Firdovsi HƏSƏNOV - OĞURLANAN XƏYALLAR

      Share

      Müharibə bir travmadır. Bu səbəblə hər yaşdan insanda zədə sonrası stress pozuqluğu əlamətləri görülür. İnsan övladının illərdir, əsrlərdir, minillərdir ən çox əzab çəkdiyi,sönməyən bir ocaq kimidir müharibə. Yaşlısı,cavanı, qadını, uşağı bu yolda həlak olur. Çox uzağa getməyəcəm, yaşadığımız XXI əsrin dəhşətlərindən danışmaq istəyirəm. Daha doğrusu, bu dəhşətin günahsız körpələrini göz önünə gətirmək istəyirəm.

      Şiddət o qədər vüsət alıb yayılıb ki, insan hansına can yandırsın bilmir. Yaxın keçmişdə Azərbaycanın yaralı yeri olan Dağlıq Qarabağda düşmən tərəfindən vəhşicəsinə öldürülən körpələrdənmi, yoxsa günümüzdə olan Yəmən, Suriya, İraq, Arakan vəs. kimi dövlətlərdə həyatlarına son qoyulan körpələrdənmi... Düşündüklərimi dilə gətirərək demək istəyirəm ki, hardan başlasam da, axırı bir yerə gəlib çıxır, o da ki, günahsız insanların, xüsusən də  körpələrin həyatlarının sonuna.Döyüş ortasında uşaq olmaq; bombaların hara düşəcəyinə əhəmiyyət vermədən  küçəyə çıxıb oyun oynamaq istəyidir. Bəzən adını qoymaq olmur yaşananın, döyüş deyilməz olan-bitənə. Həyat buralarda eləcə axarkən, bir yerlərdə bəziləri "heç" üçün ölürlər. Kimiləri şikəst qalır, ya da ən yaxşı ehtimalla ömürlərinin ən qorxulu günlərini, dəqiqələrini yaşayırlar.

      Dağlıq Qarabağ müharibəsi zamanı valideyn ilə uşağın arasında olan bir dialoqu oxuduqda mənim çox marağıma səbəb oldu və gözlərim yaşardı. Müharibə başlayan zaman insanları  maşınlara yığıb ərazidən uzaqlaşdıranda bir uşaq maşının qapısı bağlanmamış aşağı düşərək tez evinə girir və bir çantanı alıbgeri qayıdır. Təbii ki,valideynləri buna çox əsəbiləşir. Ana: “Görmürsənmi gedirik, niyə maşını tərk edirsən?”

      Uşaq: “Kitablarımı götürürdüm anacan. Axı sabah məktəbə gedəndə nə aparacam?”

      Və beləcə müharibələr nəticəsində bu balaca kimi dünyanın bir çox yerində neçə belə körpələr oxuma istəyindən mərhum olur. Budur müharibənin ağır nəticələri. Budur insanoğlunun gələcəyi. Hansı coğrafiyada və hər nə şəkildə olursa olsun şiddətə məruz buraxılmış bir uşaq “ən böyük qüsur”-lu uşaqdır.  Bu yaxınlarda kiçik Aylan və böyük qardaşı Qalibin, ailələriylə birlikdə Kobanidəki “İŞİD”  hücumlarından qaçdıqları, Avropaya sığınmaq istədikləri zaman dənizdə qəzaya düşmələri və körpələrin cansız bədənlərinin sahilə çıxması uzun müddət dünya mediasının diqqətində oldu. Amma nə olsun; üç, beş, on gün və hər şey yaddan çıxdı. Dünyaya “barış, azadlıq, insanlıq” nümunələri verən “Charlie Hebdo” jurnalın qapağında bunu məsxərə edərək guya nəsə çatdırmaq istədi. Buradan da görünür ki, bu insanlar üçün orada ölənlərin heç bir əhəmiyyəti yoxdur.

      Arakanda olan bir hadisəni də diqqətinizə çatdırmaq istəyirəm. Müsəlmanlar necə də ağır bir şəraitdə yaşayır bu ölkədə. Bunlardan biri də Erkamdır. Erkam, atasının başına kərpiclə vurulub daha sonra bıçaqla öldürüldüyünü görəndə hələ 12 yaşında idi. Ailəsiylə birlikdə məsciddən evə qayıdırdılar. Ta ki, buddist qonşunun atdığı daş yollarını kəsənə qədər. Buddist qonşusu, İslamı gündəlik həyatda yaşamalarının qarşısını almaq və inanclarının yüksəlməsinin  qarşısını almaq üçün bu cinayəti gerçəkləşdirmişdi.

      Erkam indi on səkkiz yaşında və Malayziyada bir nəqliyyat konteynerində yaşamağa çalışır. Arakandan digər yeddi  mühacirlə birlikdə qaçmışdı. Malayziyaya çatmaq üçün bir çox şeyi riskə atdı. Aqibətinin nə olacağını bilmədən insan tacirlərinin gəmilərinə mindi. 1100 adam, eyni gəmidə ac və susuz on iki gün ərzində Taylanda çatmağa çalışdı. Səfər əsnasında ən az dörd adamın şərtlərdən təsirlənib öldüyünü və sağ çatanların isə 1600 dollar ödəmə etdiklərini söyləyir.Bu ilin ilk rübündə 25 min adam qayıqlarına minərək Bengal tərəfinə çatmağa çalışdı. 100 mindən çox insanın da Malayziyada olduğu düşünülür. 2012-ci ildən bu yana 140 min Arakanlı müsəlmanın, buddistlərin zülmündən qaçdığı düşünülür. Valideynləri qətl edilmiş körpələr isə, küçələrin insafına buraxılır, həyata tutunmaq üçün mücadilə aparırlar.

       Küçələrin insafına buraxılmış uşaqlar deyirik. Müharibənin vurduğu zərbəylə küçələrə tərk edilmiş ac, susuz, kimsəsizdir onlar. Silah atışlarını eşitdiklərində ətrafda bir toy olmasını ümid edirlər. Və günlərini keçirmək üçünoynamaq istəyirlər.Haradaoynamaq üçün boş bir torpaq, bir bina küncü tapsalar oynamağa başlayırlar,oyuncaqlarının nə olduğunaəhəmiyyət vermədən. Ani bir partlayış eşidilər. Ətrafdan hərə bir tərəfə qaçar. Qan-rəvan içində balaca bədənlərlə qarşılaşarlar.  O ölkədə döyüş daha  yoxdur əslində, adı qoyulmamışdır döyüş deyə, halbuki hər gün insanlar ölür.  Kiçik bədənlər ağlar, yaralı bədənləri daşıyanlar da qan ağlar. Balaca bir uşağın toxunduğu son oyuncağın bir mina olması bağışlana bilərmi? Bir daha oyun oynaya bilməməsi,  qələm tuta bilməməsi,  şəkil çəkə bilməməsi bağışlana bilərmi? Bir uşağın ölümü, qəbul edilməzlik işarəsi daşıyan bir hadisədir. Bədəni, xəyalları və ümidləri parçalanan bir uşağın ölümü isə, universal bir haqsızlıqdır. Ümumiyyətlə qeyd etmək istərdim ki, Qarabağda, Suriyada, İraqda, Arakanda, Fələstində və başqa yerlərdə həyatlarını itirən körpələr bizim gələcəyimiz idi.Müharibədə öldürülən, xəyalları yarım qalan bütün uşaqlara görə günahkarların mühakimə olunduğu bir cəmiyyət və ədalət sözü verməyimiz hamımız, bütün insanlıq adına boynumuzun borcudur.Allah gələcəyimizi qorusun!

      • Hits: 648 clicks

      Tecox component by www.teglo.info