Rüfət ŞİRİNOV - Peyğəmbər və Himayə Ədəbi

      Share

      Bu bir həqiqətdir ki, güclülərin zəif və kimsəsizləri əzdiyi kapitalist dünyada yaşayırıq. Rəhmət və mərhəmət duyğularının yerini daha çox zəngin olma və güclü olma duyğuları əvəz etmişdir. Haqsızlıqlar haqlılıq kimi görünməyə başladı. Əlbəttə bu haqsızlığa ən çox məruz qalanların başında, arxa-dayağı olmayan yetim və kimsəsizlər gəlir. Heç şübhəsiz ki, İslam dini hər zaman məzlumun və kimsəsizlərin yanında olmuşdur. Bunu Hz. Peyğəmbərin (s.ə.s) həyatında və tətbiqatlarında aydın şəkildə görə bilirik. Yeri gəlmişkən onu da ifadə edək ki, Hz. Peyğəmbər özü də  hələ anasından doğulmadan yetim qalmış və heç bir zaman yetim olduğuna görə kədərlənməmişdir.

      Hz. Peyğəmbərin həyatı bəşəri münasibətləri tənzimləmə baxımından hər kəsə nümunədir. Onun atalığı, yetimliyi, idarəçiliyi, kasıblığı və zənginliyi hər bir müsəlman üçün əvəzolunmaz nümunəvilik təşkil edir. O bizə canlılara, bitkilərə, insanlara qarşı necə rəftar edəcəyimizi də öyrədir. Yetimlərə qarşı xüsusi məhəbbət bəsləyir və onlara qarşı hər kəsin şəfqətli olmasını qətiyyətlə tövsiyə edir. Onun yetimləri himayə edənlərin cənnətdəki məqamından danışması, necə şəfqət abidəsi olduğunu isbat etməyə bəs edir:“Mən və yetimi qoruyan (himayə edən) Cənnətdə beləyik”-deyir, sonra iki barmağını yan-yana gətirir və yetimi qoruyana nə qədər yaxın olduğunu göstərir. (Buxari).Sanki Allah Rəsulu “Yetimi qoruyub arxa çıxan və onu himayə edənlə mənim arama Cənnətdə kimsə girə bilməz” deyirdi. O həyat yolunu “Əsla  yetimi zəif görüb haqqını yemə, xor baxıb incitmə! (Bir şey) istəyənlə kobud rəftar etmə, onu danlama!”(Duha, 93/9-10)ayəsi ilə  nurlandırmış və bizə də belə davranmağımızı tövsiyə etmişdir.

      İslam dini qətiyyətlə yetim haqqını qəsb etməyi və yeməyi qadağan edir. Qurani-Kərim yetim malı yeyənlərin qarınlarına od doldurduğunu bildirir. (Nisa, 4/10).  Gördüyümüz kimi yetimin malını müxtəlif bəhanələr ilə yeməyə çalışanlar və onların mallarını tələf etmək istəyənlər əslində yetimlərdən əvvəl özlərini tələf edirlər. Odur ki, əvvəla müsəlmanlara, sonra da bütün dünya insanlarına yaraşan yetimin haqlarına riayət etmək, onlara bu dünyada kimsəsiz olduqlarını hiss etdirməməkdir. Çünki yetimlik hər kəsin başına gələ biləcək bir hadisədir. Bilinməlidir ki, rəhm etməyənə mərhəmət edilmir.

      İslam dini yetimlərin haqqına o qədər əhəmiyyət vermişdir ki, hətta Hz. Peyğəmbərin əshabələri yetimlərlə eyni məclisdə olmaqdan çəkinməyə və onlardan uzaq gəzməyə başlamışdılar. Səbəb, fərqində olmadan onların haqqına girmə qorxusu idi. Bu vəziyyət Hz. Peyğəmbərə çatanda Uca Allah bu ayəni nazil etdi: (Ya Rəsulum!)Səndən yetimlər haqqında sual edənlərə söylə: “Onlar üçün (onların malını qorumaq və güzəranlarını) yaxşılaşdırmaq xeyirlidir (nəcib əməldir). Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah islah (yaxşılıq) edənləri də, fəsad salanları da tanıyır.” (Bəqərə, 2/220). Nahaq yerə yetimin malını yeyənlərin həlak olacağını hər fürsətdə ifadə edən şanlı peyəmbərimiz onlardan uzaqlaşmaq yox, əksinə onları himayə etməyimizi tövsiyə edir. Bir hədisində bizlərə belə deyir:“Müsəlmanlara  görə  ən  xeyirli  ev(ailə),  içində  yetimə  yaxşılıq  edilən, ən  şərli  ev  isə  yetimə  yamanlıq  edilən  evdir”.(İbn Macə)

      Yetimlərin əfəndisi və himayəçisi olan Hz. Peyğəmbərin yetimlərə qarşı necə münasibət bəsləyəcəyimizi, Ənəs ibn Malikə qarşı göstərdiyi davranışlarında müşahidə edirik. Hz. Peyğəmbər (s.ə.s) yetim Maliki himayəsinə almış onun  təlim-tərbiyəsi ilə yaxından maraqlanmışdır. Ənəs ibn Malik Peyğəmbərə (s.ə.s) on il xidmət etdiyini, Onun da özünə şəfqət və mərhəmətlə müamilə etdiyini, bir dəfə belə azarlamadığını söyləmişdir. (Buxari) Bəli, budur şəfqət, mərhəmət və uşağı tərbiyələndirmək. Hər gün onlarla günahsız uşağın qətl edildiyi dünyanın bu şəfqətə, mərhəmətə ehtiyacı var.

      Kimsəsizin kimsəsi olmaq insanlarda insanlıq duyğularını canlı tutan xüsusdur. Bir  nəfər   Rəsuli-əkrəmə  öz  qəlbinin  bərkliyini (qatılığını)  şikayət   etdikdə  Hz. Peyğəmbər (s.ə.s) beləbuyurdu: “Qəlbinin riqqətə gəlməsini istəyirsənsə yetimin  başına  sığal  çək,  fəqiri  yedizdir”. (Əhməd ibn Hənbəl)

      Hz. Peyğəmbərə peyğəmbərlik verilmədən öncə də hər zaman yetimlərin və kimsəsizlərin yanında olmuşdur. İslam tarixinə “Hilful-fudul” adı ilə həkk olmuş ədaləti bərqərar etmə qurumunda yer alması və buna görə çox şərəf duyması onun həyata baxışının göstəricisidir. Həmçinin Həbəşistana edilən ilk hicrət əsnasında Cəfər ibn Əbi Talibin bölgənin kralı Nəcaşinin hüzurunda İslam və Müsəlmanları müdafiə etmək məqsədi ilə etdiyi çıxışında da onun hər zaman yetim və himayəsizlərin müdafiəçisi olduğu nəzərə çarpır. Cəfər ibn Əbi Talib nitqində cahiliyyə dövründə güclülərin zəifləri əzdiyini, ancaq Hz. Peyğəmbərin həmişə gücsüzlərin yanında olduğunu, onların haqq və hüquqlarını müdafiə etdiyini və qətiyyətlə yetim malını yeməyi qadağan etdiyini bildirmişdir.

      Gəlin hamılıqla dünyaya Hz. Peyğəmbərin yetim və kimsəsizlərə qarşı göstərdiyi səfqət və məhəbbəti hayqıraq. Qoy dünya bir daha peyğəmbər rəhmətinə şahid olsun.

      Yetimlərə dost, Hz. Peyğəmbərə (s.ə.s) qonşu olma təmənnaları ilə...

      • Hits: 592 clicks

      Tecox component by www.teglo.info