Əziz SULTAN - Heç Kim Sahibsiz Deyil

      Share

      “Məgər O səni yetim ikən tapıb sığınacaq vermədimi?!

      Sənəçaşqın (nə edəcəyini bilməz) vəziyyətində yol göstərmədimi?!

      Səni yoxsul ikən dövlətli etmədimi?!

      Elə isə yetimi üzmə (onu qəhrləndirmə)!

      Səndən istəyəni (dilənəni) də (qapıdan) qovma!

      Və (həmişə) Rəbbinin nemətindən söhbət aç!”(əd-Duha, 6-11)

      İnsan oğlu ana və ya ata olmaqla davam etdirir nəslini. Ana və ata olmadan dünyaya gələ bilməsə də, bəzən dünyaya gəldikdən sonrakı həyatını anasız və ya atasız davam etdirir, öz əlində olmadan. O kiçik dünyalar, zərif çiyinlər, məsum baxışlar belə hallarda dünyanın böyük və kar qulaqlı dərdlərinin yükü altında əzilir, əzilir, əzilir. Tab gətirib dözmək və əsla vaz keçməmək genlərinə işlənib insan oğlunun. Bir çox hallarda o kiçicik ürəklərin bu iradəsi sınıq, kövrək hala gəlsə də, bəzən də, bilənir, sərtləşir, püxtələşir və digər insanlardan daha möhkəm, daha istəkli və dirayətli bir iradəyə çevrilir. Hələ dünyaya gəlmədən atasını, altı yaşında da anasını itirən rəhmət peyğəmbərimiz Muhamməd (s.ə.s) mömin ümməti üçün hər zaman bir təsəlli və nümunə təşkil etmişdir. O hüznlü yalnızlıq dövrlərində onun insanlığa olan mərhəmət dolu məhəbbəti, əd-Duha surəsində də ifadə edildiyi kimi: Rəbbinin müşayiəti altında bütün aləmlərə rəhmət olacaq genişliyə, ülvi bir səviyyəyə yüksəlmişdi. İlahi tərəzi bir şəkildə hər insana yaşayacaq xüsusiyyətlərini əskiksiz bəxş edir. Demək ki, çətin uşaqlıq illəri keçirmək istedadlı könüllərin insanyönümlü formalaşması üçün münbit bir mühit yaradır eyni zamanda. Tarix boyu insan kütlələrini arxasınca sürükləyən bir çox şəxsiyyət, xalq qəhrəmanı əslində o çətin şərtlərin içində yoğrularaq onların bu dərdlərinə dərman olmaq üçün onların iç dünyalarını nizamlı halda cəm edən, təşkilatlandıran rəhbərlər olublar.  Bəzən yaşadıqları cəmiyyətə bir etiraz səsi olaraq ortaya çıxıblar, bəzən də yaşadıqları dərdlərə tapdıqları dərmanı hər kəslə bölüşmək adına səslərini ucaldıblar. Onlardan biri də yaxın tarixin məşhur simalarından Malkolm X-dir. 1925-ci ildə Amerikada dünyaya gələn, 1950-ci illərdə oradakı qaradərililərin təşkilatlanmasında, özünüdərkində, öz haqlarını tələb eləmək üçün birlik və bərabərlik şüurunun aşılanmasında böyük rolu olan Malkolm X,əslən afrikadan zorla gətirilən qaradərili qulların XX əsrə çıxan nümayəndələrindən biri idi. Atası bir kilsə xadimi olsa da, zəncilərin kütləvi halda öz vətənlərinə, afrikaya qayıtması üçün təbliğat aparan, konfranslar verən fəallardan idi. İrqçiliyin yüksək həddə yayıldığı, qaraların insan yerinə qoyulmadığı o illərdə Malkolm altı yaşında ikən atasını itirir. Onu ağdərili irqçilər vəhşicəsinə öldürüb yol kənarında tərk eləmişdilər. Ağdərililərə nifrəti get-gedə böyüyən Malkolmun gənclik illəri parlaq keçmir, avaralıqla məşğul olur və hətta həbsxanaya düşür. Orada həyata küsmüş bir vəziyyətdə illərini çürüdərkən Eliyah Muhamməd adlı birinin sırf qaradərililər üçün göndərilən bir dini: İslamı təbliğ etdiyini eşidir. Qaradərililəri bir amal uğrunda birləşdirə biləcəyini ümid edən Malkolm istəklə bu qrupa qatılır və 1952-ci ildə həbsxanadan çıxdıqdan sonra onların ən güclü fəallarından birinə çevrilir. Özünə Malik Şahbaz adını götürür. Əsil familiyası “Little” olan Malkolm özünə familiya olaraq götürdüyü “X” (iks) hərfini isə belə açıqlayırdı: “Mən atalarımın afrikadakı hansı qəbilədən gətirildiyini, nəslimin hansı soyadı daşıdığını bilmirəm. Ona görə də atalarımın adına, “bilinməyən” mənasını daşıyan “X” təxəllüsünü seçirəm”. Ağların qarşısında aşağılıq kompleksindən yaxa qurtarmaq istəyən qaralar həvəslə Eliyahın və Malkolmun ətrafına yığışır, onların təbliğ etdiyi dinin onları ağlardan daha üstün bir irq halına gətirdiyinə inanırdılar. Bu dinin sadəcə qaralara məxsus olduğunu onlara aşılayan Eliyah isə özünü Allahın elçisi kimi onlara təqdim eləmiş, onların savadsız və saf inanclarından öz rahatlığı üçün istifadə edirdi. Hərəkatın yeni liderlərindən olan Malkolmunqorxusuz çıxışları, cəsarətli addımları isə eşidən hər kəsi özünə cəlb edirdi. Onunhərarətli nitqləri, özündən əmin sərt baxışları və gözəl diksiyası ilə heyranlar kütləsi çoxaldıqca Eliyah öz nüfuzunun zəiflədiyini hiss edir və onu yavaş-yavaş kənarlaşdırmağa çalışır. Bu arada onun gerçək üzünü görən Malkolm, onun doğru yolda olmadığını və “iqçi müsəlmanlıq” fikrində bir şeylərin əskik olduğunubaşa düşür. Bu hərəkatdan ayrıldığı il, 1964-cü ildə həccə gedir. Bu səfər onun bütün görüşlərinin kökündən dəyişməsinə səbəb olur. İllərdir “şeytan” olaraq yerlilərinə başa saldığı ağdərili insanların da müsəlman ola bildiyini və çiyin-çiyinə ibadət etdiyini görür Həccdə. Dönüşündəartıq həqiqi İslamı anlamış və bundan sonrakı konfranslarında, radio və televiziya çıxışlarında bütün insanların, ağ-qara ayırımı etmədən İslamla şərəflənərək doğru yolu tapacağını təbliğ etməyə başlayır. Artıq onun fikrinə görə ölkəsindəki “irqçilik” böhranından çıxış yolu “həqiqi İslam” idi.O artıq qaradərili bir irqçi yox, bütün millətləri, bütöv cəmiyyəti qucaqlayan İslam səsinə çevrilmişdi. Ətrafına yığılan kütlələrin sayı get-gedə çoxalırdı. Bir çox təzyiqlərə məruz qalan Malkolm ailəsi ilə birlikdə iki suiqəsdə məruz qalır, lakin sağ çıxır. Bir il sonra, 1965-ci ildə isə bir konfransın başlanğıcında üç-dörd nəfərin eyni anda, yaxın məsafədən iyirmidən çox atəş açmasıyla şəhid edilir. Cənazəsinə o günün şərtlərində iyirmi mindən çox adam iştirak eləmişdi. Demək ki, həqiqətən insanların ürəklərini fəth edə bilmişdi. Geridə buraxdığı altı qız uşağı övladını həqiqi sahibi olan Allaha əmanət edərək həyatını insanların barışı, sülhü, şüurlanması və rifahı uğrunda fəda etdi. Allah məkanını cənnət eləsin. 

      • Hits: 599 clicks

      Tecox component by www.teglo.info