdırıb tapacağımızı və xidmət edəcəyimizi bu misalla çox gözəl dilə gətirir:

      “Haqq dostları çox adamın getmədiyi dükanlardan alış-veriş edərlər...”

      Digər tərəfdən verilən sədəqələr də fani və dünyəvi mənfəətlər üçün deyil, sırf Allah rizası üçün olmalıdır. Ehtiyacı olana infaq edərkən, eyni zamanda onu minnət və möhnət altında qoymamaq lazımdır. Belə ki, hədisi-şəriflərdə buyurulmuşdur:

      “Yoxsulları himayə edin. Aranızdakı zəiflər sayəsində Allahdan yardım görüb riziqləndiyinizdən şübhəniz olmasın”. (Əbu Davud, Cihad, 70/2594; Əhməd, V, 198)

      “Allah bu ümmətə aralarındakı zəiflərin duası, ibadəti və ixlasına görə yardım edər”.(Nəsai, Cihad, 43)

      Özü ehtiyac içində olduğu halda yeməyini yetim və möhtaclara göndərən Davudi Tai həzrətlərinin bu davranışı çox duyğuludur:

      Xidmətində olan tələbəsi günlərin bir günü ona:

      - “Bir az ət bişirdim, yeməzsinizmi?” - dedi və ustadının susduğunu görəndə əti gətirdi. Ancaq Davudi Tai (quddisə sirruh) qarşısına qoyulan ətə baxaraq:

      - “Filan yetimlərdən nə xəbər var, övladım?” - deyə soruşdu. Tələbə ah çəkərək vəziyyətlərinin yaxşı olmadığını bildirdikdə:

      - “Elə isə bu əti apar ver onlara!” - dedi. Hazırladığı yeməyi ustadının yeməsini arzu edən tələbə isə:

      - “Ustadım, siz də uzun müddətdir ki, ət yemədiniz!..” - deyə israr etdi. Amma Davudi Tai həzrətləri:

      - “Övladım! Bu əti mən yesəm qısa bir müddət sonra bayıra atılar, amma o yetimlər yesə, əbədi olaraq Ərşi-Əlaya çıxar!..” - dedi.

      Məhz özünü cəmiyyətin bir üzvü hiss edən, yetimlərin dərdiylə dərdləşən və matəmlilərin ətrafında gəzən ülvi bir ruh!.. Əcəba görəsən, bu gün lüks və zənginlik içində yaşayanlar, bir kənarda yalnızlığa tərk edilən insanların iztirabını nə qədər hiss edə bilirlər?...

      • Hits: 583 clicks

      Tecox component by www.teglo.info